El harayına can deyən şəhid - ELCAN

 

Əvvəli ötən sayımızda)

 

Elcan ani olaraq düşüncədən ayıldı. Əsgər yoldaşları hərəsi bir işlə məşğul idi. Kimisi məktub yazır, kimisi telefonla ailəsi ilə danışır, kimisi cəbhədə xatirə şəkilləri çəkdirir, kimisi də döyüş yoldaşları ilə şirin-şirin söhbət edirdi. Bir azdan döyüş başlayacaqdı və hərəsi onu gözləyən taleyə qovuşacaqdı. Hər gün qardaş kimi sevdiyi cəbhə yoldaşlarından neçəsi şəhid olurdu. Bu, Elcanı çox sıxırdı. Bir an öncə döyüşə atılıb qisas almaq istəyirdi. Ancaq bu döyüşün onun üçün son döyüş olacağını bilmirdi...

 

Get-gedə hava qaralmağa doğru gedirdi. Günortadan başlayan sakitlik o qədər də ümidverici deyildi. Hər an döyüş əmri verilə, vuruşma başlana bilərdi. Göy üzündə buludlar da sıxlaşaraq qaralırdı. “Hə, deyəsən yağış yağacaq”, – deyə fikirləşdi. Düşündükcə, sanki qəlbi qəhərdən boğulurdu. Azad etdikləri kəndlərdə döyüş yoldaşları həlak olmuş, orada onların qanı torpağa qovuşmuşdu. İndi yağış həmin qanları hansısa güllərin, çiçəklərin köklərinə axıdırdı. Bahar fəslində bu gül-çiçəklər boy atacaq, təbiəti al-əlvan rəngə boyayacaqdı, amma...

 

Elcan düşünürdü. Düşündükcə düşmən əsarətində olan bütün torpaqların azad edilməsində özünün də iştirak etməsini arzulayırdı.

 

- Nə fikrə getmisən, Elcan? Bayaqdan sənə baxıram. Yaman duyğulanmısan, – deyə yaxınlıqdakı əsgər dilləndi.

 

Döyüş yoldaşının səsi onu qərq olduğu xəyallar aləmindən xilas etdi. Gülümsünərək:

 

- Gələcəyimiz barədə düşünürəm, – dedi.

 

Digər əsgər dedi:

 

- İnşallah, ədalət qalib gələcək. Biz ədalət uğrunda, öz haqqımız üçün vuruşuruq. Vətən bizimdir!

 

- İnşallah, elə belə də olacaq! Biz qalib gələcəyik.

 

Elə bu vaxt “düzül!” komandası eşidildi. Hər iki silahdaş cərgəyə tələsdi. Tağım komandiri sıranın qarşısına keçib əsgərlərin döyüşə hazırlığına nəzər saldı. Hər bir əsgərin simasından cəsurluq, məğrurluq və qorxmazlıq oxunurdu. Onların geyim və silah vəziyyətinə diqqətlə yanaşıb yoxladıqdan sonra döyüş tapşırığını verdi. Komandir danışdıqca onun sözlərindəki qətiyyət hər bir əsgərə, həmçinin Elcana da sirayət edirdi. Qarşıda duran döyüş tapşırığının yerinə yetirilməsi düşmən tapdağından Vətən torpağının hər parçasının azad edilməsi deməkdi. Bu tapşırığın həyata keçirilməsi hər bir əsgərin borcu idi. Özü də şərəfli və müqəddəs borcu! Elcan da bu şərəfli vəzifənin daşıyıcılarından biri olması ilə qürur hissi duyurdu.

 

Axşamtərəfi başlayan döyüş ara vermədən davam edirdi. Əsgərlərimiz düşmən mövqelərinə doğru inamla, qətiyyətlə, cəsarətlə irəliləyirdilər. Qarşı tərəfdən atılan mərmilər, yağan güllələr, yerə səpələnən qəlpələr onların sırasını seyrəltsə də qorxmadan irəli, ancaq irəli hücum edirdilər.

 

Bu da mənfur düşmən mövqeyi! Artıq onlarla erməni məhv edilmiş, bəzisi ağır yaralanmışdı. Ətrafdakı ermənilər əllərini qaldırıb təslim olmaq işarəsini verdilər. Elcan öndə bir neçə əsgərlə bir qədər də irəlilədi. Bu zaman yaralılar arasında olan erməni əsgərlərindən ikisi onların üzərinə atıldı. Uşaqlıqdan dava-dalaşı yaxşı bacaran Elcan onların əlindəki avtomat süngüsünü görüb özünü itirmədi. Onun atdığı güllə bir anda erməni əsgərinin sinəsinə sancıldı. O biri düşmən əsgərini də digər döyüş yoldaşı tərksilah etdi...

 

Həmin döyüşdə fərqləndiyinə görə komandanlıq tərəfindən Elcana təşəkkür elan edildi. Düşmən səngəri alındıqdan sonra döyüşçülər növbəti hücum üçün hazırlaşmağa başladılar. Ermənilərlə döyüş zamanı yaralı əsgərlərimiz azad edilən kənddə qalmışdılar. Elcan komandirinin tapşırığıyla bir neçə döyüşçü ilə birlikdə onları gətirməyə yollandı. Onların irəliləməsini müşahidə edən düşmənin atəşlərinə baxmayaraq, bir neçə yaralı əsgəri gətirməyə müvəffəq oldular. Alınan mövqelərdə qalan bir qrup əsgərdən başqa digərləri yaralıları geriyə təhvil vermək üçün həmin ərazidən ayrıldılar. Mənfur düşmən Azərbaycan əsgəri ilə bacarmırdı. Bu səbəbdən qarşı-qarşıya döyüşməkdən qorxub itirdiyi əraziləri minomyot atəşinə tutmağa başladılar. Elcan və tağım komandiri də daxil, səkkiz hərbiçimiz xain atəşə tuş gələrək şəhidlik pilləsinə ucaldı...

 

On doqquz yaşlı igid, qorxmaz, cəsur Vətən oğlunun qəhrəmanlıq dastanının son səhifələri qanla yazıldı. Bir zamanlar xəyala dalıb zehninə gətirdiyi şəhidlər kimi, onun da qanı Vətən torpağının bir qarışını suvardı. Elcandan yadigar qalan uca şəhid adı və bir də gələcək nəsillərə Vətənə məhəbbətin əsl bariz nümunəsi olan şərəfli döyüş yolu oldu. Elə bir yol ki, Vətən torpaqlarının ərazi bütövlüyü bu yolla bərpa olundu. Elə bir yol ki, onu yaddaşında əbədi yaşatdı. Elə bir yol ki, gənclərə Ana Vətən uğrunda şəhidlik dərsi oldu!

 

Salam olsun Vətən yolunda candan keçən igidlərə!

 

Təsadüfi rastlaşma?..

 

Müharibənin başlamasından bir müddət ötmüşdü. Bütün xalqın qulağı və gözü cəbhədən gələcək xəbərlərə köklənmişdi. Səmimi etiraf edim, olduğum həbsxanadan yüzlərlə məhkum Ali Baş Komandana ərizə ilə müraciət ünvanlayıb düşmənlə üzbəüz mövqedə döyüşə cəlb olunmağı xahiş edirdi. Vətən müharibəsində vəzifəsindən, yaşından, sosial durumundan asılı olmayaraq hamı möhkəm yumruq kimi birləşmişdi.

 

Bir gün saxlanıldığım 1 saylı Cəzaçəkmə Müəssisəsinin həkim-stomatoloqu Tahirov Vasif Əyyub oğlu mənə mühüm bir sözü olduğu ilə bağlı xəbər göndərdi. Tibb məntəqəsinə getdim və Vasif həkimlə görüşdüm. Qısa hal-əhvalın ardınca mənə dayıoğlum Elcanın salam-duası olduğunu dedi.

 

Vasif həkimin qardaşı Fuad Tahirov könüllü olaraq cəbhəyə yollanmışdı. Mən bilirdim ki, Vasif həkim hər həftənin şənbə-bazar günləri ön cəbhəyə gedir, qardaşını ziyarət edir, əsgərlərə sovqat aparır və ehtiyac duyulduqda tibbi yardım göstərirdi.

 

Belə səfərlərin birində Vasif həkim Elcanla görüşübmüş. Elcan da onun 1 saylı Cəzaçəkmə Müəssisəsində “diş həkimi” olduğunu bildikdə mənə salam söyləməsini xahiş edibmiş.

 

Bu hadisənin təfərrüatını Vasif həkimdən soruşduqda, o mənə bunları söylədi: “Şükür Allaha, əsgərlərlə bir qardaş kimi olmuşdum. Elə vaxt olurdu ki, mən də əlimdə silah onlara qoşulub düşmənlə vuruşurdum. Hər həftə sonu gedəndə əlidolu gedirdim. Bir dəfə mən Penitensiar Xidmətdə çalışan bir həkim olduğumu deyəndə Elcanın gözləri parıldadı. Məndən hansı Cəzaçəkmə Müəssisəsində işlədiyimi soruşduqda, mən də 1 saylı Cəzaçəkmə Müəssisəsində işlədiyimi dedim. O bunu eşidən kimi mənə daha yaxın oturdu. “Həkim, mənim bibim oğlu da orada həbsdədir”, – dedi. Doğrusu, elə bir vəziyyətdə ortaq tanışımızın olması məni sevindirdi. Məhkumun adını soruşduqda, sənin adını dedi. Beləcə, qanımız bir-birimizə daha da isindi. Məndən sənə çoxlu salam-dua çatdırmamı istədi.

 

Mən o uşaq haqqında maraqlananda qorxmaz və ürəkli olduğunu, həmişə cəsurcasına irəli atıldığını və düşmənə qan uddurduğunu söylədilər. Elcanın mənim ellim, yəni əslən Ermənistandan olduğunu öyrəndikdə isə qürur hissim bir qədər də artdı”.

 

Oxuculardan nə gizlədim, mən Elcanın bir bibisi oğlu kimi bu sözlərdən çox fərəhləndim.

 

Elcan şəhid olduqda bu acı xəbəri Vasif həkimə də dedim. Bu xəbəri eşitdikdə gözləri doldu və dərindən bir ah çəkib Allahdan mərhuma rəhmət dilədi.

 

Həyat belədir, gözləmədiyimiz anda gözləmədiyimiz hadisələrlə üzləşə bilirik. Əslində heç kəs bu dünyada qarşımıza təsadüfən çıxmır. Elcanla Vasif həkimin də qarşılaşması bu baxımdan təsadüf hesab edilməməlidir. Görünür, taleyin hökmü ilə onların bu görüşü şəhid barəsində yazılan əlinizdəki əsər üçün bir xatirə səhifəsi olacaqmış...

 

Şəhidlik zirvəsi  

 

Hər bir insanın doğum və ölüm tarixi olur. Heç kəs bu dünyada əbədi həyat sürə bilmir. Ölüm haqdı. Lakin bir qrup insanlar var ki, onların ancaq doğum tarixi olur, ölüm tarixi yox. Bunlar şəhidlərdir. Şəhidlər müəyyən zamanda, müəyyən coğrafi ərazidə doğulur, lakin öz şəhadətləri ilə ölümsüzlük qazanırlar.

 

Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan ən uca mənəvi keyfiyyət olmuşdur. Xalqımız Vətəni və müqəddəs dəyərləri naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Müqəddəs əxlaqi-mənəvi dəyərlər uğrunda mübarizənin sonunda Allahın vəd etdiyi yüksək əbədi mükafat durur.

 

Şəhidlik müsəlmanlara, o cümlədən xalqımıza məxsus keyfiyyət kimi bizi tarix boyu Vətənimiz, müqəddəs dəyərlərimiz uğrunda qəhrəmanlıqlara sövq etmişdir. Azərbaycanlı analar tarix boyu körpələrini bu ruhda tərbiyələndirmişlər. Çünki bu bizim ayaqda qalmağımızın əsas səbəbidir. 20 Yanvar faciəsi xalqımızın yaxın keçmişində baş verən faciə olmaqla yanaşı, eyni zamanda şəhidlik salnamələrindən biridir. Bu şəhidlik məqamına xalqının azadlığı üçün haqsızlığa qarşı səsini ucaldan millətin yüzlərlə övladı qanları və canları hesabına nail olmuşlar.

 

Vətənin müdafiəsi Allahın əmridir. Belə ki, Uca Yaradan: “Sizi yurdunuzdan çıxaranları siz də çıxarın! Və Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun!”deyə bizə Qurani-Kərimdə göstəriş verir. Şəhidlər bu ayələrə öz canları bahasına əməl edirlər və Rəbbimiz də buna görə onlara “ölü” deməməyimizi buyurur.

 

Şəhidlər cismən, fiziki olaraq ölürlər. Bu doğrudur. Ancaq həyat təkcə quru candan ibarət deyil axı. Həyat dedikdə canlılıq və hərəkət nəzərdə tutulurmu? Şəhidlər uğrunda canlarını verdikləri hədəfi canlandırmırlarmı? Onların sayəsində bizlər rifah içərisində yaşamırıqmı? İkinci Qarabağ müharibəsində şəhid olan üç minə yaxın Vətən övladı sayəsində xalqımız daha da dirçəlmədimi? Torpaqlarımıza uzadılan namərd və xəyanətkar əl kökündən kəsilmədimi?..

 

Uca Yaradanımız Allah yolunda öldürülənlər barəsində buyurur: “Allah yolunda öldürülənləri əsla ölü zənn etməyin. Əksinə onlar diridirlər və Rəbbləri yanında ruzilənirlər”. (Qurani-Kərim).

 

Vətən uğrunda bütün varlığı ilə vuruşaraq şəhadət şərbətini içənlər barəsində Mehmet Akif Ersoyun şeirini qeyd etmək yerinə düşür:

 

Ey, bu torpaqlar üçün torpağa düşmüş əsgər!

Göydən əcdad enərək öpsə o pak alnı, dəyər.

 

İşaran məğribi axşamlar dolasam yarana,

Yenə bir şey etdim deyə bilmərəm xatirənə.

 

O dəmir çəmbəri sinəndə qərəb parçaladın,

Sən ki, ruhunla bərabər gəzər o uca adın.

 

Ey şəhid oğlu şəhid, istəmə məndən məğbər,

Sənə ağuşun açmış, gözləyir Peyğəmbər.

 

Bəli, şəhidləri o dünyada peyğəmbər qarşılayır. Onlar ən şərafətli insanlardır. Şəhidlər torpağa atılan bir toxum kimidirlər. Bu toxumlar azadlığın hər baharında çevrilib lalə olar, qırmızı rəngdə çiçək açar. Məhz onlar ümidlərin bitdiyi yerdə bir var olma, yenidən diriliş müjdəsi verərlər...

 

Şəhid Elcan Muradov illərlə xüsusi təlim görmüş bir zabit deyildi. O, xalqımızın sıravi insanlarından biri idi və kasıb bir ailədə böyümüşdü. Atasının Elcana xüsusi məhəbbəti vardı. O, gələcəkdə şəhid olacağını bilmədən, həmişə oğlu barəsində belə deyirdi: “Bu uşağın nəsə başqa bir aurası var. Bilirəm ki, gələcəkdə mənim adımı ucaldacaq”...

 

(Ardı var)

 

Elvin ARİFOĞLU

 

Bakı Xəbər  2021.- 27-29 noyabr.- S.14.