Vətən əmanəti

 

O daim ifa etdiyi mahnılarla həmrəyliyə çağırıb. Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində hərbi-vətənpərvərlik mahnılarının usta ifaçısı Şəmistan Əlizamanlı ilə görüşdük. Onun qeyri-adi səsində işğalla barışmazlıq ruhu, qələbə həyəcanı var. Minlərlə insan döyüşə məhz onun mahnıları ilə atılıb. Şəmistan Əlizamanlı bu gün də səsi ilə döyüşür, hələ də ermənilər Qarabağda bu səslə vuruşur.

– Sizə Azərbaycanın Levitanı deyirlər. Bu ifadə necə yarandı?

Yuri Levitan 2-ci Dünya Müharibəsi illərində səsi ilə qəlblərə hakim kəsildi. O zaman televiziya yox idi. Hər kəs müharibədə nələr baş verdiyini radio vasitəsilə Levitanın səsi ilə duyurdu. Mən də müharibə illərində hərbi diktor olduğum üçün bu bənzətmə çox xoşdur. Levitan sovet dövlətində müharibə tarixində böyük bir iz qoymuş sənətkardır. Tale elə gətirdi ki, 1986-cı ildə Azərbaycan Dövlət Radiosundan Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində diktor kimi təcrübə keçməyə göndərildim. Artıq Levitan dünyasını dəyişmişdi, mənim müəllimimsə Levitanın yaxın dostu idi. Levitan haqqında çox şey öyrəndim. Sonradan 1992-ci ildə müharibə illərində hərbi diktor oldum. İkimizin də vəzifəmiz eyni oldu, səsimiz də oxşardır.

– Azərbaycanın ilk hərbi diktorusunuz. Bu necə baş verdi?

– 1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini  bitirdim. Müəllimlərim həmişə yaxşı səsim olduğu üçün diktorluq sənətinin arxasınca getməyimi məsləhət görürdülər. Tələbəlik illərində də radio-tamaşalarda əsas rolları oynayırdım. Getdikcə həvəslənirdim. Sonra diplom tamaşamızda pərdə əfsanəvi diktor Aydın Qaradağlının səsi ilə müharibədən bəhs edən şeirlə açıldı. Şeiri eşitdimo səs, ifa məni valeh etdi. A.Qaradağlının bir cümləsi gözümdə müharibə canlandırdı. Həmin an diktor olmağa qərar verdim. Düşündüm ki, diktor kimibu sənətin zirvəsinə qalxmaq mümkündür. 1986-cı ildə diktorluq müsabiqəsində birinci yeri qazandım və Azərbaycan Dövlət Radiosunda çalışmağa başladım. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasına keçirdilər. O zaman Müdafiə Nazirliyindən səsi xalqı səfərbərliyə səsləyən diktor axtarırdılar. Bu seçimdə mənim üzərimdə dayandılar. 

– Hərbi diktorun obrazını necə təsvir edərdiniz?

– Hərbi diktor  arxa cəbhə ilə ön cəbhənin arasında kontakt rolunu oynamalıdır, onları birləşdirməlidir. O, elə etməlidir ki, müharibə bütün ailələrdə hiss edilsin. Bunu özüm fikirləşdim və tez bir zamanda da alındı. O vaxt könüllülərin sayı-hesabı yox idi, hara yerləşdirməyi bilmirdik. Müharibənin içinə girdimyaşamağa başladım.  

– Cəbhə xəbərlərini deyərkən hansı hissləri keçirirdiniz?

– Hərbi diktor olduğum illərdə yaxşı xəbər çatdıra bilmədiyimə görə çox təəssüflənirəm. Cəbhə xəbərlərini hazırlayırdım və qələbə xəbərini mən söyləyəcəkdim. Bunun xalqım və mənim üçün nə demək olduğunun əhəmiyyətini dərk edirdim. Qələbə xəbərini hazırlamışdım. Məşq də etmişdim. Düşünürdüm ki, qələbə xəbərini deyəndən sonra sakitləşmək üçün üç gün heç bir yerə getməyəcəyəm. Lakin qələbə xəbərini çatdırmaq mənə qismət olmadı. Hərbi diktor, zabit kimi bu xəbəri çatdırmaq üçün əlimdən gələni etdim. Əlimdə silah cəbhəyə yollanmağa və qələbə xəbərini deməyə hazıram. Bu uğursuzluq, işğalla barışmıram. Dünyadan belə köçmək istəmirəm. Çünki müharibədə olmuşam. Hamımızın bir  işimiz yarımçıq qalıb – düşməndən qisas ala, torpaqlarımızı azad edə bilmədik. 

– Ən dəhşətli xəbər hansı olub?

– Hər bir pis  xəbər məni də kədərləndirirdi.  Hər bir şəhid mənim üçün əzizdir. Ağdamda tanıdığım bir leytenant vardı, iki gün əvvəl görüşmüşdük, sonra onun şəhid olması xəbərini oxudum və məni qəhər boğdu. Ağdərə xəyanət nəticəsində düşmən əlinə keçdi. Bu məni çox ağrıtdı. Ağdərədə çaşqınlıq yarandı, ən yaxın dostum, Milli Qəhrəman Yusif Mirzəyev, uşaqlıq dostum Milli Qəhrəman Vəzir Sədiyev ikisi bir yerdə şəhid oldu. Bu xəbərləri efirə söyləmək çox ağır idi.

– Sonra özəl kanallar yarandı və aparıcı kimi Sizi dəvət etdilər?

– Hərbi-vətənpərvərlik verilişinin aparıcısı kimi dəvət etdilər, lakin proqramın formatı məni qane etmədiyi, istədiyim kimi ciddi xarakterli olmadığı üçün imtina etdim. İki ali təhsil ocağına nitq mədəniyyətindən dərs demək də təklif edildi. Amma əgər tələbələr öyrənmək istəmirlərsə, bilik və vaxtımı onlara sərf etməyin mənası yoxdur. Dərs demək xatirinə razılaşmaq isə xarakterimə yaddır.

Siz hərbi-vətənpərvərlik  mahnılarının müəllifi kimi yadda qalmısız. Bu yaradıcılığınızı davam etdirirsinizmi?

– Şəxsi təşəbbüsümlə yeni mahnılar yazırıq. Lakin belə olmamalıdır. Bu mahnılar dövlət səviyyəsində yazılmalı və klipləşdirilməlidir. Çünki klipin təsiri böyükdür. Amma bu tək mənim gücümdə olan deyil. Axı, bu mahnılara ehtiyac var! Hərbi-vətənpərvərlik mahnıları çox yazılmalı və orduda yayılmalıdır, çünki torpaqlarımız işğal altındadır. Müharibə şəraitində olan ölkə üçün hərbi-vətənpərvərlik mahnıları azdır. Bizi müharibəyə səsləyən yetərincə şüarlarımız yoxdur. Havadan da barıt qoxusu gəlməlidir. Bizdə elə bil müharibə əhval-ruhiyyəsi yoxdur. Bir neçə dəfə təklif  etdim ki, Azərbaycanda 4500-dək orta məktəb var, heç olmasa hərəsinə bir dənə hərbi-vətənpərvərlik mahnılarından ibarət disk verilsin. Amma gerçəkləşdirən olmadı. Təəssüf ki, belə məsələlərə bir az biganəyik.

Dövr dəyişib, hərbi vətənpərvərlik mahnılarının yeni obrazı necə olmalıdır?

– Hər halda bu əsgərə aid olmalıdır, əsgər və onun xidməti, Vətən, bayraq  vəsf edilməlidir. Əsgərin varlığına hopan mahnılar, əsgər üçün mənəvi qida olmalıdır. Bu mahnılar onun daha şərəfli xidmət etməsinə kömək etməlidir.

– Cəbhə bölgələrinə yenə də gedirsiniz...

– Bu ay Naxçıvan şəhərində Gənclik Sarayında böyük bir konsertim oldu. Zalın çoxu əsgər və kursantlar idi. Mən hərbi geyimdə idim və Naxçıvan Dövlət Filarmoniyası və Xor Kollektivi müşayiət edirdi. Bütün mahnıları canlı ifa edirdik. Naxçıvanda Daxili Qoşunların hərbi hissəsində də konsertimiz keçirildi. Bütün əsgərlər mahnıları mənimlə bərabər ifa edirdi. Bakı və Azərbaycanın bütün bölgələrində də belə bir konsertlər olmasını istərdik. Amma bunu təşkil etmək lazımdır. Sonra Türkiyənin Tarsus şəhərində Əhməd Cavad adına parkın açılışında iştirak etdik və Ə.Cavadın məşhur “Çırpınırdı Qara dəniz” mahnısını oxudum, sonra iki konsert proqramımız oldu.

– Hərbi hissələrdə axşam gəzintilərində mahnılar oxunur. Onların içərisində məşhur “İgid əsgər” mahnısı da var. Bu mahnı necə yarandı?

– “İgid əsgər” 1993-cü ildə oxuduğum ilk mahnıdır. Milli Qəhrəman Yusif Mirzəyevə həsr edilib. O vaxt bu cür mahnılara ehtiyac vardı. Müstəqillik qazanandan sonra milli marşlar vətənpərvər mahnılarımız yox dərəcəsindəydi. Şahin Musaoğlu ilə bu mahnını hazırladıq. Sonra kaset kimi buraxdırıb silahlı qüvvələr arasında yaydıq. Bu mahnının söz musiqisi sadə səmimi olduğu üçün indiyədək oxunur.

Ümumiyyətlə, heç başqa mövzuda mahnılar ifa etmisinizmi?

– 4 diskim var. Könlümə yatan, ruhuma uyğun mahnılar ifa edirəm. Əməkdar artist Nuriyyə Hüseynova ilə birgə bir neçə kərkük xalq mahnıları duetimiz var. “Vətən əmanətiadlı yeni diskim çıxmaq ərəfəsindədir. Orada son zamanlar yazılan səslənməyən mahnılar toplanıb. 

Övladlarınız işlə məşğuldur?

Bir oğlum, bir qızım var. Oğlum Avropada memarlıq sahəsi üzrə magistr təhsili alır, qızım da ali təhsili yeni bitirib.

Heç vaxt demədiyiniz nəsə var?

Demədiyim təkcə Qələbə xəbəridir. Kimliyindən asılı olmayaraq bu xəbər mütləq çatdırılmalıdır!

 

 

Ümidə Həsənli.

 

Baku Post.-2012.-30 dekabr.-S.16.