«Elə seriallar var ki, onları yayımlamaq ayıbdır»:

 

Rövşən İsax: «Azərbaycan cəmiyyətinin siyasi durumuna uyğun gəlməyən mövzular götürülür»

 

«Tamaşalara gedirəm, getməyimə də peşman oluram»

 

Bizimyol.info-nun budəfəki müsahibi rejissor, aktyor, ssenarist Rövşən İsaxdır (Rövşən İsax oğlu Məmmədovdur). O, 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb. Dövlət Gənclər Teatrında (1993-1994), Dövlət Pantomim Teatrında (1994-1995) aktyor kimi çalışıb. ANS TV-də, Azərbaycan Televiziyasında "Virtouz" verilişində çalışıb. Samanyolu Televiziyasının icraçı direktoru olub (1998-2001). Hazırda "Pozitiv media"nın direktorudur. Onlarla reklam filminin müəllifidir.

Onun filmoqrafiyasında “Girişmə, öldürər!” (film, 1990-cı il), “Yarasa” (film, 1995-ci il), “Kiçik leytenant” (film, 1996-cı il), “Aktrisa” (film, 2011-ci il) (tammetrajlı bədii film), “Pərvanələrin rəqsi” (teleserial, 2012-cı il) və “Sonuncu fəsil” (teleserial, 2013-cu il) var.

 

- Rövşən bəy, milli teleserialların çəkilməsi üçün dövlət maliyyə vəsaiti ayırdı. Bu hansı dəyişikliklərə səbəb oldu?

- Prezident İlham Əliyev Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin qorunması və təbliği mühüm əhəmiyyət kəsb etdiyi bildirilir. Azərbaycanda yerli televiziya kanallarının həmin istiqamətdə yayımladığı telefilmlər ölkənin ictimai-siyasi və mədəni həyatında gündən-günə daha böyük rol oynayır. Bununla əlaqədar Azərbaycan hökuməti milli kino istehsalına, o cümlədən telefilmlərin çəkilişinə diqqəti getdikcə artırır.

Prezident İlham Əliyev 2012-ci ildə serial çəkilişlərinə 4 milyon, 2013-cü ildə 5 milyon manat pul ayırdı. Bu günlərdə də Milli TeleviziyaRadiyo Şurasnın qərarı ilə milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 manat məbləğində maliyyə yardımı ayrılıb. Ölkə başçısının teleserialın inkişafına ciddi məbləğdə pul ayırması o deməkdir ki, lazımi nəticəni görməyib. Bu mənim subyektiv fikrimdir. Yəqin televiziyalar bu işə bir az daha diqqətlə yanaşarlar. Televiziya kanalları indi daha diqqətlə fikirləşəcəklər ki, serial çəkilişlərini kimə həvalə etsək, daha yaxşı nəticələr əldə edə bilərik. Getdikcə, kəmiyyət azalacaq, keyfiyyət yüksələcək.

Serialların yüksək səviyyəli çəkilməsi üçün onu peşəkarlara həvalə etmək lazımdır. Keyfiyyətli teleseriallar azdır, kəmiyyət çoxdur. Bu sahədə təəssüf ki, vəziyyət ürəkaçan deyil. Peşəkar dedikdə, təkcə rejissoru nəzərdə tutmuram, seriallarda çəkilən aktyorlar da peşəkar olmalıdır. Çəkmək o deyil ki, bir gözəl modelə rol verirsən, olur gözəl film. Sənin maşının varsa, “gəl səni də filmə çəkim” kimi fikirləri kənara qoymaq lazımdır. Filankəsin bağı var, onu da seriala çəkim kimi söhbətlər olmamalıdır. Nəticədə Azərbaycan tamaşaçısı seriala baxıb belə qənaətə gəlir ki, bizim seriallarımız biabırçılıqdı. İndi efirdə elə seriallar yayımlanır ki, onlar dərnək səviyyəsindədir. Bunları efirdə yayımlamaq ayıbdır. Bu bir deyil, iki deyil ki, deyəsən eybi yox. Həmin serialların içərisində bir dənə yaxşısı olanda da onun özünü sübut etməsinə qədər daş qayadan ayrılır. Azərbaycan tamaşaçısında milli seriallar haqqında artıq pis təəssürat yaranır, buna görə də o, yaxşıya da baxmır. Ayrılan pulun azalması yaxşı serialın ortaya çıxmasına səbəb olacaq. Azərbaycan cəmiyyətinin siyasi durumuna uyğun gəlməyən mövzular götürülür. İnsanda elə bir təəssürat yaranır ki, ölkədə bütün günü atışma gedir. Kim kimin xətrinə dəyir, silahını götürüb gedir onun nəslini qırır. Amerikadakı döyüş filmlərinin bizdə dərnək səviyyəsində variantları nümayiş olunur. Birtürk filmlərindəki melodramanı xatırladan aktyor oyunları yer alır. Bir var zəif serial, birvar dərnək, özfəaliyyət. Hansı ki, onu efirə buraxmaq olmaz. Bu, biabırçılıqdır. Hesab edirəm ki, telekanallara serial çəkilişi üçün vəsait ayrılarkən keyfiyyət məsələsinə ciddi nəzarət olunacaq. 

Əlbəttə Prezidentin sərəncamından öncə teleseriallar çəkilirdi. Bu seriallar barmaqla sayılacaq qədər idi. Amma bu sahəyə ciddi yanaşma sərəncamdan sonra oldu. Peşəkar ssenaristlərin, rejissorların, aktyorların adını titrlarda gördük. Əlbəttə, keyfiyyətli seriallar var.

- Rejissor ssenarist olaraq teleserial sahəsində prespektivləri necə görürsünüz?

- Məncə, seriallarin çəkilməsi, qurulması kommersiya şərtləri üzərində yaradılsa daha yaxşı nəticə olar. Yəni serial televiziya kanalında özünə izləyici toplaya bilmirsə, kommersiya tələbinə cavab vermirsə, o teleserial hökmən dayandırılmalıdır. olsun pulunu MTRŞ ayırır? Bu mənim subyektiv fikrimdir.

Məsələn, Avropada belə bir üsul mövcuddur. Bu digər prodakşın televiziya kanalı ilə müqavilə bağlayanda müqavilədə göstərilir ki, 13 seriada teleserial özünü doğrultmursa o serialın yayımı bağlanır. 13-cü seriada hadisələri bitirirlər. Amma bizdə belə deyil. Bizdə bele teleseriallar efirdə 30-40 seriya yayımlanır. Serialın yaradıcı heyyəti, texniki heyyəti üzərində məsuliyyət hiss etməlidir. Dövlətin etimadını doğurultmalıdırlar.

Bizim qeyri-peşəkar serialın yaradıcı heyəti tamaşaçını seriallara küsdürür. İnsanlarda fikir yaranır ki, Azərbaycanda keyfiyyətli teleserial çəkilmir. Qurunun oduna yaş yanan kimi keyfiyyətsiz teleseriallara görə, keyfiyyətli teleseriallara da baxılmır. Azərbaycanda peşəkar, istedadlı aktyorlar var.

- Rövşən bəy, sizin teatr fəaliyyətiniz olub, Son zamanlar teatrlara gedirsinizmi?

-Mütəmadi olmasa da, tamaşalara gedirəm. Premyeralara dəvət edirlər, gedib baxıram. Tamaşaları izləyirəm.

- Yaradıcılıq baxımdan teatr sahəsində durum necədir?

- Azərbaycan teatrının eniş-yoxuşu hamımızın gözü qarşısında baş verib. Teatrımız yeni inkişaf istiqamətindədir. O baxımdan ki, teatr binaları təmir olunur, səhnəüstü səhnəaltı qurğular yenilənir. Bu təmir respublika Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq aparılır. Texniki imkanlar yüksək səviyyə çatıb. Təəssüf ki, bunu yaradıcı sahəyə aid etmək olmaz. Tamaşaçı kimi məni Azərbaycan teatrlarının tamaşasının səviyyəsi qane eləmir. Tamaşalara gedirəm, getməyimə peşman oluram. Ara-sıra maraqlı tamaşalar gördüm.

- Maraqlı hesab etdiyiniz tamaşaların dramaturqu azərbaycanlıdır, yoxsa əcnəbi?

- Bəyəndiyim tamaşalar sırasında yerli , əcnəbi dramaturqların tamaşası var.  Bizdə qəribə bir hal var. Mən bilmirəm onun səbəbi nədir. Yerli yazarlardan birinin maraqlı pyesi olur. Baxırsan ki, bütün teatrlar bu pyesi tamaşaya qoyurlar. Mənə bu çox qəribə gəlir. Məsələn, o vaxt rəhmətlik Yusif SəmədoğlununQətil günüəsəri ictimailəşəndə, bu əsəri Azərbaycanda tamaşaya qoymayan bir teatr da qalmadı. Hamısı səhnələşdirdi. İndi Qatil”ı qoyurlar. Yəni, teatrlarda repertuar zənginliyi yoxdur. Bu teatrların birinci dərdidir.

O ki qaldı rejissor işinə, bu da başqa məsələdir. Tamaşalar müxtəlifdir. Söyləyəcəyim fikir subyektiv fikir ola bilər. Başqasının bəyəndiyini mən bəyənməyə bilmirəm, mən bəyəndiyimi başqası bəyənməyə bilər.

Təəssüf olsun  ki, biz böyük ola bilmirik. Görmədim ki, rejissor tənqidçi dostu olan rejissoru təndiq etsin. Salamdan, kəsdiyi çörəkdən keçmir. Qələminə hörmət etdiyin tənqidçi keyfiyyətsiz tamaşaya, teleseriala, filmə tərif, xoş sözlər yazır, şişirdir. Təəssüf olsun ki, bu həmişə olub, olacaq da. Məsələn, mən təndiqçi dostum mənim zəif işim haqqında yazmır. Hökmən axtarır yaxşı işimi, ondan yazır.  Belə demək olarsaborcun”dan çıxır. Bu da nəticədə işə mənfi təsir edir.

- Rövşən İsax hazırda ATV kanalında yayımlananSonuncu fəsilserialının ssenari müəllifi quruluşçu rejissorudur, o ssenarini yazmaqda serialı çəkmədə azaddırmı?

- Bəli, mən serialın ssenarisini yazmaqda onu  ekranlaşdırmaqda azadam, sərbəstəm. Kimsə mənim yaradıcı işimə görə, mənə hər hansı şərt, qadağa qoymayıb. Mən teleserialın keyfiyyətli çəkilməsini, peşəkar təqdimatını qarşıma məqsəd qoymuşam.

 

Ramid İBRAHİMOV

 

Bizim Yol.- 2014.- 7 iyun.- S.13.