Dövlətçilik tariximizin öyrənilməsində yeni istiqamət - Zəfər dərsləri...

 

30 ildir ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib. Gənc nəsil bilməlidir ki, müstəqil Azərbaycan dövlətinin bərpası bizə nə qədər çətinliklər, mərhumiyyətlər hesabına başa gəlib, bu yolda yüzlərlə vətən övladının qanı tökülüb.

 

Gənclərimizin, uşaqlarımızın Azərbaycan dövlətinin müstəqilliyini əbədiyən qoruması, nəsildən-nəslə ötürməsi üçün onlara milli tariximizi çox dərindən öyrətməliyik. Heç şübhəsiz, bunun da yolu dərsliklərdən keçir. Müstəqil Azərbaycanın ortaali məktəblər üçün yazılan tarix dərslikləri müstəqillik tariximizi əhatə edə bilirmi, nöqsanları və müsbət tərəfləri nədir? Sagirdləri milli dövlətcilik ruhuna kökləyə bilirmi?

 

“2001-ci ildə Heydər Əliyev tarix fənni üzrə vahid dəsrliklərin yazılması ilə bağlı fərman verdi

Orta məktəblər üçün tarix dərsliklərinin müəlliflərindən biri olan tarixçi Pərviz Ağalarov bildirdi ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda uzun illər dərslik siyasəti vahid mərkəzdən idarə olunmayıb. P.Ağalarovun sözlərinə görə, keçən əsrin 90-cı illərində müxtəlif dərsliklər çap olunub: “Mən, xüsusən də tarix fənninə aid olan dərsliklərə diqqətinizi çəkmək istəyirəm. Bu dərsliklər ayrı-ayrı müəlliflərin subyektiv fikirlərinin də yer aldığı dərsliklər idi. Bunlar düşünülmüş şəkildə çap olunub vahid mərkəzdən məktəblərə paylanılmırdı. Amma 2001-ci ildə Heydər Əliyev tarix fənni üzrə vahid dəsrliklərin yazılması ilə bağlı fərman verdi. Bundan sonra dərsliklərin yazılması mərkəzləşdirildi, prosesə akademik, professor, alim heyəti cəlb olundu. Bəli, bu dərslikdə milli dövlətçilik tariximiz geniş şəkildə öz əksini tapırdı. Sonra bu dərsliklər tədricən təkmilləşdirildi və nəhayət yeni tədris proqramı kurikulum üzrə dərsliklər çap olunana qədər onlar əsas dərsliklər olaraq qaldı”.

 

Yeni tədris ilində məktəblərdə bizim ərsəyə gətirdiyimiz Zəfər tarixi adlı dərslik tədris ediləcək”

Hazırda isə yeni tədris proqramı əsasında yazılan dərsliklərin şagirdlərin, müəllim kollektivinin istifadəsində olduğunu deyən P.Ağalarovun sözlərinə görə, bu dərsliklərdə Azərbaycanın dövlətçilik tarixi, qədim dövrdən müasir dövrə qədərki tarixi standartlara uyğun olaraq geniş şəkildə öz əksini tapır. “Sadəcə, müasir tariximizin əks olunduğu dərsliklərə 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə bağlı məlumatların əlavə olunmasına zərurət yarandı. Buna görə, məhz ötən il, qələbədən dərhal sonra Təhsil Nazirliyinin təşəbbüsü ilə bütün fənlər üzrə ilkin olaraq qələbə dərslikləri yazıldı. Qısa müddətdə hazırlandı və elektron variantda bütün orta ümumtəhsil müəssisələrinə paylandı. Sevinirəm ki, Qələbə dərsliyinin yazılması mənə və həmkarım Hafiz Cabbarova həvalə edildi.

 

 Hər fənn öz yerində, amma tarix fənninin bu məsələdə spesifik yeri var. Bilirsiz ki, xüsusən də vətənpərvərlik hisslərinin aşılanmasında tarix fənninin müstəsna yeri var. Ona görə də belə qərara alındı ki, Zəfər tarixi adlı bir dərslik də yazılmalıdır. Bu ilin mart ayında təhsil naziri Emin Əmirullayev bu təşəbbüsü irəli sürdü və apreldən etibarən bu dərsliyin hazırlanması prosesinə başlanıldı. Artıq Zəfər tarixi dərsliyi hazırlanıb və bu dərslik nəinki 44 günlük müharibdə qazandığımız zəfərin detallarını özündə əks etdirir, həmçinin Qarabağın qədim dövrdən indiyə qədərki tarixini əks etdirən bir dəsrlikdir. Yeni tədris ilində məktəblərdə bizim ərsəyə gətirdiyimiz Zəfər tarixi adlı dərslik tədris ediləcək və dərslik yaxın günlərdə məktəblərə paylanacaq”-deyə P.Ağalarov qeyd etdi.

 

“Zəfər tarixi dərsliyinin də məqsədi Qarabağın ən qədim dövrdən...”

Tarix fənni üzrə digər dəsrlik müəllifi Hafiz Cabbarovun sözlərinə görə, müstəqil Azərbaycanın ortaali məktəblər üçün yazılan tarix dərslikləri bütövlükdə dövlətçilik tariximizi özündə əks etdirməlidir və etdirməkdədir də. H.Cabbarovun bildirdiyinə görə, Sovet dövründə, o quruluşun ideologiyasına uyğun olsa da, ali məktəblər üçün tarix dərslikləri vardı, amma orta məktəb dərsliklərinin yaranması elə müstəqillik dövrümüzlə bağlıdır. “Təbii ki, buna görə də bu dərsliklərin prioritet məqsədi məhz müstəqillik tarixini öyrətmək olub. Bu dərsliklərin əsas hədəfi məhz şagirdlərdə müstəqil dövlətin əhəmiyyəti, onun bir xalqı özünün fiziki və mənəvi varlığını qoruyub saxlamasında rolu haqqında bilik və bacarıqlar formalaşdırmaqdır. Şübhəsiz, ideal bir yoxdur, hər bir sahədə olduğu kimi, bu işdə də nöqsanqüsurlar var. Orta məktəblər üçün tarix dəsrliklərinin müəlliflərindən biri kimi deyə bilərəm ki, dərslik müəlliflərinin, mütəxəssislərin, ekspertlərin iştirakı ilə müzakirələr nəticəsində dərslikləri təkmilləşdiririk. Ancaq yenə də deyim ki, istər Cumhuriyyət dövrü olsun, istərsə də xalqımızın öz dövlət müstəqilliyini itirdiyi Sovetlər dövrü olsun, xlqımızın tarixinin sosial-iqtisadi aspektləri və siyasi inkişafı dərsliklərdə hədəf  nöqtə olub. Bu istiqamətdə təkmilləşmələr davam edir. Bunlardan biri də zəfər tarixidir. Məlumat verim ki, Zəfər tarixi dəsrliyinin həmmüəlliflərindən biri də mənəm. İlk olaraq bu zəfəri bizə bəxş etmiş Azərbaycan ordusuna, onun Ali Baş Komadanına təşəkkür edirik, şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik. Onların ruhuna ehtiramımız sonsuza qədərdir, çünki bu zəfəri bizə onlar bəxş ediblər. Zəfər tarixi dərsliyinin də məqsədi Qarabağın ən qədim dövrdən müasir dövrümüzə qədərki tarixini (Azərbacan tarixinin tərkib hissəsi olaraq H.C) şagirdlərə daha dərindən öyrətmək olub. Daha sonra dərslikdə çar Rusiyası tərəfindən Azərbaycan əraziləri işğal edildikdən sonra ermənilərin bizim ərazilərə köçürülməsi və bu köçürülmənin məqsədi, nəticələri, Azərbaycan xalqının azadlıq uğurunda mübarizəsinin qarşısının alınması üçün çar Rusiyasının ermənilərdən istifadə etməsi, bizim əhaliyə qarşı ermənilərin 1905-1906-cı illərdə soyqırımlar törətməsi əks olunub. Daha sonra 1918-ci ildə Azərbaycan xalqı müstəqil dövlət qurubçar Rusiyasının yerinə gəlmiş Sovet höküməti onun süqutu üçün yenidən ermənilərdən istifadə edib”.

 

Milli tariximizdəki bütün hadisələrin məzmunlu və detallı şəkildə şagirdlərə çatdırıldığını deyən H.Cabbarov hesab edir ki, Zəfər tarixi dərsliyi şagirdlərimizdə dövlətçiliyimizi qorumaq kimi ali bir duyğu, istək formalaşdıracaq.

 

İradə SARIYEVA

 

Bakı Xəbər  2021.- 17 sentyabr.- S.7.