Pulsuz online kurslar açılır

 

3000-dən çox gəncin baş vurduğu bir məkan. 1000-ə yaxın cavanın müxtəlif kurslar keçdiyi bir mərkəz. Günün istənilən saatında burada kompüter arxasında oturub nəyisə öyrənən, xarici dildə danışan, hansısa müzakirələrdə iştirak edən kiməsə rast gəlmək mümkündür. Bura Bakının mərkəzində yerləşən Gənclər Evidir. Mərkəzin direktoru Elşad Abdullayev bildirir ki, paytaxtdakı digər Gənclər Evlərindən fərqli olaraq yalnız  “Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı üç QHT tərəfindən idarə olunur: “Gənclər Evi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərir. Ötən ilin noyabrında işə başlayanda ilk olaraq gənclər üçün ən önəmli sahələri seçdikbunlara dair kurslar açdıq. Bunlar liderlik, fandreyzinq, dilkompüter, marketinq kursları idi. Önəmli ona görə deyirik ki, indi gənclərin əksəriyyətində özünü təqdim etməklə bağlı ciddi problemlər var. Onlar liderlik bacarıqlarına yiyələnəndən sonra təşəbbüslərini reallaşdırmaq üçün maliyyə vəsaiti axtarışlarına çıxmalıdırlar. Öz ideyasını tanıtdırmaq üçün isə marketinq bacarıqları gərəkdir. Və nəhayət, kompüteringilis dili bilikləri artıq bütün peşələrin cövhəridir. Bunlardan əlavə, gənclər üçün həm də media kursları yaratdıq”.

Gənclər Evində kurslar müxtəlif müddətliyinə keçirilir. Bunlar arasında liderlik kurslarının daha çox maraqlı qarşılandığını demək olar. Çünki bu təlimlərdə müstəqil həyata qədəm qoymağa hazırlaşan gənclərə liderlik qabiliyyətinin nədən ibarət olduğu açıqlanır, çətin situasiyalarda necə davranmaq haqda məlumatlar  verilir. Təlimləri müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunur.

 E.Abdullayevin sözlərinə görə, indiyə kimi 9 ingilis dili kursları baş tutub: “İlk aylarda Gənclər Evinə böyük axın oldu. Təsəvvür edin, 3500-dən çox gənc qeydiyyatdan keçib. İndiyədək 980 nəfər kurslarımız və seminarlarımızdan bəhrələnib, digərləri isə növbələrini gözləyir”.

 

Klublar

 

 Gənclər Evinin nəzdində Deyl Karneqi kitablarını sevənlər klubu da yaradılıb: “Belə bir klubun yaradılması təklifi elə gənclərin özündən gəlib. Liderliklə bağlı seminarlarda hər dəfə gənclərin məhz Karneqidən misal çəkdiyini görürdüm. Nəticədə belə bir təşəbbüs ortaya çıxdı. İndi bu və digər klublarda təmsil olunan gənclərimiz həm də ictimai həyatda birgə təşəbbüslər həyata keçirirlər. Birgə konsertlərə gedirlər, tədbirlərdə iştirak edirlər”. Bundan əlavə, Gənclər Evində ingilis, alman, rus və Azərbaycan dili və ədəbiyyatını sevərlər klubu da yaradılıb. Azərbaycan dili və ədəbiyyatı sevərlər klubu ölkəmizdə təhsil alan, işləyən əcnəbi gənclər üçün nəzərdə tutulub.

 

Breyn-storminq

 

 Gənclər Evində ara-sıra breyn-storminq (beyin hücumu) bu tipli toplantılar da keçirilir. E.Abdullayev deyir ki, məhz bu tip tədbirlərdə ən çılğın fikirlər belə səsləndirilir. Məsələn, Xankəndində açılması planlaşdırılan aeroportla bağlı çox gözlənilməz  təkliflər ortaya çıxıb.  Seminarlar arasında isə qadın hüquqlarına aid müzakirələr daha çox maraq doğurub. Hətta bəzi gənclər əvvəlcədən həmin seminara yazılıblar.

 

 Məzunlar da var

 

 Lakin Gənclər Evi öz vəzifəsini yalnız təlim və seminarlarla bitmiş saymır. Bu mərkəz gənclərin əlaqələrini gücləndirməsinə də yardım edir. Belə ki, ötən həftə Gənclər Evinin məzunlarının ilk görüşü keçirilib. Görüş zamanı artıq iş sahibi olan gənclər öz təcrübələrini bölüşüblər, karyera həyatında faydalı ola biləcək fikirlərini paylaşıblar. Yəni, bu mərkəz doğrudan da aktiv olmaq istəyən, cəmiyyətdə tanınmaq, uğur qazanmaq arzusunda olanlar üçün doğma məkana çevrilib.

 Gənclər Evinin rəhbəri Elşad Abdullayev qeyd edir ki, burada 17-28 yaş arasında olan istənilən şəxs öz maraqlarına uyğun sahədə təlimə qatıla bilər, istənilən sahəyə aid suallarına cavab tapa bilər: “Kurslara qatılmaq üçün heç bir əlavə şərt yoxdur. Əsas məqsədimiz gənclərin məşğulluq probleminin həllinə kömək etmək, maraqlı təşəbbüslərini dəstəkləmək, həmçinin onların fərdi inkişaflarına yardımçı olmaqdır. Hər bir kəs gəlib qeydiyyat formunu doldurub istədiyi kursa qatıla bilər”. 

 Direktor Gənclər Evində təcrübə keçmək imkanlarının olduğunu da vurğulayır. Artıq bu ofisdə kurs keçənlərin özləri təlimçi sertifikatı alıblar: “Məsələn, bizdə ofis menecer assistenti kimi işləyib təcrübə keçənlər də olub. Gələcəkdə burada sırf peşə öyrədən kurslar açmağı planlaşdırırıq. Fotoqraflıqdan tutmuş, toxuculuq və s. sahələrə kimi”.

 

 Pulsuz distans təhsil

 

 Söhbətin sonunda Elşad Abdullayev Gənclər Evinin tamamilə yeni bir təşəbbüsü haqqında da məlumatı açıqladı. Belə ki, bu mərkəz yaxın aylarda müxtəlif sahələrdə distans təhsil tətbiq edəcək: “Bakıda keçirilən kurslar online şəkildə yayımlanacaq və nəinki Azərbaycanda, ümumiyyətlə, dünyanın hər bir yerindən azərbaycanlı gənclər bu pulsuz kurslardan bəhrələnə biləcəklər. Kursu bitirənlər internetlə imtahan verib sertifikatlarını alacaqlar. Düşünürük ki, bu layihə dünyadakı gənc azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edəcək.  Hazırda Kanadada elə insanlar var ki, bu proqramın işə düşməsini gözləyir”. 

 Gənclər Evi layihəsi Gənclik sosial inkişaf proqramının tərkib hissəsidir və  2 il davam edəcək. Layihə “Dünya Türk Gənclər Birliyi” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.

 

 

Fərəh Sabirqızı

 

Baku Post.-2013.-24 aprel.-S.8.