Əfsanəvi ömür yolu

 

1923- il mayın 10-u Naxçıvanda Əliyevlər ailəsində bir oğlan uşağı dünyaya gəlir. O vaxt heç kim Heydər adlı bu körpənin  Azərbaycanın dahi şəxsiyyəti olacağını ağlına belə gətirmirdi. Amma zaman öz hökmünü verdi. Bir-birini qovan illər qeyri-adi zəkası, dərin müşahidə qabiliyyəti, kitaba sevgisi və səlist nitqi ilə seçilən Heydərə böyük bir həyat təcrübəsi qazandırdı.

 Orta məktəbi bitirəndən sonra təhsilini Naxçıvan Pedaqoji Texnikumunda davam etdirən H.Əliyev Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur. Lakin ikinci dünya müharibəsinin başlanması təhsilini yarımçıq qoyur.

 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində çalışır. Üç il orada işlədikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinin sərəncamına göndərilir.

Təhlükəsizlik orqanlarında gərgin fəaliyyəti, əzmkarlığı və bu peşənin sirrlərinə dərindən yiyələnmək arzusu ilə yanaşı, o, paralel olaraq 1957- ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir.

 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında dövlət təhlükəsizlik komitəsi sədrinin müavini, sonra sədri olurgeneral-mayor rütbəsinə qədər yüksəlir. Bununla da, təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların rəhbər vəzifələrdə işləməsi prosesi başlanır.

 H.Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul plenumunda birinci katib seçilir. Bu təyinatla Azərbaycanda sürətlə gedən sosial-iqtisadi, eləcə də mənəvi-psixoloji tənəzzülün qarşısı alınır, respublikada çoxdan gözlənilən sabit inkişaf dövrü başlayır.

 Yüksəliş dövrü

 1969-1982-ci illərdə Azərbaycan üçün strateji önəm kəsb edən məsələlər uğurla həyata keçirilir. H. Əliyevin bu dövrdə yürütdüyü məqsədyönlü siyasət Azərbaycanı SSRİ məkanında inkişaf etmiş respublikalardan birinə çevirir.

 Azərbaycan pambıqçılıq, əkinçilik, üzümçülük sahələrində ciddi irəliləyişə nail olur. İnsanları zəhmətə, kollektiv əməyə ruhlandıran H.Əliyev onların ən dəyərli qiymətini də elə özü verirdi. Onun həyata keçirdiyi siyasət Azərbaycanda milli ruhun sıxışdırılmasının qarşısını almağa, yüksəltməyə xidmət edirdi. O, Azərbaycana rəhbərlik etdiyi dövrdə böyük təzyiqlərə məruz qalsa da, daim xalqın tarixi keçmişini, dilini, milli adət-ənənəsini qorumaq uğrunda mübarizə aparıb.

 1982-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilən H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir. 20 il SSRİ Ali Sovetinin deputatı, 5 il SSRİ Ali Soveti sədrinin müavini kimi çalışır. 1987-ci ilin oktyabrında Sov.İKP rəhbərliyinin yeritdiyi məntiqsiz və perspektivi olmayan siyasi xəttə etiraz edərək tutduğu vəzifədən istefa verir. Cəmi 4 il sonra SSRİ-nin süquta uğraması təsdiqləyir ki, həmişə uzaqgörənliyi ilə seçilən H.Əliyev istefanı əbəs yerə verməmişdi.

  Xalqa dayaq

 1990-cı il yanvarın 20-də Bakıda törədilən qanlı faciə ilə bağlı H.Əliyev Moskva nümayəndəliyinə gedərək bəyanatla çıxış edir, dinc xalqa qarşı törədilən vəhşiliklərə ilk hüquqi-siyasi qiymət verməklə cinayətkarların cəzalandırılmasını tələb edir.

 

1991-ci ildə H. Əliyev SSRİ rəhbərliyinin Dağlıq Qarabağla bağlı ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, Kommunist Partiyasının sıralarını tərk edir və Azərbaycana qayıdır. Ali Sovetə deputat seçilən H. Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi fəaliyyət göstərib. 1992-ci ildə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis qurultayında siyasi təşkilatın sədri seçilir.

 Bu həmin o dövr idi ki, Azərbaycanda xalq hərəkatı geniş vüsət almışdı. Lakin insanların demokratiya və müstəqillik arzusunun reallaşması və erməni millətçilərinin vəhşiliklərinə qarşı aparılan mübarizədə həqiqi milli lider böhranının yaşandığı aşkar şəkildə özünü büruzə verirdi. Müstəqilliyin ilk illərində siyasi hakimiyyətdəkilərin səriştəsizliyi, düşünülməmiş addımlar atması, qətiyyətsizliyi ölkədə hərc-mərcliyə səbəb olmuşdu.

 Ən ağır məqamda, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış xalq 1993-cü ilin iyununda təkidlə H.Əliyevi ikinci dəfə siyasi hakimiyyətə qaytardı. İyulun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən siyasi lider Milli Məclisin qərarı ilə iyulun 24-dən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.

 Həmin ilin oktyabrında ümumxalq səsverməsi nəticəsində H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildio gündən ölkədə hüquqi-demokratik dövlət quruculuğu istiqamətində məqsədyönlü işlər həyata keçirilməyə başlandı.

 Xalq 1998-ci ildə də prezident seçkilərində yenə etimadını Heydər Əliyevə göstərdi. Azərbaycanın görkəmli şəxsiyyəti bir çox ordenmedallarla, beynəlxalq mükafatlarla təltif olunub.

 Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

 

    BakuPost.-2013.- 12 dekabr. - S.2.