“Ömrüm yetənədək yaradacam

 

İstedadlı virtuoz, novator sənətkar Kamil Cəlilov Azərbaycanın yeganə tanınmış qaboy ifaçısıdır. 75 yaşını qeyd edən Xalq artisti K.Cəlilov Prezident İlham Əliyev tərəfindən ona verilən “Şöhrət” ordeninin onun üçün gözlənilməz hədiyyə olduğunu deyir. Qaboy üçün həyatını dəfələrlə təhlükə ilə üz-üzə qoyan sənətkar “New Baku Post”a müsahibəsində həyat və yaradıcılığının maraqlı məqamlarından danışdı. O, 20 Yanvar faciəsində “Zəminxarə” muğamını ifa etdiyinə görə peşmançılığının səbəbini də açıqladı.

Bakının Buzovna kəndində dünyaya gələn K.Cəlilov A.Zeynallı adına Musiqi Məktəbi və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşa nağaraçı, sonra qarmon ifaçısı olub. Xalq Artisti qaboyda “Bayatı-Kürd”, “Segah”, “Zəminxarə”, “Bayatı-Şiraz”, “Rahab”, “Zabul”, “Humayun” və ritmik muğamlardan “Qarabağ şikəstəsi”ni ustalıqla ifa edir:

– “Şöhrət” ordeni sizin üçün deməkdir?

– Yaradıcılığıma daha da məsuliyyətli yanaşmaq. Bu, dövlətimiz xalqımızın sənətkarına verdiyi yüksək qiymətdir.

– 75  ildə ən böyük uğurunuz?

– Yeni əsər çalmaq, onları lentə yazdırmaq. İstedadım Allahın mərhəməti, yaratmaq həvəsim xalqımın məhəbbətindəndir. Həmişə xalqın sevgisini duymuşam. Həcc ziyarətində olanda da elə hər zaman Allaha dua edirəm ki, sənətimə qüvvət versin. Hələ sənətdə  deyəcəklərim çoxdur. Qaboy həyatım, ürəyimdir, bir gün onsuz qala bilmərəm. Qaboy səslənirsə, yaşayıram, qaboysuz mən yoxam. Bu alətlə  xalqın sevgisini qazanmışam. Çox əziyyətlərdən keçmişəm. Həyat yoldaşım, rəhmətlik Sənubər xanım da musiqiçi idi, hər zaman deyirdi ki, “Kamil qaboyu məndən çox istəyir”.

Məşqlərimə diqqətlə yanaşırdı. Harasa gedəndə qaboy mənim yadımdan çıxsa da, o, unutmurdu. Sənətimin zirvəyə qalxmasında onun böyük zəhməti olub… İki dəfə qaranlıqda qarşımı kəsib qaboyu əlimdən alıb qaçıblar. Məqsəd bu olub ki, sənətdən əl çəkim. Çox zərbələr almışam, lakin yıxılmamışam. Allah köməyim olub.

– Qaboyun sirri nədir?

– Uşaqlıqda tarda, nağarada çalırdım. 13-14 yaşımda sinif yoldaşımla onun təhsil aldığı musiqi məktəbinə getdim. Dəhlizdə müxtəlif musiqi alətlərinin səsi gəlirdi. Otaqların birində müəllim Üzeyir Hacıbəylinin  “Axşam oldu” mahnısını klarnetə oxşar musiqi alətində çalırdı. Yaxınlaşıb alətin adını soruşdum. Qaboy olduğunu söylədi. Müəllim həvəslə sual verdiyimi görüb musiqi duyumumu yoxladı, imtahandan üzüağ çıxdım.  Öyrənmək üçün mənə bir qaboy verdilər, lakin atam narazı idi. O, İkinci Dünya Müharibəsi əlili idi, ayaqları şikəst olduğundan tez-tez əsəbiləşirdi. Bir gün əlil arabası ilə gəlib qaboyu əlimdən alıb sındırdı. Bu mənə çox pis təsir elədi. İki ay məktəbə getmədim. Sonra müəllimlər gəlib məni məktəbə qaytardı. Valideynlərimə “Kamilin gözəl gələcəyi var” dedilər.

– Tələbələriniz var?

– Bir müddət İncəsənət Gimnaziyasında dərs dedim. Ancaq hövsələm çatmır. Bəziləri elə bilir ki, paxılam. Lakin hələ qaboyu mənim kimi duyana rast gəlməmişəm. Bir neçə tələbəm vardı, onlar  bütün muğamları, mahnıları birdəfəyə ifa etmək istəyirdi. Belə olmur. Qaboyda bir muğamı illərlə öyrənmək lazımdır. Çoxu yarımçıq qoyub getdi. Cəsarətlə deyirəm ki, ikinci Kamil Cəlilov olmayacaq. Simfonik orkestrdə qaboy çalırlar, İzmir Simfonik Orkestrində azərbaycanlı qaboy ifaçısı var. Amma solo qaboy ifaçısı yoxdur.

– Ən çox 20 Yanvarda ifanızı eşitmək olur. Niyə?

– 15-20 il bundan əvvəl “Sarı gəlin”i  klarnetdə çaldım, rəqs qurdurdum musiqi nömrəsi çəkdirdim. Amma 5 ildir ki, heç bir televiziyada bu lent verilmir. Məni ancaq 20 Yanvarda yada salırlar. Halbuki yüzlərlə lent yazım var, Azərbaycan Avropa bəstəkarlarının əsərlərini, hətta Yapon musiqilərini ifa etmişəm. Təbliğ olunmadıqca ermənilər asanlıqla oğurlayır. Çoxları qaboyu tanımır, ifaçılar bu alətlə pul qazana bilməyəcəklərini düşünür. 

– 20 Yanvarda niyə məhz “Zəminxarə”ni ifa etdiniz?

– Bu mənim ideyam oldu. Faciələrin şahidi idim. Bu təsirdən sonra yalnız həmin muğamı ifa edə bilərdim. Lakin “Zəminxarə” qəmli mahnıya çevrildi. Əslində isə insanları nəticə çıxarmağa, cəsarətli olmağa  çağırırdım. Ancaq indi düşünürəm ki, kaş “Zəminxarə”nin əvəzinə “Segah” çalaydım. Çünki “Zəminxarə” kimi gözəl mahnı adi günlərdə səsləndirilmir. “Segah”sa xalqın qanına, canına hopub. 

– İfa edərkən gözlərinizi yaşla dolduran əsər hansıdır?

– Fatma Mehrəliyevanın ifasında “Kəsmə şikəstə” məni çox təsirləndirir. Sonra onu qaboyda ifa etdim hər dəfə qeyri-ixtiyari gözlərimdən yaş gəlir. Bütün muğamların fəlsəfəsini açmışam: “Bayatı-Kürd” ana fəryadı, “Zabul” ana-bala münasibəti,  “Çahargah” cəng, döyüş meydanı, “Şur” çağırış, “Humayun” sədaqətli, əbədi sevgi rəmzi, “Segah” sevgililərin əhdi-peymanı,  “Zəminxarə” fəryaddır, Allaha duadır, avazdır. Bunların illüstrasiyalarını xəttat dostum çəkib.

– Ailənizdə sənətinizi davam etdirən var?

– 3 qızım var: həkim, mühəndis ingilis dili müəlliməsi.

– Unuda bilmədiyiniz itki?

– Anam. Hələ lay-lay eşidəndə anam yadıma düşür.

– Ən böyük arzunuz?

– Qarabağda “Qarabağ şikəstəsi”ni çalmaq istərdim.  Bir çox kompozisiyalar, rənglər ərsəyə gətirmişəm. Bunları mütləq  Qarabağın müxtəlif guşələrində ifa edəcəm. Ömrüm yetənədək yaradacam!

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-6 fevral.-S.-10.