Qarabağda meşə fondunun bərpası proqramı - erməni vəhşiliklərinin növbəti ifşası...

 

Ermənistan 30 illik işğal dövründə Azərbaycana milyardlarla ziyan vurub, təbiətini məhv edib, meşələrini dağıdıb, viran qoyub, talayıb. Rəsmi məlumata görə, uzun illər Azərbaycanın 261 min hektar meşə fondu sahəsi Ermənistanın təcavüzü altında qalıb və bu dövrdə də meşə fondumuza qarşı soyqırım həyata keçirilib.

 

Azərbaycanın ərazilərində işğal dövründə Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb. 29 mart 2003-cü il tarixli “Nəbz” qəzetinin 11 saylı buraxılışında ekoloq Mahmud Xəlilov və Nəsibə Əliyevanın birgə araşdırmasına görə, işğal altında olan ərazilərimizdə çox acınacaqlı vəziyyət olub. Hazırda Qarabağın Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük ərazini əhatə edən məhsuldar fısdıq meşələri sülhməramlıların nəzarəti altındadır.

 

Qarabağın meşə fondunu məhv edən düşmən...

28-30 il müddətində Laçın rayonunun Şəlvə dərəsindəki qırmızı, dekorativ oduncaqlı mebel, parket üçün əvəzi olmayan iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinarqoz ağacları, Kəlbəcər meşə təsərrüfatındakı mebel sənayesi üçün tayı-bərabəri olmayan ayı fındığı ağacları ermənilər tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılılıb. Azərbaycan öz ərazilərini azad etdikdən sonra burada quruculuq-bərpa, yenidənqurma işlərinə başlayıb. Yalnız azad ərazilərimizdə yeni evlər, yaşayış məskənləri salınmır, burada həm də meşə zolaqlarının, təbiətin bərpası prosesi həyata keçirilir. Ermənistanın meşələrimizə vurduğu zərərin miqyasını beş-üç kəlmə ilə ifadə etmək çətindir. Qeyd etdiyimiz kimi, Ermənistan Azərbaycanın meşə fondunu dağıdıb. Ermənilər Azərbaycan meşələrinə qarşı elə amansız davranıblar ki, bu gün həmin meşələri bərpa etmək Azərbaycana milyardlarla vəsaitə başa gələcək.

 

Qarabağda meşə fondunun bərpası proqramı hazırlanıb...

Torpaqlarımız işğaldan azad ediləndən sonra Qarabağın meşə fondunun bərpası istiqamətində genişmiqyaslı işlərə başlanılacağı haqda rəsmi məlumatlar vardı.

 

UNEC İqtisadi ForumundaQarabağa böyük qayıdış: dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiyamövzusunda keçirilən paneldə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə meşə fondunun genişmiqyaslı bərpasını nəzərdə tutan proqram hazırlanıb.

 

Nazirin sözlərinə görə, proqram çərçivəsində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirləri nəzərdə tutulur: “Artıq həmin ərazilərdə ağacların əkilməsi və toxum səpini işlərinin aparılmasına başlanılıb. Qarabağda ərazilərin böyük hissəsinin minalanması genişmiqyaslı monitorinq və bərpa işlərinin aparılmasında imkanlarımızı məhdudlaşdırır. Minalardan təmizləmə prosesi sürətləndikdən sonra bərpa işləri daha intensiv şəkildə aparılacaq”.

 

...İşğal dövrü ərzində 54 min hektar meşə ilə örtülü ərazi məhv edilib...

İşğal müddətində Ermənistanın nə qədər meşə örtüyünü məhv etdiyinə gəlincə, nazir deyib ki, işğal dövrü ərzində 54 min hektar meşə ilə örtülü ərazi məhv edilib: “Orta və uzunmüddətli perspektivdə meşələrin ekoloji, su qoruyucu, iqlim tənzimləyici xassələrinin bərpa edilməsi planlaşdırılır”.

 

Nazir eyni zamanda qeyd edib ki, iqlim prosesləri sərhəd tanımır: Heç bir ölkə təkbaşına, region ölkələri ilə əməkdaşlıq etmədən bu çağırışların öhdəsindən gələ bilməz. İqlim hadisələrinin daha tez müəyyən edilməsi, risklərin əvvəlcədən qiymətləndirilməsi qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır. Bu baxımdan region ölkələri ilə informasiya mübadiləsinin daha səmərəli aparılması və təhlükəli hadisələrə qarşı adekvat tədbirlərin seçilməsində ölkələrin dayanıqlığını təmin etmək üçün “Erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində regional əməkdaşlıq platforması”nın yaradılması nəzərdən keçirilir”.

 

Çox yüksək səviyyədə bərpa ediləcəyinə böyük ümid bəsləyirik”

Biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani bizimlə söhbətində bildirdi ki, Qarabağda meşə fondunun bərpası proqramının hazırlanması çox müsbət haldır. Bu səbəbdən ki, proses kor-koranə deyil, konkret proqram əsasında, sistemli şəkildə aparılacaq. P.Qaraxaninin sözlərinə görə, şübhəsiz ki, bərpa proqramının bütün mənalarda üstünlükləri varburada Qarabağ təbiətinin, meşəçiliyinin bütün xüsusiyyətləri əks olunacaq. Mütəxəssis qeyd etdi ki, prosesin içində olmasa da, görülən işləri, təqdim edilən layihələri yaxından izləyir və yüksək qiymətləndirir. Ekspert xatırlatdı ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun yaradılması da görülən işlərin mühüm tərəflərindən birdir. Alim bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası ilə əlaqədar görülən işlər haqqında mediada da məlumatlar yayılır.  “Ermənilərin məhv etdiyi Qarabağın meşə fondunun çox yüksək səviyyədə bərpa ediləcəyinə böyük ümid bəsləyirik. Düzdür, ermənilər elə talançılıq, elə soyqırımlar törədiblər ki, meşə fondunu bərpa etmək üçün bizə böyük vaxt lazımdır. Amma artıq xüsusi bərpa proqramı hazırlanıb və bərpa proqramı əsasında da meşə fondumuz bərpa ediləcək, dirçəldiləcə”-deyə alim bildirdi.

 

...20 hektar ərazidə “Dostluq meşəsi”nin salınmasına başlanıb...

Qeyd edək ki, bir neçə gün əvvəl ölkə ekoloqları işğaldan azad olunmuş ərazilərin yaşıl örtüyünün bərpası, eləcə də regionun “yaşıl enerji” potensialı məsələlərini müzakirə ediblər.

 

Bu barədə yayılan məlumatda bildirilir ki, “2022-2026-cı illərdə Azərbaycanın meşə fondunun bərpası proqramı” hazırlanıb. Proqramda işğaldan azad edilmiş ərazilərdə və Qarabağın digər yerlərində meşələrin bərpa olunması tədbirləri nəzərdə tutulur. Artıq bu işlər çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birlikdə Cəbrayıl şəhərinin ətrafında 20 hektar ərazidə “Dostluq meşəsi” salınmağa başlanıb. Burada örtülü şəraitdə fidanlar yetişdiriləcək. Ərazidə həmçinin Tədris Mərkəzi yaradılması istiqamətində işlər aparılır. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa işlərinin layihələndirilməsi və planlaşdırılması üçün topoqrafik xəritə hazırlanır, bərpa işlərində istifadə oluna biləcək yerli tikinti materiallarının ehtiyatı hesablanır. “Yaşıl enerji” konsepsiyası çərçivəsində  bərpa edilən enerji mənbələrinin maksimum potensialının hesablanması üçün ssenari isə artıq hazırdır. Beləliklə, Qarabağın meşə fondunun bərpası istiqamətində artıq əməli fəaliyyətə keçilib və prosesə start verilib...

 

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

 

Bakı Xəbər .- 2021.- 7 dekabr.- S.10.