İşğaldan sonrakı dövrdə Naxçıvanın inkişafında yeni mərhələ necə açılacaq?

 

Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar, regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək.

Üçtərfli Bəyanatın doqquzuncu bəndində bildirilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Ermənistanın Azərbaycana silahlı təcavüzü başlamazdan öncə bu yoldan istifadə olunub…

Azərbaycan postmüharibə dövründə dəfələrlə kommunikasiyaların açılması ilə bağlı çağırışlar edib. Respublikamız, həmçinin Naxçıvanla kommunikasiya əlaqələrinin bərpasına qısa müddətdə nail olmaq üçün Zəngəzur dəhlizinin avtomobil və dəmir yolları seqmentləri üzrə layihələrin reallaşdırlmasına start verib. Biz burada da Ermənistanın məsuliyyətsiz davranışlarının şahidi oluruq.  İndiyədək bu ölkədə kommunikasiyaların açılması istiqamətində hansısa bir addım atılmayıb.

Ermənistanın Azərbaycana silahlı təcavüzü başlamazdan öncə bu yoldan istifadə olunub, ancaq sonradan Azərbaycanın Naxçıvanla quru əlaqəsi yalnız İran ərazisindən keçməklə gerçəkləşib. Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması istiqamətində son vaxtlar intensiv danışıqların aparıldığını və tərəflərin nəticə əldə etməyə yaxın olduqlarını nəzərə alsaq, Zəngəzur dəhlizinin açılması məsələsində fikir ayrılıqları hələ də qalmaqdadır.

İnfrastruktur təminatının, sosial sektorun, insan kapitalının inkişafına təkan verəcək

Prezident İlham Əliyevin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi yeni mərhələdə qarşıda duran strateji vəzifələrin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Proqramda qeyd edilir ki, Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plandadır. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir. Bu isə mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur.

Bu məqsəd və prioritetlərə uyğun həyata keçiriləcək tədbirlər muxtar respublikada iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı yerlərinin yaradılması istiqamətlərində ciddi irəliləyişlər əldə etməyə imkan verəcək. Eyni zamanda, infrastruktur təminatının, sosial sektorun, insan kapitalının inkişafı və ətraf mühitin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar atılacaq addımlar kompleks inkişafa təkan göstərəcək.

İstənilən halda Naxçıvanın Azərbaycanın digər rayonları ilə birbaşa əlaqəsi bərpa ediləcək

Qeyd edilib ki, Dövlət Proqramında ən mühüm məqamlardan biri nəqliyyat, o cümlədən dəmir yolu infrastrukturunun yenilənməsi ilə bağlıdır. Bu, regionda kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması kontekstində xüsusi önəm daşıyır. Yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, ölkəmizin əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranması iqtisadisiyasi əhəmiyyətə malikdir. Eyni zamanda, yeni infrastrukturun yaranması Azərbaycanın tranzit potensialının artması, iqtisadi inkişafının sürətlənməsi baxımından önəmlidir. Azərbaycan Prezidenti bir müddət əvvəl qeyd etmişdi ki, “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”. Dövlətimizin başçısının siyasi iradəsi Azərbaycanın qarşıda duran bütün strateji hədəflərinin reallaşmasını mümkün edir.

Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı nümayiş etdirdiyi qeyri-konstruktivlik  Azərbaycanı alternativlərə əl atmağa vadar etdi. Bunu İran ərazisindən keçməklə əvəzlədi. İstənilən halda Naxçıvanın Azərbaycanın digər rayonları ilə birbaşa əlaqəsi bərpa ediləcək.

Nəticə etibarilə davamlı islahatlar vasitəsilə dayanıqlı regional inkişafın təmin olunması Azərbaycanın qarşısında yeni perspektivlərin açılmasını şərtləndirir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası isə yeni reallıqlar və çağırışlardan irəli gələn məqsədləri gerçəkləşdirməyə, uzunmüddətli inkişafı təmin etməyə imkan verəcək.

 

Məhəmmədəli QƏRİBLİ

Bakı Xəbər .- 2023.- 21 noyabr, ¹ 210.- S.8.