ÜRƏYİ QIZDIRAN XATİRƏLƏR

 

Şıx - Əli Qurbanov - 85

 

Təxminən 35 ildən sonra Şıx-Əli Qurbanov kimi şəxsiyyət haqqında xatirələri danışmaq və ya yazmaq asan iş deyildir. Lakin bu böyük insan bir elmi müəssisədə işlədiyimiz 4 ilə yaxın müddətdə özünün ibrətamiz xarakteri, gözəl davranışı, səmimiliyi və hamıya nümunə ola biləcək çoxlu digər insani keyfiyyətləri ilə zehnimdə, xatirimdə silinməz bir iz qoymuşdur. Və mən bu böyük şəxsiyyət haqqında yadımda qalanları məmnuniyyətlə danışıram.

60-cı illərin əvvəllərində Şıx-Əli Qurbanov xalq arasında həm şair və yazıçı, həm də dövrün ən cəsarətli və qorxmaz Azərbaycanlısı kimi tanınmışdı. Danışırdılar ki, o raykomun 1-ci katibi işləyəndə, xüsusən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində ən böyük və məsul bir şöbənin rəhbəri olanda da Kremldə Azərbaycanın milli ləyaqətini müdafiə etməkdən heç vaxt çəkinmirmiş, vəzifəsindən məhrum ediləcəyindən qorxmadan xalqımızın milli adət ənənələrinin, milli sərvətinin qorunması uğrunda Kremldə oturan yüksək vəzifəlilərə etirazını bildirirmiş. Görünür, bu qürurlu Azərbaycanlının mətinliyi, barışmazlığı o vaxt Kremlin xoşuna gəlməmişdi və buna görə də  Şıx-Əli Qurbanov Azərbaycan KP MK şöbə müdirliyindən kənar edilmişdi. Kremlə müti icraçılar lazım idi.

Mən o vaxtlar Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat  institutunda Dil tarixi şöbəsinin müdiri işləyirdim. Bu elmi-tədqiqat institutu   indiki   Nizami muzeyinin binasında 3 və 4-cü mərtəbələrdə yerləşirdi.

Bir gün işə gələndə məlum oldu ki, Azərbaycan SSR EA Prezidiumunun   qərarı   ilə  Dil və  Ədəbiyyat  institutunda  ədəbi əlaqələr şöbəsi yaradılmışdır və bu şöbənin müdiri Şıx-Əli Qurbanov təsdiq edilmişdir. Hamı deyirdi ki, Azərbaycan SSR EA-nın prezidenti, akademik  Yusif  Məmmədəliyev  həmin  şöbəni  ancaq Şıx-Əli müəllimin xatirinə, onun cəsarət və qorxmazlığına, alimliyinə böyük ehtiram əlaməti olaraq açmışdır.

Beləliklə, Şıx-Əli müəllim Dil və Ədəbiyyat  institutuna gəldi və bu gəlişi ilə həmin tədqiqat institutunun qiymətini, dəyərini, nüfuzunu əsaslı şəkildə artırdı. Mənim də Şıx-Əli müəllimlə tanışlığım o vaxtdan başladı.

Çox az müddətdə Şıx-Əli müəllim İnstitutda hamının sevimlisi oldu, hamının rəğbət və məhəbbətini qazandı. Çox çəkmədi ki, ədəbi əlaqələr şöbəsi institutun ən məhsuldar şöbəsi oldu. Şıx-Əli müəllim Azərbaycan ədəbiyyatını, onun tarixini çox gözəl bilirdi.

Şıx-Əli müəllim böyük  ürək  sahibi   idi.  Onun humanizminin həddi-hüdudu yox idi. Uşaqları lap çox sevirdi.

Bir  dəfə    iyun  ayının  əvvəllərində  həmişəki  kimi   işdən   çıxarkən Şıx-Əli müəllim təklif etdi ki, bulvarda bir az gəzək. Şıx-Əli müəllim, Kamran Məmmədov, Məsud Vəliyev (Məsud Əlioğlu), mən bulvara tərəf yollandıq. Şıx-Əli müəllim dedi ki, o yaxşı ayaqqabı axtarır və buna görə Univermağın (indi köhnə univermağ adlanır) ayaqqabı şöbəsinə baxmalıdır. Biz yolumuzu oradan saldıq. Univermağa çatanda Şıx-Əli müəllim dedi ki, siz məni gözləməyin, yavaş-yavaş gedin, mən özümü sizə çatdıraram. Yadıma düşdü ki, mənə də yay ayaqqabısı lazımdır. Mən də ona qoşulub ayaqqabı şöbəsinə getdim. Ayaqqabılara baxa-baxa şöbəni  gəzirdik. Birdən bir  uşaq səsi  diqqətimizi cəlb etdi. Hər ikimiz dönüb baxdıq. Təxminən 7-8 yaşında bir qız uşaqı içərisində qırmızı rəngli ayaqqabı olan bir qutunu bərk-bərk tutub buraxmırdı, yanındakı təxminən 28-30 yaşında bir rus qadını qutunu onun əlindən alıb satıcıya qaytarmaq istəyirdi. Qız  uşağı  isə  ağlaya-ağlaya deyirdi: «Mama,  xoçu, ə xoçu». Anası isə ona yavaşca deyirdi:  «Milaə, seyças u menə net deneq, koqda budut denğqi, ə  tebe kuplö takie je botinki». Şıx-Əli müəllim də bu sözləri eşidirdi.

Bir də gördüm ki, Şıx-Əli müəllim sürətlə satıcıya yaxınlaşdı, ona nə isə dedi, qızın kiçik əllərini qutuya sıxdı və qutunu onun qucağına qoyub mehriban-mehriban rusca dedi: «Bu ayaqqabı sənindir, bunu mən sənə bağışlayıram». Sonra üzünü qızın anasına tutub səmimilikdə rus dilində dedi: «Xahiş edirəm etiraz etməyəsiniz. Bununla, inanın ki, məni hədsiz sevindirərsiniz. Uşaq qəlbini sevindirməyə mənə imkan verdiyinizə görə ömrüm boyu sizə minnətdar  olaram».

Qadın qəribə hal keçirirdi, onda həm qəti etiraz, həm tərəddüd, həm də özünü itirməsi hiss olunurdu. Amma Şıx-Əli müəllimin səmimiliyi, saflığı qalib gəldi. Qadın başını aşağı dikdi, qızının əlindən tutub yavaş-yavaş gedərkən onun dilindən bu sözləri eşitdik: «Oqromnoe vam spasibo, dobreyşiy çelovek». Qız bir əli ilə qutunu sinəsinə bərk-bərk sıxmış, digər əli ilə anasının əlindən tutmuşdu. O gedə-gedə bir dəfə dönüb Şıx-Əli müəllimə baxdı, gözünün yaşı qurumuşdu, baxışında sonsuz sevinc və uşaqlara məxsus bir minnətdarlıq var idi. Şıx-Əli müəllim ona gülümsədi, əlini yellədib  onunla xudahafizləşdi. Şıx-Əli müəllim qızdan və anasından da çox sevinirdi. Hər ikimiz bulvara tərəf yeridik. Bir qədər hər ikimiz tam sakit halda yeridik. Elə bil hərə öz aləmində idi. Mən Şıx-Əli müəllimin gözəl hərəkəti haqqında düşünürdüm, bəs Şıx-Əli müəllim nə düşünürdi? Birdən Şıx-Əli müəllim üzünü mənə tutub çox ciddi şəkildə dedi: «Səndən təkidli bir xahişim var: ayaqqabı şöbəsindəki hadisə haqqında heç kəsə və bulvarda bizi gözləyən dostlara da danışma». «Sizi çox yaxşı başa düşürəm, narahat olmayın» - dedim   bu insana heyran qaldım! Ürəyimdə fikirləşdim ki, Allah bilir, Şıx-Əli müəllim bu vaxta qədər tanıdığı və tanımadığı insanlara nə qədər ancaq Allahın bildiyi yaxşılıqlar etmişdir! Şıx-Əli müəllim etdiyi  yaxşılığı  heç  vaxt  dilinə  gətirməyən  nadir  insanlardan  idi.

Şıx-Əli müəllim çox qeyrətli, namuslu, haqsızlığa dözməyən mərd bir insan idi. Bir dəfə Şıx-Əli müəllim bərk soyuqlamışdı və evdə yatırdı. İş yoldaşlarından bir neçə nəfərimiz evinə onu yoluxmağa getdik. Şıx-Əli müəllim hətta durmaq istəyirdi. Lakin biz razı olmadıq, balışa söykənib bizimlə söhbət etməyinə razılaşdıq. Bir anda Xavər xanım stolun üstündə zəngin bir çay süfrəsi açdı. Çox gözəl çay dəmləmişdi, mürəbbələrdən doymaq olmurdu. Xavər xanım bizim hamımıza çox səliqəli və qonaqsevən bir ev sahibəsi təsiri bağışladı... Kimsə Şıx-Əli müəllimə partiya vəzifəsində, xüsusən raykomun birinci katibi işlədiyi dövrə aid bir sual verdi. Şıx-Əli müəllim suala cavab verdi, sonra da başına gəlmiş belə bir əhvalat danışdı: «Voroşılov rayonu - Bakının ən böyük rayonunun partiya komitəsinin birinci katibi işləyirdim. İşim həddindən artıq çox olsa da, şikayətə, xahişə və s. üçün yanıma gələnləri çalışırdım ki, mümkün qədər çox qəbul edim və imkan daxilində kömək göstərim. Bir gün səhər işə gəldim, binaya daxil olanda bir yaşlı, ağbirçək qadın tez mənə yaxınlaşdı və dedi ki, oğul, sənə qurban olum, məni qəbul et, dərdimə qulaq as. Qadının üzündən nur yağırdı. Anam yadıma düşdü. Qadının qolundan tutub kabinetimə  gətirdim. Köməkçiyə   tapşırdım  ki, heç   kəsi   mənim yanıma buraxma.  Qadını yumşaq stulda oturtdum, özüm də onunla üzbəüz oturub dedim, ana, səni eşidirəm, dərdini mənə danış. Qadın ah çəkib dedi ki, mənim oğlum dənizdə işləyirdi, üç ay bundan əvvəl həlak oldu. İki xırda uşağı və cavan gəlini mənim öhdəmə qoydu getdi. İşdə ev uçotunda (qeydiyyatında - red.) var idi. Sağ olsunlar, bir aydır ki, ona ikiotaqlı ev ayırıblar, ispolkomun  (icraiyyə komitəsinin - red.) qərarı da var. Amma order verən idarənin bir insafsız müdiri var, bir aydır gəlinimi get-gələ salıb, orderi yazıb vermir. Oğul, məni bağışla, gəlinimə deyir ki, ya mənimlə görüşməlisən, ya da pul verməlisən. Yoxsa mənzil görən deyilsən.

Ağbirçək qadının bu sözünü eşidəndə qəzəbimdən bilmirdim nə edim. Dedim, ana, gəlininlə mənim yanıma gələ bilərsən? Dedi ki, gəlinimlə gəlmişəm, o küçədə məni gözləyir.

Köməkçini ona qoşdum, gedib gəlini gətirdilər. Gəlinə dedim

ki, bu gün get onunla danış, soruş nə qədər pul istəyir və de ki, istədiyi pulu gətirəcəksən. Sonra da bu ana ilə gəl, mənə onun istədiyi pulun miqdarını və pulu ona verəcəyin yeri de.

Köməkçimə tapşırdım ki, bu iki nəfər bu gün nə vaxt bura gəldilər, birbaşa mənim yanıma gətir.

Təxminən axşam çağı - saat  7-də gəldilər. 2000 manat (sovet  pulu  nəzərdə tutulur - red.) pul istəmişdi, pulu sabah səhər saat 11-də Nizami kinoteatrının kassalarının yanında ona verəcəkdi. Hər ikisinə dedim qəbul otağında bir qədər gözləsinlər. Onlar çıxandan sonra raykomun bütün işçilərini kabinetimə yığdım və dedim kimin cibində nə qədər pul var nömrəsini və miqdarını yazıb özündə saxlasın, pulları mənə versin. Yaşlı qadınla onun gəlinini otağıma çağırdım. 2000 manatı onlara verdim və gəlinə dedim ki, buraya gəldiyinizi heç kəs bilməsin, cəsarətli ol, sabah vəd olunmuş yerdə çəkinmədən pulu ona ver.

Sabah səhər saat 10:45-ə raykomun büro iclasını çağırdım.

Milis rəisinə və prokurora tapşırdım ki, pulu alan kimi o namussuzu tutub düz büronun iclasına gətirərsiniz. Ertəsi gün düz saat 10:45-də büronun iclasını açdım, məsələni büro üzvlərinə danışdım və dedim ki, indilərdə o vicdansızı milis rəisi ilə prokuror buraya gətirməlidirlər. Sözümü qurtarandan sonra 2 - 3 dəqiqə keçmədi  ki, qapı  açıldı    milis  rəisi  ilə   prokuror  bir  yekəpər cavan kişini büro iclasına saldılar...

Prokuror sanksiya verdi, milis rəisi də buradan bu qeyrətsizi, namussuzu düz həbsxanaya apardı.

Büro qurtardı. Bir saat keçmədi ki, mənə yuxarı vəzifəlilərdən telefon zəngləri başlandı. Məlum oldu ki, bu, başqasının namusuna göz   dikmiş, qeyrətsiz, böyük vəzifəli bir şəxsin yaxın qohumudur.

Çox xahişlər, təkidlər, hətta hədələr eşitdim ki, onun bu hərəkətinin üstündən keçim və o buraxılsın. Razılaşmadım.  O,  cəzasını

aldı. «Kommunist» və «Bakinskiy raboçiy» qəzetlərində məlumat verildi ki, Azərbaycan KP MK rüşvətxorlara qarşı amansız mübarizə aparır və bu mübarizənin uğurlu nəticəsi kimi bir rüşvətxor ifşa edilərək həbs  olunmuşdur».

Şıx-Əli müəllim çox qayğıkeş, övladlarını hədsiz dərəcədə sevən bir ata idi. Dəqiq yadımda deyil, o vaxt qızı Gülnara 6 ya 7-ci sinifdə oxuyurdu. Bu yadımdadır ki, Şıxəli müəllim qızı Gülnaranın yazdığı inşa işinin birinci yer götürməsini iftixarla danışırdı. Şıx-Əli müəllimlə son görüşüm səhv etmirəmsə, 1967-ci ilin əvvəllərində, artıq o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyərkən olmuşdur.

Astara rayonunda o vaxt çox yaxşı işləyən bir qohumumu raykom  katibinə «haqq» vermədiyi üçün partiyadan çıxartmışdılar. Qohumuma qarşı ədalətsizlik edildiyinə əmin olduğum üçün Şıx-Əli müəllimə zəng vurub xahiş etdim ki, görüşək. Məni  öz  kabinetində,  yəni MK katibinin kabinetində qəbul etdi. Şıx-Əli müəllim bu böyük vəzifədə dəyişməmişdi: məni görən kimi yerindən durub irəli gəldi, məni qucaqladı və dedi: - Soyuqdəyməm olmasaydı -  səni  öpərdim!

Yenə də həmin səmimi, mehriban Şıx-Əli müəllim idi. Vəzifə onu dəyişməmişdi. Siqaret qutusunu çıxardı, mənə təklif etdi, dedim, bilmirsiniz ki, mən çəkən deyiləm? Xeyli söhbət etdi. İşimi, iş yoldaşlarımı soruşdu, çox mehriban sözlər dedi. Mən qohumum haqqında ona danışdım. Dedi ki, narahat olma, əgər qohumun sən deyən kimi təmiz adamdırsa, ədalət yerini tapacaq. Məni qapıya qədər ötürdü, ayrılanda da məni qucaqladı. Və ayrıldıq. Sən demə bu son görüşümüz imiş. Bir neçə gün keçdi. Bir gün səhər işə gəlmişdim. Dəhşətli bir xəbər gəldi: Şıx-Əli Qurbanov vəfat edib. Heç kəs inanmaq istəmirdi. Lakin dəhşətli xəbər, sən demə, doğru imiş. Qadın işçilər açıq-aşkar ağlayırdılar, kişilər isə hərəsi bir küncə çəkilib hönkürürdü. Bütün Azərbaycan ağlayırdı - namuslu, qeyrətli oğlunu itirdiyinə görə. Allah sənə rəhmət eləsin Şıx-Əli müəllim!

Adətən, bir təbii fəlakət baş verəndə deyirlər ki, Allahın camaata qəzəbi tutub. Mənə belə gəlir ki, Allahın bir xalqa qəzəbi tutanda onun Şıx-Əli Qurbanov, Yusif Məmmədəliyev, Səməd Vurğun kimi oğullarını tez, vaxtından əvvəl əlindən alır! Xalq üçün ən böyük fəlakət  budur!

14  yanvar  2001-ci  il

 

 

Mirzə Rəhimov,

filoloji  elmlər  doktoru,

professor

 

Bizim yol.- 2010.- 14 avqust.- S. 15.