Azərbaycan diasporundan bu anlarda daha böyük fəallıq tələb olunur...

Qarabağda yaşayan ermənilərin reinteqrasiyasının aktuallaşdığı bir dövrdə onların bir qisminin tələsik şəkildə Azərbaycan ərazisini tərk etməsi prosesi baş verir. Lokal antiterror tədbirlərindən sonra Qarabağdan könüllü şəkildə gedən ermənilərin bu addımlarını artıq Ermənistan hökuməti başqa yerə yozmağa başlayıb ki, guya ermənilər “etnik təmizləməyə” məruz qalmamaları (?) üçün bu addımı atırlar.

Halbuki, belə bir hal yoxdur, Ermənistanın yeni iddiasıdır ki, artıq bu əsassız iddia ilə dünyanı aldatmaq istəyirlər. Əlbəttə, erməni diasporu, lobbisi artıq bu yalanı yaymaq sahəsində “səfərbər olunublar. Təbii, erməni Qriqoryan kilsəsinin “xeyir-dua”sı ilə.

"Qarabağ ermənilərinin başqa yerə köçməsinin Azərbaycanla heç bir əlaqəsi yoxdur

Onu da qeyd edək ki, artıq Ermənistanın Baş naziri Nikol Paşinyan olmaqla rəsmilər və dövlət qurumları yalan maşınını işə salıblar.   Onlar bu köçə görə haqsız yerə rəsmi Bakını günahlandırırlar. Ermənistan XİN bu məsələdə də “fəallıq” göstərir.

Artıq rəsmi Bakı "Qarabağ ermənilərinin başqa yerə köçməsinin Azərbaycanla heç bir əlaqəsi yoxdur”-deyə  Ermənistan XİN-in iddialarına cavab verib.

Biz Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejimin onun gözləri qarşısında necə dağıldığını və yox olduğunu görməsinin nə qədər ağrılı olduğunu anlayırıq, lakin indi onlar üçün Azərbaycanla ərazi bütövlüyünə və suverenliyə həm sözdə, həm də əməldə hörmətə əsaslanan sülhetimad qurmağa diqqət yetirmək daha yaxşı olardı"-deyə rəsmən bildirilib.

Artıq Erməntan bu istiqamətdə saxta təbliğata başlayıb və qarşıda bizi növbəti erməni təxribatı gözləyə bilər. Bu baxımdan, xaricdəki Azərbaycan diaspor təşkilatlarının üzərinə də çox böyük düşür.

İndiki həssas məqamda Azərbaycan diasporunun fəaliyyəti mütləq olmalıdır. Çünki ermənilərin köçüb getməsindən xaricdə bizim əleyhimizə istifadə edirlər.

Ekspertlər deyirlər ki, xaricdəki Azərbaycan diasor təşkilatları şərbaz erməni diasporunun və onların havadarlarının layiqli cavabını vermək üçün hazır olmalıdır. Bu təxribatların qarşısının alınmasına Azərbaycan diasporunun xüsusi fəaliyyəti olmalıdır. 44 günlük müharibə dövründə göstərdiyi  mütəşəkkilliyi, dəstəyi indi də göstərməlidir. Bu gün Azərbaycan diasporunun həmişəkindən daha çox ayıq-sayıq olmalı olduğunu deyən ekspertlər hesab edir ki, onlar əlaqədar qurumlar tərəfindən düzgün informasiya ilə təmin olunmalıdırlar.

Ekspertlər onu da vurğulayır ki, Azərbaycan diasporu Azərbaycanla bağlı hər bir məsələyə mövqe bildirir. Aidiyyatı qurumlardan diaspor təşkilatları 44 günlük müharibədən sonra Laçın yolu, ümumiyyətlə, oradakı hadisələrlə bağlı detallı məlumat alır. Bu günkü vəziyyətlə bağlı da onların daim məlumatlandırılması mütləqdir, bu istiqamətdə aparıldığına şübhəmiz yoxdur.

“Azərbaycan diasporu hər zaman ayıqdır, yenə də ayıq-sayıq olmalıdır”

Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xaricdəki Azərbaycan  diasporu kifayət qədər güclüdüronlar erməni lobbisinin, diasporunun cavabını verməyə hazırdırlar. “Azərbaycan Respublikasında demokratik, azad, müstəqil, tolerant bir mühit var. Kim bu ölkədə qalıb yaşamaq istəyirsə heç bir problem yoxdur, kim  çıxıb getmək istəyirsə yol açıqdır. Bu gün heç kim, o cümlədən də erməni diasporu bundan bizim əleyhimizə heç bir istifadə edə bilməz. Düzdür, cəhdlər olacaq. Aydın məsələdir, bəzi qüvvələr buna cəhd etməyə çalışacaqlar ki, guya onlar buradan çıxarılır. Amma ermənilər özləri açıq etiraf edirlər ki, onların özləri çıxırlar. “Bizim “hökumətimiz” bizə deyib çıxın, biz də çıxırıq” deyirlər. Onlar artıq ləğv olunmuş qondarma rejimi nəzərdə tuturlar. Qondarma rejimi idarə etmişlər çox söz deyə bilər, amma bu bizim üçün əsas deyil. Erməni sakinlərdən bizim vətəndaşımız olmaq istəyənlər varsa qalıb yaşasınlar, Azərbaycan vətəndaşlığı alsınlar. Ermənilər özləri də /etiraf edirlər ki, onlardan kimlərsə öz məqsədləri üçün istifadə edirlər.  Qarabağda yaşayan ermənilər xuntanın təsiri altında idi, onların girovuna çevirilmişdilər.

Azərbaycan diasporu hər zaman ayıqdır, yenə də ayıq-sayıq olmalıdır.  Orada hansı bir erməni diasporu bu məsələ ilə bağlı hay-küy salmaq istəsə Azərbaycan diasporu da ona adekvat cavab verməlidir”-deyə R.Zeyni qeyd etdi.

Diaspor təşkilatlarımız bu işin də öhdəsindən uğurla gələcək...”

R.Zeyni əlavə etdi ki, xaricdəki Azərbaycan diaspor təşkilatları mütamadi olaraq əlaqədar qurumlar tərəfindən informasiyalarla təmin olunur. “Azərbaycan diasporu kifayət qədər məlumatlıdır. Onlar daim erməni diasporunun məkrli addımlarını yaxından izləyirlər. Bu səbəbdən də, onların hansı addımlar atacaqlarını da bilirlər və buna uyğun tədbirlərini görürlər. Təbiidir ki, əlaqədar dövlət qurumları da daim onlarla əlaqə saxlayırlar, baş verənlərlə bağlı onları məlumatlandırırlar. Amma lap onlar məlumatlandırılmasalar da belə hadisələrə çox həssas yanaşır. Bir azərbaycanlı kimi bunlar da bilirlər ki, hansı məqamda hansı addım atmaq lazımdır. Düşünürəm ki, diaspor təşkilatları ilə yanaşı vətəndaş cəmiyyəti də diqqətli olmalıdır. Azərbaycana qarşı ləkə atmaq istəyənlərin cavabı zamanında verilməlidir. Bu baxımdan, hesab edirəm ki, diaspor təşkilatlarımızın bu işin də öhtəsindən uğurla gələcək, onlar fəaliyyət göstərdikləri dövlətlərdə məsələnin mahiyyətini təqdim edəcəklər. Bu da əlbəttə, erməni yalanlarına zərbə vuracaq-“deyə R.Zeyni bildirdi.

İradə SARIYEVA

Bakı Xəbər  2023.- 29 sentyabr.- S.8.