Azərbaycan Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq mühitinin əsas memarına çevrilir

 

Azərbaycan lideri olduğu regionda sülh və sabitliyin mövcud olması, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu ən yüksək səviyyədə bəyan edib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülh və əməkdaşlıq prosesinə Ermənistanı da cəlb etmək niyyətini açıq şəkildə meydana qoyub. Rəsmi Bakı belə hesab edir ki, region ölkələrinin qarşılıqlı əməkdaşlığı burada daha böyük nailiyyətlərin əldə edilməsinə əlverişli zəmin yaratmaq iqtidarındadır.

 

Sərhəd məsələsində Azərbaycan Brüsseldə də əsas məqsədlərinə nail oldu

 

Hadisələrin inkişaf axarı, əslində, Azərbaycanın öz məqsədlərinə sürətlə yaxınlaşdığını göstərir. Belə ki, Azərbaycanın region ölkələrindən Gürcüstanla münasibətləri ən yüksək səviyyədədir. Siyasi, iqtisadi və digər istiqamətlər üzrə qaşılıqlı əlaqələr davamlı tərəqqi yolundadır. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq prosesinə Ermənistanın da cəlb edilməsi üçün əlverişli şərait yaranıb. Bu hal Brüsseldə bir daha özünü qabarıq büruzə verdi.

 

Brüssel görüşü göstərdi ki, Azərbaycanın haqlı mövqeyi beynəlxalq aləmdə dəstəklənir. Xatırladaq ki, dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla birgə görüşü keçirilib. Görüşdə olduqca mühüm razılaşmalar əldə olunub. Görüş çərçivəsində bəlli olub ki, Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub. Azərbaycan bu prosesdə Avropa İttifaqının iştirak etməsində əvvəldən maraqlı olduğunu bəyan edib. Azərbaycan, eləcə də Avropa İttifaqı üçün ortaq maraq doğuran məsələlərdən biri İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün bərqərar olması, əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Ölkəmiz bu məsələdə maraqlı tərəf olduğunu ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Avropa İttifaqı da Azərbaycanın bu yanaşmasını təqdir edir və ölkəmizlə Ermənistan arasında qeyd edilən istiqamət üzrə vasitəçiliyə hazır olduğunu bildirir. Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko bu günlərdə prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən təmsil etdiyi qurumun bu haqda mövqeyini konkret ifadə edib: “Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır... Biz, həmçinin. ATƏT-in Minsk Qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik”. Azərbaycan Avropa İttifaqının yanaşmasını, sərhədlərin delimitasiyası və demarkasiyasında öz təcrübəsini bölüşmək niyyətini təqdir edir, bu qurumun ölkəmizlə Ermənistan arasında vasitəçilik niyyətini alqışlayır. Elə prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında vasitəçilik edə biləcəyi bir sıra konkret istiqamətləri açıqlayıb. Dövlət başçısı bir müddət əvvvəl İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində postmüharibə dövründə Avropa İttifaqının oynaya biləcəyi rolu şərh edərkən qeyd edib: “Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər”. Bu xüsusda Azərbaycan əvvəldən elan etdiyi niyyətinə Brüsseldə nail oldu. Çünki yuxarıda qeyd olunduğu kimi, Brüssel görüşündə Avropa İttifaqı tərəfindən Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub.

 

Regional əməkdaşlıq məsələsində dünya Azərbaycanın mövqeyini dəstəkləyir

 

Rəsmi Bakı onu da nəzərə alır ki, Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə böyük təcrübəyə malikdir. Bu təcrübənin İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda da tətbiqi regionun, sözügedən qurumun istədiyi kimi, sülhinkişaf məkanı olmasına xidmət edər. Azərbaycan bu xüsusda Avropa İttifaqının regionda fəallığını istəyir.

 

Brüssel görüşündə əldə edilən razılıqlar göstərir ki, Azərbaycan bu xüsusda da əsas məqsədinə çatır. Belə ki, Brüsseldə üçtərəfli görüşdən sonra məlum olub ki, Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da Avropa İttifaqı öz dəstəyini göstərməyə hazırdır. Elə bununla bağlı olaraq birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Bu fonda Şarl Mişel regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Avropa İttifaqının dəstəyini ifadə edib. O, hətta Avropa İttifaqının iqtisadiinvestisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi bildirib. Avropa İttifaqı hesab edir ki, kommunikasiya xətlərinin bərpası, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatlardan irəli gələn şərtlərin icrası regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında böyük önəm kəsb edir. Bu, Azərbaycan və Ermənistan arasında etimad mühitinin yaradılması baxımından da olduqca mühümdür. Daha öncə Avropa İttifaqında təmsil olunan Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis, Boqdan Aureskunun Azərbaycana həyata keçirilən səfərində də Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar problemlərinin həllinə Avropa İttifaqının  dəstək verməyə hazır olduğu diqqətə çatdırılıb. Avropa İttifaqı vasitəçilik niyyətini ifadə edən ilk gündən Azərbaycan qurumun bu istəyi ilə razı olduğunu bildirib, sadəcə, Ermənistan tərəddüd içində olub. Amma həm Avropa İttifaqının, həm də Rusiyanın yanaşması prosesdə Azərbaycanın mövqeyinin tam dəstəkləndiyini göstərir. İndiki halda regionda sülh və əməkdaşlığa töhfə verməklə yanaşı, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davaminkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Qurum bu prosesdə Ermənistanın da iştirakını istəyir.

 

Bütün bunlar o deməkdir ki, Ermənistan Azərbaycanla əməkdaşlığa məhkumdur. Bu xüsusda rəsmi Bakının istək və tələblərini Ermənistan icra etməyə məcburdur. Bu, dünya ictimaiyyətinin də istəyidir.

 

Tahir TAĞIYEV

 

Bakı Xəbər .- 2021.- 16 dekabr.- S.6.