Ədliyyə işçiləri peşə bayramını yeni nailiyyətlərlə qarşılayır…

 

Noyabrın ayının 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 103 illiyi tamam olur. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il 22 noyabr ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir. Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir.

 

Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Belə ki, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib.

 

Ədliyyə Nazirliyinin yenidən inkişafı və təsis olunması Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. 27 oktyabrın 1970-ci il tarixdə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmişdir. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaradılmışdır. Azərbaycan ədliyyəsi ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra da Ulu Öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artmışdır. Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının nəticəsidir ki 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə yeni vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq - dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb. Ölkə başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib. Fəaliyyətinin ilk günlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud ən mütərəqqi təcrübələrin tətbiqi baxımından proqram xarakterli sənəddir. Dövlətimizin başçısının bu Sərəncamından irəli gələn tədbirlərin reallaşdırılması istiqamətində tədbirlər ən yüksək səviyyədə ardıcıl şəkildə davam etdirilir. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının Azərbaycan ədliyyəsinə yüksək diqqət və qayğısının daha bir nümunəsi də bu sahədə çalışan əməkdaşların mütəmadi qaydada təltif olunmasıdır.

 

Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində parlaq qələbənin qazanılmasının bir ili tamam olmuş, Dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə şanlı qələbənin əbədiləşdirilməsi məqsədilə 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü təsis edilmişdir. 8 Noyabr - Zəfər Günü Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin struktur qurumlarda təntənə ilə qeyd olunmuş, bu münasibətlə silsilə tədbirlər təşkil edilmiş, bu qəhrəmanlıq dastanı geniş şəkildə əməkdaşların və məhkumların nəzərlərinə çatdırılmışdır. Həmçinin, nazirliyin döyüşlərdə iştirak etmiş əməkdaşları mükafatlandırılmış, yaxın ailə üzvü şəhid olmuş və yaralanmış ədliyyə işçilərinin ailələrinə baş çəkilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf dövrünü yaşayır. Bu zəfər səlnaməsinin təməlində dövlət başçısının güclü iradəsi, müstəqil siyasəti, yenilməz sərkərdəlik və diplomatik məharəti, eyni zamanda azərbaycan xalqının birliyi dayanır. Respublika Prezidenti tərəfindən Vətən müharibəsində iştirak etmiş ədliyyə və məhkəmə işçiləri çoxsaylı medallara layiq görülmüş, döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək şəhid olmuş nazirliyin əməkdaşı Ruhin Xəlilov 4 medalla təltif olunmuşdur. Vətən müharibəsində 100-dən çox ədliyyə və məhkəmə işçisi, o cümlədən könüllülər iştirak edərək fədakarlıq göstərdiklərinə görə ölkə Prezidenti tərəfindən çoxsaylı medallarla təltif olunmuş, həmçinin nazirlikPenitensiar xidmət tərəfindən onların qayğıları daim diqqət mərkəzində saxlanılmışdır. Müharibənin ilk günlərindən könüllü cəbhəyə yollanan əməkdaşlardan Ədliyyə Nazirliyi İcra baş idarəsinin məsləhətçisi Ruhin Xəlilov torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda – Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət nümayiş etdirmiş, oktyabrın 21-də şəhid olmuşdur. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak etmiş, şanlı qələbənin qazanılmasında Penitensiar xidmətin əməkdaşlarının da rolu olmuşdur ki, onlar Mehdiyev Həzrətəli Mehdi oğlu, İsmayılzadə Rüfət Sakit oğlu, Əkbərov İlqar Cümşüd oğlu, Əliyev Elçin İldırım oğlu, Şirinov Elvin Şamil oğludur. Vətən müharibəsi iştirarakçılarının işlə təmin edilməsinə üstünlük verilməklə 18 nəfər kiçik rəis heyyəti vəzifələrinə, 1 nəfər mülki vəzifəyə qulluğa qəbul olunmuş, müharibədə iştirak etmiş yuxarıda adları çəkilən 5 əməkdaşdan 2 nəfərinə xüsusi rütbə verilərək kiçik rəis heyəti vəzifəsinə irəli çəkilmişdir. Penitensiar xidmətin təkcə Vətən müharibəsində yox, eyni zamanda 1-ci Qarabağ müharibəsində də iştirak edən, Vətənin bütövlüyü və müqdəddəs torpağı uğrunda canını fəda edən qəhramanları vardır. Belə ki, Milli Qəhrəman polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğlu (05.01.1947 - 18.06.1992) 1991-ci ildə Ağdam rayonunun müdafisəsinin təşkilində fəal iştirak etmiş, Milli Qəhrəman kapitan Rzayev Rövşən Abdulla oğlu (15.10.1969 – 18.01.1999) 1992-ci ildə Ağdam rayonunun Papravənd, Pircamal, Aranzəmin, Şelli, Naxçivanik kəndləri uğrunda gedən döyüşlərdə igidlik göstərmiş, 1999-cu ildə Qobustan hadisələri zamanı ixtişaş vaxtı yaralı əsgərlərin həyatını xilas edərkən qəhrəmancasına həlak olmuş, Milli Qəhrəman baş çavuş Makayev İqor Vladimiroviç (27.10.1971 – 06.08.1992) Ağdam rayonunda gedən döyüşlərdə əsgər yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olmuş, Milli Qəhrəman Məhərrəmov Səxavət Ələmdar oğlu (03.12.1973 – 03.08.1992) Mühafizə alayının toplu dəstəsində qəhrəmanlıqla vuruşmuş, aldığı çoxsaylı yaralardan həlak olmuş, Milli Qəhrəman baş leytenant Yəhyayev Elşad Məmmədhənifə oğlu (05.05.1966 – 20.06.1992) Ağdam rayonunun Papravənd, Sırxavənd və Naxçivanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, Milli Qəhrəman baş leytenant Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu (31.03.1967 – 04.09.1992) Çıldıran kəndi uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olmuşMilli Qəhrəman baş leytenant Slesaryov Mixail Aleksandroviç (08.05.1955 – 19.04.2014) 18.01.1999-cu il tarixdə Qobustan həbsxanasındakı ixtişaş zamanı şücayət göstərmiş, cinayətkarların qarşısını almışdır. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Biz bu qəhramanlıqlarla dolu şanlı tariximizi unutmamalıyıq və gələcək nəsillərə də qürurla danışmalıyıq.

 

Bu gün ölkəmizdə Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə məqsədyönlü addımlar atılır. Fürsətdən istifadə edərək bütün ədliyyə işçilərini xalqımızın Ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münasibəti ilə təbrik edir, onlara şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram!

 

Elnur İSMAYILOV

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq təcridxanasının rəisi ədliyyə polkovniki

 

Bakı Xəbər 2021.- 16 noyabr.- S.12.