Hacıbaba Bağırov haqda xatirələr...
Fərman Qarabağlı: “...Məni
qucaqlayıb, “doğrudan
da biz qardaşıq”
dedi”
İllər əvvəl uşaqdan böyüyə hamının
sevimlisi, mərhum professor Qara Mustafayevlə müsahibədə
ondan soruşdum ki, insan öləndən
sonra ruhunun yaşadığına inanırsınızmı?
Cavab verdi ki, əgər sənin kimi nəvələrim məni
unutmayacaqsa, yada salacaqsa, demək mənim ruhum da yaşayacaq, mən də yaşayacağam. Qara müəllim müdrik adam idi, dünyanın
hər üzünü
görmüşdü. Onun
söylədiyi bu hikmətli söz özünü hər zaman doğruldur.
Haqqında danışacağımız
sənətkar illərdir
cismən həyatda olmasa da, mənən,
ruhən həyatdadır,
xatirələrdə yaşayır,
dostları hər zaman onu xatırlayır,
xalqımız onu unutmur. Azərbaycanın görkəmli teatr və kino aktyoru,
Azərbaycan SSR xalq artisti, “Şöhrət” ordeni laureatı, Azərbaycan Dövlət Musiqili Teatrının (indiki adı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) keçmiş direktoru və bədii rəhbəri,
"Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri Hacıbaba Bağırovu sevməyən,
rollarını bəyənməyən,
bəyliyinə, ağayana
davranışlarına hörmətlə
yanaşmayan yəqin ki, yoxdur.
“Onun hər
bir hərəkətində,
oturuşunda, duruşunda,
danışığında qandan gələn bəylik xüsusiyyətləri
vardı, o bir Azərbaycan bəyi idi”
Əslən Füzuli rayonunun Arayatılı kəndindən
olan, hazırda Bakıda yaşayan, uzun illər ticarətlə məşğul
olan, “Bakı-Xəbər”in
təəssübkeş oxucusu
və təbliğatçısı,
redaksiyamızın yaxın
dostu Fərman Qarabağlı (Süleymanov)
bu günlərdə bizimlə əlaqə saxlayaraq, uzun illər dostluq etdiyi, qardaş kimi yaxın olduğu Hacıbaba Bağırov haqda xatirələrini bölüşmək
istədi.
Fərman Qarabağlı:
“Uzun illər dostluq etdiyim, böyük qardaş kimi xətirini istədiyim minbaşılı
Cəmil bəyin nəvəsi Hacıbaba Bağırov haqda xatirələrimi oxucularla
bölüşmək istəyirəm.
İlk tanışlığımızı,
dostluğumuzun təməli
qoyulan həmin günü çox yaxşı xatırlayıram.
Karamel Fabrikində işləyirdim. Fabrikdən
çölə çıxdım,
gördüm ki, qapıda bir nəfər durub. Onu televizorda görmüşdüm. Ona
yaxınlaşıb “Siz
Hacıbaba müəllimsiniz?”
deyə soruşdum. “Bəli” dedi. Soruşdum ki, xeyir ola, burda
durmusunuz? “Şokolad lazımdır, bütün
mağazaları axtarmışam,
amma tapa bilmirəm” dedi. Ondan hansı şokoladı axtardığını
soruşduqda “ Əyripəncə
ayı” şokoladını
axtardığını söylədi.
O dövrdə ən bahalı şokolad idi, kiloqramı 6 rubl 50 qəpik idi və hər
vaxt da tapılmırdı.
Yay ayları idi, dedi ki,
burda kimdən soruşdum, sexin təmirə dayandığını
dedi. Ona dedim ki, Hacıbaba
müəllim, heç
yerə getməyin, məni gözləyin bir azdan gələcəyəm.
“Sklad”dan soruşdum, dedilər ki, həmin şokoladdan 20 kiloqram var. Ordan 3 kiloqram
şokolad götürdüm
və gətirib ona verdim. Pulunun
nə qədər etdiyini soruşdu, “pul lazım deyil, sizə paydır” dedim. Beləliklə, yaxından
tanış olduq. Günlərin birində fabrikdə dedilər ki, səni bir
nəfər axtarır.
Tanış olduq, dedi ki, adım
Faiqdir, məni sizin yanınıza Hacıbaba müəllim göndərib, yeni tamaşamız var, sizə iki bilet
gətirmişəm. Onda
ailəli deyildim. Çox yaxın göyçaylı dostum,
ərzaq mağazasının
müdiri Rövşən
Əhmədovla birlikdə
tamaşağa getdik, bir dəstə güllə Hacıbabanı
təbrik etdim. Sonra çox yaxından tanış olduq, tanışlığımız
dostluğa çevrildi.
Dedi ki, anam qarabağlıdır,
Cəbrayılın Minbaşılı
kəndindən Cəmil
bəyin qızıdır.
Atam maştağalıdır,
“Passaj” bazarının
(ona “Şüşəli
bazar” da deyirlər-F.Q) müdiri olub.
Bir dəfə
televiziyada H.Bağırova
həsr olunan verlişdə danışırdılar
ki, guya Hacıbaba əsgərliyə
getmək istəmədiyi
üçün həbs
olunub. Xeyr, əsla belə olmayıb. Hacıbabanın
ilk həyat yoldaşından bir oğlu olub, Rusiyada yaşayır, sonralar onu görmüşdüm,
düz Hacıbabanın
özü idi.
Dənizkənarı Bulvarda o vaxtlar qüllə vardı, üstündə indi saat quraşdırılıb,
həmin “vışkadan”
insanlar paraşütlə
tullanırdılar, musiqi
çalınardı, rəqs
edərdilər. Hacıbaba
gəlib görür ki, həyat yoldaşı orda bir nəfərlə rəqs edir, cibindən bıçağı
çıxarıb hər
ikisini vurur və dərhal da Rusiya şəhərlərindən
birinə gedir, o şəhərin adını
mənə demişdi,
təəssüf ki, unutmuşam. Orda klubların birinin özfəaliyyət dərnəyində
iştirak edir. Özü də orda deyib ki,
adım Qurgendir. Beş-altı aydan sonra hüquq-mühafizə
orqanlarının əməkdaşları
onu tutub Bakıya gətiriblər.
Mənə danışırdı
ki, türməyə getməmişdən əvvəl
qollarıma “nakolka” vurdurdum, mən qeyrət üstə adam bıçaqlamışdım.
Məqsədim onun böyük sənətindən, uca şəxsiyyətindən danışmaq,
onun necə böyük sənətkar
və şəxsiyyət
olduğunu bir daha xatırlatmaqdır. Onun hər bir
hərəkətində, oturuşunda,
duruşunda, danışığında
qandan gələn bəylik xüsusiyyətləri
vardı, o bir Azərbaycan bəyi idi. Gözü, könlü tox adam idi”.
F.Qarabağlının sözlərinə görə,
bir dəfə televiziyada sənət yoldaşı Novruz Qartal da bu
barədə danışmışdı.
“Bir gün iki aktyorun adını
çəkib hansının
böyük gülüş
ustası olduğunu ondan soruşdum. Deyim ki, o sənətkarlardan
biri Bəşir Səfəroğlu idi, amma o birinin adını çəkmək
istəmirəm. O cavab
verdi ki, Bəşir Səfəroğlu
ondan güclü sənətkardır. Hacıbaba
Türkiyənin tanınmış
aktyoru Kamal Sunala böyük qiymət verirdi. Halbuki, onun özü
heç də Kamal Sunaldan kiçik sənətkar deyildi. O həmişə böyük sənəti olanları dəyərləndirirdi.
Deyirdi ki,
səhnədə sənətkar
bədən əzalarını
şişirtməklə, ağız-burnunu
əyməklə tamaçaçını
güldürməz. Bu
yaxınlarda əməkdar
artist Çingiz Əhmədov danışırdı
ki, bir dəfə
Hacıbaba Bağırovu
verilişinə dəvət
etmək istəyib, Hacıbaba da deyib ki, “Muzkomediya”ya qayıt verilişinə gəlim. Guya Hacıbabanın rollarını bu oynayacaqmış. Çingiz
Əhmədov televizorda
danışır, amma
o, Hacıbaba ilə elə də yaxın olmayıb.
Hacıbaba teatrının
bütün işçiləri
ilə dost idi. Onun yaxın
dostları isə Fuad, Nəcibə Behbudova, Novruz Qartal, Atabala Səfərov və Kübra Əliyeva, “Azdramanın” inzibatçısı
Nadir idi. Hayıf ki, Kübra xanıma xalq artisti fəxri
adı hələ verilməyib. O vaxtlar Kübra xanımın “06 Jiqulu”si vardı. Bir dəfə üçümüz Sumqayıt
şəhərinə getmişdik.
Hacıbaba çox zövqlə geyinirdi. Bunu görmək üçün “Şirbalanın
məhəbbəti” teletamaşasına
baxa bilərlər. Hansı rəng kostyumla hansı köynək, hansı ayaqqabı geyinmək, hansı qalstukla hansı kəmər taxmaq onun bəylik
qanından gəlirdi.
Onun vasitəsilə bütün aktyorlarla tanış idim. Bir çoxları səhnədən kənarda,
çay içəndə,
yemək yeyəndə
də gülməli hərəkət edərdilər.
Amma Hacıbaba o qədər ciddi adam idi ki,
tanımayan onun gülüş ustası olduğunu bilməzdi. Bəziləri rayonlara gedəndə idarə müdirlərinin yanına
gedərdilər. Bu faktdır. Amma o heç vaxt heç bir idarə müdirinin qapısına getməyib.
Rayonlara onu katiblər dəvət edərdi, gedib konsertini verərdi, qonaq evində qalardı. Katib özü istəsəydi
ona hörmət edərdi. “Azdrama”da
onun çəkilişi
vardı, kiçik qızım Firəngizlə
(Firiş deyirik) biz də getdik.
Böyük gül dəstəsi bağlatmışdım,
o gül dəstəsi
qızımdan böyük
idi. Bunu tamaşaçılar deyirdilər.
Oğlum Vüqar 14 yaşında ikən ürək döyüntüləri
vardı, narahat olduq, çox uşaq həkimlərinə
aparırdıq ki, baxsınlar, müalicənin
xeyri olmurdu. Bir gün qərara
gəldim ki, oğlumu Moskvaya aparım. Fikrimi Hacıbabaya dedim. O mənə “qədeş,
(o mənə qədeş,
mən ona qağa deyərdim) Moskva burdadır, Qarayev uşaq xəstəxanasında akademik
Adilə Namazova var”. Ailəvi dostumuz, Tibb Universitetində kafedra müdiri Şəmistan müəllim vardı. “Sabah Adilə Namazovanın yanına apararıq” dedi. Adilə Namazova hər ikisini də çox böyük hörmətlə
qarşıladı. Vüqarı
müayinə etdi və bildirdi ki, oğlan uşaqlarında 14 yaşında
belə hallar olur. Gülərək dedi ki, yerli
(əvvəlcədən tanış
olmuşduq, mənim Füzulidən olduğumu
bilirdi, o da ağdamlı idi), oğlun kişiləşir.
Hayıf ki,
Hacıbaba müəllimin
həyat yoldaşı
Almaz xanımdan övladları olmadı. Almaz xanıma Allah rəhmət eləsin. Həkim-alim idi. Qanköçürmə
İnstitutunda işləyirdi,
ailəvi yaxın idik. Hacıbaba Almaz xanımla xaricə getmişdi və ordan mənə
bir təsbeh gətirmişdi. Sonra mən 1985-ci ildə Bolqarıstana, “Qızıl
qum”a istirahətə
getmişdim, qayıdanda
ordan ona qol saatı gətirdim. Puşkin küçəsində yaşayırdılar,
evlərinə getdim. Almaz xanım qapını açıb
kədərli səslə
“qardaş, biz ayrılmışıq” dedi.
Onu da deyim
ki, Hacıbaba gedəndə evdən paltarından başqa heç nə götürməmişdi. Almaz
xanım boşanma ərizəsinə qol çəkmək istəmirdi.
Hacıbaba mənə
dedi ki, qədeş, sən onunla danış, ərizəyə tez qol çəksin. Mənə qədər çoxları ona bu barədə demişdi, amma o, bundan imtina etmişdi.
Almaz xanımın iş yerinə getdim, xeyli söhbət
etdik. Mən ona dedim ki,
qol çəksən
də çəkməsən
də bu boşanma 6 aydan sonra baş tutacaq. Amma Hacıbabaya
lazım idi ki, o, bir ayın
içində boşanma
ərizəsinə qol
çəksin. Almaz xanım dedi ki, bir şərtim
var, sən onunla danışmayacaqsan.
Dedim Almaz xanım, mən sənin qaynınam, səndən Hacıbabanın
qardaşı kimi xahiş edirəm. Almaz xanım ayağa durub kədərlə “yaxşı”
dedi. “Muzkomediya”ya
getdim, Hacıbaba məni gözləyirdi. Mən ona Almaz
xanımın şərtini
dedim. O da “bəs sən nə cavab verdin”
deyə soruşdu. Mən də Almaz xanıma verdiyim cavabı ona da bildirdim.
Hacıbaba məni qucaqlayıb “doğrudan da biz qardaşıq”
dedi.
Hacıbaba hayıf
ki, həyatdan tez köçdü, II Fəxri Xiyabanda uyuyur, məzarının üstündə dizdən
yuxarısını əks
etdirən büstü
qoyulub. Ziyarətinə
gedirəm. Allah hər ikisinə rəhmət eləsin.
Mən bütün
dostlarımla şəkil
çəkdirmişəm. Amma çox hayıf ki, nə atamla, nə də dostlarım Hacıbaba Bağırovla, nə də Oqtay Məmmədovla
şəklimiz yoxdur. Buna çox təəssüflənirəm.
Hacıbaba Füzulidə
öz dəstəsi ilə qastolda olanda mənə dedi ki, babamın
kəndinə gedəcəyəm.
“Hökmən,
get” dedim. Bunu Novruz Qartal da televiziyada danışıb,
yəni faktdır. Füzulidən Cəbrayılın
Minbaşılı kəndinə
gedirlər. Cəmil bəyin nəvəsini kənd camaatı böyük sevgi və hörmətlə qarşılayır, ayağının
altında neçə
qurban kəsirlər. Minbaşı camaatı Cəmil bəyin nəvəsi Hacıbaba Bağırovun ayağının
altında qurban kəsməklə ona öz böyük hörmətlərini bildirib.
Babasının kəndinə
getdiyi üçün
çox sevinirdi”-deyə F.Qarabağlı
bildirdi.
İradə SARIYEVA
Bakı
Xəbər.- 2025.- 18 sentyabr, ¹167.- S.15.