Azərbaycanın memarlıq incilər

 

Bolşeviklər və erməni daşnakları tarixi abidələrimizə ağır zərbələr vurub

 

 Azərbaycan ərazisində müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksi. Azərbaycan ərazisində yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaradıblar və onlardan biri də memarlıqdır. Azərbaycanda XIX-XX əsrdə memarlığın inkişaf edib. Bu dövrdə Azərbaycan memarlığı iki yöndə -yaşayış məskənlərinin memarlıq-plan quruluşunda mühüm yer tutan bina kompozisiyası prinsipləri və Avropa memarlığı ənənələri əsasında inkişaf edirdi. XIX yüzildə yaşayış binaları istisna olmaqla, ən xarakterik bina tipi məhz ticarət binaları idi. Belə binalardan çox vaxt həm ticarət müəssisələri, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi. Bakı, Gəncə, Şuşa və Qubadakı ticarət dükanları sırası bu tipli tikililərin ən bitkin örnəklərindəndir.

Bu çağda Azərbaycanda xəstəxanalar və demək olar ki, bütün şəhərlərdə kiçik tibb müəssisələri də tikilibr. 1860 illərdə Salyanda memar Q. Hacıbababəyovun layihəsi ilə tikilmiş xəstəxana XX yüzilin əvvəllərinədək fəaliyyət göstəribdi.

XIX yüzilin II yarısında tikilməyə başlanmış teatr binaları Azərbaycan memarlığında tamamilə yeni qurğu tipi idi. İlk teatr binası Şamaxıda, sonralar isə Bakıda Tağıyev Teatrı  və Mayılov Teatrı.

XIX yüzilin I yarısında irihəcmli və monumental dini binalar tikilib. Bu dövrdə Azərbaycanda keçmiş ənənələri müəyyən dərəcədə davam etdirən məhəlli xarakterli memarlıq məktəbləri yarandı. Məscid binalarının xarici simasının səciyyəvi xüsussiyyətləri Azərbaycan ərazisində Bakı-Abşeron, Quba-Qusar, Gəncə-Qarabağ, Şəki-Zaqatala, Lənkaran və Naxçıvan kimi yerli memarlıq məktəblərini müəyyənləşdirməyə imkan verir.

Bakıdakı Bəy məscidi, Qasım bəy məscidi, Təzəpir məscidi, "İttifaq", yaxud Göy məscid, Əmircanda M. Muxtarovun məscidi kapitalizm dövrü üçün ən xarakterik tikililərdir.

Milli memarlıq abidələri ilə zəngin olan və sabit memarlıq ənənələrinə malik Qarabağ zonasında Avropa memarlığı dərin kök sala bilməmiş, yerli üslublar arasında itib-batıbdı. XIX yüzilin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi Kərbəlayı Səfixan Qarabaği olub. Memarlıq üsullarında yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-1870), Şuşada Aşağı məscid (1874-1975), Yuxarı məscid, yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri, indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd məscidləri Oddesada Tatar məscidi (1870 illər), Aşqabadda Qarabağlılar məscidi (1880 illər) və s. binalar tikilib.

 

İsmailiyyə Sarayı

 

XX əsr memarlıq abidələri sırasında İsmailiyyə Sarayı xüsusi ilə fərqlənir. İstiqlaliyyət keçəsi 30 ünvanında olan  binada hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyyəti yerləşib. Arxitekturalı bina Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə aiddir. Saray Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur. İki mərtəbəli bina Qotik üslübunda-memarlıq quruluşunda tikilib. Binanın memarı İosif Ploşkodur.

İsmailiyyə sarayının layihəsində sarayın iki küncündə Azərbaycan memarlığına uyğun olaraq günbəzlərin yerləşdirilməsi nəzərdə tutulub. Bu gün elm ocağına çevrilən abidə zaman-zaman Azərbaycan tarixində baş verən faciələri də özündə yaşadıb. Azərbaycanın müstəqillik ideyaları da ilk dəfə məhz bu binada səslənib. Memarlıq üslubu baxımından olduqca heyrətamiz olan "İsmailiyyə"ni Bakı milyonçusu Musa Nağıyev dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib.

"İsmailiyyə" binasının tikilməsinin maraqlı tarixçəsi var. Belə ki, Ağamusanın oğlu İsmayıl vərəm xəstəliyinə tutulur. Bakı milyonçularının ailələrini müalicə edən Varatapedov adlı həkim İsmayılı müayinə etdikdən sonra Musa Nağıyevə deyir ki, oğlunun vəziyyəti çox ağırdır. Əgər tez tədbir görülməsə, ölə bilər. Amma 50 min manata qədər xərci var. Hətta həkim milyonçuya təklif edir ki, oğlunu özü İsveçrəyə aparıb 1 il ərzində müalicə etdirib gətirəcək. Musa Nağıyev deyir ki, yalnız 10 min manat verə bilər. Söhbət bununla da bitir. Lakin İsmayılın halının gün-gündən pisləşdiyini görən milyonçu son anda onun müalicəsi üçün 50 min manat verməyə razı olur. Lakin Ağamusa gecikir. Belə ki, həkim xəstəni yoxlayandan sonra xəbər verir ki, iş-işdən keçib, indi onu heç 100 min manatla da müalicə etmək mümkün deyil. Hacı Zeynalabdin Tağıyevin xahişi ilə həkim Məhəmməd Rza Vəkilov İsmayılı İsveçrəyə aparır. Müalicədən sonra onun halı nisbətən yaxşılaşsa da, çox yaşamır. Ağamusaya oğlunun xatirəsinə bina tikdirmək təklifi isə Hacı Zeynalabdin Tağıyevdən gəlir.

Bu kədərli hadisədən bir az sonra Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə onun tərəfindən tikilmiş olan qızlar məktəbində Novruz bayramına həsr olunmuş məclis keçirilir. Adətən bu cür bayramlar üç gün çəkirdi və arzu edən hər bir kəs ona qatıla bilərdi. Məclisə şəhərin mötəbər şəxsləri də gəlirdi. Son xəbərləri Hacı ilə müzakirə etdikdən sonra onunla məsləhətləşən qonaqlar qərara alırlar ki, adı xəsisliyə çıxmış Nağıyevı xeyriyyə cəmiyyəti üçün bina tikdirməyə sövq etsinlər.

 

“İsmayiliyyə” ilə balı maraqlı epizod

 

Tarixçi-yazıçı Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında belə bir maraqlı epizod təsvir olunur: “Hacı Zeynalabdin fürsət tapıb soruşur: “Ağa Musa, oğlunun adını əbədiləşdirmək istəyirsən? Müsəlman xeyriyyə cəmiyyətinin öz binası yoxdur, mənim tikdirdiyim qızlar məktəbindən bir az aşağıda isə əla boş yer var. Orada ev tikdir, “İsmailiyyə” adlandıraq. Onda sənin bəxtsiz oğlunun adı bizim yaddaşımızdan silinməz”. Musa Nağıyev  ruhlanıb deyir: “Nə deyirəm, yaxşı təklifdir. Razıyam”.

Tikinti üçün şəhərin mərkəzində boş buraxılmış “Qapan dibi” adlanan meydan ayrılıb. Bu sahə lap əvvəlcədən məscid tikintisi üçün nəzərdə tutulubdu. Məscidin ətrafında fəvvarələrlə bəzənən bağ salınması planlaşdırılırdı. Lakin Rusiya imperiyası dövründə böyük nüfuz sahibi olan xristian ruhaniləri Aleksandr Nevski kilsəsinin - “Qızıl kilsə”nin yanında belə bir məscidin tikilməsinə əngəl törətdilər. Məsələnin həllini uzadan məmurların qərarını gözləyə-gözləyə bu meydan tədricən təbii bazara çevrildi. Şəhərkənarı kəndlərdən buraya ərzaq və başqa mallar, hətta heyvan gətirirdilər, bu isə palçıq və üfunətlə müşayiət olunurdu. Bu yer hakimiyyət nümayəndələri üçün göz dağına çevrilmişdi. Deputatlar bu palçıqlı, zibilli meydanda şəhər bağı salmaq rəyinə gəlibdilər.

 

Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra həmin yazıları siliblər

 

“İsmailiyyə”nin layihələşdirilməsi üçün polşalı memar İosif Ploşko dəvət olunub. Memar layihəni 1910-ci ildə tərtib etdi. Binanın özülünün qoyulması 1908-ci ilin 21 dekabrında baş verdi, tikinti isə 1913-cü ilin əvvəlində başa çatdı. “İsmailiyyə”nin təntənəli açılışından sonra onun ağ daşla işlənib, “Nikolayevski” küçəsinə açılan pəncərələrə malik geniş akt zalında Müsəlman xeyriyyə cəmiyyəti üzvlərinin toplantısı, müsəlman qadınların, Bakı ziyalılarının yığıncağı, ruhanilərin qurultayı keçirildi. Binanın memarı Ploşkonun etirafına görə, onun ən böyük arzularından biri Bakının mərkəzində, Azərbaycanın milli ornamentləri ilə bəzədilmiş əzəmətli binanın layihəsini işləmək imiş. Arzusuna çatan memar Ağamusa Nağıyeva öz minnətdarlığını bildirir. Binanın divarlarında asılmış naxışları tamaşaçıları valeh edib. Venesiya qotikası üslubunda tikilmiş dəbdəbəli saray çox plastikdir və yaxşı işlənib. Binanın yuxarısında Qurani-Kərimdən surələr olub. Lakin bolşeviklər Azərbaycanı işğal etdikdən sonra həmin yazıları silib məhv ediblər. Tikilinin əsas arxitektura elementləri birinci mərtəbədə yerləşir. Bakının tarix-memarlıq abidələri sırasında bu bina özünə xüsusi yer tutub.

 

 

Ermənilər tərəfindən yandırılması

 

1918-ci ilin martında Bakı qırmızı qvardiyanın atəşi altına düşəndə, bir sıra başqa binalar kimi, “İsmailiyyə” də zərər çəkdi: müsəlman cəmiyyətinin dayağı olan bina müqavimət mərkəzlərindən biri idi və aramsız hücumlara məruz qalıbdı. Bina güllə və mərmilərdən ciddi şəkildə zədələnibdi.

Amma təsəlliverici məqam odur ki, "İsmailiyyə"nin arxivi yandırılsa da, özülünü məhv edə bilmədilər. "İsmailiyyə"nin yandırılması Musa Nağıyevin ağır iztirablarına səbəb olur. Onun oğlu İsmayılın şərəfinə sarayın foyesidə ucaltdığı möhtəşəm heykəl də ermənilər tərəfindən məhv edilir. Bina yalnız Azərbaycan Xalq Cümhuriyyətinin dövründə bərpa olunub. Və memarlıq abidəsi 1922-23-cü illərdə memar Aleksandr Dubovun rəhbərliyi ilə bərpa olundu və Türk mədəniyyəti sarayı adlandırıldı. Təəssüf ki, restavrasiya zamanı binanın fasadındakı və böyründəki yazılar silinibdi.

 

Sarayda yerləşən təşkilatlar...

 

Bərpa edildikdən sonra “İsmailiyyə” binasının ətrafında Mirzə Ələkbər Sabir adına meydan saldılar. Bu, şəhərin həmin guşəsini bakılıların sevimli istirahət məkanına çevirdi. Binanın bərpa olunmasından sonra müxtəlif illərdə burada müxtəlif təşkilatlar və təsisatlar yerləşib: “Azərbaycanın təhqiq olunması və öyrənilməsi cəmiyyəti”, “Arxeologiya komissiyası”, “Türk mədəniyyəti cəmiyyəti”, Əlyazmalar fondu, SSRİ Elmlər Akademiyasının respublika filialı və b. Hazırda binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

 

 

Ramid İBRAHİMOV

Bizim yol.-2014.-23 fevral.-S.13.