Bakıda Davos Forumu Azərbaycanın dövlət və ictimai maraqları kontekstində...

 

   Hər bir dövlətin sosial-iqtisadi, mədəni yüksəlişi onun əhalisinin inkişaf səviyyəsinə müsbət təsir edən əsas amildir desək, fikrimizə çoxları şərik olar. Azərbaycan dövləti axır illər elə bu yolda irəliləyir. Ölkəmizin iqtisadi, sosial, mədəni, siyasi tərəqqisi göz önündədir. Respublikamızın siması günü-gündən dəyişir, əslində bunlar hamısı dinamik inkişafın, irəliləyişin nəticəsidir. Yalnız Azərbaycanın paytaxtı Bakı şəhəri deyil, digər şəhər və rayonlarda, bölgələrdə də dəyişikliklər həyata keçirilir.

   Bölgələrimizin qaynar həyatı, burada aparılan quruculuq, yenidənqurma, tikinti işləri təqdirəlayiq haldır. Təbii, bu da ölkəmizə müsbət imic qazandıran bir haldır. Azərbaycan dövlətinin hərtərəfli inkişafı vətəndaşlarımızın həyatına çox bəhrələr verir. Müstəqil Azərbaycan dövlətinin bu uğurları başqa dövlətlərin də təqdir etdiyi bir inkişaf modelidir. Bilirik ki, respublikamız müstəqillik illərində dünyanın bir sıra ölkələrilə qardaşlığa, dostluğa nail olub. Vaxt vardı ki, ölkəmizdə beynəlxalq miqyaslı tədbirlərin, toplantıların keçirilməsi bizə çox uzaq görünürdü. Ancaq son illər Azərbaycan təmsilçiləri beynəlxalq tədbirlərdə iştirak üçün yalnız xarici ölkələrə üz tutmur. Bu gün Azərbaycan saysız-hesabsız mədəni, humanitar, iqtisadi-sosial, siyasi, elmi və sair beynəlxalq tədbirlərin keçirildiyi məkan statusu qazanıb. Sevindirici haldır ki, dünyanın nüfuzlu, sayılıb-seçilən beynəlxalq tədbir və toplantılarına başqa dövlətlərlə bərabər Azərbaycan da ev sahibliyi edir. Artıq dünyada günü-gündən nüfuzu artan Azərbaycan dövləti ev sahibliyi etdiyi tədbirlərin keçirilməsini çox yüksək səviyyədə təmin edir. Respublikamız bu tədbirləri dövlət maraqlarımıza uyğun şəkildə təşkil edir. Bu toplantılarda Azərbaycanın dövlət maraqlarının qorunması, yüksəklərdə tutulması əsas hal kimi götürülür.

   Hər il Bakıda və digər şəhərlərimizdə davamlı olaraq müxtəlif mövzularda beynəlxalq tədbirlər keçirilir. Həmin tədbirlərdə iştirak edən qonaqlar Azərbaycan dövlətinin inkişafından danışır, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasəti təqdir edir. Sözsüz ki, Dağlıq Qarabağ məsələsi də qonaqlarımızın ən həssas yanaşdığı mövzulardan biri kimi diqqəti çəkir.

   2013-cü ilin başlanğıcından başlayaraq indiyə qədər Azərbaycan bir sıra nüfuzlu beynəlxalq, uluslararası toplantılara ev sahibliyi edib, indi də etməkdədir. Beynəlxalq tədbirlərlə zəngin olan aylardan biri apreldir ki, yeni başlamasına baxmayaraq, artıq bir neçə beynəlxalq tədbirə şahidlik etməyə hazırlaşır. Ölkədə bir neçə beynəlxalq toplantının bu ay keçiriləcəyi artıq rəsmən elan edilib.

   Ekspertlər bildirir ki, respublikamızda bütün cəhətlərinə görə uluslararası tədbirlər keçirilməsi üçün şərait var. Bu tədbirlərin sülh, mənəvi-siyasi bağlılıq üzərində qurulduğunu deyən siyasətçilər hesab edir ki, bu toplantılar Azərbaycanın dövlət maraqları ilə uzlaşmalıdır, uzlaşır da.

   Bayaq dedik ki, aprel ayı Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər, toplantılar ayıdır. Mətbuatdan bilirik ki, aprelin 7-8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçiriləcək. Çoxlarınıza məlumdur ki, 1971-ci ildən keçirilən Davos Ümumdünya İqtisadi Forumu iqtisadi mövzularda müzakirələr üçün dünyanın əsas meydanlarından biridir. Forumda nəhəng şirkətlərin rəhbərləri, dövlət və hökumət başçıları iştirak edir.

   Aprelin 7-8-də Bakıda keçiriləcək "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) işə başlamasına bir neçə gün qalıb.

   Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təxminən iki həftə əvvəl çıxışlarının birində respublikamızda keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətinə də toxunub. Dövlətimizin başçısı vurğulayıb ki, günü-gündən inkişaf edən Azərbaycan dövləti uluslararası toplantılara ev sahibliyi etməkdə maraqlıdır: "...Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Eyni zamanda, mötəbər beynəlxalq tədbirlər də Bakıda indi mütəmadi qaydada keçirilir. Hər həftə, demək olar ki, beynəlxalq konfrans, hansısa tədbir, yaxud da idman yarışı keçirilir. Ötən il "Evrovision" mahnı müsabiqəsi böyük uğurla keçirilib. Bu il Davos İqtisadi Forumunun Bakıda keçirilməsi gözlənilir. Bu da ölkəmizə və şəhərimizə göstərilən böyük etimaddır. Əlbəttə, biz hamımız 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlaşırıq. Hazırlıq işləri başlayıb və dünya tarixində ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bunun da çox böyük rəmzi mənası var.

   Bir sözlə, hər bir vətəndaş yaşadığı yerdə öz səylərini göstərməlidir ki, ölkəmiz daha da inkişaf etsin, çiçəklənsin, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan uğurla irəliyə getsin. Mən əminəm ki, bundan sonra da bizim inkişaf yolumuz həmişə açıq olacaq. Azərbaycan inkişaf və tərəqqi yolu ilə uğurla gedir. Əminəm ki, bundan sonra da uğurla gedəcək".

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın dövlət maraqlarının qorunması, müdafiəsi istiqamətində dilə gətirdiyi fikirlər ictimaiyyətin də ürəyincə olan məqamlardır.

   Sumqayıt şəhərində fəaliyyət göstərən şirkətlərdən birində iqtisadçı işləyən Şahin Allahverdiyev bizimlə söhbətində bildirdi ki, müstəqil Azərbaycan Respublikasının belə nüfuzlu bir iqtisadi foruma ev sahibliyi etməsi dünyada müsbət qarşılanır: "Forumun proqramı ilə tanışam. Bu proqramın zənginliyi bu mötəbər tədbirdə müasir dövrümüz üçün olduqca əhəmiyyətli məsələlərin müzakirə olunacağını deməyə əsas verir. Özü də ki, bu tədbirdə Azərbaycanın dövlət maraqlarının müdafiəsinə yönəlik addımların atılacağını da güman edirəm. Tədbirin "Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyinə baxışlar" mövzusunda keçiriləcək birinci sessiyasında həmin regionların iqtisadi imkanları, nəqliyyat infrastrukturu, əlverişli investisiya mühiti kimi məsələlər müzakirə ediləcək. Bildiyim qədər "Enerji və təbii resurslar: imkanlar və çağırışlar" mövzusunda sessiyada Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının təbii resursları, dünya ölkələrinin enerji ehtiyatlarına artan tələbatının təmin edilməsində həmin regionların rolu ilə bağlı fikir mübadilələri aparılacaq. Forumun daha bir sessiyası "Sahibkarlıq və insan kapitalı: imkanlar və çağırışlar" mövzusuna həsr olunacaq. Bu sessiyada region ölkələrində həyata keçirilən uğurlu islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişafı, özəl sahibkarlıq üçün yaradılmış əlverişli şəraitlə bağlı məsələlərə dair müzakirələr aparılacaq. "Maliyyə və uzunmüddətli investisiya: imkanlar və çağırışlar" mövzusunda sessiyada isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinə son illərdə qoyulan investisiyaların həcminin artması diqqət mərkəzində olacaq. Tədbirin "Ticarət və təchizat şəbəkələri: imkanlar və çağırışlar" mövzusunda sessiyasında Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının Şərq və Qərb, Şimal və Cənub arasında əlverişli coğrafi mövqedə yerləşməsinin üstünlüklərindən danışılacaq".

   Ekspert dedi ki, Forumun digər maraqlı bir sessiyası da "Azərbaycanın gələcəyinə baxış: yeni iqtisadiyyata doğru" mövzusunda olacaq. Onun sözlərinə görə, bu sessiyada Azərbaycanın getdikcə artan iqtisadi imkanları, Avropanın enerji təhlükəsizliyinin təminində rolu, ölkədə yaradılmış əlverişli investisiya mühiti, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoruna, xüsusilə də innovativ texnologiyalara qoyulan investisiyalar və s. məsələlər müzakirə mövzusu olacaq. O həmçinin qeyd etdi ki, "Enerji və təbii resurslar: gələcəyə yol", "Sahibkarlıq və insan kapitalı: gələcəyə yol", "Maliyyə və uzunmüddətli investisiya: gələcəyə yol" adlı sessiyalarda da qeyd edilən sahələrdə perspektiv imkanlarla bağlı müzakirələr aparılacaq: "Bilirsiz, bu tədbirin əhəmiyyətindən bütün dünyaya pay düşəcək. "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Bakıda keçiriləcək Forum gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından region üçün çox gözəl imkan yaradacaq. Forum regional və qlobal oyunçulara regionun gələcəyi ilə bağlı əsas çağırışları və imkanları dəyərləndirmək üçün mühüm platforma olacaq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcək. Onu da xatırladım ki, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilib. Azərbaycanın xeyrinə olan bu Forum dövlətimizin, xalqımızın tarixinə yazılan bir işıqlı hadisədir".

   Məlumat üçün bildirək ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov "ATV xəbər"ə açıqlamasında beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. O bu tədbirin həm Azərbaycanın dövlət maraqları ilə üst-üstə düşdüyünü, həm də bütün bölgə üçün əhəmiyyətini irəli sürüb: "Qeyd etmək istərdim ki, 2013-cü il seçki ili olsa da, Azərbaycanda baş verəcək mühüm hadisələr həddindən artıq çoxdur. Bu aydan başlayaraq aprel-may-iyun və ondan sonrakı aylarda hər ay bir neçə beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləcək. Onlardan biri də aprel ayının birinci ongünlüyündə keçiriləcək Azərbaycan ilə Dünya İqtisadi Forumunun birlikdə təşkil etdiyi Cənubi Qafqaz və Orta Asiya regionları ilə bağlı bir qarşılıqlı dialoq tədbiri olacaq. Bu ümumiyyətlə son illərdə Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurun bir nümunəsidir. Bilirsiniz ki, Azərbaycan Dünya İqtisadi Forumu ilə, Davos İqtisadi Forumu ilə çox sıx əməkdaşlıq edir və bu əməkdaşlıq da öz meyvələrini verməkdədir.

   Bu təklif əslində Dünya İqtisadi Forumunun rəhbərliyindən gəlmişdi ki, Azərbaycan bu tədbirin keçirilməsi üçün çox münasib yerdir - həm siyasi, həm iqtisadi, həm coğrafi parametrlərinə görə məhz belə bir tədbirin Azərbaycanda keçirilməsi çox yaxşı olar. Bu isə elə bir tərəfdən Dünya İqtisadi Forumu tərəfindən Azərbaycanın imicinə, yerinə, əhəmiyyətinə verilən yüksək qiymətdir.

   Düşünürəm ki, bu tədbir çox yüksək səviyyədə keçiriləcək və iki - Cənubi Qafqaz və Orta Asiya regionunun gələcəyi, investisiya qoyuluşu, qarşılıqlı inteqrasiya və birgə layihələrin həyata keçirilməsi baxımından bu çox mühüm bir tədbir olacaq. Azərbaycan son illərdə belə mühüm tədbirlərin keçirilməsinə alışıb. Düşünürəm ki, bu nə sonudur, nə də əvvəli, elə belə də davam edəcək".

   Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Uğurlar!

 

 

    İradə SARIYEVA

 

    Bakı Xəbər.-2013.-3 aprel.-S.15.