İftixar Piriyev: “Biganəlik inkişafa əngəldir”

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 133-cü mövsümə başlayacaq. Bu mövsümdə də sənət ocağının repertuarı zəngin olacaq. Teatrın direktoru İftixar Piriyev yeni mövsüm üçün yaradıcılıq planlarını və Azərbaycan teatr sənəti haqqında fikirlərini “New Baku Postla bölüşüb.

 10 ilə yaxın Akademik Milli Dram Teatrının səhnəsində maraqlı obrazlar yaradan İ.Piriyevİtkin gəlin”, “Mənim günahım”, “Canavar balası”, “Qırmızı qar”, “Yağışdan sonra”, “Mənim ömür nəğmələrim” filmlərində də maraqlı rollar ifa edib. Onun müəllifi olduğu  Dan yeri söküləndə”, “Körpü”, “Soyqırımı tarixinin dastanı”,  “İşıqlı, nurlu sabah”, “Müstəqil vətənin memarı”, “Qurtuluş dastanı”ı da daxil olmaqla 9 əsəri səhnələşdirilib. Səhnə xadiminin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Müstəqil Vətənin memarı” poeması 9 dilə tərcümə edilib. İ.Piriyev sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Yeri gəlmişkən, iyunun  12-də  Tiflis Dövlət Azərbaycan Dram Teatrının səhnəsində İ.PiriyevinEşqin tikan dairəsi” pyesinin premyerası keçirilib. Əsərə  teatrın bədii rəhbəri, Azərbaycanın əməkdar mədəniyyət işçisi Qoça Kapanadzenin rəhbərliyi ilə teatrın istedadlı aktyorurejissoru Turqay Vəlizadə quruluş verib:

Sizi ən çox narahat edən məsələdən başlayaq: İrəvan Teatrı binasının təmiri nə vəziyyətdədir?

– Teatrın təmiri ilə bağlı ölkə başçısının sərəncamı var. Müvafiq qurumlar isə hələlik gözləmə mövqeyi tutub. İnanıram ki, sərəncam mütləq icra olunacaq.

Yeni mövsümdə hansı tamaşalar olacaq?

Bu mövsümdə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun (Qurbanov) quruluşunda, dövlət sifarişi ilə hazırlanan rumıniyalı yazıçı Ejen  İoneskonunStullar” əsəri, Xalq yazıçısı  İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanı əsasında Xalq yazıçısı Elçinin eyniadlı əsəri,  yazıçı-dramaturq Xeyrəddin Qocanın “Molla Nəsrəddin bu gün”, rejissor Elnur Məmmədovun quruluşunda Xalq yazıçısı Anarın “Zəncir”,  Sumqayıt teatrının baş rejissoru Əməkdar artist Firudin Məhərrəmovun quruluşunda dövlət sifarişi  ilə şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərinin məşqlərinə başlanılacaq. Sonuncu adıçəkilən əsər XX əsrin sonlarında Qafqaz problemləri fonunda Azərbaycan və Ermənistan münasibətləri istiqamətində gizli siyasət yürüdənlərin əməllərinə qarşı  Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin Qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir. 2014-cü ildə Heydər Əliyevin doğum günü münasibəti ilə Türkiyə, Gürcüstan və Dağıstan Respublikası teatrlarının dəvəti ilə,  Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə  bu ölkələrdə keçiriləcək yubiley tədbirləri çərçivəsində çıxış edəcəyik. Səfərlərdə H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən iki əsərin - A.BabayevinXilaskar” və müəllifi olduğumQurtuluş dastanı”  tamaşaları nümayiş etdiriləcək. Eyni zamanda, Azərbaycan bölgələrinə də səfərlərimiz gözlənilir.

– İrəvan Dövlət Azərbaycan Dram Teatrı mərkəzdən kənarda – Binəqədi rayonunda yerləşir. Bu baxımdan, tamaşaçı problemini ilə üzləşirsiz?

– Ənənələrə görə teatr binası mərkəzdə olmalıdır. Lakin binamız Qərbi Azərbaycandan məcburi köçkünlərin sıx məskunlaşdığı yerdədir, demək ki, tamaşaçı məsələsi binanın təmirindən sonra hazırlanan tamaşaların səviyyəsindən asılı olacaq.  Hazırda binada tamaşa oynamaq mümkün olmadığı üçün biz səyyar fəaliyyət göstəririk.   Yeri gəlmişkən, “Soyqırımı tarixinin dastanı” mənzum pyesim sentyabrın 15-də  Mahnı Teatrında nümayiş etdiriləcək. Səhnə əsəri meydan teatr üslubunda hazırlanıb.

Uzun müddət Akademik Milli Dram Teatrında çalışmısınız. Oradan ayrılmaq çətin oldu?

– Səhnədə çoxlu sayda baş rollarım olduğu halda, televiziya ekranlarında ədəbi-bədii verilişlərdə müntəzəm çıxışlar edərkən, televiziya tamaşalarında, teleseriallarda baş qəhrəmanlar və aparıcı rollar oynayarkən, dövlətimizin üzərimə qoyduğu müqəddəs bir mətləblə bağlı səhnə fəaliyyətimi müvəqqəti dayandırdım və Tiflis Dövlət Azərbaycan Dram Teatrının bərpa rəhbərliyi kimi çox məsul vəzifənin icrasına getdim.  Daha sonra, dağılmaqda olan İrəvan Teatrına rəhbər vəzifəyə təyin olundum.  Nəhayət, on illik səhnə fasiləsindən sonra  Heydər Əliyevin obrazını iki dəfə ifa etdim.

– “İtkin gəlin” həyatınızda nəyi dəyişdi?

– Mərhum dostum Əlibala Hacızadənin “İtkin gəlin” teleserialı mənə şöhrət gətirdi. Lütvi Məmmədbəyovun quruluşunda Azərbaycanın ilk teleserialı kimi xalq sevgisi qazanan həmin serialın ən çox sevilən obrazlarından birini ifa etdim. Bu, həyatımda mühüm yer tutan bir uğur idi. Taleyim belə gətirib ki,  həmişə kinostudiyadan uzaqda dayanmağa üstünlük vermişəm. Dəvət aldığım filmlərin kastinqlərinə getməmişəm,  baxmayaraq ki,  əla dublyaj edirdim, dublyajlardan belə imtina etmişəm.  Ona görə film yaradıcılığım bir az kasıbdır. Amma baş qəhrəmanlarını oynadığım iki bədii televiziya filminə, üç teleseriala çəkilmişəm.  

İndi çəkilən filmteleviziya seriallarına dəvət alırsınızmı?

Bir neçəsinə dəvət almışam, lakin rejissorların qeyri-peşəkar olduqlarına görə imtina etmişəm.

Bu gün hansısa türk komediyaları və bədii filmlərin başlama saatını səbirsizliklə gözləyən orta statistik azərbaycanlı niyə öz komediya və filmlərimizə bu qədər biganədir?

– Biganəlik təkcə kinoda deyil, bütün sahələrdə özünü göstərməkdədir. Biz heç bir millətdən, xalqdan geridə qalmırıq, amma biganəlik, bir az da tənbəllik inkişafımızı ləngidir. İstedadlı yerli kadrlar yetişir, lakin onların çoxuna kifayət qədər qayğı göstərmirik, meydan vermirik. Milli əsərlərlə bağlı problemlərin kökü sünilikdə deyil, qeyri-peşəkarlıqdadır. Bir baxın, hansı serialın rejissoru peşəkar kino rejissorudur, ssenaristi peşəkar kino ssenaristidir? Beləsi varsa da, rejissorun qeyri-peşəkarlığını görüb, süniliklə, daha doğrusu, pul qazanmaqla məşğuldur. Aktyorların seçimi doğru-düzgün tənzimlənmir. Kim ucuz qonorara çəkilirsə, meydan onlara verilir. Peşəkara meydan verildikdə peşəkarla işləyə bilmək və ya bilməmək təhlükəsi ilə üzləşməkdən qorxaraq, kimi gəldi çəkirlər. Dövlət seriallara böyük maddi dəstək verir. Məncə, bundan səmərəli istifadə edib serial məktəbinin təməlini qoymaq lazımdır. Bunun üçün xüsusi təşkilat, yaxud qrup yaradılmalı və vəsaitin hansı tərəfə istiqamətlənməsinə nəzarət olunmalıdır.  Bu sahələrdə mütəxəssislər işləməlidir.

 

 

Ümidə Həsənli

 

BakuPost.-2013.-31 avqust. - S.14.