Dünyaya sevdirdiyimiz aşıq sənətini özümüz dəyərdən salmamalıyıq”

 

Elxan Məmmədli: “Ustad aşıqlara fəxri adların, Prezident təqaüdlərinin verilməsi, Mədəniyyət və İncəsənət Universitetində aşıq sənəti kafedrasının yaradılması çox müsbət haldır”

 

(Əvvəli ötən sayımızda)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Aşıq yaradıclığı şöbəsinin rəhbəri, filologiya elmləri namizədi Elxan Məmmədli bildirir ki, SSRİ dövründə AMEA-nın və ədəbiyyat institutlarının yaranması nəticəsində aşıqların sinəsində olan şifahı xalq yaradıcılığı kitablara köçürülüb: “Azərbaycan folklorunun toplanması, tərtibi, tədqiqi və nəşri işlərinə ötən əsrin 20-ci illərindən başlanıb. Bu sahədə mərhum tədqiqatçılardan Vəli Xuluflu, Hənəfi Zeynallı, Salman Mumtaz, Hümmət Əlizadə, Əliheydər Tahirov, Osman Qurbanov, M.Təhmasib, H.Qasımov, Ə.Axundov, N.Seyidov, bir qədər sonralar İ.Abbaslı, B.Abdulla, F. Fərzəliyev və başqalarının böyük xidmətləri olub. AMEA-nın nəzdində ayrıca Folklor İnstitutu yaradıldıqdan sonra bu daha intensiv xarakter alıb. Hazırda institutun əlaqədər şöbəsində toplama, tərtib, tədqiq və nəşr işlərinə xüsusi önəm verilir. İnstitut əməkdaşlarının ayrı-ayrı bölgələrdən topladıqları folklor örnəkləri ardıcıl olaraq kitab halında nəşr olunur.

Mən 2012-ci ildə Aşıq Astan Kosalıdan Azərbaycanın 12 klassik dastanının Borçalı variantından kitaba köçürdüm. Bu iki ilə başa gəldi. Bir aşığın dilindən dastanları toplayaraq nəşr etdik. Bu, böyük işdir. Siz mənə zəng etməmişdən öncə Göyçə aşıqlarının yetirməsi olan Aşıq Mahmudun repertuarında aşıq dastanlarını kitab şəklində çap etməyə hazırlayırdıq. Azərbaycanda aşıq yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi baxımından bu, məqsədəuyğundur.

Mən hesab edirəm ki, şifahı xalq yaradıcılığının bu günümüzə qədər gəlib çatmasında aşıqların əvəzsiz rolu var. Bu kitabları ayrı-ayrı institutlar çap etsə də, şifahı xalq yaradıcılığının yaşamasında aşıqların əməyi danılmazdır. Ümumiyyətlə, aşıq sənəti əsrlərlə cilalanıb təkmilləşən zəngin ənənəyə malikdir. Əsrlər keçdikcə nəsildən-nəsilə ötürülərək bu günümüzə gəlib çıxan aşıq sənəti xalqın ruhunu, zövqünü oxşayır, dövrün ictimai siyasi həyatını özündə əks etdirir. Məhz xalqın tükənməz sənət xəzinəsinin keşiyində duran, onu yeni incilərlə zinətləndirənlər içərisində ən fəxri yeri aşıqlar tutur. Zaman keçdikcə aşıq sənətinin məzmunu, mövzu dairəsi dəyişməklə bərabər, onun bədii ifadə vasitələri, forması da dəyişmiş, kamilləşmiş, yeni boyalarla, yeni rənglərlə zənginləşib. Aşıq sənətinin, aşıq poeziyasının qədim kökləri şifahi xalq ədəbiyyatına və xalq yaradıcılığına gedib çıxır. Ozan- aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlayıb. Aşıq sənəti - xalq mühitində yaranmış şifahi xalq yaradıcılığının musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür. Bu, kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif - aşıq vəhdət təşkil edir.

Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir, həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır.

Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı epik janrdır - yəni dastanlardır, xüsusilə də qəhrəmanlıq dastanları. Dastanlarda vokal-instrumental hissələr şeirlə danışıq parçalarını əvəz edir. Milli poeziyanın janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın poetik formaları olan təcnis, cığalı təcnis aşıqların sevimli şeir formalarıdır. Bu formalar dastanlara da daxil ola bilərlər. Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu dördlük (kuplet) formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən instrumental solo ilə ayrılır.

Aşıq yaradıcılığı ilə bağlı hiss olunacaq dərəcədə əldə olunan uğurlar, yeni layihələr, kitab, jurnal nəşrləri, bu sənətlə, onun tarixi, mərhələləri, görkəmli nümayəndələri, məktəbləri haqqında elmi mövzuların yazılması, dissertasiyaların müdafiə edilməsi, gənclərin daha sistemli, məqsədli şəkildə ali, orta məktəblərdə təhsil alması, əslində, bu sahə ilə məşğul olanların və birbaşa aşıqların məsuliyyətini, deyərdim ki, birə-beş artırır və artırmalıdır. Dövlət səviyyəsində aşıq sənətinə verilən qiymət, qayğı gündəlik fəaliyyətin bir parçasına çevrilib. Bu məqamda Azərbaycan Aşıqlar Birliyinin, AMEA Folkor İnstitutunun aşıq sənətinin toplanması, lentə alınması, elmi baxımdan öyrənilməsi yolunda böyük əməyimiz var”.

Qlobal mədəniyyətin tuğyan etdiyi bir dövrdə, sanki Azərbaycanda saz sənətinə maraq azalıb. Bu sənətin yavaş-yavaş tarixə qovuşması təhlükəsini sezirsinizmi?” sualına həmsöhbətimiz belə cavab verdi: “Aşıq sənəti əsrlərcə cilalanıb təkmilləşən zəngin ən-ənəyə malikdir. Əsrlər keçdikcə nəsildən-nəsilə ötürülərək bu günümüzə gəlib çıxan aşıq sənəti xalqın ruhunu, zövqünü oxşayır, dövrün ictimai siyasi həyatını və ruhi dünyasını özündə əks etdirir. Xalqın tükənməz sənət xəzinəsinin keşiyində duran, onu yeni incilərlə ziynətləndirənlər içərisində ən fəxri yeri aşıqlar tutur.

Aşıq sənətinin, aşıq poeziyasının rüşeymi bayatılarda, xalq məsəllərində, xalq havalarında, xalqın təbii, arakəsilməz, gündəlik bədii özfəaliyyətindədir. Şübhəsizdir ki, bayatılar, müdrik xalq məsəlləri, nağıllar bir adam, iki adam tərəfindən yox, yüzlərlə, minlərlə adamın iştirakı ilə yaranmışdır, yəni ümumxalq şüurunun, ümumxalq bədii təfəkkürünün məhsuludur, həm də ki, bayatı, ağı, gəraylı kimi şeir formaları birdən-birə əmələ gəlməyib. On illər, yüz illər ərzində bədii sözün ibtidai təşbehlər və oxşatmalar şəklindən daha dolğun və obrazlı ifadə vasitələrinə doğru tədrici təkamülü nəticəsində formalaşıb. Xalq musiqi formaları da eyni yollar keçmişdir. Sevinci, şadlığı, aclığı, susuzluğu, qələbəni, kədəri, qüssəni, məğlubiyyəti ifadə edən ibtidai nidaların, səslərin, hərəkətlərin və jestlərin getdikcə kamilləşməsi, inkişaf sahəsində az-çox bitkin formalar yaranıb. Bu, təbii şeir, musiqi və rəqs formalarının ibtidailikdən, bəsitlikdən mürəkkəbliyə, kamilliyə doğru inkişafı uzun əmək prosesində, həyat mübarizəsində, insanın hissiyyatının duyğularının, fikrinin anlayışlarının dəyişməsi, inkişaf etməsi, zənginləşməsi ilə bağlı olub. Bu mənada aşıq yaradıcılığı çox qədim tarixə malikdir.

Baxın, əvvəllər meyxana populyar deyildi. Bakıdan başqa yerlərdə hətta meyxana desəydiniz, bilən olmazdı ki, bu  olan şeydir. Televiziya kanalları təbliğ etməklə meyxananı populyar etdilər. Artıq saz sənətinin məkanı sayılan Boçalıda, Qazaxda, Gədəbəydə, Şiravanda olan ziyafətlərdə siz meyxanaçıları görə bilərsiniz. Amma aşıqları görməsəniz, təəcüblənməyin. Toylarda aşıqlar sıxışdırılır. Meyxanaçılara daha çox yer verilir. Çox təəssüf edirəm ki, özünə aşıq deyən, sazda ifa edənlər aşıq sənətini, sazı arzuolunmaz şəkildə təqdim edirlər. Sazı hətta ayaqlarının arasında ifa edirlər. Saz - ifa üçündür, daha belə biabırçı formada oynatmaq üçün yox. Təsəvvür edin, onlar sazı çomaq kimi fırladır. Onlar aşıq yox, daha çox sirk ifaçısına bənzəyirlər. İstənilən halda bu, saz sənətinə olan hörmətsizlikdir, bu, aşıq mədəniyyətinə olan xəyanətdir. Bəli, məclislərdə saza qarşı çox hörmətsizlik görürəm. Toyda, səs-küydə, musiqi qavrayışlarının müxtəlif olduğu bir yerdə saza diqqət göstərilməsinə inanmıram. Hərənin öz musiqi dünyası var. El məclislərində sazı təbliğ etmək çox çətin məsələdir. Ora ancaq öz azuqəsi, gün-güzəranı, ruzisi üçün saz çalan insanlar gedir. Onlara mənim yazığım gəlir. Özümüz toylarda olur hər şeyi gözümüzlə görürük. İçki məclisində aşığa maraq olacaq ki!? Aşıq orda özünü aça bilmir. Gözəl saz ifaçılarını bu xalq böyük ürək genişliyi ilə qəbul edir, çünki sənəti yaradan da, yaşadan da xalqdır. Əgər kimsə məclisində sirk ifaçısı görmək istəyirsə, bu heç o adamın saz ifaçısı olduğuna görə məşhurluğu demək deyil. Gərək insan ilk növbədə sənətin məsuliyyətini anlasın. Bəzən bu məsuliyyəti hiss etməmək nəticədə belə səhv düşüncəyə gətirib çıxarır, həm insanların zövqünü korlayır.

Əslində əlinə saz götürüb efirdən səslənən, ekranda görünənlərin 90 faizdən çoxunu aşıq hesab etmək mümkün deyildir. Aşıqlığın şərtləri var. Hələ yaxşı saz çalmaq, sazın müşayəti ilə oxumaq aşıq olmaq sayılmaz. Aşıq hər şeydən əvvəl ustad dərsi keçməlidir. İllərcə ustaddan dərs almalıdır. Əsl aşıq ustadsız yetişə bilməz. Ustadsız aşığı inqibatorla müqayisə etmək daha dürüst olar. yazıq ki, buinqibator”ların sayı bu gün az deyil.

Son vaxtlar ustad aşıqlara fəxri adların, Prezident təqaüdlərinin verilməsi, aşıq-ozan müsabiqələrinin, saz məclislərinin keçirilməsi, musiqi məktəblərində aşıq musiqisinin tədris olunması, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində aşıq sənəti kafedrasının yaradılması arzuolunandır. Lakin telekanallarda aşıq yaradıcılığının zəif təbliği arzuolunmazdır. Televiziyalarda aşığı tərpənməyə qoymurlar. Bəzən onları şouya qatırlar. Aşıqların şouya qatılması təbii ki, yaxşı hal deyil. Televiziyalara üz tutub deyirəm, muğamı təbliğ etdiyiniz kimi, sazı da təbliğ etmək lazımdır. Muğamın təbliğinə çox sevinirəm. Amma bu diqqət saza da göstərilməlidir. Aşıq sənətini dünyaya tanıtdıra bilmişik. Azərbaycan aşıq sənəti  YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Arzuolunan olardı ki, özümüz də aşıq sənətimizi sevək, qoruyaq”.

 

 

Ramid İBRAHİMOV

 

Bizim yol.-2014.-19 aprel.-S.13.