“Jurnalist taleyim elə gətirib
ki, dövlət başçısı ilə çox səfərlərdə
olmuşam” - Qulu Məhərrəmli
“Bənəzir
Buhutto yaddaşımda çox parlaq şəkildə
qalıb”
Tanınmış
telejurnalist, tənqidçi, filologiya elmləri doktoru, professor
Qulu Məhərrəmlinin 70 illik yubileyi münasibətilə
ondan götürdüyümüz müsahibəni təqdim
edirik.
- Qulu müəllim,
Sizin 70 yaşınızın tamam olduğunu eşidən
insanların əksəriyyəti çox təəccüblənir
ki, bu ola bilməz, Qulu müəllim hələ də gəncdir.
Gənclik ruhunu saxlamağın sirri nədir?
- Çoxları belə deyir. Amma inanın ki, gənclik ruhunu saxlamağımın xüsusi bir resepti də yoxdur. Təbiətim belədir ki, özümü həmişə əhvalda saxlaya bilirəm. Adamlar var ki, qanı qara olanda əhvalı bütün kollektivə sirayət edir, amma mən belə deyiləm. Düzdür, problemlər də olur. Amma belə hesab edirəm ki, insan özünü xoş, pozitiv enerji ilə kökləməlidir. Bir də ki, insan özünü hansı yaşda hiss edirsə elə o yaşdadır.
- Tələbələriniz
sizin haqqınızda öz dostları barədə
danışırmışlar kimi danışırlar. Tələbələrlə
bu dostluq necə yaranır?
- Bu dostluq mən onlara dərs deyib qurtarandan sonra başlayır. Yəni dərs müddətində tələbələrlə təbii ki, pərdəli dolanırıq. Amma onlar kursu keçirlər, başqa mərhələləri adlayırlar, başqa müəllimləri görürlər və özləri müqayisə aparırlar ki, hansı müəllim onları öyrətməyə çalışır, hansı müəllim onlara necə yanaşır. Əslində tələbələr də şahiddir ki, onlara bir az sərt və tələbkar yanaşıram, bəzən çox danladığım tələbələr olur. Mən həmişə tələbələrə müraciətimdə deyirəm ki, siz mənim gələcək həmkarlarımsınız. Ona görə də biz bir-birimizi çox düzgün başa düşməliyik, yoxsa başqa cür mümkün deyil.
- Eşitdiyimə görə, Sizin özünüz də müəllimlərinizlə dostluq etmisiniz. Müəllimlərlə dostluq etmək sizə nə qazandırdı?
- Orta məktəbdən mənə dərs deyən və hafizəmdə yaxşı qalan müəllimlərin hamısı ilə münasibətlərim yaxşı olub. Şuşada internatda oxumuşam. Şuşalılar qaçqın düşəndə gedib Yasamalda müəllimlərimi axtarıb tapmışam. Mənə birinci sinifdə dərs deyən Mahirə müəlliməni, yuxarı siniflərdə riyaziyyat müəllimimiz olan İslam müəllimi, idman müəllimimiz, güləş üzrə Respublika çempionu Bəhlul müəllimi tapdım. Bəhlul müəllimlə münasibətimiz yaxşı idi. Yəni imkanım daxlində onlarla ünsiyyət qurmağa çalışırdım. Demirəm ki, onların problemlərini həll edirdim, amma dar məqamlarında yanlarında olmağa çalışırdım.
Eləcə də universitet müəllimlərimə belə yanaşmışam. Məsələn, ömrünün son gününə qədər Şirməmməd müəllimlə yaxşı münasibətimiz vardı, bir növ ona yoldaşlıq, dostluq, həm də sürücülük edirdim. Şirməmməd müəllim bir dərya idi. Mən həmişə oxuya bilmədiyim və oxuya bilməyəcəyim kitablar haqqında ondan soruşurdum və öyrənməyə çalışırdım.
Jurnalistika fakültəsinin dekanı və kafedra müdiri olmuş Yalçın Əlizadə çox dəyərli, ləyaqətli bir şəxs, mənəviyyat adamı, çox prinsipial və vicdanlı idi. O müəllimlər həm də bizim üçün bir yol göstərən mayak idi. Digər müəllimlərimiz də olub, onlardan həmişə öyrənməyə çalışmışıq. Famil Mehdi, Qulu Xəlilov, Nurəddin Babayev, Əliş Nəbili və başqa müəllimlərimizin adlarını qeyd edə bilərəm. İxtisas müəllimləri ilə yanaşı kənardan gələn müəllimlərimiz də vardı. Məsələn, fəlsəfə, məntiq, iqtisadiyyat müəllimləri ilə də ünsiyyətim həmişə yaxşı olub. Estetika müəlliminiz vardı, Tariyel müəllim, sonra “Təfəkkür” Universitetində çalışdı və çox faciləi həyatı oldu. Biz estetika dərsini keçəndə Tariyel müəllim məndən düz bir saat imtahan götürdü. O biri tələbələrə bənd olmurdu, imtahanı mənimlə polemikaya çevirmişdi. O imtahandan sonra həmişə mənə diqqət yetirirdi.
Bu cür müəllimlərin bizim həyatımızda çox böyük rolu olub. Onları unutmaq olmur.
- İllər keçir, ətrafınızdakı insanlar seyrəlir, bəzən yaxın saydıqlarınız birdən-birə geri çəkilir. Dostluq etdiyiniz adamları sabah yanınızda görməyəndə hansı hisslər keçirirsiz?
- Dostluq, yoldaşlıq məsələsinin özündə də bir az intimlik var. Mən vaxtilə internatda oxuduğum dövrdə dostluq etdiyim uşaqlarla indi də dostluğum davam edir. Hamısı babadır, biri Laçında, biri Ağcabədidə, biri başqa yerdə yaşayır, amma davamlı olaraq əlaqələrimiz var, görüşürük. Onlardan başqa geniş mənada dostluq etdiyim adamlar var ki, onlar məslək adamlarıdır. Arif Əliyev, Elçin Şıxlı, Ramiz Rövşən, Rafiq Əliyev dostlarımdır. Universitetdə çox yaxın dostum var - İsmayıl Məmmədov. Azərbaycan dili mütəxəssisidir, ona Qara İsmayıl deyirlər. O sırada heç bir itki yoxdur. Çünki onlar da mənimlə münasibəti qiymətləndirir, mən də o münasibəti dəyərləndirirəm. Bəzən dostlarla bir yerdə çox çətin situasiyalardan keçirsən, orda bir-birinin yanında olursan, onları yanında dayaq kimi hiss edirsən, onlar da sənə dayaq kimi baxır. Bəzən o cür dostluq kənardan kimlərisə qıcıqlandırır. Mən elə bilirəm ki, o cür dostluq kollektiv müqavimət üçün çox ciddi stimuldur. Bəzən sənə qarşı olan hücumlara qarşı yanında dostlarını görəndə çox ürəkli olursan. Bu baxımdan, dost cəhətdən özümü xoşbəxt, yarımış adam sayıram.
- Televizyada işlədiyiniz dövrdə həyatınızdan minlərlə müsahib keçib, onlar arsında dünyanın tanınmış siyasət adamları, dövlət xadimləri də olub. Heç yadınızdan çıxmayan, hafizənizdə dərin izlər buraxan şəxsiyyətlər oldumu?
- Bu baxımdan, hafizəmdə çox zəngin bir qalereya var. Çünki çox görkəmli insanlarla görüşmüşük, geniş müsahibələr olmasa da, sual verdiyim, cavab aldığım siyasi xadimlər olub. Məsələn, 4-cü kursda oxuyanda AzTV-də praktikada idim. Şənbə günü olanda adətən əməkdaşlar işə gəlmirdi və müsahibələrə praktikantları göndərirdilər. 1977-1978-ci illər olardı, Tur Heyerdal Bakıda idi, onunla müsahibəyə məni göndərdilər. Qərib Əhmədli getməli idi, nəsə o gedə bilmədi, amma mənə sualları verdi ki, ona bu sualları verərsən. Mən də sualları götürdüm və təbii ki, bir-iki sual da özüm əlavə etdim, ona verdim. Dördüncü kursda oxuyanda Tur Heyerdaldan müsahibə almışam. O məşhur səyyah çox parlaq şəkildə yadımda qalıb, hətta onun sualıma verdiyi bir cavab da indiyə qədər yadımdadır. Mən ona sual verəndə ki, Bakı haqqında təəssüratlarınız necədir? O şəhərimizi təriflədi, “çox gözəl şəhərdi, amma burda piyadalar elə gəzirlər ki, elə bil heç avtomobil icad olunmayıb” dedi. O, piyadaların nizamsız keçidinə işarə vururdu. Sonra jurnalist taleyim elə gətirib ki, dövlət başçısı ilə çox səfərlərdə olmuşam, çox görkəmli insanlardan müsahibə almışam, çoxları ilə ünsiyyətim olub.
- Kimlərin adını qeyd edərdiniz?
- Məsələn, Marqaret Tetçerdən həm Bakıda müsahibə almışam, həm də BMT-nin 50 illik yubleyində Nyu-Yorkda ona sual vermişəm. Boris Yeltsinə, Bənəzir Buhuttoya da suallar vermişəm. Süleyman Dəmrəldən geniş müsahibə almışam, o vaxt “Yeddi gün” proqramında efirə vermişəm. Dünyanın bir çox siyasi liderlərini yaxından görmüşəm. Məsələn, İslam Konfransı Təşkilatının İslamabadda keçirilən toplantısında Əfqanıstanın, eləcə də bir çox müsəlman ölkələrinin rəhbərlərini, yenə İslam Konfransı Təşkilatının Əlcəzairdəki toplantısında çox tanınmış şəxsləri görmüşəm. Əlbəttə ki, o təmaslar, sual-cavablar insanın beynində qalır. Düşünürəm ki, sual verdiyim adamlarla bağlı bir epik kitab hazırlamaq olar. Çünki onlar epizodik görüşlərdi. Heydər Əliyevin özündən dəfələrlə müsahibələr almışam.
- Ən maraqlı müsahibləriniz kimlər olub?
- Süleyman Dəmrəllə müsahibə mənim üçün çox maraqlı olub. Hesab edirəm ki, Abdulla Güllə müsahibəm maraqlıdır. Amerikanın Dövlət kativi vardı, Madlen Orbrayt. BMT-nin 50 illiyində ölkə prezidenti ilə görüşdən çıxandan sonra ona sual vermişəm.
- Sual verə
bilmədikləriniz də olubmu?
- Bəli,
sual verə bilmədiyim adamlar da olub. Məsələn,
Con Meycora sual verə bilmədim. Bir ara
İngiltərənin baş naziri də oldu. O, qəbuldan
çıxanda jurnalistlərin yanından keçməli idi,
biz də çox həvəslə hazırlaşırdıq
ki, Meycora suallar verəcəyik, amma o çıxdı və
qarşıdakı ehtiyat keçiddən getdi. Hamı bunu necə
etdiyinə mat qaldı, bu əsl ingilis hiyləgərliyi idi. Bu situasiyaların hamısı insanı
yetişdirir, dünyagörüşünə, siyasi
qavrayışına, siyasi təfəkkürünün
formalaşmasına təsir göstərir. Dünyanı tanıyırsan, insanları
tanıyırsan, münasibətləri görürsən,
ölkələrin siyasətini anlayırsan. Bunlar hamısı çox ciddi məsələlərdir.
Xarici səfərlərdə elə şeylər
çox olur. Mən Jak Şirakı Nyu-Yorkda
axşam gəzintisində görmüşəm, eyni zamanda
Heydər Əliyevlə görüşdə də onu
yaxından görə billmişəm. Çox
maraqlı insan idi. Bənəzir Buhutto
yaddaşımda çox parlaq şəkildə qalıb.
- Məsələn, Buhutto hansı məqamlara
görə sizi heyrətləndirib?
- Əvvəla
çox hazırcavab və yumoru olan adam
idi. Buhutto suallara həm məharətlə cavab
verə, həm də məharətlə sualdan yayına
bilirdi. Çox maraqlı şəxs idi.
Amma suallara çox qısa cavablar verirdi.
Türkmənbaşı Saparmurad Niyazovu öz
otağında görmüşəm. O vaxt xarici işlər naziri Həsən
Həsənov idi. Türkmənbaşını
o situsiyada da görmüşəm, eyni zamanda suallar da
vermişəm. Nursultan Nazarbayev çox
maraqlı adamdır. Putinin ilk prezidentlik
dövründə ona suallar vermişik. Yəni
bunlar bir jurnalistin edəcəyi qədər olub. Almaniyanın
kansleri olmuş Helmut Kola simpatiyam vardı, o çox
maraqlı bir adam kimi yadımda qalıb. Jurnalist həyatında belə hallar olur.
- Qulu
müəllim, bayaq internatda oxuduğunuzu dediniz. Hansı səbəbdən internatda oxudunuz?
- Zəngilanda
doğulmuşam. Mən 6 yaşımda olanda
atam rəhmətə gedib. Biz dörd
qardaş olmuşuq, həm də kasıb ailə idik. Biz dörd uşaq, anam da tək. Ona görə də məni və məndən
böyük qardaşımı əmim aparıb Şuşada
internat məktəbinə qoydu. Yəni bu
kefdən olmayıb, bizi məcburiyyət qarşısında
ora apardılar.
- Bu sizə
necə təsir edirdi?
- Orada
oxuduğumuz ilk illərdə böyük qardaşım
çox darıxırdı. Onun
darıxmağı mənə də sirayət edirdi. Amma 3-4-cü sinifdən sonra alışdıq.
Sonradan sevindim ki, nə yaxşı məni gətirib internata qoyublar. Çünki orda bizə çox gözəl dərs
keçirdilər. Məsələn, mən
yay tətilində kəndimizə qayıdanda
yaşıdlarım ünsiyyətdə görürdüm ki,
onlar mənə bənzəməyə
çalışırlar. Çünki mən
bədii ədəbiyyat oxuyurdum, oxuduqlarımı bunlara
danışırdım. Hamısında
bir həvəs yaranırdı.
- Zemfira xanımla necə tanış oldunuz?
-Biz tələbə yoldaşıyıq,
paralel qruplarda oxumuşuq. Hiss etdim ki, o mənə çox uyğundur. İndi gərək mən də ona uyğun
olaydım, ona görə də çox zəhmət sərf
etməli oldum. Məlum oldu ki, mən də
pis oğlan deyiləm (gülür). Zemfira
xanım tələbəlikdən çox aktiv idi. Qəzetlərə yazırdı. “Gənclər” qəzetində” “Molodyoj Azərbaycan”da
məqalələri çıxırdı,
araşdımaları olurdu, həm də çox yaxşı
oxuyurdu. Mən düzü, sevdiyim fənlərə
yaxşı hazırlaşırdım, amma o bütün dərslərə
yaxşı hazırlaşırdı. Məsələn,
o vaxt pariya tarixindən dəftər tuturdular, konspekt
yazırdılar. O dəftəri bir gün Zemfira
xanım müəllimə göstərirdi, sabah
da mən. Paralel qruplarda oxuyurduq, Zemfira
xanımın dəftəri mənim çox köməyimə
gəlirdi. Dəftəri
götürürdüm müəllimə göstərirdim, o
da deyirdi ki, görürsüz necə gözəl yazır, o
biri qrupda bir qız var onun da dəftəri belə səliqəlidir. Daha demirdi ki, bu həmin
qızın dəftəridir. Sonra elə
oldu kimi bizim ikimizə də eyni zamanda Dövlət Televiziya və
Radio Komitəsinə təyinat verdilər. Sözün
açığı, mənim feodal düşücəm bir az üstün oldu və etiraz etdim ki, bir yerdə
işləməyək. Elə oldu ki, Zemfira
xanımın təyinatını dəyişib “Bakı” qəzetinə
verdilər.
- Dilimizlə bağlı sizi narahat
edən məsələlər var. Sizi
qayğılandıran məqamlar nələrdir?
- Əslində, mənim fəaliyyətimin bir istiqaməti də dilçiliklə, həm nitq mədəniyyəti, həm televizya, radio dili, həm də lüğətçiliklə bağlıdır. Mənim 10-a yaxın lüğətim var. Humboldtun sözüdür ki, dil millətin ruhunu ifadə edir. O ruhun ifadəsi çox səlis, dəqiq, aydın olmalıdır, ədəbi normaları qorumalıyıq. Çox təəssüf edirəm ki, bəzən jurnalistlərdə də dilə biganəlik göstərildiyini görürsən, futbol şərhçilərinin də, şou aparıcılarının da dilində ciddi nöqsanlar var. Televiziyanın dili şifahi ədəbi dilin bir qoludur. Bunun öz normaları var, bu normaları qorumaq lazımdır. İndi ayrıca Monitorinq Mərkəzi yaradılıb, onlar televizya və radio ilə bağlı müşahidələr aparırlar. Amma bu məsələ uzun müddət gündəmdə olub və yenə də gündəmdə olacaq. Bəzən insanlar tənqidi düzgün anlamırlar, tənqidə şəxsi qərəz kimi baxırlar. Dil məsələsində hamımızın marağımız, mənafeyimiz birdir. Bu dili bu həddə gətirib çıxaran, onun təmizliyini təmin edən, onun qaydalarını müəyyənləşdirən, sözün həqiqi mənasına üst səviyyəyə qaldıran bizim görkəmli alimlərimiz olub. Dildə təftişçilyə qalxmaq, 2018-ci ildə “dil islahatı” adı altında orfoqrafiyaya toy tutmaq, gülməli qaydalar təklif etmək, bunlar hamısı biabırçılıq idi və biz o məsələlərdə səlayiyyətli şəxslərə kifayət qədər ciddi müqavimət göstərdik. Hesab edirəm ki, dildə dəyişiklik apararkən çox düşünmək lazımdır. Qaydalar qoyulub, onlara əməl edilməlidir. Qaydaları, sözləri tez-tez dəyişmək çox ciddi təhlükədir. Bax, onlara qarşı çıxırdım. İkinci bir tərəfdən, xüsusi olaraq Azərbaycan ədəbi dilinin işlənməsi ilə bağlı dövlət proqramı vardı. Mən Dilçilik İnstitutunda işləyəndə monitorinq şöbəsində bu istiqamətləri aparırdıq ki, küçə və yer adları, reklamların dili, televiziya və radio nitqi buradakı normalar nə dərəcədə gözlənilir. Onunla bağlı bizim ciddi nailiyyətlərimiz olub. Sonra o proqrama uyğun olaraq qaynar xətt yaratmışdıq. Çox təəssüf edirəm ki, Möhsün Nağısoylunun vaxtında otaq çatışmazlığı bəhanəsillə onu ləğv etdilər. Dilə çox müqqəddəs baxmaq lazımdır. O həqiqətən də bizim varlığımızı ifadə edir. Dil bu səviyyəyə gəlib çıxması üçün yüz illər, min iilər yol keçib. Ona görə də dillə çox ehtiyatla davranmaq lazımdır.
- Lüğətçiliklə bağlı da işləriniz var...
- 2000-ci ildə “Kino, televizya, radio terminləri”ni, daha sonra “Mediada işlənən alınma sözlər”i, “Məktəblinin alınma sözlər lüğəti”ni hazırladım. İlk dəfə Rafiq İsmayılovla birgə “Azərbaycan dilinin frazeologiya lüğətini” hazırlamışıq. Bu akademik lüğətdir. Dilin obrazlı sistemində frazeologiyanın öz yerui var. Ona görə də o iki dəfə nəşr olunub, üçüncü nəşrə hazırlanır. Tənqidlə iş bitmir, gərək kömək edəsən. Ona görə də bizim “AZLEKS” saytımız var, o lüğətlər toplusudur, orda 20-dən çox lüğət yerləşdirilib. Bir neçə il əvvəl Azərbaycan Tərcümə Mərkəzi mənim alınma sözlər lüğətimi buraxıb, orada biz təxminən 3 mindən çox sözün izahını vermişik.
- Müasir elmimiz
haqqında fikriniz nədir?
- Müstəqillik dövründə bəxti gətirməyən sahələrdən biri elm sahəsi oldu. Biz nə yaxşı, sovet dövründə akademiya sistemini yarada bilmişdik. Müstəqillik dövründə akademiya çox da səmərəli işləyə bilmədi. Yaxşı alimlərimizin çoxu xarici ölkələrə getdi. Tətbiqi elmlərdə bir durğunluq yarandı. Humanitar sahələrdə çoxlu dissertasiyalar yazıldı, amma onların bir çoxunun səmərəsi və praktikası olmadı. Plagiatlıq baş alıb gedir. İstənilən adam müdafiə etməyə, namizədlik və doktorluq diplomuna bir aksesuar kimi baxır. Bu baxımdan, mənə elə gəlir ki, elmə xüsusi yanaşma lazımdır.
Universitetlərin elmi fəaliyyəti gücləndirlməlidi, laboratoriyalar sözün əsl mənasında elm mərkəzlərinə çevrilməlidir. Belə olmasa çətin olacaq. Bir də alimlərin sosial müdafiəsi gücləndirilməlidir. Bizdə güclü alimlər var, amma onların başı ailə-məişət problemlərinə qarışıb. Halbuki, onların problemi həll olunsa o alimlər elmə daha çox fayda verərlər. Bunun qısa yolu bu sahəyə diqqət ayrılması və bu istqiamətdə addımların atılmasındadır.
İradə
SARIYEVA
Bakı xəbər.-2024.-6
dekabr.-S.14.