Yaponiyanın azərbaycanlı həkimi

 

Dünyada 20 milyona yaxın insan böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Elə təxminən bu qədəri də risk altındadır. Həkimlər çıxış yolları axtarırlar. Yaponiyada tibbi təhsil almış, hazırda Yaponiya Tibb Akademiyasının fəlsəfə doktoru Elnur Fərəcov Azərbaycanda da böyrək xəstəliklərini azaltmaq üçün olduqca maraqlı təkliflərlə çıxış edir. Nefroloq E.Fərəcov Azərbaycan Tibb Universitetini bitirib. İnternatura dövründə Parisdə bir xəstəxanada təcrübə keçmək imkanını dəyərləndirib.

– Elə həmin vaxt Qərb və köhnə sovet təbabəti arasında böyük bir uçurum olduğunu gördüm. Ona görə də nəyin bahasına olursa-olsun təhsilimi xaricdə davam etdirmək qərarına gəldim. 2003-cü ildə Yapon dövləti tərəfindən ayrılan təqaüd proqramını qazandım. Sendai şəhəri, Tohoku Universitetində həm təhsilimi davam etdirdim, həm də rezidentura keçdim. Bu universitet imperatorun təsis etdiyi təhsil müəssisəsidir, qədim tarixə malikdir. Universitet məzunları sırasında kimya üzrə Nobel laureatı var. 2009-cu ildə Azərbaycana qayıtdım Mərkəzi Neftçilər Xəstəxanasında işə başladım.

 Burada ilk milli transplantasiya komandasına qoşuldum. Həmin ərəfədə Türkiyədəəvvəlcə İzmirdə, daha sonra dünyada ən çox transplantasiya edilən Antalyadakı “Medical Park”da təlim keçdim. Bu xəstəxanada ildə 500-550 böyrək köçürülməsi reallaşdırılır.

Müxtəlif ölkələrin təcrübəsi ilə yaxından tanışsınız. Bəlkə elə əvvəlcə Yaponiyadan danışaq. Yapon Azərbaycanda səhiyyə sahəsində hansı köklü fərqlər var?

Fərqlər böyükdür. Amma fərqlər xəstələrin sayında yox, onların vaxtında müalicə alması, sağalması, yaşayış ömrü, orta ömür həddindədir. Məlum olduğu kimi, əhalinin orta yaş həddinə görə Yaponiya öndədir. Bu da səhiyyənin inkişaf göstəricisidir. Yaponiyada 125 milyon əhali sayına görə 128 min hemodializ müalicəsini qəbul edən xəstə var, bəlkə bu ölkədə daha çox dializ xəstəsi ola bilərdi. Amma Yaponiyada bu sahədə xüsusi bir proqram icra edirlər. Çox sadə, amma effektiv bir proqramdır. Sadəcə, işə qəbul olan, universitetlərə daxil olan, məktəblərə girən, hətta bəzən uşaq bağçalarına qəbulda da sidiyin ümumi analizi tələb olunur. Bu, böyrək xəstəliklərini erkən aşkarlamağa imkan verir.

 Axı, dializböyrək çatışmazlığı xəstəliyinin müalicəsində son çıxış yolu, məcburi bir mərhələdir. Böyrək xəstəlikləri 90-95 faiz hallarda özünü büruzə vermir.

Yəni, adi sidik analizi ilə xəstəliyin inkişafının qarşısını almaq mümkündür?

Bəli, çünki xəstəlikdən 7-8 il əvvəl, hətta 10 il əvvəl böyrəkdə dəyişiklik olur. Bu dəyişikliyi analizin nəticəsindən görmək mümkündür. Bizdə təəssüf ki, həkimlər əksər hallarda sidik analizi tələb etmirlər. Qanın ümumi analizini hamı istəyir, sidiyi isə yox. Analizdə zülal, leykositin, bəzi hallarda qanın olması artıq dəyişiklikdən xəbər verir. Bu, çox tez, başlanğıc mərhələdə aşkarlanır. Onda xəstə yaxşı müalicə olunur yüngül dərmanlar yazılır. Xəstəyə verilən dərmanın miqdarı da az olur, yan təsirləri . Böyrək qorunur   bu adama böyrək köçürülməsi ehtiyac olmur, dializ xəstəsinə çevrilmir. Beləliklə, çox ucuz bir müayinə çox böyük fəsadların qarşısını alır.

 Mən bilirəm ki, Azərbaycanda tibbi sığorta sisteminin olmaması, xəstənin vaxtında həkimə müraciət etməməsi bu prosesin pisləşməsinə səbəb olur. Ona görə həmkarlarımla yanaşı, əhaliyə müraciət etmək istəyirəm ki, özləri analiz versinlər. Yaxud, apteklərdə hazır strip-testlər vasitəsilə evdə analiz keçirmək olar.

 Bu proqramın tətbiqi həmçinin iqtisadi baxımdan da sərfəlidir. Çünki dializ bahalı müalicədir, dövlət üçün ağır yükdür. Hazırda rəsmi rəqəmlərə görə, bir dializ xəstəsinin saxlanması dövlətə ildə 16 min manata başa gəlir. Nəzərə almaq lazımdır ki, bir xəstə illərlə dializdə qalır. Digər tərəfdən, xəstənin həyat səviyyəsi aşağı düşür, əmək fəaliyyəti pozulur, əlil statusu alır, kiminsə qulluğuna ehtiyacı olur.

Bəs, böyrək çatışmazlığı olan xəstələrin müalicəsində alternativ variant yoxdur?

Böyrək çatışmazlığı olan insanı yaşatmaq üçün 2 yol var: ya dializ, ya da köçürmə. Bu zaman həm iqtisadi baxımdan, həm yaşamaq müddəti, həm həyat keyfiyyəti baxımından böyrək transplantasiyası daha sərfəlidir. Əslində, hemodializlə müqayisədə transplantasiya insan ömrünü 3-4 dəfə artırmış olur. Köçürmə aparılan insan əlillik statusundan çıxır, sağlam insan kimi cəmiyyətə qayıdır. Köçürmə böyrəklə yaşayan, işini davam etdirən bir neçə məşhur idmançı var. Azərbaycanda gimnastika üzrə milli komandanın üzvü Ləman Hacızadə transplantasiya olunsa da, karyerasını uğurla davam etdirir.

 Bu bir neçə il ərzində Mərkəzi Neftçixlər Xəstəxanasında 55 böyrək, 39 qaraciyər köçürmə əməliyyatı aparılıb. MDB- ilk dəfə olaraq bir xəstədə həm qaraciyər, həm böyrək köçürülməsini həyata keçirmişik. 8 yaşlı uşaqda da transplantasiya uğurlu olub. Uşaqlar birmənalı olaraq hemodializə getməməlidir. Çünki onlar məktəbdən məhrum olur, inkişafdan geri qalır.

Azərbaycanda böyrəyində problemləri olanlar daha çox ot, bitki çaylarına üstünlük verir. Doğrudanmı, böyrək müalicəsində türkəçarələrin köməyi olur?

Böyrəklə bağlı problemlərdə həkimə müraciət mütləqdir. Xəstəyə adi görünən narahatlıq ciddi xəstəliyin bünövrəsi ola bilər. Yaponiya Şərq ölkəsi olsa belə, heç orada da türkəçarə, alternativ təbabətdən çox istifadə olunmur. Əgər Şərq təbabəti effektiv olsaydı, Qərb təbabəti belə geniş yayılmazdı. Elə Çinin özündə müasir kliniki, elmi araşdırma nəticəsində ortaya çıxan müalicəyə üstünlük verirlər. Axı, hər hansı bir dərman heçdən yaranmır, xeyli araşdırmalar sayəsində ortaya çıxır.

Yeri gəlmişkən, təhsil aldığınız Sendai şəhəri, deyəsən, zəlzələnin episentri olmuşdu?

Mən ora ayağımı qoyduğum andan orada böyük bir zəlzələ gözlənməsi haqda xəbərdarlıqlar olunurdu. Orada olduğum illərdə 30-a yaxın zəlzələ keçirmişəm, ən yüksək olanı 6,5-7 bal idi. 3 aydan bir stabil olaraq zəlzələ olurdu. Uzun müddət yer titrəməyəndə, artıq insanlar həyəcanlanmağa başlayırdı. Çünki hamı güclü zəlzələni gözləyirdi. Sendai kiçik, amma çox gözəl, mənzərəli yerləri olan bir şəhərdir. Mən bu şəhərin dağıntıdan sonrakı halını görəndə çox pis oldum.

 Lakin yaponlar öz intizamlı davranışlarına, hər şeyə hazırlıqlı olduqlarına görə Sendaini tezliklə bərpa edə bildilər. Yaponların əsas xüsusiyyəti işlərinə məsuliyyətli yanaşmasıdır. Hər kəs bilir ki, bu ölkədə istehsal olunan hər hansı bir məhsul mütləq keyfiyyətli olur. Onlar hər işlərini keyfiyyətli görməyə məcburdurlar, bu, onlar üçün həyat tərzinə çevrilib.

 P.S. Facebook-da axtarış yerinə nefroloq.az yazmaqla Elnur Fərəcovun xüsusi səhifəsinə daxil olmaq mümkündür. Yaponiyada təhsil almış tibb alimi orada oxucuları maraqlandıran suallara cavab verə bilər.

 

 

Fərəh Sabirqızı

 

Baku Post.-2013.-18 may.-S.11.