«Qaradağ döyüşlərində qorxu hissini unutdum»

 

Bu dəfə Qarabağ səhifələrini başqa bir döyüşçü xanımımızın xatirələrində yaşadıq - Ağdam rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı Rüstəmova Maya Sabir qızı. O, Qarabağ müharibəsindəki iştirakından, Xocalı sıyqırımından canını qurtaranlara göstərdiyi xidmətdən, polisdə üzləşdiyi hörmətsizlikdən və şahidi olduğu digər hadisələrdən söhbət açdı...

 

Bəy nəslindən qadın döyüşçü

 

Özü haqda öncə bunları deyir: “Ağdam rayonunun Qara Zeynallı kəndində yaşayırdıq. Ünvanımızı da xatırlayıram - İslam Hacıyev küçəsi, ev 63. Ali təhsil ala bilmədim. Lakin, 50 nömrəli Texniki Peşə Məktəbini bitirdim. Ağdamın voleybol, həndibol, basketbol komandalarının üzvüydüm. Həm də bir müddət bu komandaların kapitanı olmuşam. Keçirilən yarışların nəticəsinə uyğun olaraq fəxri fərmanlarım da var. Məktəbdə hərbi dərsdə atıcılıqdan dəfələrlə yüksək nəticə göstərdiyim üçün birinci yerə sahib oldum.

Biz Ağdamda yaxşı tanınmış Sultan bəylə İldırım bəyin tayfasındanıq. Vətənpərvərlik bizim qanımızdadır. Qarabğlılar musiqiyə bağlı olurlar. Musiqi təhsilim də var, Qarabağ Bülbüllərində oxumuşam. Qarabağlı kişilərində bir xasiyyət var ki, xanımın müğənni olmasına yaxşı münasibət bəsləmirlər. Eləcə də, bizim ailəmizdə. Bunun nəticəsidir ki, mən tanınmış musiqiçi olmadım. Üç qız övladım var - Günel, Aygün, Ayşən. Həyat yoldaşım olmuş Əvəz Kərmimov da öz xalam oğludur”.

 

“Əsas yük Ağdamın çiyninə düşdü

 

Müharibə həyatı belə başlayır: “Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olub. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək istəyirdi. Bu məqsədlə ermənilərin 1988-ci ilin fevralından başladıqları müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunub, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdamın və onun əhalisinin üzərinə düşüb. 1988-ci ilin son aylarında Ermənistandan - öz ata-baba yurd-yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən silah gücünə didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

1992-ci ilin əvvələrindən müharibədə iştirak etməyə başladım. Müharibənin dəhşətlərinə dözə bilmirdim. Hər gün insan kütləsinin faciəsindən danışılırdı, kəndlərin yandırılmasından söhbət açılırdı... Həmin ilin fevralında Xocalı soyqırımından canını qurtarıb Ağdama gələnlərə kömək etməklə müharibəyə qoşuldum. O demək deyil ki, Xocalılara pul verirdim, paltar verirdim. Lakin onların düşmən gülləsinə tuş gəlməməsi, əsir düşməməsi üçün çalışırdım”.

 

Prezident dedi ki, Ağdam işğalda qalmayacaq...”

 

Müharibə yeni məcraya qədəm qoyur: “1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.

Ağdama edilən son hücumda 6 min erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər muzdlu əsgərlər var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 fazini işğal etməyə nail oldular. Ağdam uğrunda gedən döyüşlərdə 6 min azərbaycanlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın hazırda işğal edilmiş ərazilərində 360 nəfər daimi məskunlaşıb.

Ağdam işğal olunan ərəfədə evimizdən heç götürmədik. Buna səbəb keçmiş dövlət başçısı Heydər Əliyevin televiziyadakı çıxışı oldu. O, demişdi ki, Ağdam işğalda qalmayacaq. Biz ona inanıb müvəqqəti rayonu tərk etdiyimizi düşündük. Övladlarımla Ağdamı tərk etdim, həyat yoldaşımsız. Çünki, o, kənddə deyildi. Atəş səsləri dayanan kimi kəndə qayıdırdıq, atışmalar başlayanda yenidən uşaqları kənddən çıxardırdım. Hesab edirdim, elə indi bu fikirdəyəm ki, erməni kimdir axı, Ağdamı işğal etsin?! Ağdamlılar qoçaq, mərddir. Qarabağ müharibəsinin ilk şəhidlərini məhz Ağdam rayonu verib (Əli Bəxtiyar). Bu rayondan olan Azərbaycanın Milli Qəhrəmanları da az deyil: Şirin Mirzəyev, Asif Məhərrəmov (Fred Asif), Allahverdi Bağırov, Yelman Edilov, Əlabbas İsgəndərov, Faiq Ağayev, Muxtar Qasımov, Hidayət Rüstəmov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Fazil Mehdiyev, İxtiyar Qasımov, Rövşən Hüseynov, Canpolad Rzayev, Nadir Əliyev.

 

Gözü arxada qalıb...

 

Hərbi forma geyinən qadınlardan biri mənəm. Vətəni sevmək üçün kişi qadın olmağın fərqi yoxdur. Hərbi hospitalda çalışmasam da yaralılara tibb bacısı kimi kömək etmişəm. İkinci Qarabağ müharibəsi başlayarsa, könüllü olaraq döyüş ərazisinə yollanacam. Gözüm Ağdamda qalıb. Mən hərbi formanı özümü göstərmək, reklam üçün geyinməmişəm. Hətta, döyüşçülərlə birlikdə şəkil çəkdirmişdim, qardaşlarım bunu görəndə kiçik mübahisəmiz oldu. mən həmin şəkildə özüm olan hissəni kəsib çıxardım, ayrıca saxladım. Lakin məcburi köçkün kimi getdiyim ilk yer - Göyçay rayonunda həmin şəkili itirdim.

Müharibədən sonra hərbi sahədə xidmət etmək istədim, amma qəbul edən olmadı. Müharibə içtirakçısı olaraq əlimə silah alan qadınlardan biri mənəm. Lakin, düşmənə güllə atmadım, çünki səngərə getməyə icazə verilmədi. Bunu vermişdilər ki, özümüzü çətin vəziyyətdə müdafiə edə bilək”.

 

Düşməndən görmədiyini öz polisindən görür

 

Xocalı işğal olunandan sonra Xocalı rayon polis şöbəsi Ağdamda yerləşib: “Mən burada çalışmışam. Lakin burada qalıb xidmət edə bilmədim. Buna səbəb isə qadın olaraq mənə arzuolunan münasibətin olmamasıydı. Yəni, Xocalının polis rəisi Sadiq müəllimin qohumu mənə pislik etdi. Həmin anı indi xatırlayıram. Əlimdə silah var idi. Gecə saatları idi, yataq otağına daxil olub, uzandım. Üzərimdə polis forması var idi. Silahı da kürəyimin altına qoyub yatdım. Az vaxt keçmədi ki, rəisin qohumunun göstərişi ilə bir nəfər pəncərədən otağa dail olmaq istədi. Bunu görən kimi cəld işığı yandırdım silahı ona tuşladım. Onu öldürmək istəyim yox idi, sadəcə qorxutdum. Həmin şəxs pəncərədən geri qayıtdı, mən bayıra çıxdım.

Həyətdə əyləşdiyim zaman rəisin qohumu mənə yaxınlaşıb qarşıma siqaret qutusu atdı, elə bildi ki, siqaret çəkəcəm. Ondan öz yerini bilməyi tələb etdim. Xocalıda qeyrətli oğlanlar çox idi. Bu şəxs isə məni özünə tabe etmək istəyirdi. İdmançı olduğum üçün hərbi forma mənə yaraşırdı. O, yəqin düşünüb ki, ağlımı alacaq... Elə həmin gecə oranı tərk etdim. TəkbaşımaKAMAZ”ı sürdüm. Orada olan qeyrətli Xocalı oğlanlarına bildirdim ki, bura mənim yerim deyil, mən xidmətə gəlmişdim”.

 

Müharibənin ən dəhşətli anı

 

Qarabağ savaşında qorxunu unutduğu üçün, ona hər şey adi gəlirmiş: “Yalnız qalibiyyəti düşünürdüm... Müharibənin mənim üçün ən təsirli anı 3 mərtəbəli çörək fabrikinin vurulması oldu. 3-4 dəfə qrad atdılar. 5 dəqiqənin içində fabrikdən əsər-əlamət belə, qalmadı. Həmin vaxt qaynanamı, yəni xalamı itirdim. O, mənim qollarım arasında, ağzında çörək gözlərini yumdu.

Müharibənin getdiyi bir zamanda həyat yoldaşımın spirtli içki içməsi mənə pis təsir edirdi. Qısqanclıq ucbatından həyat yoldaşımdan ayrıldım. Qarabağ müharibəsində iştirak etməyim onun ürəyincə deyildi. Kişi qəlbidir... Hər şeyə göz yumdum, çünki gözüm baxa-baxa yaralıların köməksiz qalmasına dözmədim. Yoldaşım tez-tez Rusiyaya gedirdi. Mən isə vətənimə bağlı şəxsəm. Bu qürur məndə olub indi var. Mən bəzi kişilərdən qeyrətliyəm. Qeyrətli kişilər az deyildi. Döyüşçülərin arasında həyat yoldaşı ilə birlikdə döyüşlərə qatılanlar da varıydı.

Müharibədə mənim qazancım olmayıb, amma bəziləri guya nəysə qazanmaq üçün döyüş iştirakçısı olduğumu deyirdilər. Bu, dedi-qodudur. Mən namərd olardım ki, həyat yoldaşımın uşaqlarına baxmazdım”.

 

Döyüşlərdən sonra...

 

Onun müharibədən sonrakı həyatı da asan olmur: “Ağdam işğal olunana qədər rayonda olmuşam. Müharibədə iki qızım yaralandı, onlar qəlpə yarası alıblar. Qəlpə Ayşənin başına girmişdi. Göyçay xəstəxanasında həkimlər övladlarımı sağaltdılar. Amma, mənim müharibə zamanı səhhətimdə problemlər yarandı. Hələ onun ağrısnı çəkirəm.

Hazırda müvəqqəti olaraq Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasında müvəqətti məskunlaşmışam. Bu durumda belə, deyim ki, müharibədə iştirak etməyimə peşman deyiləm.

 

Xatırlatma

 

Ağdam - Azərbaycanın, hazırda inzibati mərkəzi Ağdam şəhəri daxil olmaqla, ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan rayonu. İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır. 24 iyul 2011-ci ildə bu rayonun işğalından 18 il ötdü.

 

 

RAMİD

 

Bizim yol.- 2011.- 26 noyabr.- S. 11.