Kitabı telefonda vərəqlə

  

     Nizami Gəncəvi və Xalid Hüseyn. Abbasqulu ağa Bakıxanov və Qabriel Qarsia Markes. Bu məşhur yazarların hər bir əsərini ayrı-ayrılıqda alıb oxumaq, onları tapmaq üçün müxtəlif mənbələrdən istifadə etmək olar. Lakin Gənclər Fondunun təşəbbüsü ilə həyata keçirilən layihə sayəsində mobil telefona bir toxunuşla istənilən kitabı əldə etmək olar.

 “Mobil kitab rəfi” adlı layihə Azərbaycan Gənclər Fondunun gənc nəslin maarifləndirilməsi və inkişafı istiqamətində atdığı növbəti addımlardan biridir. Fondun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov deyir ki, layihənin əsas məqsədi gənclərdə qiraətə marağı artırmaq, eyni zamanda onların daha asan və praktik yollarla kitab əldə etmələrinə yardım göstərməkdir.

 V.Seyidbəyov bu istiqamətdə görülən işlər sırasında bir neçə ay bundan əvvəl start verilən digər layihəni – “Açıq kitab rəfi”ni xatırladır.  Bu layihə çərçivəsində Bakının mərkəzində, İçərişəhərdəki kiçik parklardan birinə sözün əsl mənasında kitab rəfi yerləşdirilib. İstənilən kəs gəlib bu rəfdən kitab götürür, oxuyur, yerinə qaytarır.  

Fond təmsilçisi deyir: “Əsas odur ki, kitab oxumaq istəyənlər özləri üçün əlçatan mənbə əldə etmiş olsunlar. Həmin rəfə mütəmadi olaraq özümüz də baş çəkirik. Daim yaxınlıqdakı skamyada ordan kitab götürüb oxuyan kimisə görürük. Artıq daimi oxucularımız da var, hər həftə sonu “Açıq rəf”in yanına gəlirlər”.

 Fondun icra etdiyi yeni “Mobil kitab rəfi” layihəsini həmin təşəbbüsün davamı da hesab etmək olar. Belə ki, gəncləri daha çox maraqlandırmaq üçün bu dəfə açıq yox, mobil kitab rəfi yaratmaq qərara alınıb. “Mobil kitab rəfi”ndən istifadə etmək istəyənlər QR kod vasitəsilə kitabları mobil telefona yükləyib onları elektron formatda oxuya bilər.

 “Mobil kitab rəfi”nə daxil olmağa imkan verən mobil keçidlər xüsusi plakatlarda dərc olunub. Bu posterlər gənclərin ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən olan metro qatarlarından asılıb. Artıq 100 vaqonda belə posterlərə rast gəlmək mümkündür. Bundan əlavə, barkodun çap olunduğu posterlər universitetlərdə də yerləşdirilib.  Kitabxanaya daxil olmaq üçün mobil telefonla posterdəki barkod-u skan etmək kifayətdir. Bu barkod dərhal virtual kitabxanaya keçid verir.

 “Mobil kitab rəfi”ndə iki bölmə yaradılıb. Burada həm Azərbaycan ədəbiyyatının, həm də dünya ədəbiyyatından nümunələri əldə etmək mümkündür. Hər bir bölmədə 50 əsər yerləşdirilib. Statistika göstərir ki, iki həftə ərzində virtual kitabxanada 1400-ə yaxın istifadəçi qeydə alınıb. Dünya ədəbiyyatı kitabxanasından elektron kitablar götürənlərin sayı daha çox olub.

 Gənclər üçün yaradılan virtual kitabxanada Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Füzulinin şah əsərləri ilə yanaşı müasir yazarların kitabları da yer alıb. Dünya ədəbiyyatı incilərindən burada Viktor Hüqonun “Səfillər”, Fyodor Dostoyevskinin “Cinayət və cəza”, Tolstoyun “Həzrəti Məhəmməd”, Markesin “Patriarxın payızı”  əsərlərini oxumaq olar.  Hazırda Azərbaycan və dünya ədəbiyyatından bir sıra kitabların elektron versiyalarının yükləndiyi bu portala mütəmadi olaraq yeni kitablar əlavə olunacaq.

 

    Fərəh Sabirqızı

   Baku Post.-2013.-4 dekabr.-S.-8.