Hədsiz məhəbbət

 

Bilal Əliyev, Xalq artisti

 

– Heydər Əliyevə mənim qəlbimdə məhəbbət hələ uşaq yaşlarımdan yaranıb. 1970-ci illərin əvvəlləri idi. Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışırdı. Adamlar bu ağıllı rəhbər, onun respublikanın inkişafı naminə, əhalinin güzəranını yaxşılaşdırmaq üçün gördüyü möhtəşəm işlər haqqında çox danışırdı. Çətin zaman idi. Rayonlarda adamlar kasıb yaşayırdı, ərzaq çatışmırdı, məsələn, bizim evdə heç televizor da yox idi. Amma Heydər Əliyev barədə qəzetlərdən oxuyurduq, qonum-qonşu, qohum-əqrəba da onun barəsində razılıqla danışırdı.

 Bir gün dedilər ki, Heydər Əliyev kənd təsərrüfatı işləri ilə tanış olmaqdan ötrü rayonlara səfərə çıxıb. Birinci katib yaşadığımız Salyan rayonuna da gəldi. Hamımız yol kənarına toplaşdıq ki, maşın karvanı keçəndə onu görək. Maşın yanımızdan ötəndə o bizə, bizona əl elədik. Sevincimiz yerə-göyə sığmırdı...

 Yaxşı yadımdadır, dayım yeni avtomobil almışdı, Stalinin şəklini də salondan  asmışdı. Mən də H. Əliyevin şəklini qəzetdən kəsib kabinaya yapışdırdım.

 Nədənsə həmişə ən böyük arzum bu dahi insanla görüşmək olub. Zaman gəldi və mən ifaçıların müsabiqəsində uğurla çıxış etdim. Heydər Əliyev bizi gördübir neçə gənclə birlikdə mənim də imtahansız Asəf Zeynallı adına musiqi məktəbinə daxil olmağım haqqında əmr verdi. Bununla da dahi insan sadə bir kəndli balasının taleyində önəmli rol oynadı.

 Heydər Əliyev Naxçıvanda işlədiyi vaxtlar da tez-tez ora səfərə gedirdim, konsert proqramlarında iştirak edirdim, hər çıxışımızı diqqətlə izləyir, vaxt tapıb bizimlə görüşür, qayğı və məsləhətlərini əsirgəmirdi.

 Naxçıvandan Bakıya qayıdışından sonra Heydər Əliyevin də iştirak etdiyi dövlət tədbirlərin birində vətənpərvərlik mövzusunda yazılmış “Azərbaycan” adlı mahnı ifa etdim. Salondakıların gur alqış sədaları altında səhnəni tərk etdim. Az keçmiş mənə bildirdilər ki, H.Əliyev ikinci dəfə səhnəyə çıxmağımı istəyir. Rəhbərin arzusuna əməl etdim. Bu dəfə isə öz yazdığım “Azərbaycanım” mahnısını mikrofonsuz oxudum. Heydər Əliyev konsertdən sonra səhnə arxasına keçdi, məni təbrik etdi, öpüb bağrına basdı.

 Dəfələrlə evində qonaq olmuşam, sevdiyi mahnıları onun üçün dönə-dönə ifa etmişəm. Heydər Əliyevin gözəl musiqi duyumu, əla hafizəsi vardı. Səsdəki yad notları dərhal hiss edirdi, onun qarşısında heç bir müğənni ifa zamanı səhlənkarlığa yol verə bilməzdi. Həyatda olduğu kimi, sənətdə də saxtakarlığı sevmirdi.

 Mən və bütün sənət həmkarlarım hədsiz qayğıya görə Heydər Əliyevə həmişə borcluyuq.

 

 

Əliyev Bilal

 

Baku Post.-2013.-10 may.-S.8.