Kökəlməmək üçün...

 

Azərbaycanda əhalinin 60 faizə yaxın hissəsi artıq çəkidən əziyyət çəkir. Bu göstərici Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhali arasında keçirdiyi sorğu nəticəsində bəlli olub.

Mərkəzin direktoru Ceyhun Məmmədov sorğuda üzə çıxan digər maraqlı nəticələri də açıqlayıb. Bəlli olub ki, Azərbaycanda insanlar arasında artıq çəki 35,8%, piylənmə isə 21,9% təşkil edir. Özü də piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur.

İndi piylənmə təkcə Azərbaycanda yox, ümumiyyətlə, bütün dünyada bir nömrəli problemlərdən birinə çevrilib. Adətən piylənmənin səbəbini hərəkətsiz həyat tərzi və tez hazırlanan yeməklərdə (fast-food) görürlər. Çünki adətən belə yeməklərin tərkibində dəyərli qida maddələri ya az olur, ya da ümumiyyətlə, olmur. Əvəzində yeməyin uzun müddət təzə qalması üçün qatışıqlar vurulur. Qazlı içkilər, şirniyyatlar, konfet və dondurmalar – bunlarda da daha çox kalori, orqanizm üçün daha az fayda olur.

 

Qida rasionu

 

Azərbaycana gəlincə, kökəlməyimizə səbəb kimi əsasən yeməklərimizin kalorili, yağlı olduğunu göstərirlər. Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov deyir ki, Azərbaycanda insanlar hər cür yemək yeyir. Bu da ölkə ərazisində 9 iqlim zonasının mövcud olması ilə əlaqədardır. Lakin baş kulinar Azərbaycanın mətbəxində yağlı yeməklərin üstünlük təşkil etməsi ilə bağlı deyilənlərin həqiqətə zidd olduğunu bəyan edir: “Məsələn, 1 kilo düyünü bişirib üstünə 50 qram yağ qoysaq, bu, artıq yeməyin yağlı olması deyil, hesabın düzgün aparılmamasıdır. Yeməyin üstündən ayran içmək, turş meyvə yemək də yağları parçalayır. Sadəcə, qida rasionuna fikir vermək lazımdır”. T.Əmiraslanov deyir ki, Azərbaycan mətbəxində ətli yeməklər üstünlük təşkil edir. Bununla belə, bütün növ tərəvəzlərdən də istifadə edilir: “Biz əkinçilik məhsullarını, qoyun ətini daha çox sevirik, ov ətlərindən istifadə edirik. Axşam da yemək olar, sadəcə hər şey qədərində yeyilməlidir”.

 Baş kulinar bəyan edir ki, yağsız yemək olmaz. Çünki piy insanı radiasiyadan qoruyur: “Amma piyin də yeyilmə qaydası var. Qoyunu kəsən kimi onun quyruğundan 3-5 dəqiqə ərzində yemək xeyirlidir”.

 Tahir Əmiraslanov bildirir ki, hər bir insan qida rasionunu öz  həyat tərzinə uyğun qurmalıdır. Əgər az hərəkət edirsənsə, onda az kalorili yeməklərə üz tutmaq lazımdır. Çox yeyirsənsə, onda daha çox da kalori xərcləməlisən.

 Yeri gəlmişkən, baş kulinar dərman yolu ilə qısa müddətdə arıqlamağın orqanizm üçün ciddi fəsadlar törətdiyini də xatırladır: “Bədəni sürətlə arıqladan dərman orqanizmi dəyişir, deməli, metabolik proseslərə təsir edir. Bu isə gələcəkdə orqanizm üçün təhlükə yarada bilər. Arıqlamaq üçün idmanla məşğul olmaq və yemək rejiminə fikir vermək vacibdir”.

 

 Dieta reseptləri

 

 Arıqlamaq üçün qadınlar daha çox pəhriz saxlamağa üstünlük verirlər. Amma dünyada 40 mindən çox dieta resepti var. Və təbii, onların hamısı hər kəs üçün eyni ola bilməz. Odur ki, həkim-dietoloqlar pəhrizlərdən kortəbii istifadə etməyi düzgün saymırlar. İdeal variantda  dietaya başlamazdan öncə bütün orqanlar üzrə həkim müayinəsindən keçmək və bədənin statusunu öyrənmək lazımdır. Pəhriz resepti hər orqanizmə uyğun yazılmalıdır.

 Son 30 il ərzində bütün dünyada piylənmədən əziyyət çəkənlərin sayı 2 dəfə artıb. Hazırda dünyada yarım milyarddan çox insanın artıq çəkisi var. Britaniyanın The Lance tibbi jurnalının 199 ölkədə apardığı araşdırmanın nəticələrinə görə,  20 yaşından yuxarı insanlarda Bədən Çəkisi İndeksi yuxarıdır – kişilər üçün 33,9 və qadınlar üçün 35,5 (bu göstəricinin 30-dan yuxarı olması piylənmə kimi qiymətləndirilir). Dünyada ən arıq millət yaponlar, ən piylənənlər isə amerikalılar qəbul edilir. İndi həkimlər piylənmənin pandemiya halını aldığını hesab edir. Çünki ildən-ilə artıq çəki çox güclü tibbi və sosial bir bəlaya çevrilməkdədir.

Təkcə Rusiyada son 5 ildə artıq çəkisi olanların sayı 15 faiz artıb. Buna görə də bu il ilk dəfə olaraq mayın 21-də Rusiyada “Piylənmə ilə mübarizə günü” elan edilib. Sirr deyil ki, piylənmə ürək-damar xəstəlikləri və şəkərli diabet riskini dəfələrlə artırır. Bu xəstəliklər isə nəinki Azərbaycanda, ümumiyyətlə, bütün dünyada ölüm halları arasında ilk yerlərdədir. Deməli, biz yaşamaq üçün yeyirik. Amma elə çox yediyimiz üçün də tez ölürük.

 

 Özümüz ölçək

 

 Hər bir insan artıq çəkisinin olub-olmadığını bilmək üçün Bədən Çəkisi İndeksini ölçə bilər. Bunun üçün bədən çəkisinin kq-la ölçüsünü boyun metrlə kvadratına bölmək lazımdır. Məsələn, əgər sizin çəkiniz 80 kq, boyunuz 1,76 metrdirsə, onda siz 80 kq-ı 1,76-nın kvadratına bölməlisiniz: 80 kq / 3,1 m 2 =25,8. Yəni sizdə yüngül artıq çəki vardır.

 

Çəki normadan aşağıdır - 19,5-dən az:

Normal çəki - 19,5-24,9;

Artıq çəki - 25-29,9;

Piylənmə - 30-dan yuxarı.

 

 

Fidan Muradlı

 

Baku Post.-2013.-24 aprel.-S.7.