“Şirlər ölkəsi”nə səyahət

 

10 minə yaxın eksponatın qorunduğu Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi 70 yaşını qeyd etməyə hazırlaşır

 

Diyarşünaslıq muzeyi - müəyyən coğrafi və ya inzibati əraziyə aid tarixi abidələri, təbii-elmi və bədii kolleksiyaları, xalq sənətkarlığı nümunələrini toplayan, qoruyan, öyrənən və təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir. Azərbaycanda ilk diyarşünaslıq muzeyi 1920-ci ilin iyununda Bakıda yaradılıb. Bu indiki Azərbaycan Tarixi Muzeyidir. Lakin bizim budəfəki reportajımız Azərbaycan Tarixi Muzeyindən deyil, Seyid Əzim Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyindəndir.

Bizim Yol” əməkdaşı ilə söhbətində muzeyin direktoru Firqiyyə Zamanova bildirdi ki, Şamaxıda Tarix-Diyarşünaslıq Muzeyinin yarandığı müddətdən burada eksponatların sayı artaraq 9760-a çatıb. İlin sonunda muzeyin 70 yaşının qeyd edilməsinə hazırlıq görüləcək. Direktor bildirdi ki, 1945-ci ildə Şamaxı Ölkəşünaslıq muzeyi adı ilə fəaliyyətə başlamış muzeyin fonduna 1950-2000-ci illərdə Şamaxıda arxeoloji tədqiqatlar aparmış arxeoloqlar xeyli yeni eksponat təqdim ediblər.

Muzeyin foyesində kəndlər və Şamaxının tanınmış insanları haqqında məlumat bazası qoyulub. Zəngin, flora, fauna, palçıq vulkanları, astrofizika rəsədxanası, herbarilər, minerallarŞirvan zonasına məxsus süxurlar da muzeydə müvafiq məzmuna uyğun yer alıb. Muzeydə diyarşünaslıq, qədim dövr, Şirvanşahlar dövlətinin mərkəzi, Səfəvilər dövləti, Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Sovet İttifaqı dövrləri və Şamaxının müstəqillik illəri mövzuları üzrə eksponatlar nümayiş olunur. Ümumiyyətlə, burada əşyaların yaşı VI əsrlə 1991-ci ilə qədər olan dövrə təsadüf edir.

 

1948-ci ildə ilk ekspozisiya tərtib olunub

 

Firqiyyə Zamanova dedi ki, muzeyin ilk rəhbəri görkəmli filoloq alim Bilal İbrahimov olub. Bir neçə il ərzində Muzeydə çoxlu eksponat toplanıb, 1948-ci ildə ilk ekspozisiya tərtib olunub. Sonralar Muzeyə eksponatların cəlb edilməsində bütün Şamaxı ziyalıları yaxından iştirak edib.

1950-2000-ci illərdə Şamaxıda arxeoloji tədqiqat aparan arxeoloqlar - Cabbar Xəlilov, Hüseyn Ciddi, Aləm Nuriyev, Şirzad Əhmədov Muzeyə xeyli arxeoloji materiallar veriblər. Muzeyin uzun müddət direktoru olan Firqiyyə Zamanova nəinki Şamaxı və kəndlərindən, hətta Azərbaycanın hüdudlarından kənarda olan bəzi eksponatların, o cümlədən 1902-ci il Şamaxı zəlzələsi ilə əlaqədar olan sənədlərin Muzeyə cəlb edilməsinə nail olub.

Direktor bizə verdiyi məlumatda Azərbaycanın tarixi regionlarından birinin Şirvan vilayəti olduğu, burada minillik tarixi əhatə edən Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) mövcudluğu, hələ II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomeyin adını çəkdiyi Şamaxı şəhərinin uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olduğunu vurğuladı: “Azərbaycanın bütün regionlarında Tarix-Diyarşünaslıq muzeyləri vardır. Lakin bu tip muzeylər regional xarakter daşıdığından onların ekspozisiyası mövzutarixi ardıcıllıq olmadan zəif eksponatlarla nümayiş edilir. 2008-ci ildə Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin yeni elmi ekspozisiyasının qurulması ilə əlaqədar layihəmiz bəyənilib və həyata keçirilməsinə başlanıb. 2008-2009-cu illərdə həyata keçirilib. Hər bir zal mövzuya uyğun olaraq boyanıb, informasiya panelləri həmin rənglərlə çap olunub. Yaşıl təbiəti simvolizə etdiyi üçün “Diyarşünaslıq”, boz Şamaxıda evlərin qədimdən boyandığı xüsusi mineralın - “şirə”nin rəngini simvolizə etdiyi üçün “Şamaxı qədim dövrdə”, süd rəngi Şirvanın “süd ölkəsi” adlandırılmasına əsaslanaraq “Şirvanşahlar dövründə Şamaxı” mövzusu üçün əsas rəng seçilibs. Muzeyin vitrinləri Şamaxı meşələrində bitən göyrüş ağacından düzəldilib. Vitrinlərə və panellərə Muzeyin emblemi (Şirvanşahlar dövlətinin adını simvolizə edən “günbəz içərisində üz-üzə dayanmış iki şir (“Şirvan” - “Şirlər ölkəsi” deməkdir) və onların arasında bir inək (“Şirvan” - fars dilində isə “Süd ölkəsi” deməkdir) başının təsviri) həkk edilib. Konfransın da ruhuna uyğun olaraq Muzeyin foyesində Şamaxı kəndləri və Şamaxının tanınmış insanları haqqında məlumat bazası qoyulduğu xüsusilə vurğulanıb.

Muzeyin ekspozisiyasını tam əhatə edən iri həcmli və rəngli kataloq Azərbaycan Tarix Diyarşünaslıq Muzeyləri içərisində ilk dəfədir ki, Şamaxıda nəşr olunub. Bu layihə ilə Azərbaycanın lokal muzeyləri içərisində ilk dəfə dünya muzey standartları əsasında tarixi ardıcıllıq, işıq effektləri, iki dildə (Azərbaycan və ingilis) informasiya, elektron vasitələrdən istifadə edilməklə Şirvan regionunun mədəni irsi yerlixarici turistlərə təqdim olunur.

 

Tarix-diyarşünaslıq muzeyində təbiət bölməsi

 

Firqiyyə Zamanovanın sözlərinə görə, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində də bu qədim diyarın, şeir-sənət ocağının keçmişi və bu günü əşyaların dili ilə izləyicilərə çatdırılır: “Bildirim ki, muzey işinə aid 1980-ci ildə qəbul edilmiş qərarda respublikanın bütün şəhər və rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması nəzərdə tutulub. Bu, Azərbaycan xalqının milli sərvəti - tariximiz və mədəniyyətimizlə bağlı dəyərlərin, ulu keçmişimizi özündə yaşadan yadigarların toplanılması, qorunması, öyrənilməsi və gənc nəslin tərbiyəsində istifadə edilməsi üçün böyük əhəmiyyətə malik addım idi. Tarix-diyarşünaslıq muzeylərində həmin bölgənin keçmişibu günü, tanınmış şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin, xalq qəhrəmanlarının həyatı və fəaliyyəti konkret materiallar əsasında izləyicilərə çatdırılır.

Tarix-diyarşünaslıq muzeylərində təbiət bölməsi də yaradılır. Bizim muzeydə bu bölmə fəaliyyət göstərir. Bu bölmədə rayonun fiziki-coğrafi şəraiti, flora və faunası, təbii sərvətləri barədə məlumat verilir. Bitkiağac nümunələri, quşheyvan müqəvvaları, ana yurdun fotoslaydlara köçürülmüş mənzərələri, təbii sərvətlərin nümunələri bölmənin əsas eksponatlarıdır. 1980-1982-ci illərdə rayon mərkəzlərində 30-dək yeni tarix-diyarşünaslıq muzeyi yaradılıb. Ötən müddət ərzində bu muzeylərin fondları daha zənginləşdirilib, mövcud ekspozisiyalar təkmilləşdirilib”.

 

Şamaxı - Şirvanşahlar dövlətinin paytaxtı kimi

 

Şamaxı Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində, Bakıdan 118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biri olub. Tarixçilərə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olub. Fars mənbələrinin məlumatına görə, Şamaxı VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınıb. Lakin e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində bəzi alimlərin Şamaxı ilə eyniləşdirdikləri Kamexiya, yaxud Mamexiyanın adını çəkir.

Son onilliklərdə Şamaxının həndəvərində, müasir Şamaxı şəhərindən 2 km qərbdəki Xınıslı deyilən yerdə 2000 m2 sahədə aparılan arxeoloji qazıntılar nəticəsində qədim Şamaxı olduğu ehtimal edilən çoxtəbəqəli qədim yaşayış məskəni aşkara çıxarılıb. Bu məskən, demək olar ki, minillik bir dövr ərzində bir neçə dəfə dağılıb və yenidən bərpa olunub. Dağılmış yerdə qəbiristanlıq əmələ gəlib və o, yenidən abadlaşdırılıb. XI əsrin son rübünün əvvəlində nəmalum müəllif tərəfindən yazılan "Tarix-i əl-Bab" əsərinə görə şəhər Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmməd tərəfindən salınıb və onun şərəfinə adlandırılıb.

Numizmatik dəlillər göstərir ki, Şamaxı-Yəzidiyyə ərəblərin zamanında, VIII əsrin əvvəlindən gec olmayaraq mövcud olub. Şamaxıdakı Cümə məscidinin həyətində aparılan arxeoloji qazıntılar zamanı iki mədəni təbəqə aşkara çıxarılıb. Onlardan alt təbəqə IX-X əsrlər üçün səciyyəvidir. Həmin məscid bir neçə dəfə bərpa edilsə də, qədim plan quruluşunu saxlayıb. Məscid plan quruluşu etibarilə ölçüsü 38x12,8 m olanüç kvadrata ayrılan düzbucaqlıdan ibarətdir. Yerli rəvayətlərə görə, məscid VIII əsrdə tikilib. Arxeoloji materiallar VIII-IX əsrlərdə Cümə məscidinin mövcudluğunu təsdiq edir, lakin ehtimal ki, o, X əsrdə zəlzələdən dağılıb.

Müasir Şamaxının ərazisində şəhristanda aparılan arxeoloji qazıntılar VIII-XI əsrlərdə Şəmaxiyyə şəhərinin mövcudluğunu təsdiq edib. Şəhristanda mədəni təbəqənin dərinliyi 5,75 metrə çatır. Təqribən 0,75 m qalınlığında olan alt təbəqə VIII-IX əsrlərə aiddir. Bu təbəqədə bayır tərəfinə əhəng məhlulu ilə iri daşlardan üz çəkilmiş müdafiə divarlarının qalıqları aşkara çıxarılıb. Divarların qalınlığı 2,5 metrdir. Divar qalıqlarının aşkar olunması onun 1045-ci ildə Şirvanşah Qubad tərəfindən çəkildiyinə dair mənbənin məlumatını təsdiq edir.

Onun ətrafında qrafık rəsmlərlə bəzədilmiş müxtəlif monoxrompolixrom keramik qablar tapılıb. Bir sıra qabların dibində Şamaxı şəhəri üçün səciyyəvi olan möhürlər vurulub. Şirli keramika parçaları arasında IX-XI əsrlərə aid saxsı və şüşə qab qırıqları tapılıb.

Qazıntılar təsdiq edir ki, Şəmaxiyyə VIII-XI əsrlərdə müasir şəhərin ərazisində mövcud olub. Ehtimal ki, X əsrin birinci yarısında Şəbərandan sonra Şirvanşahların paytaxtı olan Şamaxı Şirvanın mühüm şəhərlərindən birinə çevrilib.

Orta əsrlər Şamaxısında aparılan arxeoloji qazıntdar nəticəsində bürcona bitişik qala divarları ilə birlikdə şəhər içqalasının qalıqları aşkar edilib. Yaxşı yonulmuş iri daşlardan üzlük çəkilmiş qala divarlarının qalınlığı 2,5 metrə çatır. 

 

 

Ramid İBRAHİMOV

 

Bizim yol.-2014.-2 aprel.-S.13.