Dini-milli tolerantlıq ideayasının Azəraycan üçün gücü...

 

Prezident İlham Əliyev açıqlamalarından birində belə fikir işlədib: “Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.

 

 Doğrudan da, 44 günlük ölüm-dirim savaşında Azərbaycanın parlaq qələbəsi də Azərbaycan türklərinin, rusların, ləzgilərin, yəhudilərin, talışların, saxurların və s. çiyin-çiyinə bir amal uğrunda birliyinin, yumruq kimi birləşməyinin, “qisası qiyamətə saxlamayacağıq, elə döyüşdəcə alacağıq” inadı, ümidi ilə haqq-ədalət yolundan çəkinməyərək mübarizə aparmağın nəticəsi idi.

 

Otuz ilə yaxın bir zaman ərzində yağı tapdağında qalan torpağın əsarətdən xilası arxa cəbhədə, millidini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının vahid ideyabütöv Vətən uğrunda bir bayraq altında birləşməsinin nəticəsi idi.

 

 Vətən müharibəsində işğalçını bəlkə də Azərbaycan Ordusunun güc və qüdrətindən, döyüş ruhundan daha çox xalqımızın bu monolit birliyi, sarsılmazlığı qorxudurdu, narahat edirdi. Ona görə də döyüşdiplomatiya meydanında məğlub olan düşmən savaş günləri feysbukda saxta profillər yaradaraq ölkəmizdəki etnik millətlərin adından təxribat xarakterli paylaşımlar edir, bu vəhdəti, birliyi zəiflətməyə, millətlər arasında nifaq, təfriqə salmağa, ruh düşkünlüyü yaratmağa çalışırdı. Bu zaman qəsbkar “Azərbaycan ailəsi” anlayışının artıq silinməyəcək, pozulmayacaq bir gücə çevrildiyini, bu amilin etnik millətlər arasında “Vətən”, “Yurd”, “Torpaq” kəlmələrinin müqəddəsləşməsi ilə bağlı olduğunu, ölkədə multikulturalizmin Azərbaycan modelinin – birgəyaşayışın parlaq nümunəsinin bütün dünyada təqdir edildiyi həqiqətini unudurdu.

 

Ölkəmizdə müxtəlif millətləri təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyüşüb, şəhid, qazi olmaqla, parlaq qələbə qazanmaqla yağının bu çirkin niyyətinin əsassızlığını sübuta yetirdi. Bundan sonra heç bir xarici qüvvənin siyasi sabitliyi, qardaşlığı poza bilməyəcəyini bütün dünyaya nümayiş etdirdi.

 

Milli azlıqların şücaət göstərmələri barədə çoxsaylı nümunələr  var

Vətən müharibəsində şəhid olan milliyyətçə rus Dmitri Solntsev Aleksandroviçin həyat yoluna nəzər salmaqla bunun şahidi ola bilərik. 1995-ci il aprelin 15-də Bakıda anadan olan, uşaq yaşlarında ana-atasını itirən Dmitri Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb. Azərbaycan Ordusunda hərbi xidmət keçmişdi. Dmitri Solntsev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsi, Füzuli və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi. Oktyabrın 25-də isə Qubadlıda qəhrəmancasına şəhid oldu. II Fəxri Xiyabanda torpağa tapşırıldı.

 

D.Solntsev Vətən müharibəsində şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Vətən müharibəsində Azərbaycanda yaşayan Dmitri Solnttsev kimi digər millətlərin gənclərinin doğma Qarabağın erməni faşistlərindən təmizlənməsində qəhrəmanlıq, şücaət göstərmələri barədə çox sayda misallar çəkə bilərik. Lakin əsas məqsəd onların doğma yurdları uğrunda döyüşə cəsarətlə atılaraq, milli birlik, milli həmrəylik nümayiş etdirmələrini, əzmkarlıqla torpaqlarımızın hər qarışı uğrunda mübarizə aparmalarını diqqətə çatdırmaqdır.

 

Bu gənclər özününkü saydığı torpaqları bütün ruhları ilə hifz edirdilər

Müharibə Azərbaycanda yaşayan xalqların möhkəm birliyinin iftixar yaradan real nümayişinə çevrildi. Ölkəmizdəki azsaylı xalqların gənc nümayəndələri müharibədə öz azərbaycanlı silahdaşları kimi həqiqi qəhrəmanlıq nümunəsi göstərdilər. Həlak olan döyüşçülər - şəhidlər, həmçinin, yaralanmış əsgərlər - qazilər arasında çox sayda talışlara, ləzgilərə, avarlara, ruslara, dağ yəhudilərinə rast gəlinir. Onlar doğma vətən saydıqları Azərbaycan uğrunda vuruşur, canlarını və sağlamlıqlarını onun naminə qurban verməyə hazır idilər. Çünki bu gənclər özününkü saydığı torpaqları bütün ruhları ilə hifz edirdilər. Ordumuz canlı qüvvə barədə heç bir çətinlik çəkmirdi. Azərbaycan kiçik ölkə olsa da, çoxmillətliliyi ilə seçilirmilli tərkibdəki rəngarənglik ölkədəki vətənpərvərlik hisslərini nəinki zəiflətmir, əksinə, daha da gücləndirir. Ermənistan isə monoetnik ölkəyə çevrilsə də, əslində daha da zəiflədi, orduda fərarilik halları da kütləvi xarakter daşıyırdı.

 

Bir sözlə, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir.

 

Məhəmmədəli QƏRİBLİ

 

Bakı Xəbər  2022.- 4 mart.- S.7.