Əfsanələr diyarı

 

Üç il bundan əvvəl  Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq edilib. Proqramın məqsədi  Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası, təbliği istiqamətlərində görülən işlərin davamıdır.  

    2013-cü ildə Zaqatala folklor, Göygöl sənətkarlıq,  Xaçmaz əfsanələr paytaxtı elan edilib. “Xalq Yaradıcılığı Paytaxtları” proqramının yekun nəticəsi kimi Zaqatala, GöygölXaçmaza “Media turu” olub. Səfərdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, aparıcı məsləhətçi Rəşad Əliyev, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva və KİV nümayəndələri iştirak edib.  

Qızılgüllər diyarı

Nümayəndə heyəti əvvəlcə Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VIII çövkən milli oyunlarına tamaşa edib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən oyunlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 20 komanda mübarizə aparıb.  Builki oyunlarda paytaxt komandaları da iştirak edib. “Bakı-2” komandası Prezident Kuboku uğrunda VIII çövkən milli oyunlarının qalibi  olub. 3-cü yeri şəkililər qazanıb.

“Folklor paytaxtı” Zaqatalada azərbaycanlılarla yanaşı, 20-dək azsaylı xalqın nümayəndələri yaşayır. Burada yaşayan müxtəlif etnik xalqların  adət-ənənəsi, yaradıcılığı onların zəngin folklor tarixindən xəbər verir. “Media turu” çərçivəsində Əliabad və Yengiyan kəndlərində təşkil edilmiş konsert proqramı burada azsaylı xalqların doğma dilə və mədəni irsə sevgisini nümayiş etdirib.

 “Yenilməz batalyon” “Cavad xan”  filmlərinin çəkildiyi Zaqatala qalası 1830-cu ildə çar Rusiyasının dayaq nöqtəsi kimi tikilib. Zaqatala Tarix-Mədəniyyət Qoruğunun direktoru Hümbət Bayramovun sözlərinə görə, üçbucaq şəklində olan qalanın üç giriş qapısı var. Qala divarlarının uzunluğu 3 min metrdir. Bəzi hissələrdə divarların hündürlüyü 5 metrə çatır. Qalanın ərazisində 17 tikili var.  Qaladan 1834-1859-cu illərdə Şeyx Şamil hərəkatında, 1863-cü il Zaqatala üsyanının yatırılmasında istifadə olunub. 

Bu il rayona 20 minə yaxın turist gəlib. Şəhərdə 11 turizm obyekti fəaliyyət göstərir. Mərkəzdə yerləşən 1852-ci ilə aid binalar, “Qala düzü” adlı ərazi, Dədə Qorqud meydanı, Zaqatala qalası ərazisində yerləşən qədim Alban məbədi bərpa olunub. Rayonun dağlıq ərazilərində yeni turizm marşrutlarının salınması planlaşdırılır.

Qırmızı kirəmitli şəhər

“Media turu”nda növbəti dayanacaq  “Sənətkarlıq paytaxtı” Göygöl şəhəri olub. Burada milli arxitektura elementləri ilə zəngin bina, park xiyabanlar var. Şəhərin Mədəniyyət Evində təşkil edilən rəngkarlıq, tikmə, toxuma, dekorativ tətbiqi sənət dərnəkləri “Sənətkarlıq paytaxtı”nın zəngin təcrübəsindən xəbər verir. Göygöldə 100-ə yaxın sənətkar çalışır. Bu ərazidə 31 yerli əhəmiyyətli tarixi memarlıq abidələri var. Göygöl Rayon Mədəniyyət Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova buradakı abidələrin XII-XVI əsrlərə aid olduğunu bildirib. Çaykənd kəndində yaşayış evi, körpü, Qabriel kilsəsi, Türbə, Üç tağlı körpü, İki tağlı körpü, Şərabçılıq zavodunun zirzəmisi, Anahid məbədi, Birtağlı körpü, Qala  daxil olmaqla 31 yerli əhəmiyyətli tarixi abidə qorunub saxlanılır.  

Göygöldə 1854-cü ildə almanlar tərəfindən tikilən Lüteran kilsəsi  hazırda Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Burada  2000-ə yaxın  eksponat var. Muzeyin direktor Rita İbrahimovanın sözlərinə görə, fonda 456 ədəd məişət əşyası, 190 ədəd foto şəkil, 236 ədəd sənəd digər eksponatlar daxildir. Eksponatların çoxu kənd sakinlərindən toplanıb. Lüteran kilsəsi  2008-ci ildə bərpa edilib. Bura Almaniyadan, İsveçrədən, Macarıstandan, Koreyadan, Ukraynadan çoxlu turist gəlir.

Əfsanələr şəhərində bir gün

2013-cü il üçün “Əfsanələr paytaxtı” elan edilən Xaçmazın adı “xaçı qəbul etməyən yer” anlamını verir. Ərazidə məskunlaşmış tayfalar oda sitayiş etdiklərinə görə Alban dövlətində hakim olan xristian dinini qəbul etməyib.

 Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günlərinin bir hissəsi Xaçmazda təşkil olunub. Dağıstanla Azərbaycan arasında ənənəvi dostluq bayramı da rayonda qeyd edilib. Mədəniyyət sarayı yenidən təmir olunur, musiqi məktəbləri yenidən qurulur.  Rayonun ərazisində yaşayan azsaylı xalqların adət-ənənəsi, folklorunu yaşatmaq üçün tədbirlər görülür.

Xaçmazı “muzeylər şəhəri” adlandırırlar. Çünki burda 10 muzey fəaliyyət göstərir. Açıq hava altında yerləşən Şəxsiyyətlər Muzeyində 51 görkəmli şəxsiyyətin büstü qorunur. Natavan, Məhsəti Gəncəvi, Vaqif, Vidadi, M.Maqomayev, Niyazi, N.Zeynalova, H.Qurbanova digər görkəmli şəxsiyyətlərin büstü gələnləri heyran qoyur.Açıq səma altındakı muzeyin həyətində Uşaq İncəsənət Məktəbi şagirdlərinin bir- birindən gözəl rəqsləri qonaqların ürəyincə olub.

Yenidən qurulan daha  bir muzey isə Tarix-Diyarşünaslıq muzeyidir. Burada toxuma, xalça, əl işləri, rəsm əsərləri nümayiş etdirilir. “Əfsanələr şəhəri”nin atributu sayılan bu muzeyin iki filialı – Xalça Döyüş şöhrəti muzeyləri ziyarətçilərin maraq göstərdiyi yerdir. Xalça muzeyində 110, Döyüş şöhrəti muzeyində isə 798 eksponat qorunur.

 

Ümidə Həsənli

 

BakuPost.-2013.- 28 dekabr. - S.11.