Novruz Azərbaycançılığın güclü simvollarından biri kimi...

 

Ulu əcdadlarımızdan bizə miras qalan Yeni Gün-Novruz Bayramı min illərdir ki, xalqımızın birlik, bərabərlik simvoluna çevirilib və dünyanın hər yerində bizi birləşdirən müqəddəs dəyər rolunu oynayır.

 

Novruz bayramı xalqımızın qan yaddaşında özünə əbədi yaşamaq hüququ qazanıb və milli bauəyram statusu alıb. Bu bayramı əsrlər boyu xalq yaşadıb, xalq mühafizə edib. Hətta Sovetlərin qanlı caynaqlarından da Novruz bayramını xalq qoruyub, Novruzun tarixə qovuşmasına imkan verməyib, yaşadıb.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev Novruz bayramı barəsində, onun mahiyyəti, mənəvi gücü haqda yadda qalan fikirlər söyləyib: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanmasının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir.

 

Novruz bizim ümummilli bayramımızdır. Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!"

 

"Bu bayrama hər yerdə yenilik, nikbinlik, arzuların həyata keçməsi və həmrəylik vasitəsi kimi baxırlar"

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycançılığın təzahür formalarından biri qədim xalq mərasimi milli-mənəvi dəyərlərimizdən olan "yeni gün" mənasını verən "Novruz" bayramıdır. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik"ində demişdir: "Novruz xalqımızı tərəfindən qədim zamanlardan həmişə barışıq, dostluq, səmimiyyət, təmizlik və yeniləşmə əhvali-ruhiyyəsi yaradan Bahar bayramı kimi qeyd olunub. Novruz təbiətin oyanışı ilə ürəklərdə saf niyyətin, xoş arzuların yarandığı bir bayram, insanla bütövləşmənin, haromoniyanın təcəssümü hesab olunur. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Azərbaycanın müstəqillik əldə etməsindən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başladı ki, bu da tarixi köklərə qayıdışın, milli-mənəvi dəyərlərə qayğının güclənməsini şərtləndirir". Xüsusi qeyd etməyə dəyər ki, Bahar bayramı kimi Novruz təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində böyük təntənə ilə qeyd olunur. Bu bayrama hər yerdə yenilik, nikbinlik, arzuların həyata keçməsi və həmrəylik vasitəsi kimi baxırlar".

 

"Bu bayram xalqın mənəvi aləminə, qanına və iliyinə daxil olmuşdur"

V.Ömərovun sözlərinə görə, xalq təbiətin oyanmasına səadət və xoşbəxtlik rəmzi kimi baxmış, onu xeyirin şər üzərində qələbəsi kimi qiymətləndirmişdir. "Məhz buna görə də, insanlara xoşbəxtlik gətirən atlaz donlu bahar xalq kütləsi tərəfindən sevinclə qarşılanmışdır. Bu sevinc milli bir bayramın yaranmasına səbəb olmuşdur. Xalqımız bu bayrama Novruz (təzə gün) adı vermişdir. Akademik Məmməd Arif Novruz bayramı haqqında demişdir: "Novruz xalqın həyata nikbinliklə baxmasının, təbiətin sevinməsinin bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlamış bu ənənəvi bayram məişətlə bağlı kütləvi bir xalq bayramıdır."

 

F.Köçərli, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, M.Səttarov və başqaları göstərirlər ki, Novruz bayramı baharın gəlməsi, təbiətin oyanması ilə əlaqədar yaranmışdır.

 

Novruz kütləvi xalq bayramıdır. Onun xalq arasında geniş yayılması, xalqın məişətinə, həyatına, dərin nüfuz etməsidir. Bu bayram xalqın mənəvi aləminə, qanına və iliyinə daxil olmuşdur. Novruz bayramı hər il martın 21-də bahar fəslinin gəlməsi ilə başlanır. Lakin bu el bayramına bir ay qalmış böyük hazırlıq işləri aparılır".

 

Bayram süfrəsinin başında hamı təzə və səliqəli geyimdə əyləşir”

V.Ömərov qeyd etdi ki, hər şeydən əvvəl, evdə nə varsa, hamısını "pak etmək" üçün onları yuyur, silir, bir sözlə, təmizləyib səliqəyə salırlar. Bağlar təmizlənir, bellənir, ağacların quru budaqları, meynənin artıq çöpləri kəsilir. “Hər ailə öz imkanlarından asılı olaraq uşaqlar, cavanlar, hətta yaşlılar üçün təzə paltar hazırlayır. Bayram süfrəsinin başında hamı təzə və səliqəli geyimdə əyləşir. Abdulla Şaiq yazırdı: "...Novruz bayramı günü böyüklər, uşaqlar təzə paltar geyir, süfrələrə hər cürə şirni düzülür, qohum-qardaş, dost-aşna on gün bir-birinin evinə bayram görüşünə gedir, bir-birinə bayram payı göndərməyi özlərinə borc bilir".

 

Hər bir evdə baharın rəmzi olan yaşıllığı görmək üçün səməni göyərdirlər. Bayram günü ayrı-ayrı qablarda evin pəncələrinə, stol üstünə qoyulan səməni şənlik məclisinə xüsusi gözəllik verir. Novruz bayramına azərbaycanlılar cürbəcür şirin və yağlı çörək bişirirlər, bunlardan paxlava, şəkərbura, qatlama, fəsəli, kömbə və s. göstərmək olar. Şübhəsiz ki, bu nemətlər keçən ilin məhsulundan hazırlanır, demək gələn ilin bayramına daha yaxşı hazırlaşmaq üçün bu il böyük qüvvə və zəhmətlə işləmək lazımdır. A.O.Makovelski "Avesta" əsərində Zərdüştün etdiyi tövsiyələrdən yazır: "...yüz sədəqədən, on min qurban verməkdən daha əfsəl olan taxıl əkmək - "qüdsiyyət əkmək", yəni Yer üzündə divlərin kökünü kəsmək, sağsol əl ilə işləyib, divləri qaçmağa məcbur etmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Novruz bayramının bütün dünya azərbaycanlıları arasında azərbaycançılıq hissləri yaratdığını göstərərək demişdir: "Novruz həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların milli birlik bayramıdır. Ölkə hüdüdlarından kənarda yaşayan bütün azərbaycanlılar bu bayramı böyük sevincqürurla qeyd edirlər. Novruz şənliklərində yaranan xoş ünsiyyət onları həm bir-biri ilə, həm də doğma Azərbaycanla daha sıx bağlayır, hər bir soydaşımızda milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını gücləndirir. Bu bayram şənlikləri azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır”.

 

V.Ömərov qeyd etdi ki, azərbaycanlıq ideologiyasının, ideyasının formalaşmasında, inkişafında, yaşamasında Novruz bayramının xüsusi yeri var. Alim vurğuladı ki, Novruz bayramı qədər xalqımızın əsrlər boyu birlik və barəbərliyini, ünsiyyət mədəniyyətini özündə ifadə edən ikinci bir bayram olmayıb.

 

Azərbaycançılığın əsas simvollarından olan Novruz bayramı əsrlər sonra da xalqımızın birlik bayramı olaraq qeyd olunacaq.

 

İradə SARIYEVA

 

Bakı Xəbər .- 2022.- 19 mart.- S.12.