Amerikalı “aşıq” qız

 

Demişdilər ki, Marta Azərbaycan dilini yaxşı bilir. Amma amerikalı 27 yaşlı gənc bir qızın dilimizdə bu cür səlis şirin ləhcə ilə danışacağını təsəvvür etməzdim. Martanı redaksiyaya dəvət edəndə bir qəribə sualı da oldu: “Sazla gəlsəm, olar?” Sən demə, Azərbaycana, adət-ənənələrinə, insanlarına vurğun olan həmsöhbətimin həm musiqimizə, xalq sənətinə böyük marağı varmış. Bu maraq da onu saz çalmağı öyrənməyə vadar edib.

Marta Louri artıq 3 ildir Azərbaycanda yaşayır təhsil alır. Amma okeanın o tayında doğulub boya-başa çatıb. Bioqrafiyası da qəribədirMassaçusetsdə anadan olub, Ohayoda yaşayıb, Koloradoda təhsil alıb. Sonra birdən-birə təhsilini yarımçıq qoyub könüllü təşkilatının tərkibində Rusiyaya üz tutub. İki il Pyatiqorsk kimi kaloritli bir guşədə yaşayıb:

– Ohayo, Kolorado hara, Rusiya, özü Pyatiqorsk kimi şəhər hara? Bu istək haradan yarandı belə?

Uzun məsələdir, sadəcə hiss etdim ki, Rusiyaya getmək istəyirəm. Koloradoda Hərbi Hava Qüvvələri Akademiyasında bakalavr təhsili alırdım. Sonra təhsili yarımçıq qoyub PyatiqorskDövlət Dilçilik Universitetinə qəbul oldum. 2005-2007-ci illərdə orada rus dilini öyrəndim. Amma sözün düzü, sona qədər rus dilinə alışa bilmədim, bir ilin sonunda bir qədər dilim açılmışdı. Azərbaycan dilinə nisbətən rus dili mənə çox çətin göründü.

 Pyatiqorskda daha çox Qafqaz xalqlarına qanım qaynadı. Qərara aldım ki, necə olursa-olsun bu yerlərə qayıdacağam. Bura mənim üçün dünyanın ən gözəl yerlərindən biri idi, dağlarını çox bəyəndim. Xalqları da çox qədimdir, adət-ənənələr, rəqslərinə, mətbəxlərinə çox bağlıdırlar, öz millətləri ilə fəxr edirlər. Bu xüsusiyyətlərindən çox xoşum gəldi. Amerikada elə şey yoxdur, bizdə hər şey çox qarışıqdır, hər şey təzədir. Qaraçaylar məhsəti türkləri arasında dostlarım vardı. Elə orada ikən ilk dəfə Azərbaycanı tanıdım. Könülsüz olsam da, Amerikaya qayıtdım.

Amma vədinizə xilaf çıxmadız, yenidən bu məkanlara döndünüz? Bu, necə mümkün oldu?

Hərbi Akademiyaya qayıtmadım. Çünki gərək orada 7 il oxuyardım. Mənsə Qafqaza daha tez qayıtmaq istəyirdim. Ona görə Texasda dilçilik üzrə oxudum. Dallasda yaşayanda rus dilini bilən kimlərisə tapmağa cəhd göstərdim çox çətinliklə olsa da tapdım. Bunlar Amerikada qaçqın olan məhsəti türkləri idi. Onlar da mənimlə tanışlığa çox sevindilər. Axı, dili bilmirdilər, yardıma ehtiyacları var idi. Beləcə dostlaşdıq, mən onlara sənəd işlərində kömək edirdim, onlar da mənə dadlı-dadlı yeməklər bişirirdilər. Onlarla rus dilində anlaşırdıq. Amma öz aralarında türkcə danışırdılar, mən diqqətlə dinləyirdim, iki il ərzində təxminən danışıqlarını anladım.

– Marta, Azərbaycana ilk gəlişdə sizi ən çox təəccübləndirən, bu mühitə öyrəşməyə çətinlik yaradan oldu?

– Əslində, Amerikadan Rusiyaya köçəndə o mühitə alışmaq daha çətin oldu. İlk dəfə idi ki, tamamilə fərqli bir dünyaya düşürdüm. Hər şey başqa cür idi. Rusiyanı gördüyümə görə Azərbaycanda bir o qədər də çətin olmadı. Sonradan magistratura üçün Qafqazda universitet axtaranda Xəzər Universiteti haqqında oxudum, bəyəndim və buranı seçdim. Fikirləşdim ki, niyə də Azərbaycan olmasın? Azərbaycana gələndə cəmi 20-30 söz bilirdim. Amma türklərlə qaynaşdığım üçün tez öyrəndim.

 Amma burda bilirsizmi, nə daha fərqli idi? Amerikada hər kəs çox müstəqildir, hərə öz vaxtını istədiyi kimi planlaşdırır. Burda isə kollektiv yaşayırlar. Bu, əlbəttə yaxşıdır, amma öyrəşmək bir qədər çətin idi. Əvvəllər anlaya bilmirdim ki, əgər şokolad aldımsa, onu təkbaşına özüm yeyə bilmərəm, hamı ilə bölüşmək lazımdır. Otaqda qayçı varsa, bu, daha tək mənim deyil, evdə olanların hamısı, hər kəs istifadə edə bilər.

 İndi bu adətlərə öyrəşmişəm. Artıq Amerikaya gedəndə darıxıram, görürəm ki, heç məni itirib-axtaran olmur. Düzdür, çox yaxşı ailəm var, ağıllı bacılarım, sevimli anam var. Amma onlar da soruşmurlar ki, hara gedirsən, kiminlə gedirsən, nə vaxt gələcəksən və s.

Amerikada gənclər yetkinlik yaşına çatan kimi evi tərk edirlər, müstəqil yaşamağa çalışırlar. Bu, cavan insanlar  üçün cəlbedici görünə bilər. Amma böyüyəndə görürsən ki, bu, düzgün deyil, hər kəsə dəstək lazımdır, ailə çox yaxşı şeydir. Məsələn, kiminsə yaxını rəhmətə gedəndə, heç kim onu tək buraxmır, problemləri elliklə həll edirlər, 40 gün onu tək buraxmırlar. Amma Amerikada dəfndən sonra hamı dağılışır və insan öz dərdi ilə tək qalır, itkini anlamaq çox çətin olur.

– Müxtəlif ölkələrdə oxumusuz, özünüz də tələbəsiz. Azərbaycanlı gənclərin digərlərindən hansı fərqli xüsusiyyətlərini müşahidə etmisiz?

– Azərbaycanlı gənclərin əksəriyyəti başını götürüb getmək istəyir. Xarici ölkədə təhsil almaq yaxşıdır. Amma qayıdıb öyrəndiklərini öz ölkəndə tətbiq etmək də vacibdir. Gənclərinizə deyərdim ki, qoy, öz ölkələrinin qədrini bilsinlər.

 Bir də, azərbaycanlı gənclər çox emosionaldırlar, şeir yazırlar, oxuyurlar, hər şeyə ürəkdən yanaşırlar, sevgiyə görə kimisə öldürə də bilərlər. Düzdür, öldürmək yaxşı deyil. Amma bu emosionallığı düzgün istiqamətə yönləndirmək mümkün olsa, yaxşı nəticələr əldə edə bilərsiniz.

– Deyirsiz ki, ailəniz sizə çox bağlıdır. Bəs, Azərbaycana gedəndə demədilər ki, “ay qızım, Azərbaycana niyə gedirsən? Bəlkə, orada sizin qərar elə adi bir şeydir?"

– Düzdür, bura baxanda, bizdə mənim qərarıma nisbətən adi yanaşmaq olar. Amma mənim seçimim hətta Amerika kimi sərbəst ölkədə də təəccüblə qarşılandı. Anam bizi geniş dünyagörüşü ilə böyüdüb, bilirdi ki, nə vaxtsa çıxıb gedəcəyəm. Böyük bacım da ailəsi ilə birlikdə Hindistanda, Suriyada, Koreyada yaşayıb. Valideynlərim də onların yanında gedir. Anam deyir ki, ağlıma da gəlməzdi ki, qızlarımın ardınca bütün dünyanı gəzəcəyəm. Yeri gəlmişkən, anamı bura da gətirmişəm. Qız Qalasını çox bəyəndilər, ordan dənizə açılan mənzərəyə heyran qalmışdı. Bütün yeməkləri bəyəndi, amma dolmanı lap çox xoşladı.

– Deməli, yaslarda olmusuz. Bəs, toylarda? Ümumiyyətlə, Azərbaycanın hansı mərasimlərini  bəyəndiniz?

– Gədəbəydə kənd toyunda olmuşam. Bakıdakı toylara nisbətən çadır toyunu daha çox bəyəndim. Orada hamı bir-birini tanıyır, daha çox səmimidirlər, ürəklə oynayırlar. Axı, heç onu demədim ki, burada Gədəbəydən olan bir ailədə qalıram. Azərbaycanda əldə etdiyim hər bir nailiyyət onların sayəsində olub. Məni ailə üzvləri kimi qəbul edirlər, birlikdə yeyirik, içirik, toylara gedirik. Elə bilirəm ki, burada əsl qohumlarım var. Yayda Gədəbəydə qalmışam, inək sağmışam, kartof əkmişəm. Çox tərbiyəli, sıx, mədəni ailədirlər. Onların köməyi ilə Quba, Qazax, Tovuz, Qəbələ rayonlarını gəzmişəm.

– Bildiyim qədər, burda kifayət qədər uğurlu karyera da qurmusuz. Planlar nədir? Azərbaycanda qalmaq istəyiniz varmı?

– Azərbaycan alqışlarına dair dissertasiya işimi müdafiə etmişəm. Dissertasiyanı ingilis dilində yazsam da, Azərbaycan dilində şifahi müdafiə etdim. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı ilə hələ Amerikada təşkilatda işləyəndən tanış idik. Bura gələndə artıq köməkçisi kimi işləməyə başladım. Bu, mənim üçün çox yaxşıdır. Hər gün yeni insanlarla tanış oluram.

İndi doktoranturada oxuyuram, Azərbaycan ədəbiyyatı mövzusunu araşdırıram. Amerika və Azərbaycan xalq mahnılarının sözlərini müqayisə etmək istəyirəm. Hələ bilmirəm, necə alınacaq. Amma Azərbaycan xalq musiqisi ilə çox maraqlanıram. Görürsüz də, sazla gəzirəm. Amerikada gitara çalırdım. Amma gördüm ki, burada gitara çalmağım ailəmizin xoşuna gəlmir. İstəyirdim, elə bir musiqi çalım ki, ətrafdakılarıma da ləzzət eləsin. Sazı öyrəndim. İndi artıq 20-30 mahnı bilirəm, amma həvəskar səviyyədə. Aşıq Mikayıl Azaflının qızından dərs almışam. Artıq sazı Amerikaya aparıb orda da xırda bir konsert vermişəm.

 

P.S. Müsahibənin sonundaAzərbaycanda evlənmə təklifi alsanız, qalarsızmısualına sırf azərbaycanlılar kimi cavab verdi: “ deyim, Allah bilən məsləhətdir”. Redaksiyamızın əməkdaşları qarşısındaPaşakeçdihavasını çalıb Azərbaycan şeirini oxudu. Elə söhbəti bu cür şən notlarla bitirdik.

 

 

Fərəh Sabirqızı

 

Baku Post.-2013.-30 yanvar.-S.-8.