Dünyaya körpü olan muğam

 

Bakıda keçirilən Beynəlxalq Uşaq Muğam Festivalı başa çatıb. “Kainat” Gənclik Mərkəzi, Mədəniyyət və Turizm, eləcə də Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə dünyanın 10 ölkəsindən olan istedadlı uşaqlar qatılıb. Maraqlı məqamlarla yadda qalan  Beynəlxalq Uşaq Muğam Festivalı haqqında “New Baku Post”a “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə danışıb. O, həmçinin gələn ilin əvvəllərində keçiriləcək yeni beynəlxalq müsabiqə haqqında fikirlərini də bölüşüb:

– Builki Beynəlxalq Uşaq Muğam müsabiqəsi hansı özəllikləri ilə yadda qaldı?

– 2009-cu ildən münsiflər heyəti və təşkilat komitəsi dünyanın başqa ölkələrində də bizim muğama uyğun xalq musiqisi ruhunda  folklor nümunələri olduğunu nəzərə alaraq müsabiqənin beynəlxalq səviyyədə keçirilməsini qərara aldı. İlk dəfə Özbəkistanla əlaqə saxladıq və onlar öz nümayəndələrini göndərdi. Bu il iştirak edən 10 ölkə içərisində İran, İraq, Əfqanıstan, Misir kimi ölkələr vardı. Bu ölkələrdən nümayəndə gözləmək ümidli deyildi. Müsabiqənin mədəni proqramını hazırladıq və qonaqları Bakının tarixi və görməli məkanları ilə tanış etdik. Adətən biz Baba Salahov adına Xalq Çalğı alətləri ansamblı və onun rəhbəri – münsiflər heyətinin sədri Ağasəlim Abdullayev çıxışçıları müşayiət edir. İştirakçılar burada məşq edir, ifaları muğama uyğunlaşdırılır.  İran və Özbəkistan öz ansamblları ilə çıxış etdi. Özbəkistan 18, İran 10 nəfərlik heyətlə gəlmişdi.

– Qaliblər necə müəyyən edildi?

– Beynəlxalq Uşaq Muğam Festivalının baş mükafatını 15 yaşlı  Lalə Səmədova  ifa etdiyi “Şahnaz” muğamı ilə qazandı. Müsabiqədə 1-ci yerə türkiyəli  12 yaşlı Yunus Avcar  13 yaşlı Elbəy Etibarlı layiq görüldü.  İştirakçı ölkələrin nümayəndələrietiraf edir ki, muğam musiqisində, eləcə də ifaçılıq, virtiozluq baxımından bizdən geri qalır. Münsiflər heyətinə şərait yaradıldı ki, ölkələrin və iştirakçıların sayı artdıqca nominasiyaların da sayı artsın. 3 dənə 3-cü yer, iki dənə ikinci, iki birinci yer, bir baş mükafat – Qran-Pri və 5 həvəsləndirici mükafat təltif etdik. Mədəniyyət və Turizm Nazirliyi ən kiçik ifaçı və öz repertuarına Azərbaycan muğamını daxil etmiş ifaçı üçün  nominasiya təltif etmişdi. İran ifaçısı “Şur” təsnifini muğam üzərində öz repertuarına daxil etmişdi, özbəkistanlı iştirakçının isə 9 yaşı vardı.  Gənclər və İdman Nazirliyi və təşkilat komitəsinin də mükafatları vardı. Demək olar ki, iştirakçıların hamısı mükafatlandırıldı, xüsusi diplomlarla təltif  edildi və hədiyyə təqdim edildi.  Beynəlxalq Uşaq Muğam Festivalında 16 yaşadək olanlar iştirak edə bilər. Son üç ildir ki, baş mükafatçıya pul təqdim edilir.

– Uşaqlara pul mükafatı vermək nə dərəcədə düzgündür?

– Müasir dövrün inkişafını və gənclərin tələbini nəzərə alsaq Qran-Prini qazananın pul mükafatı alması müəyyən mənada özünü doğruldur. Bizim baş mükafatçımız orta səviyyəli bir ailədən olan göyçaylı qızdır. Onun öz zəhməti ilə qazandığı pulu evinə aparması yaxşı nümunədir. Uşağın ağlı, intellekti və sənəti ilə qazanc əldə etməsi təqdirəlayiqdir. Bu həm də mənəvi qazanc digər uşaqlara da bir stimuldur.

– Müsabiqənin keçirildiyi 18 ildə nəyə nail olmusunuz?

– Azərbaycan muğam məkanında yetişməkdə olan gənc nəslin əksəriyyəti bizim müsabiqənin yetirmələridir - Bəyimxanım Mirzəyeva, Güllü Muradova, Babək Niftəliyev, İlkin Əhmədov, Səbinə Ərəbli. Onlar Leyli, Məcnun, Əsli, Kərəm obrazlarını ifa edir. İllər ötdükcə xaricdən gələn nümayəndə heyətləri Azərbaycan muğamlarını öz repertuarlarına salırlar. Özbək ifaçısı “Bayatı-Şiraz”, iranlı “Şur” təsnifini oxudu. Bu Azərbaycan musiqisinin  gücünü və təsirini göstərir. Özbəklərdə “şaşmakom”, türklərdə “taksim”, hindlərdə “raq”, qazaxlarda  bizim aşıqsayağı musiqisinə bənzəyən “söz ustaları” var. Bunları birləşdirən ümumi bir xəttin əsas cəhəti Azərbaycan muğamıdır. 

– Bu il daha çox hansı ölkə aktivliyi ilə seçildi?

– Bu il Əfqanıstandan yaradıcı heyət gəlmişdi. “Arzu” adlı televiziya kanalının yaradıcı heyəti də onlarla idi. Bu müsabiqəyə çox böyük önəm verdilər, verilişlər, silsilə reportajlar hazırladılar. Bakını gəzdilər, qonaqlarla, münsiflər heyəti ilə  müsahibələr etdilər. Azərbaycandan isə uşaqlar hər il may ayından oktyabradək bölgələr üzrə seçim turları vasitəsilə seçilir. Seçmə turlardan keçən uşaqlar Bakıya gəlir, Ağasəlim Abdullayevonun ansamblı ilə məşqlr edir, cilalanırlar, sonra isə müsabiqəyə qatılırlar.

– İştirakçıların musiqi təhsili olub-olmamasına nə dərəcədə  önəm verilir?

– Bizim əsas devizimiz səsdir. Musiqi məktəbində oxuyan, lakin səsi olmayan uşaq bizə yaramır. Səs olduqda isə onu istiqamətləndirmək mümkündür. Musiqi təhsilini səslə əvəz etmək olmur.

– Daha hansı ölkələri yarışa cəlb etmək istərdiniz?

– BMT-nin nümayəndəsi Əhməd bəy İordaniyadan olan istedadlı uşaqları da bizim müsabiqədə görməyi arzuladı. O, dedi ki, İordaniyada da muğam var. Artıq biz də nəzərdə tutduq ki, növbəti müsabiqədə İordaniyanı və Mərakeşi cəlb edək. Keçən müsabiqələrdə özbək iştirakçının fars dilində “Qarabağ  şikəstəsi” ifa etməsi hər kəsi heyran qoymuşdu.

– Yeni beynəlxalq festival  haqqında nə deyə bilərsiniz?

– İslam Dünyası Gənclərinin klassik musiqi festivalı 2014-cü ilin yanvar ayından aprelədək keçiriləcək. Müsabiqədə İslam dünyasını təmsil edən 20 yaşadək gənclər iştirak edəcək.  Müsabiqə İSESKO-nun dəstəyi ilə reallaşacaq. Buraya 12 ölkədən olan klassik instrumental ifaçılar qatılacaq. Məqsədimiz budur ki, İslam dünyası gənclərinin inkişafını dünyaya çatdıraq. İstəyimiz budur ki, dünyanın bəzi ölkələri islam dünyası gənclərinə terrorist, separatçı, dağıdıcı qüvvə kimi baxmasınlar. Azərbaycanın bütün bölgələrinə bildirişlər göndərilib və Bakıda bütün aliorta ixtisas musiqi məktəblərində Yeganə Axundovanın rəhbərliyi ilə seçimlər olacaq.

 

Ümidə Həsənli

 

BakuPost.-2013.- 30 oktyabr. - S.10.