“İşıqlı həyat”başlayır

 

Qaranlıqda görün! Bu, Gənclər və İdman Nazirliyinin bu həftə başladığı “İşıqlı həyat” layihəsinin əsas devizidir. Layihənin məqsədi qaranlıq vaxtı yollardakı piyadaları, xüsusilə də uşaq və yeniyetmələri görünən etmək, onların vurulma hallarının sayının azaldılmasına nail olmaqdır. Bu məqsədlə Nazirlik bir neçə ay ərzində Azərbaycan məktəblilərinin hamısına xüsusi materialdan hazırlanmış və işıldayan breloklar paylayacaq.

Azərbaycanda 1 milyondan artıq məktəblini əhatə edəcək “İşıqlı həyat” layihəsi haqqında gənclər və idman nazirinin müavini İntiqam Babayevlə söhbət etdik. Bu maraqlı və sözün əsl mənasında faydalı proqrama aprelin 5-dən başlanılıb:

– Həmin gün bir qrup jurnalistin iştirakı ilə işıqqaytarıcıları ilk dəfə sınadıq. Avtobus sürücüləri də reflektorların necə effektiv olduğunu özləri gördülər. İşıqqaytarıcılarının ilk təqdimatı isə aprelin 9-da 18 saylı orta məktəbdə baş tutdu. Bundan sonra bir neçə pilot məktəbdə də ardıcıl olaraq reflektorların təqdimatını keçirəcəyik. Bakı məktəblərinin hamısı əhatə olunduqdan sonra regionlara üz tutacağıq. 4 mindən artıq məktəbin hər birində uşaqlar üçün təlim təşkil olunacaq və hər bir kəsə işıqqaytarıcı veriləcək.

Reflektor adlandırdığımız işıq əks etdiricilərin önəmi nədir? Kiçik bir brelok məktəbliləri necə qoruya bilər?

Bunlara tam qoruyucu demək düzgün olmazdı, amma çox hallarda yol qəza hadisəsinin qarşısını almağa kömək edir. Çünki uzaqdan gələn maşının farasının işığı həmin reflektora düşəndə güclü əks olunursürücü qaranlıqda piyadanın olduğunu görür. İşıq 150 metrdən əks olunduğundan, maşını saxlamaq çətin olmur. Lakin bunun üçün təbii ki, reflektoru çantanın üstündən, görünən bir  yerdən asmaq lazımdır.

 Əslində bir sıra Avropa ölkələrində uşaqların işıqqaytarıcıları üstündə gəzdirməsi qanunun tələbidir. Çox yerdə bunlar satışda olur. Bu da anlaşılandır, axı, reflektor cırıla bilər, itə bilər, istifadə müddəti başa çata bilər. Amma Azərbaycanda ilk dəfədir bunlar kütləvi şəkildə təqdim olunur. Həm də bizdə bu breloklar satılmır, dövlətin sifarişi ilə təmənnasız olaraq gənclərə paylanılacaq.

Reflektorlarformada olacaq? 

– Artıq işıqqaytarıcılarının ilk hissəsi Azərbaycanın milli bayrağı formasında hazırlanıb. Bayraqların bir qismi ürək formasındadır, yəqin, bundan daha çox qızlar istifadə edəcək. Daha sonra onların hazırlanmasında müxtəlif milli ornamentlərin istifadəsi nəzərdə tutulub. Məsələn, bir hissəsi milli kukla formasında düzəldiləcək. Digər hissəsində Qobustan qayalığında rəqs edən insan təsvirlərinin, Qız Qalasının təsvirləri olacaq. Yəni, biz bu layihədən istifadə edərək həm də tarixi abidələrimizi, milli simvolları təbliğ edirik.

 Onu da qeyd edim ki, reflektorlar bu sahədə kifayət qədər uğur qazanmış Litvada istehsal olunub. Elə ilk brelokları Litvada təhsil alan azərbaycanlı tələbələr litvalılara paylayıblar. Litvanı seçməyimizin səbəbi isə bu ölkənin yol qəzalarının sayının azaldılmasında əldə etdiyi nailiyyətlərdir.

Bir layihə ilə yol nəqliyyat qəzalarının sayını azaltmaqbu nə dərəcədə real görünür?

– Əslində, bu layihənin hədəfi nəqliyyat qəzaları yox, piyadaların vurulması ilə bağlı halları azaltmaqdır. Layihəyə başlamazdan əvvəl yol polisindən gecə saatlarında, qaranlıq çağda vurulan piyadaların, həlak olanların sayını müəyyənləşdirmişdik. Düzdür, Avropa ilə müqayisədə bu statistika bizdə aşağıdır. Amma ümumilikdə qəzaların sayı çoxdur. Yol polisi qaranlıq saatlarda baş verən qəzaların videogörüntülərini də bizə təqdim etdi. Kadrların əksəriyyətində açıq-aydın görünür ki, piyadaların özlərində də günah var. Magistral yolda sürətlə şütüyən maşınların arasından keçirlər, halbuki 100 metr aralıda piyada keçidi var. Tək piyadalar deyil, sürücülərin də pozuntuları çoxdur. Hər iki tərəfin məsuliyyəti çox ciddidir. Yəni, tək reflektorlarla bu problemi həll etmək mümkün deyil. Məsələyə kompleks yanaşmaq, hərtərəfli maarifləndirmə aparmaq lazımdır. İşıqqaytarıcılarının tətbiqi bu işin bir hissəsi ola bilər.

Bu, piyadanı bütün növ qəzalardan qoruyan bir vasitə deyil. Reflektoru taxıb maşının üstünə cumsan, təbii ki, xəsarət almış olacaqsan.

Layihənin daha hansı komponentləri var?

Kampaniyanın ilk mərhələsində geniş təbliğat işi aparılacaq. Bu məqsədlə promo tədbirlərdən istifadə olunacaq. Yaponiyadan xüsusi teatr xadimləri dəvət olunacaq. Onların məhz reflektorlara həsr edilmişKölgələrin oyunuadlı tamaşasının nümayişi təşkil ediləcək. Mayın sonunda  mədəni kütləvi tədbirlərə start verəcəyik. Şəhərdəki bilbordlarda reklamlar asılacaq. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının könüllüləri məktəbləri gəzib maarifləndirmə işləri aparacaqlar.

 Layihənin ilkin mərhələsi bu ilin ortasında başa çatacaq. Hədəf Azərbaycan məktəblilərinin hamısını işıqqaytarıcılarla təmin etməkdir. PR tədbirlərimizdə “Eurovision” ulduzu Eldar Qasımov, Tünzalə Ağayeva, olimpiya çempionu Fərid Mansurov, digər tanınmış idmançı sənətçilərin iştirakı nəzərdə tutulur.

 Gələcəkdə Nazirlik yol hərəkəti qaydaları haqqında qanunvericiliyə bu tələbin salınması  təşəbbüsünü   irəli sürə bilər. Amma ona qədər cəmiyyəti işıqqaytarıcılarına öyrəşdirmək lazımdır.

 

 

Baku Post.-2013.-13 aprel.-S.9.