İçərişəhərdən “Eurovision” qonaqlarına xəbər

 

Turistlər üçün gəzinti arabaları, audiobələdçilər, bölgə turları və milli sərgilər təşkil olunacaq

 

Eurovision” ərəfəsində, paytaxtın tarixi mərkəzi sayılan İçərişəhərdə durum necədir? Bu suala cavab tapmaq üçün Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yollandıq. Qoşa qala qapısından piyadalar üçün giriş pulsuzdur, avtomobillərin girişi üçünsə 2 manat ödənilməlidir. Bu ödəniş bir saat üçün nəzərdə tutulub. Bu zamandan sonra hər saat üçün əlavə bir manat da ödənilməlidir. İçəri tərəfdə elektriklə işləyən gəzinti arabaları dayanıb ki, bir nəfərin gəzintisi 2 manata başa gəlir.

Arabaların dayanacağında Məlumat Məntəqəsi də var. Burada xidmət göstərən xanım deyir ki, qonaqlara İçərişəhəri tanımaq üçün məlumatlar verilir. Həmçinin, “Eurovision” ərəfəsində insanların vaxtlarını xoş və səmərəli keçirmələri üçün, İçərişəhər və Qala qoruqlarında mədəni-kütləvi tədbirlər təşkil ediləcəyi, sərgilər keçiriləcəyi, Azərbaycanın mədəniyyət və tarixinin tanıdılması üçün xarici dillərdə broşurlar, kitabçalar paylanacağı bildirilir.

“Buradakı abidələr barədə məlumat almaqda turistlərə audiobələdçilər yardım edəcək. Çin istehsalı olan audiobələdçilər 5 dildədir: Azərbaycan, ingilis, rus, fransız və türk. Audiobələdçini müvəqqəti istifadə etmək üçün  paytaxt sakinləri 3, turistlər isə 5 manat ödəməlidirlər. Bununla yanaşı ya pasportlarını, ya da sürücülük vəsiqələrini Məlumat Məntəsinə təqdim etməlidirlər. Audiobələdçini geri qaytardıqdan sonra sənədlər sahiblərinə qaytarılır”, - bələdçi xanım deyir.

 

Bölgələrə turlar

 

Həmsöhbətimiz İçərişəhərdaxili və bölgələrə turların təşkil olunacağını da qeyd edir. Bölgələrə olan birgünlük turların maşrutları belədir:

Bakı-Şamaxı-Ağsu-Bakı. Bu istiqamətdə turistlər Qobustan qaya rəsmləri, “Diri Babapiri, Şamaxıda İmadəddin Nəsimi heykəli və digər tarixi abidələri görə biləcəklər. Səfərin qiyməti adamların sayına görə dəyişir - “Hyundai-Hİ” markalı avtobusla 1 nəfərin gəzintisi 400 manatdır. Adamların sayı 2-7 nəfər arasında olarsa, əlavə olaraq hər bir nəfərə görə 20 manat, 9-15 nəfər olduqda hər bir nəfərə görə 15 manat, 17-25 nəfər arasında olarsa, əlavə olaraq hər nəfərə görə yalnız 10 manat ödəniləcək. Səfər saat 09.00 - 19.00 arası nəzərdə tutulub.

Bakı-Şamaxı-Lahıc-Bak. Bu istiqamətdə gəzinti “Bakı-Şamaxı-Ağsu-Bakı” turu ilə eynidir. Turistlər Lahıcın görməli yerlərini gəzəcəklər. “Hyundai-Hİ” markalı avtobusla səfər etmək istəyənlər 1 nəfər üçün 420 manat ödəyəcək. Adam sayı artıqca, əlavə ödənişlər birinci istiqamətdə olduğu qaydada artacaq. Səfər saat 09.00 - 20.00 arası nəzərdə tutulur.

Bakı-Şamaxı-Pirqulu-Bakı. Burada da gəzinti yuxarıdakı turlarla eynidir. Nahardan sonra turistlərə Pirqulunun görməli yerləri göstəriləcək. 1 nəfərin gəzintisi 380 manatdır. Adam sayına müvafiq olaraq, əlavə ödənişlər eynən yuxarıdakı qaydada artacaq. Səfər saat 09.00 - 20.00 arası nəzərdə tutulur.

Bakı-Şamaxı-Qəbələ-Bakı. Bu istiqamətdə turistlər Qəbələnin Vəndam kəndində yerləşən “Girva” restoranında nahar edəcək, sonra rayonun görməli yerlərini gəzəcəklər. Bu istiqamətdə 1 nəfərin gəzintisi 440 manatdır. Əlavə ödənişlərsə yuxarıdakı kimi artacaq. Səfər saat 09.00 - 20.30 arası planlaşdırılır.

Bakı-Quba-Bakı. Bu istiqamətdə qonaqlar Şamaxını da görəcəklər, nahar isə “Qırmızı” restoranda baş tutacaq. 1 nəfərin gəzintisi 380 manatdır. Adambaşı əlavə ödənişlər yuxarıdakı formada təkrarlanır. Səfər saat 09.00 - 19.30 arasıdır.

 

Çoban papağı 20 manata

 

İçərişəhərin Böyük Qala küçəsində yol qazıldığı üçün, hazırda bu küçədə hərəkət məhdudlaşdırılıb. Yerə düzülmüş tarixi daş piltələr çıxarılıb. Fəhlələrin sözlərinə görə, kommunal xəttlər yeniləri ilə əvəz edildiyi üçün küçə qazılıb. Onlar hesab edirlər ki, müsabiqəyə qədər küçəyə yeni daş piltələr düzüləcək. Qeyd edək ki, Avropa Şurasının Bakı ofisibu küçədə yerləşir.

İçərişəhərdə küçələr boyunca əl əməyi olan məhsulların satışına rast gəldik. Diqqətimizi çəkdiyindən, milli papaqların qiymətləri ilə maraqlandıq. Öyrəndik ki, qoyun dərisindən hazırlanan çoban papağının qiyməti 20, bayrağımızın rəngində olan və üzərinə Azərbaycan yazılan günlük papağın qiyməti 5, araxçının qiyməti isə 3 manatdır.

 

 

Ramid İBRAHİMOV

 

Bizim yol.- 2012.- 28 aprel.- S. 13.