İftixar Piriyev - 65...
Teatr,
kino, mədəniyyət adamı olmaq sözün həqiqi mənasında
çətindir, bunun üçün, təbii ki, insanda fitri
istedad olmalıdır. Fitri istedadı cilalamağa görə
isə sevgi, təmənnasız istək, əzmkarlıq və
fədakarlıq, dayanmadan işləmək, zəhmətlərə
qatlaşmaq lazımdır. Haqqında
danışacağımız tanınmış sənətkar,
teatr, kino, söz adamı fitri istedadının,
Tanrının ona bəxş etdiyi bu keyfiyyətin
işığında hədəflərinə çatıb,
məqsədinə nail olub, sadə dildə desək,
arzularına qovuşub.
Bəlkə
də heç ağlına gəlməzdi ki, bir gün xəyallarında
canlandırdığı teatrın içində olacaq,
obrazlar yaradacaq, tamaşa qoyacaq, filmlərdə oynayacaq,
özü ssenari yazacaq, qələmindən çıxan əsərlər
səhnənin, kinonun, ədəbiyyatın malı olacaq, seviləcək,
qəbul olunacaq. Amma bir gün bunlar gerçək oldu.
İnsan zəhmət çəkirsə mütləq bir
gün onun bəhrəsini görür. İftixar Piriyev Azərbaycan
teatr sənətində özünəməxsus yeri, çəkisi
olan sənətkardır. İ.Piriyev 25 ildir ki, İrəvan
Dövlət Azərbaycan Dram Teatrının direktorudur. Fədakarlıqla
böyük ənənələri olan bu teatra rəhbərlik
edir. İrəvan Teatrının xalqımız
üçün dəyəri çox yüksəkdir və
bu teatrın yaşamasında, inkişafında teatrın fədakar
kollektivinin də, onlara rəhbərlik edən İ.Piriyevin də
böyük əməyi var.
Teart səhnəsində
öz sözünü deyən İ.Piriyevin saysız
rolları içində bir obraz da var ki, o, ona aktyor kimi
böyük şöhrət gətirdi. Bu da İrəvan
Teatrının hazırladığı “Xilaskar”
tamaşasında İftixar Piriyevin Heydər Əliyevin
obrazını yaratmasıdır.
Tamaşa
və İftixar Piriyevin yaratdığı obraz barədə
tanınmış dramaturq-yazıçı Əli Əmirli
belə yazır: “... İrəvan teatrının monumental
üslubda hazırlanmış tamaşasında isə Heydər
Əliyevin möhtəşəm obrazını teatrın
direktoru, istedadlı aktyor və dramaturq İftixar Piriyev
mükəmməl yaradır. Təsadüfi deyil ki, uzun illərdir
"Xilaskar" İrəvan teatrının vizit kartına
çevrilib. Tamaşa, demək olar ki, Azərbaycanın
bütün bölgələrində böyük uğurla
nümayiş etdirilib. İrəvan teatrının kollektivi məhz
"Xilaskar"la bir neçə xarici ölkədə
qastrol səfərlərində olmuşdur...”
Fikrimizcə,
bu, İftixar Piriyevin öz rolunun öhdəsindən yüksək
səviyyədə gəlməsinə, Heydər Əliyevin
obrazını parlaq şəkildə təcəssüm etdirməsinə
verilən qiymətdir. Hesab edirik ki, onun bu ifası tarixdə
özünə yer alacaq bir örnək kimi yaşayacaq.
İftixar
müəllim haqda həmişə yazmaq maraqlıdır,
çünki o, hər zaman yeniliklərlə sənət aləmində
öz sözünü deyə bilir. Ola bilsin,
özünü, gördüyü işləri,
tamaşalarını, rollarını, əsərlərini o qədər
reklam etmir, amma bununla belə, gördüyü işlər göz
özündən çəkilmir, hər şey
tamaşaçının, oxucunun diqqətindədir.
Çağdaş
Azərbaycan mədəniyyətinin tanınmış
simalarından biri, İrəvan Dövlət Azərbaycan Dram
Teatrının direktoru, Əməkdar mədəniyyət
işçisi, teatr və kino aktyoru, teatr rejissoru və
ssenarist İftixar Piriyevin 65 yaşı tamam olur.
İftixar
Fərhad oğlu Piriyev 7 sentyabr 1960-cı ildə ildə
Gürcüstan Respublikasının Qaraçöp
mahalının (Saqareco rayonu) Düzəyrəm kəndində
anadan olub. 1977-ci ildə Qaraçöpdə orta məktəbi
bitirib. Həmin ildən keçmiş M.A.Əliyev, indiki Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul
olunub.
İ. Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin "Dram və Kino aktyorluğu" fakültəsini bitirib. Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Burada o, müxtəlif səpkili və xarakterli 30-dan çox obraz yaradıb.
İ. Piriyevin Akademik Teatrın səhnəsində yaratdığı Edqar (V. Şekspir, "Kral Lir"), Əlibəy (S. Vurğun, "Vaqif"), Niftalı (V. Səmədoğlu, "Yayda qartopu oyunu"), Vəliqulu (Anar, "Sizi deyib gəlmişəm"), Əkbər, Xəzər (N. Xəzri, "Mirzə Şəfi Vazeh", "Gecə döyülən qapılar"), Bayandur (İ. Əfəndiyev, "Büllur sarayda"), bədii film və televiziya tamaşalarında Sərvər (Ə. Əylisli, "Ürək yaman şeydir"), Əsgər (S. Budaqlı, "Közərən evin işıqları"), Əbdül (Ə. Hacızadə, "İtkin gəlin"), Vədad (R. N. Güntəkin, "Dodaqdan qəlbə"), Aslan (B. Vahabzadə, "Yağışdan sonra"), Nofəl (A. Rəhimov, "Canavar balası"), Şef (A. Rəhimov, "Qırmızı qar") kimi obrazlar aktyorun yaradıcılıq bioqrafiyasını təşkil edir.
O, müxtəlif ədəbi-bədii verilişlərdə çıxış edib, "Ozan" folklor toplusunun aparıcısı olub.
İ. Piriyev 1990-cı ildə özəl Azərbaycan Milli "Dastan" Teatrını yaradıb, onun direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərib. O, çoxşaxəli fəaliyyət növü ilə məşğul olan həmin teatrın nəzdində yaratdığı "Dastan" turizm şirkətinə də rəhbərlik edib. O, AMEA-nın dissertantıdır. "Yaşadığım bu ömür", "Nə qəribə yuxuymuş" adlı şerlər kitabının, H. Əliyevə həsr olunmuş "Böyük Turanın Himni" himn-poemasının, "Ucal", "Könüllərə dolan nur" şeirlərinin, "Dan yeri söküləndə", "Körpü", "Məngənə və ya Kor Aşığın işığı" pyeslərinin müəllifidir. "Dan yeri söküləndə" pyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının müştərək layihəsi əsasında tamaşaya hazırlanıb.
1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən iki il müddətinə Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpası ilə bağlı Gürcüstan Respublikasına ezam olunub, Gürcüstan Mədəniyyət Nazirliyinin müvafiq əmri il bərpa rəhbəri təyin edilib.
İ. Piriyev 2000-ci il tarixindən İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunub.
16 oktyabr 2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif olunub.
9 may
2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə
Prezident Mükafatına layiq görülüb.
İ.Piriyevin
yaradıcılığı, rolları, tamaşaları, xidmətləri
barədə daha çox danışmaq olar. Çünki
onun yaradıcılığı çoxşaxəlidir,
şairliyi, yazıçılığı, aktyorluğu,
rejissorluğu və sair hamıya məlumdur. Vətənpərvər
ziyalı olduğunu hər kəs bilir.
Daşıdığı missiya çox böyükdür, məsuliyyətlidir,
müqəddəsdir. Ona da şübhə etmirik ki, günlərin
birində, heç də uzaq olmayan bir zamanda İ.Piriyevin rəhbərliyi
ilə İrəvan Teatrının doğma İrəvanda -
ana ocağında söndürülən
çırağı bir daha yanacaq, bir daha bu müqəddəs
məbədin səhnəsində tamaşalar qoyulacaq, zalı
alqış səsi bürüyəcək…
65 illik
yubileyini qeyd edən hörmətli sənətkarımız
İftixar Piriyevi təbrik edirik və ona yeni
yaradıcılıq uğurları, cansağlığı
arzulayırıq.
İradə
SARIYEVA
Bakı
Xəbər.- 2025.- 6-8 sentyabr, ¹159.- S.14.