“Azərsu”nun səlahiyyətləri artırıldı

 

Azərbaycanın şəhər və rayonlarında çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri “Azərsu” ASC-nin balansına verilib. Nazirlər Kabinetinin sərəncamına əsasən nazirlik, komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları “Azərsu” ASC-nin balansına daxil edilib. Bundan əlavə, adları çəkilən təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri də “Azərsu”ya həvalə edilib.

“Azərsu” ASC-nin  ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı sərəncamın yeni tikilən hündürmərtəbəli binaların əhatə etmədiyini deyir. Onun sözlərinə görə, söhbət əsasən sovet dövründə inşa edilən 5 və 9 mərtəbəli binalardan gedir: “İndiyə qədər bu binalarda daxili su təchizatı və kanalizasiya sisteminə MİS-lər baxırdı. Bəzi binalarda bu iş bələdiyyələrin öhdəliyində idi. “Azərsu”  yalnız binanın girişinə qədər suya görə məsuliyyət daşıyırdı”. Lakin bundan sonra vəziyyət dəyişir. Zirzəmilər, binanın özünə və mənzillərə gedən su borularına nəzarət də “Azərsu”nun səlahiyyətinə verilir.

Bundan sonra bu xətlərdə yaranan nasazlıq, hansısa qəzalara görə də ASC məsuliyyət daşıyacaq.

Sirr deyil ki, hazırda Bakıdakı köhnə yaşayış binalarının bir çoxunda zirzəmilər bərbad vəziyyətdədir. Adətən su borularının sıradan çıxması ucbatından zirzəmiyə su axır, binanın özülünə ciddi ziyan dəyir. Antisanitariya şəraiti ilə əlaqədar, bu, həm də torpağın sürüşməsi, binaların bünövrəsinin tərpənməsi ehtimalını artırır. Bu cür halların qarşısını almaq üçün “Azərsu” gələcəkdə bir sıra tədbirlər görməyi planlaşdırır. Bura zirzəmilərin təmirindən tutmuş su borularının dəyişdirilməsinə kimi tədbirlər daxildir. A.Cəbrayıllının sözlərinə görə, hazırda sərəncamla bağlı olaraq “Azərsu”nun balansına verilən obyektlərin təhvil-təslim prosesi gedir.

 

 

Fərəh Sabirqızı

 

Baku Post.-2013.-12 yanvar.-S.-8.