Azərbaycanı dünyaya tanıdan tarix…

 

İçəri Şəhərdəki sirli Dördbucaqlı qala haqqında nə bilirik?

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisinə daxil olan beynəlxalq, ölkə və yerli əhəmiyyət abidələr var. Dünya əhəmiyyətli abidələrin siyahısına Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi daxildir.

Ölkə əhəmiyyətli abidələrin siyahısında Ağa Mikayil Hamamı, Kiçik Karvansaray, Qala divarları, Molla Əhməd Məscidi, Hacı Banı Hamamı, İkimərtəbəli Karvansaray, Hacı Banı Məscidi, Xanlar Məscidi, Çin məscidi, Qasim Bəy Hamamı, Mədrəsə məscid, Buxara karvansarayı, Multanı karvansarayı, Aşur məscidi, Şeyx İbrahim Məscidi,  Xıdır Məscidi, Gileyli Məscidi, Dördbucaqlı Qala, Came Məscidi və Minarə, Yeraltı tikintilər,  Bazar meydanı, Təkiyə, Ovdan, Baki xanlarının evi, Su kəməri və kanalizasiya, Yaşayış evi, Yeraltı Hamam, Məscid və məscid həyəti-ibadət yeri daxildir.

Beynəlxalq, ölkə və yerli əhəmiyyət abidələrdən reportaj hazırlamaq üçün yollandıq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna. Burada “İçəri Şəhərə xoş gəlmişsiniz!” lövhəsinə rast gəldik. Lövhədə bunlar yazılıb: “İçəri Şəhərin çox qədim tarixi vardır. Əcdadlarımızın inşa etdirdiyi bu şəhərin dəqiq tarixini müəyyən etmək çox çətindir, lakin onun minilləklərlə mövcudluğunu bu gün də ərazisində yerləşən abidələr də təsdiqləyir.

Son illər İçəri Şəhərdə görülən işləri cəmiyyət təqdir edir. Bu gün memarlığımızın və mədəniyyətimizin nadir incisi hərtərəfli diqqət mərkəzindədir. Dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti nəticəsində bu gün İçəri Şəhər özünün intibah dövrünü yaşayır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması ilə bu gün Bakının ürəyi olan İçəri Şəhərdə abadlaşdırma, təmir-bərpa işləri bu köhnə şəhərin ab-havasına uyğun şəkildə müvəffəqiyyətlə aparılır. Bu işlərin həyata keçirilməsində ictimaiyyətimizin görkəmli xadimləri və ilk növbədə ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yaxından iştirak edirlər.

Qədim İçəri Şəhərin yeni veb-saytının (səhifəsinin) müntəzam olaraq mükəmməlləşdirilməsi və daha da zənginləşdirilməsi üçün başladığımız işləri davam etdirəcəyik. Eyni zamanda Sizbu proseslərdən kənarda qalmayaraq qeydlərinizi, təkliflərinizi bizə göndərin.

Əziz qonaqlarımız! Ümidvarıq ki, Sizə təqdim olunan bu səhifəmizi maraqla izləyəcəksiniz. Və əlbəttə ki özünüz, dostlarınız, ailə üzvləriniz və qonaqlarınızla birgə İçəri Şəhərə təşrif buyurun. Elə qapılarımız da bu sözlərlə Sizi salamlayacaq: İçəri Şəhərə xoş gəlmişsiniz!”

Dördbucaqlı Qaladan nə xəbər?

 

Kiçik Qala küçəsində hərəkət edərkən arxitektur binalara və Dördbucaqlı Qalaya rast gəldik. Həmim binaların bəziləri təmir işləri gedirdi. Dördbucaqlı Qalanın qapısı isə üzümüzə bağlı oldu. Fəhlələr dedilər ki, qalaya giriş olmaz. Bu qadağaya səbəb kimi qalada təmir işlərinin tam başa çatmaması gətirildi. Yaxın gələcəkdə tarixi abidənin ziyarətçilər üçün açıq olacağı bildirildi. Müşhiadə apararkən məlum oldu ki, qalanın qapısı yeniləşdirilib. Tarixi abidə də görünən yenilik bununla bitmir. Belə ki, Dördbucaqlı Qalanın üstünə mühafizə əhəmiyyətli şəfaf şüşə bərkidilib. Məqsəd ziyarətçi sakinlərin və  turistlərin həyatını təhlükədən qorumaqdır. Qeyd edək ki, Qız Qalasında da mühafizə əhəmiyyətli şəfaf şüşə qurlaşdırıblar. Bu barədə ötən reportajımızda məlumat vermişdik.

Dördbucaqlı Qalanın əhəmiyyəti barəsində araşdırma apararkən öyrəndik ki, bu qala Bakı şəhərində müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini daha asanlaşdırmaq üçün möhtəşəm bürclər də qala divarının ayrılmaz hissəsi kimi inşa olunub. Orta əsr müəlliflərinin yazdığına görə Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində yerləşən bir dördkünc qala tipli bürcü var idi. Orta əsrlərdə, istər dinclik dövründə, istərsə də müharibə şəraitində bu qaladan silah anbarı (cəbbəxana) kimi istifadə olunmuşdur. Qala-bürcün tikilməsi əsasən iki məqsəd daşıyırdı. Qala divarlarının görüntüsünün möhtəşəmliyini artıraraq Bakının şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək üçün ərazini nəzarətdə saxlamaq və qapalı, geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək. Bu dördkünc qalanı donjon (donjon fransız sözü olub müdafiə qalası kimi tərcümə olunur) da adlandırırlar.

İçərşəhəri gəzib-dolaşərkən burada yenidən qurma işlərinin şahidi olduq. Köhnə Bakıda yeniliklər aparılır. Araşdırarkən məlum oldu ki, 16 sentyabr 2013-cü ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində muzey ekspozisiyalarının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, İçərişəhər ərazisində muzey ekspozisiyalarının yenidən qurulması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2,0 (iki) milyon manat ayrılır. 

Bildərək ki, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” həyata keçirilir. Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib. Sənəddə bildirilir ki, Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununa uyğun olaraq, Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü 2001-ci ildə təsdiq edilib, yeni aşkar olunmuş abidələr mütəmadi olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə olunub.

“Hazırda Azərbaycan Respublikasının ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir. Azərbaycan Respublikasının beynəlxalq qurumlara üzv olması və mədəni irs sahəsində beynəlxalq müqavilələrə tərəfdar çıxması daşınmaz mədəni irsin qorunması istiqamətində tədbirlərin davamlı inkişafı zərurəti yaradır.

Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılmalıdır.

2000-ci ildə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar sarayı kompleksi və Qız qalası, 2007-ci ildə “Qobustan” dövlət tarixi-bədii qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Ötən müddət ərzində “İçərişəhər” dövlət tarix-memarlıq qoruğununQobustan milli tarix-bədii qoruğunun ərazisində yerləşən abidələrin qorunması təmin edilib, əraziləri abadlaşdırılıb və yeni turizm marşrutları müəyyən olunub. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir”, -deyə Dövlət Proqramında bildirilir.

Proqramın əsas məqsədi daşınmaz tarix və mədəniyyət abidələrinin bərpasını, qorunmasını, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsini və inkişafını təmin etməkdir. Həmçinin bu sənəddə daşınmaz tarix və mədəniyyət abidələrində bərpa və konservasiya işlərinin aparılması, daşınmaz mədəni irsin qorunması üzrə hüquqi aktların təkmilləşdirilməsi də nəzərdə tutulur.

Dövlət Proqramının həyata keçirilməsində daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının inkişafı,  mədəni irsin qorunması üzrə idarəetmə sistemininnormativ hüquqi bazanın təkmilləşdirilməsi, daşınmaz tarix və mədəniyyət abidələrində aparılan bərpa və konservasiya işlərinin inkişafı və s. gözlənilir.

 

Rəsmilər köhnə Bakıda

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verildi ki, son zamanlar İçərişəhəri görmək istəyənlər arasında yüksək vəzifəli rəsmi şəxslərin sayı artıb. Onlar burada aparılan yenidən qurma işlərindən məmnunluq ifadə ediblər. Dünən Azərbaycanda rəsmi səfərdə olan Mərakeş Krallığı Parlamentinin nümayənədələr Palatasının Xarici əlaqələr, Milli Müdafiə, İslam Məsələləri və xaricdə yaşayan mərakeşlilərlə üzrə komitəsinin sədri Əli Kəbirinin rəhbərlik etdiyi nümayəndə heyəti İçəri Şəhərlə tanış olub. Qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri qarşılayıblar.

“Nümayəndə heyətinin İçəri Şəhərlə tanışlığı orta əsr Şərq memarlığının şah əsəri, bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlayan dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar sarayı kompleksi” ilə başlanıb. Gəzinti zamanı nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Bakının tarixi hissəsi ilə tanışlıq mərakeşli qonaqlarda xoş təəssürat yaradıb. Sonda Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub”, deyə İdarənin məlumatında bildirilir.

P.S. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən reportajlarımızı davam etdirəcəyik.

 

 

Ramid İBRAHİMOV

Bizim yol.-2014.-22 fevral.-S.13.