Yeni nəfəs”lə gələcəyə

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) təşkilatçılığı ilə “Yeni Nəfəs” qısametrajlı filmlər üçün ssenari müsabiqəsinin yekunları və qaliblərin təltif olunması  mərasimi keçirilir.  Müsabiqənin informasiya dəstəkçilərindən biri də  “New Baku Post” qəzetidir. Müsabiqənin gedişatı və yekunları haqda  AKİ-nin katibi Cəmil Quliyev danışır:

– Müsabiqənin keçirilməsi  ideyası necə yarandı?

– Bu  ideya AKİ-nin  idarə heyətinin iclasında  yaranıb. Keçən ilin sentyabr ayında gənclərlə bağlı konfrans keçirdik.  İttifaqın üzvü olan yaradıcı gəncləri  topladıq və problemlərlə bağlı  daimi masa təşkil etdik və orada  belə bir fikir səsləndi ki, əsas problemlərdən biri bu gün yaxşı ssenarilərin olmamasıdır. Təklif verildi ki, ssenari müsabiqəsi keçirilsin.

 Layihə ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik, Nazirlik bizi dəstəklədi. Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir.  Müsabiqə həm də digər  sahələrdə çalışan gənclərə kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək məqsədi güdür:

– Azərbaycanda bir çox ssenari və film müsabiqəsi keçirilib. Bu müsabiqənin fərqi nədir?

  Əvvəla,  yaşı  35-ə qədər olan bütün şəxslər müsabiqəyə istənilən janrda, bədii, sənədli və animasiya ssenariləri təqdim edə bilər. Əsərin  hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş prosesində olmamalıdır. Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır. Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər  müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə, üç nüsxədə təqdim olunmalıdır. Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir. Hər bir müəllif 3 ssenaridən artıq yazı təqdim edə bilməz. Müsabiqəyə təqdim edilmiş əsərlər geri qaytarılmır. Peşəkar münsiflər heyətini  AKİ  təyin edir.

 Münsiflər heyəti məxfi seçim nəticəsində 4 ssenarini qiymətləndirməlidir.

– Müsabiqənin şəffaflığına necə təminat verirsiniz?

Bütün ssenarilər kodlarla verilib. Yəni ssenarilərin adları təqdim olunmayıb. Münsiflər heyətinə təzyiq və başqa məqamlar mümkün deyil.  Çalışmışıq ki, müsabiqə şəffaf keçsin.

 Münsiflər heyəti  professional insanlardan ibarətdir.  Məşhur kinodramaturq Ramiz Fətəliyev, kinorejissor Ayaz Salayev, rejissor  Yavər Rrazyev, kinodramaturq, yazıçı Natiq Rəsulzadə, gənc rejissor  Yusif Quliyev,  Xəyyam  Abdullayev kinoşünas Ülvi  Mehdidən ibarət 7 nəfərlik münsif heyəti var. 

 Ssenarilər 10 ballıq sistemlə qiymətləndirilir. Münsiflər heyəti həmçinin müəlliflərin kimliyindən xəbərsizdir, ancaq ssenarilərin kodlarına uyğun qiymətləndirmə aparılır. 

Müsabiqəyə neçə nəfər qatılıb?

Müsabiqə keçən ilin noyabr ayında elan edilib. 31 dekabrda ssenarilərin qəbulu dayandırılıb.   Bu qədər ssenarinin təqdim ediləcəyini düşünmürdük. Münsiflər yazıları  iki aya oxuyub çatdıra bilmədiyi üçün 45 gün əlavə etdik. Müsabiqəyə 170-dən artıq müəllif  250-dən artıq ssenari təqdim edib. Reqlamentin şərtlərinə cavab verən 117 müəllifin 139 ssenarisi müsabiqəyə daxil edilib. 

Sizi qane etməyən hansı məqamlar oldu?

Hələ ki, belə bir şey olmayıb. Əsas odur ki, münsiflərin işə ciddi münasibəti var bu tədqirəlayiqdir.  Mən ssenariləri oxumamışam, ixtiyarım yoxdur. Lakin marağın böyük olduğunu görürəm.  Bir neçə mətbuat orqanı tərəfindən dəstək  aldıq.  Mütəmadi elanlar çıxdı, şərtlər izah olundu.

Seçilən ssenarilərin aqibəti necə olacaq?

İlk 3-lüyə təqdim olunacaq ssenariyə diplom pul mükafatı veriləcək. Ən yüksək bal almış digər 7 ssenari fərqləndirmə diplomu ilə təltif olunacaq. Ən yaxşı  Qran-Priyə  layiq görülən ssenarinin ekranlaşdırılması üçün  Mədəniyyət Turizm Nazilriyinə tövsiyə kimi müraciət edəcəyik  ki,  vəsait  ayrılsın.  

Müsabiqənin gənclərə stimul olacağına, marağın artacağına ümid edirik. 1-ci yerin qalibinə 2000 manat, 2-ci yer 1500, 3-cü yerə 1000 manat pul təqdim ediləcək.

İştirakçılar arasında kişilər daha çoxdur. Sizcə niyə bu sahədə kişilər üstünlük təşkil edir?

İştirakçılarımız arasında tələbələr məzunlar, hətta ali təhsili olmayanlar, ssenari yazmaq şərtlərini bilməyənlər, ssenarinin mahiyyətini başa düşməyənlər var. Bu müsabiqədə heç bir çərçivə olmayıb. Ümumiyyətlə, yaradıcılığın bir çox sahələrində kişilər üstünlük təşkil edir. Məncə, buna səbəb qadınların daha çox ailə-məişət övlad qayğılarına bağlı olmalarıdır.

Müsabiqənin gələcək planları nədir?

Müsabiqə baş tutsa, yəni əks-sədası olsa, seçilən ssenariyə film çəkilsə maliyyə dəstəyi alsaq gələn il yenidən keçirəcəyik. Ola bilər müsabiqə gələcəkdə beynəlxaq status alsın. Amma bunun üçün 200-dən çox ssenari ingilis dilinə tərcümə edilməldir, bu isə maliyyə vəsaiti tələb edir.

 Məncə, ilk növbədə MDB çərçivəsi ilə kifayətlənmək olar.

Azərbaycan kinematoqrafiyasını inkişaf etdirmək üçün sizcə, yaxşı ssenari kifayətdirmi?

– Bu, bir addımdır. İxtisaslı kadrlar hazırlanmalı, güclü maddi-texniki baza yaradılmalıdır. Elə ssenari problemi vacib məsələdir. Rejissorlar üçün müsabiqə  keçirmək, düşünürəm ki, hələ tezdir.

İttifaq film festivalı təşkil etsə, orada rejissorlar da iştirak edə bilər. Rejissor müsabiqədə iştirak etmək üçün gərək film çəkib təqdim etsin. Amma bunun üçün yenə maliyyə lazımdır.

– Bu müsabiqədən sonra AKİ-nın hansı layihəsi olacaq?

– AKİ bu layihədən sonra yeni layihəyə – “Sənədli kino: surət zamanadlı beynəlxalq  konfrans keçirəcək. Nizamikinoteatrında keçiriləcək 3 günlük tədbirdə xarici ölkələrdən nümayəndələr olacaq. 

– AKİ-nin  hazırkı durumu qənaətbəxşdirmi?

Hazırda müvəqqəti olaraq Səməd Vurğun küçəsindki ofisdə  yerləşirik. Eyni zamanda  tədbirlərimiziNizamikinoteatrında  Film Fondunda keçiririk. Gələcəkdə yəqin ki, bu məsələlər həll ediləcək, daimi yerlə təmin olunacağıq. Planlarımız çoxdur onları həyata keçirmək üçün işləməyə hazırıq.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-6 aprel.-S.10.