Ermənistanın Azərbaycana qarşı dəhşətli “ekosid cinayətləri” BMT-də ifşa edildi...

 

Ərazilərimizin 30 ilə yaxın müddətdə Ermənistanın işğalında olması nəticəsində Azərbaycanın ərazilərində ekoloji terror aktları baş verib, Qarabağ və ətraf ərazilərin təbiətinə, bioloji müxtəlifliyinə, su

 

hövzələrinə ciddi ziyan dəyib, təbii sərvətlər talan olunub, meşə örtüyü, flora və faunanın bir çox növləri məhv edilib, ətraf mühit çirklənməyə məruz

 

qalıb. Ermənistan ərazilərimizdə törətdiyi ekoterrorun dünyada analoqu yoxdur.

 

Ermənistan keçmiş işğal edilmiş ərazilərimizdə ekosid törədib…

“Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib.

 

Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir.

 

Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitarekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi.

 

Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir...” Bu fikirləri BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində İlham Əliyevin videoformatda çıxışı zamanı deyib.

 

Prezident Ermənistanın ekosid cinayətlərini ifşa etdi…”

Bilologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani bizimlə söbətində bildirdi ki, Ermənistanın Azərbaycan ərazisində ekosid törətdiyini ölkə başçısının BMT tribunasından səsləndirməsi işğalçı ölkənin ekoterror cinayətlərinin ifşa edilməsində mühüm rol oynayıb.Prezident İlham Əliyev BMT tribunasından beynəlxalq aləmə olduqca mühüm bir informasiyanı çatdırdı. İndi bütün dünya görsün ki, Ermənistan Azərbaycan ərazilərində necə analoqu olmayan terror cinayəti törədib. Bir məqamı da deyim ki, Ermənistanın Qarabağda və ətraf rayonlarda törətdiyi ekoterror, ekosid bütün Qafqaza problem yaradır. Bunu dünya bilməlidir. Prezident Ermənistanın necə təhlükəli bir ölkə olduğunu dünyaya, beynəlxalq aləmə çatdırdı. Hesab edirəm ki, Azərbaycan Prezidentinin çıxışından, verdiyi informasiyalardan beynəlxalq təşkilatlar nəticə çıxarmalıdır. Prezident Ermənistanın ekosid cinayətlərini ifşa etdi. Ermənistan ekoloji terrorla özünün mahiyyətini dünyaya bəlli etdi”.

 

Alim vurğuladı ki, vaxtilə Ermənistanın işğalı altında olan ərazilərimizdə ermənilərin törətdikləri ekosid nətcəsində təbiətimiz məhv edilib.

 

Alim bildirir ki, Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazilərində ekoloji terror baş verib: “Bu ərazilərdə Ermənistan ekoloji terror törədib və biomüxtəlifliyə bərpası çox çətin olan ziyan vurub.  Ermənistanın törətdiyi ekosid nəticəsində Qarabağ və ətraf ərazilərin təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə çox böyük ciddi ziyan dəyib, təbii sərvətlər talan olunub, meşə örtüyü, flora və faunanın bir çox növləri məhv edilib, ətraf mühit çirklənməyə məruz qalıb”.

 

Alim vurğuladı ki, bu ərazilərdən keçən təbii su mənbələrimiz – Oxçuçay, Ağstafaçay, Bərgüşad çayı, Həkəriçay və digərləri sənaye və məişət-çirkab suları ilə çirkləndirilib, bəzi çayların yataqları dəyişdirilib, şirin su hövzələrində yayılan zəngin balıq növləri talan olunub, kimyəvi maddələrlə kütləvi şəkildə məhv edilib.

 

“Əlbəttə, Ermənistanla bərabər onun cinayətinə şərik olanların da…”

Alim vurğuladı ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Ermənistanla yanaşı bu ölkəyə dəstək olanları da ifşa edib: “Cənab Prezident bildirdi ki,  Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Prezident qeyd edib ki, “Tutarlı faktlara əsaslanaraq biz keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər”. Gördüyünüz kimi Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan ərazilərində qanunsuz əməllərlə məşğul olan xarici şirkətlər cinayət əməllərinə görə cavab verəcəklər. Əlbəttə, Ermənistanla bərabər onun cinayətinə şərik olanların da beynəlxalq hüquq müstəvisində cəzalandırılacağı şübhə doğurmur. Yenə də deyirəm, cənab Prezident beynəlxalq aləmə bütün informasiyaları verdi, mesajını ötürdü. Byenəlxalq təşkilatlar isə nəticə çıxarıb əməli tədbirlər görməlidir”.

 

“Ermənistan törətdiyi ekosidlə bütün beynəlxalq konvensiyalara qarşı çıxıb”

Ekspertin qeyd etdiyinə görə, Ermənistanın bütün bu davranışları 1951-ci ildə Orxuskaya, 1971-ci ildə Ramsar, 1995-ci ildə Pan-Evropa (Bolqarıstan), 1992-ci ildə BMT-də “Yerin flora və faunasının genofondunun saxlanılması və bitkilərin mühafizəsi” proqramı çərçivəsində keçirilən beynəlxalq konvensiyalara ziddir: “Ermənistan törətdiyi ekosidlə bütün beynəlxalq konvensiyalara qarşı çıxıb və Azərbaycan təbiətinə qarşı soyqırım törədib. Ermənistanın törətdiyi bu soyqırıma isə hələ də dünyua birliyi reaksiya verməyib. Cənab Prezidentin bu məsələni daha geniş şəkildə vurğulaması beynəlxalq təşkilatlara təsirsiz ötüşməyəcək. Biz gec-tez Ermənistanın cəzalandırılmasına nail olmalıyıq”.

 

Biloq alim deyir ki, işağldan azad edilən ərazilərimizdə biomüxtəlifliyin, floranın, ağac, kol, bitki, ot örtüyünün bərpası uzun proses olsa da, müxtəlif beynəlxalq və dövlət proqramları nəticəsində bu problemi tədricən həll etmək tələb olunur. O, qeyd edir ki, beynəlxalq aləm, BMT başda olmaqla bütün təşkilatlar bu məsələdə Azərbaycanın yanında olduğunu sübüt etməlidir. P.Qaraxaninin  sözlərinə görə, Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə hörmət edib, öz öhtəliklərinə sadiq qalıb, beynəlxalq təşklilatlar da öz üzərilərinə düşən vəzifəyə uyğun olaraq Ermənistanı cəzalandırılmalı, bu cinayətlərə görə ona sanksiyalar tətbiq etməli, xəbərdarlıqlar etməlidir.

 

İradə SARIYEVA

 

Bakı Xəbər  2021.- 25-27 sentyabr.- S.6.