Dünya azərbaycanlılarını müstəqil Azərbaycana bağlayan ideologiyanın gücü 30 ildə özünü tam doğrultdu...

 

Dövlət müstəqilliyinə sahib olmaq Azərbaycan xalqının ən böyük xoşbəxtliyidir. Uzun illər Sovet imperiyasının tərkibində olan Azərbaycanı hər zaman azadlıq, hürriyyət eşqilə yaşayan övladları, ziyalıları, ədibləri, fikir adamları, ictimai-siyasi xadimləri azad görmək istəyirdi.

 

Nəhayət ki, xalqımız 30 il bundan əvvəl Azərbaycanı yenidən müstəqil dövlətə çevirməyi bacardı. 30 ildir ki, Azərbaycan dövləti müstəqildir, dünyanın həy yerində yaşayan, azərbaycançılıq ideologiyasından rişələnən hər bir azərbaycanlının azad, bağımsız vətəni olaraq ümid yerinə çevirilib. Bu gün qalib,  müzəffər Azərbaycan dünyanın ən güclü ölkələrindən biridir. Dünya azərbaycanlılarının qürur, fəxr duyduğu Azərbaycan dövləti azərbaycançılıq ideologiyası əsasında dünya azərbaycanlılarını sözün həqiqi mənasında birləşdirməyi bacarıb. Heç şübhəsiz ki, bu 30 ildə bu birliyə zərbə vurmaq istəyən, dünya azərbaycanlılarını vətənlərindən uzaq salmaq istəyən qara qüvvələr də olub, lakin buna nail ola bilməyiblər.

 

Ayrılarmı könül candan?

Bu gün dünyanın ən müxtəlif ölkələrində çoxlu sayda azərbaycanlı yaşayır, toplam olaraq dünyaya səpələnən azərbaycanlılarının sayının 50 milyondan çox olması faktdır.  Azərbaycanlıların dünyaya yayılma prosesini və ardıcıllığını izləyən ekspertlərin qənaətinə görə, soydaşlarımız yer kürəsində baş verən müharibələr, inqilablar, hərbi münaqişələr, ictimai-siyasi proseslər nəticəsində dünyaya yaylıblar. Demək olar ki, dünyanın hər yerində azərbaycanlılar yaşayırlar, lakin onların bir Vətəni var – Azərbaycan! Onlar “ayrılarmı könül candan” misralarını özlərinə həmdəm edib canları və könülləri ilə bağlı olduqları Azərbaycanı sevirlər, müdafiə edirlər. Bu 30  ildə qazandığımız ən böyük qazanclardan biri müstəqil Azərbaycanın öz oğul və qızlarına, övladlarına atalıq – analıq etməsidir. Bu gün dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlının özünə arxa-dayaq, günənc yeri saydığı müstəqil vətəni var. Sirr deyil ki, dünyanın hər yerində yaşayan azərbaycanlılar tarixi vətənləri  Azərbaycanı unutmur, ən ağır günlərində ona ümid yeri kimi baxırlar. Kərkük türkləri də, Əfqanəstan  türkləri də, cənubi Azərbaycan türkləri də, Borçalı, Dərbənd türkləri də və sair. Bizi xalq olaraq azərbaycançılıq ideologiyası birləşdirir. Əgər Azərbaycan müstəqil dövlət olmasaydı biz bu qədər qollu-qanadlı, qürurlu, əmin ola bilməzdik.

 

“Azərbaycan xalqı böyükmübariz xalqdır ki, öz müstəqil dövlətini yaradıb”

AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, dünya azərbaycanlılarını müstəqil Azərbaycana bağlayan ideologiyanın gücü 30 ildə özünü tam olaraq doğrultdu: “Bu mövzu çox aktual mövzudur. Bildiyimiz kimi dünyada 2 mindən artıq xalq var, amma onların təxminən 200-dən bir qədər artığının dövləti var, qalanının dövləti yoxdur. Azərbaycan xalqı böyükmübariz xalqdır ki, öz müstəqil dövlətini yaradıb, Birləşmiş Millətlər Təşkilatının qarşısında da Azərbaycan dövlətinin üçrəngli bayrağı dalğalanır. Bilirsiz ki, biz 30 il bundan əvvəl dövlət müstəqilliyimizi çətin, ağır və şərəfli mübarizəmizlə qazanmışıq. Bir məqamı da deyim ki, Azərbaycan xalqı qədim dövlətçilik ənənəsinə malik olan xalqdır. Bütövlükdə bizim dövlətçiliyimizin tarixi 5 min ildən çoxdur. Bunun cəmi 1000 ilində müstəqil olmuşuq, qalan minilliklər işğallar, azadlıq uğrunda mübarizələr dövrü olub. Yəni xalqımızın böyüklüyüdür ki, bu qədər işğallara, təzyiqlərə məruz qalmasına baxmayaraq, öz dövlət müstəqiliyini ayrı-ayrı dövrlərdə bərpa edib. Azərbaycanın müstəqil dövlətləri bizim şərəfli tariximizdir”.

 

“Dünyanın istənilən nöqtəsində,  istənilən dövlətin ərazisində yaşayan azərbaycanlılar Azərbaycan Respublikasını...”

M.Zülfüqarlının sözlərinə görə, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan xalqı Milli Azadlıq Hərəkatı nəticəsində dövlət müstəqilliyini bərpa etdibiz dövlət müstəqilliyimizi mübarizə ilə yenidən qazandıq. “Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi 50 milyonluq dünya azərbaycanlılarının böyük sevincinə səbəb oldu. Bu insanların xeyli bir hissəsi Azərbaycanı müstəqil dövlət olaraq görmək arzusu ilə qürbət ellərdə gözlərini əbədi yumanların ailə üzvləri, yaxınları idi. Ona görə də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi onları qürurlandırırdı. Müstəqil Azərbaycan dövləti 50 milyonluq dünya azərbaycanlılarının bir istinad nöqtəsidir. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətinin bərpası tariximizdə böyük hadisə idi. 31 dekabrın da Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunması azərbaycançılıq ideologiyasının inkişafına, birləşdiricilik gücünün möhkəmlənməsinə daha dərindən kömək göstərdi. Ona görə də bu gün  dünyanın istənilən nöqtəsində,  istənilən dövlətin ərazində yaşayan  azərbaycanlılar Azərbaycan Respublikasını bir güvənc yeri, istinad nöqtəsi, bir mayak kimi görürlər. Həm özləri Azərbaycana dəstək vermək istəyirlər, həm də Azərbaycandan lazım gələndə dəstək umurlar. Bu da təbiidir. Çünki millət öz dövlətindən, öz evindən dəstək istəyir. Avropa ölkələrində yaşayan azərbaycanlıların elə də problemi yoxdur, amma İraqda, Əfqanıstanda, İranda yaşayan azərbaycanlıların problemləri varzaman-zaman həm Azərbaycan dövləti, həm də dünya azərbaycanlıları öz dəstəyini onlardan əsirgəmirlər. Mənə belə gəlir ki, biz 44 günlük müharibədə də dünya azərbaycnlılarının həmrəyliyini gördük. Bu da onu göstərir ki, 1995-ci ildə yeni konstitutsiyanın qəbulu ilə irəli sürülmüş azərbaycançılıq ideologiyası bu güninkişaf edirözünü bütün dünya azərbaycanlılarının birləşməsində, eyni zamanda Azərbaycan Respublikası vətəndaşları ilə bir bayraq altında birləşməsində mühüm ideologiya kimi özünü sübut edir. Gələcəkdə də bu ideologiyanın inkişafı ilə Azərbaycan xalqı gələcəkdə yeni-yeni nailiyyətlər əldə edəcək. Bu şübhəsizdir”-deyə M.Zülfüqarlı qeyd etdi.

 

İradə SARIYEVA

 

Bakı Xəbər  2021.- 24 avqust.- S.7.