Xatirələrdə ucalan heykəl

 

İtibaxışlı, zəhmli, iradəli, hökmlü, anında qərar verən, ciddi rəhbər... İş prosesində hamı onu bu cür tanıyırdı. Amma o həm də genişqəlbli, diqqətcil, söhbətcil və yaradıcı insan idi. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, bir çox görkəmli şəxsiyyətlərin heykəllərinin müəllifi, Xalq rəssamı, akademik Ömər Eldarov Heydər Əliyevi məhz bu cür xarakterizə edir.

Onunla bağlı xatirələrini “New Baku Postla bölüşən sənətkar Heydər Əliyevin büstünü yaradan ilk heykəltəraş olmağı ilə fəxr edir:

– Heydər Əliyevlə ilk tanışlığınız hansı şəraitdə olub?

– Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu vaxtlarda Heydər Əliyev biz rəssamların sərgilərində, iclaslarında iştirak edirdi. Amma şəxsi tanışlığımız o, Moskvaya gedəndən sonra olub. Heydər Əliyev ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Qayda belə idi ki, həmin adla iki dəfə təltif olunan şəxsin şərəfinə Vətənində heykəli və ya büstü ucaldılırdı. Moskvada ittifaqın çox tanınmış heykəltəraşlarının layihələri təqdim olunsa da, Heydər Əliyev bu işi azərbaycanlı sənətkarın görməsini üstün tutub. Mənə zəng vurub dedilər ki, Heydər Əliyev Bakıya gəlib, görüşmək istəyir.

– Həmin görüşü necə xatırlayırsınız?

Dedi ki, heykəlin hazırlanmasında mənim üzərimdə dayanıb. Təbii ki, bu etimada görə təşəkkürümü bildirdim. Sonra Moskvada görüşdük. Orada Heydər Əliyevin kabineti vaxtilə SSRİ Xalq Komissarları Sovetinin sədri Molotovun olub. Büstlə bağlı bütün detalları müzakirə etdik və işə başladıq: Rasim Əliyev arxitektur tərəfi, mən isə heykəl hissəsi üzərində işlədik. Əvvəlcə eskizi çəkdik və həmin etüd sonralar, ölümündən sonra Heydər Əliyevin bütün heykəllərində istifadə olundu. Niyə ölümündən sonra? Çünki Heydər Əliyev insanlara sağlığında büst, heykəl ucaldılmasının əleyhinə idi. Amma SSRİ kimi nəhəng dövlətin qayda-qanunlarından kənara çıxmaq da olmazdı.

Büstün yeri necə müəyyənləşdirildi?

Özü büstün Naxçıvandakı “Böyük bağadlanan parkda ucaldılmasını nəzərdə tutmuşdu. Ancaq ora çox balaca idi, ona görə başqa yer axtarışına çıxdım. Möminəxatun türbəsindən başlayan və hündürlükdə yerləşən meydançaya bənzər bir ərazi diqqətimi çəkdi. Yer sanki sıldırımla bitirdi və qarşısında duranda uzaqdan dağlar, meşələr görünürdü. Belə gözəl mənzərənin fonunda büst çox yaxşı ahəng yaradacaqdı. Bunu nəzərə alıb, həmin yeri seçdik.

– Heydər Əliyevin incəsənətə, mədəniyyətə, yaradıcı insanlara xüsusi rəğbət bəsləməsi, sizcə, nə ilə bağlı idi?

Onun təbiəti belə idi. Mənə demişdi ki, gənclik illərində rəssam olmaq istəyirmiş. Orta məktəbdə sevdiyi fənlərdən biri də məhz rəsm dərsiymiş. O vaxt Azərbaycanda rəssamlıq üzrə ali məktəb olmadığından, Heydər Əliyev rəssamlığa bir az yaxın, oxşarlığı əsas tutaraq Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə üz tutub. Deyirdi ki, hansısa bir binanın, obyektin layihəsini cızmaq istəyir.

Daha hansı layihə sizi böyük şəxsiyyətlə bir araya gətirib?

– Həyatında faciə baş vermişdi. Xanımı Zərifə Əliyeva vəfat edəndə tale bizi yenidən bir araya gətirdi. Həyat yoldaşının itkisindən sarsılan Heydər Əliyev bu barədə hətta danışa bilmirdi, səsi də tutulmuşdu. Dedi ki, Zərifə xanımın qəbirüstü heykəlini ucaltmaq istəyir və bu işi mənim görməyim ürəyindən keçir. Həmin məsələdə Heydər Əliyevlə sıx təmasda olduq, hər detal üzərində birgə düşünüb qərar verdik. Abidənin daşını Uraldan gətizdirdi və mən Bakıdakı emalatxanamda heykəl üzərində iki ilə yaxın işlədim. Lakin o illər bir-birinin ardınca baş verən hadisələr üzündən heykəl düz 9 il emalatxanada qaldı.

– Bəs, sonra?

– Naxçıvan Ali Məclisinin sədri olanda Heydər Əliyev hər dəfə Bakıya, Ali Sovetin iclaslarına gələndə mütləq emalatxanaya baş çəkir, heykəli əlləri, nəzərləri ilə oxşayır, sığallayır, bir müddət önündə lal-dinməz dayanır və yalnız ondan sonra toplantıya yollanırdı. Bu proses Bakını tərk edəndə də eyni ilə təkrarlanırdı, yəni heykəllə sağollaşıb Naxçıvana qayıdırdı. Azərbaycan Prezidenti seçiləndən sonra isə Zərifə xanımın cənazəsi Bakıya köçürüldü. Fəxri Xiyabanda tuncdan qoyduğumuz heykəl mərmərdən hazırlanmış əsərin surətidir. Heykəl isə muzeydə saxlanılır.

– Heydər Əliyevin Fəxri Xiyabanda ucaldılmış heykəli də sizin yaradıcılığınızdır. Yəqin bu əsərin ərsəyə gəlməsi asan olmayıb...

– İnanın, çətin idi. Çox sevdiyin insanın qəbirüstü abidəsini əllərinlə işləmək heç kimə asan gəlməsin. Amma mənə kömək edən o oldu ki, tək özümün deyil, bütün xalqın dostunun, sevimlisinin abidəsi üzərində işlədiyimi anladım.

 Bu reallığı dərk edən andan əlim işə yatmağa başladı və təxminən bir ilə yekunlaşdı. Mənə elə gəlir ki, ölməz və dahi şəxsiyyətin real portretini heykəl cizgilərinə ötürə bilmişəm...

 

 

Baku Post.-2013.-10 may.-S.7.