Həmin qadın

 

Fotoda ağlayan qadın 21 il  əvvəl Xocalı faciəsində bütün ailə üzvlərini itirib, bətnindəki körpə ilə sağ qalan Rahilə Quliyevadır. İndi onun boyu bərabərində qızı var. Sumqayıt Dövlət Universitetində təhsil alan Zərifə Quliyeva Ermənistan prezidenti Serj Sarkisyandan atasının, qardaşının, nənə-babasının öldürüldüyünün etirafını tələb edən gəncdir. Ona bu ideyasını gerçəkləşdirməkdə anası Rahilə Quliyeva dəstək olub:

– “Xocalı faciəsi” deyəndə siz nəyi göz önünə gətirirsiniz? 

– 25-dən 26-na keçən gecə baş verənlərə qədər biz çox pis şəraitdə yaşayırdıq. Demək olar ki, hər gün bizi atəşə tuturdular, üstümüzə mərmilər yağdırırdılar.Amma ev-eşiyimizdən bir addım belə kənara çəkilmirdik.

 Həmin gecə mənim ailəm ən xoşbəxt ailə idi.Hamımız süfrə başında yığışardıq.2 yaşlı oğlum Samir də bizimlə idi. O vaxt mən qızım Zərifəyə 3 aylıq hamilə idim.  Amma qaniçən düşmən ailəmin bütün səadətini elə həmin gecə pozdu.

 Hamilə canımla 4 nəfəri itirdim. Oğlum Samiri, yoldaşımı, qaynanamı, qaynatamı. Qaynımın 8 yaşlı qızı, baldızım, baldızımın 4 yaşlı qızı, bir baldızımın 8 yaşlı oğlu, həyat yoldaşı, əmimoğlu  öldürüldü. 22 şəhid verdik. Anam yaralandı, özüm 4 güllə yarası aldım hamilə-hamilə.Elə bilirdim oğlum yaralıdı, qucağımdan qoymurdum. Biləndə ki,  ölüb, zornan aldılar əlimdən.  O mənzərə şəkillərdə də var. Qucağım boş qalıb.

– O vaxt bətninizdə olan Zərifə Ermənistan prezidenti Serj Sarkisyana məktub yazmışdı. İdeya hardan doğdu?

– Mən  hamilə ola-ola yaşadığım bu dəhşət Zərifəyə də təsirsiz ötüşmədi. Qızım dünyaya gələndə səs tellərində qüsur oldu.Onun ağlamağını eşitmirdik.Bir də gedib görürdüm ki, uşaq özündən gedib.Onu müalicələrlə böyütdüm.6 yaşına qədər mən ona heç nə demirdim. Sonra yavaş-yavaş danışmağa başladım.

 O həmin hadisələrə baxırdı, sonra aylarla qorxurdu. Evin içində tək başqa otağa keçmirdi, məni dartıb aparırdı.Həmişə deyirdi ki, mən atam üçün, qardaşım üçün nəsə edəcəm.

 Serj Sarkisyana məktub yazmaq fikrinə gəldi.Onlara müraciət elədi ki, əgər sizin qızlarınız mənim yaşadıqlarımı yaşasaydı, necə olardız?Onlar isə bu məsələyə belə cavab verdilər ki, guya belə bir qız yoxdur.Məktub onun adından yalandan yazılıb.Sonra Zərifə ikinci dəfə məktubla və Türk kanallarının ekranlarında çıxış edərək bildirdi ki, mən varam, həqiqətən mənim atamı, qardaşımı, babamı, nənəmi siz öldürmüsünüz.İkinci dəfə yazılan cavabda ermənilərin əsl yaltaq sifətini gördük.

– Cavabı xatırlayırsız? 

– Başlığı “əzizimiz Zərifə” deyə yazılmışdı. Məktubda deyilirdi ki, siz bizə işıq, su vermədiniz deyə biz sizi öldürmək qərarına gəldik.Ermənilərin həmişəki yalanları.Onlar həmişə belə olublar.Bax, indi sizə danışıram boğazım quruyur, əsəb keçirirəm.Ona görə mən heç yerə müsahibə vermirəm, ekranlara çıxmıram.Zərifə üçün ağır olan bilirsiz nədir? O deyir ki, mənim qardaşımın yaşıdları indi əsgərdir. Amma mənim qardaşım 2 yaşında əsgər olub, vətən uğrunda şəhid olub. O həmişə deyir ki, heç 2 yaşında da əsgər olar?  O, çox pis keçirdir bu günü.

Xocalılı gənclər baş verənlərdən  kifayət qədər məlumatlıdırlarmı?

Çox az. Heç 10%-ni bilmirlər. Kadrlar Xocalıda baş verənləri tam deyə bilmir. Əgər bunlar da olmasaydı, bizə heç kim inanmazdı. Amma  şəkillər o faciəni çatdıra bilməz. O dəhşəti  ancaq  yaşayanlar təsəvvür edə bilər. 

Xocalıdan uzaq düşən xocalılar bu gün bir-birinə yaxındırlarmı? Adət-ənənələrini yaşada bilirlərmi?

Əlbəttə, bütün xeyir-şərimiz bir yerdədir. Xocalıdan çıxanların, demək olar ki,  90%-nin ölüm səbəbi xərçəng xəstəliyidir. Biz hərdən özümüz-özümüzə deyirik ki, bu da o dəhşətin nəticəsidir.Xeyir işlərimiz bir yerdədir.Mənim qızım atasının üzünü heç vaxt görməmişdi. Onu dişimlə-dırnağımla böyütdüm, bu il ona toy elədim, bütün xocalılar iştirak elədi, başımıza toplaşdı.

Dolana bilirsiz?

Şükür olsun. Uşağımı böyütmüşəm. İşləyirəm, maaş alıram.2-ci qrup əliləm, pensiya alıram, sosial müavinət alıram. Dolanıram. Heç kimdən heç istəmirəm.Özüm-özümü qayğılardan uzaq tuturam.

Xocalıya qayıtsanız, evinizi tapa bilərsiz?

Mən çox istəyirəm öz torpağıma qayıdım. Bəlkə ora gedəcəyim gün mən öləcəm.Çünki mən o evdən, o həyətdən, o ərazidən doğmalarla, yaxınlarla çıxmışdım.Onlar indi yoxdur.

 Ora tək ayaq basmaq mənim sonum olacaq, bilirəm.Amma yenə ora getmək, orda yaşamaq istəyirəm.Acı xatirələrlə olsa da, orda ölmək istəyirəm.

 Bir cığırına düşsəm, gözyumulu taparam.Nə qədər dağıdılsa da, yenə qarış-qarış tanıyaram.Kimin evi hardaydı, yanında var idi, hamısını bilərəm.Çünki Xocalı gözümün önündədir, sadəcə əlim çatmır.

 

 

Yaqut Tapdıqqızı

 

Baku Post.-2013.-27 fevral.-S.3.