Azərbaycan dövlətçiliyinin

nəzəri əsaslarını hazırlayan alim

 

Qənirə Paşayeva: “Əli bəy Hüseynzadə bugünkü gənclərə əsl örnək olacaq şəxsiyyətdir, onu anmaqdan başqa, həm də anlamaq lazımdır”

 

İsmayıl Umudlu: “Onun milli dövlətçilik ideologiyasına çevrilən ideologiyası əbədilik qazandı və xalqın qan yaddaşına daxil oldu”

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, “Əməkdar müəllim” Firdovsiyyə Əhmədovanın sözlərinə görə, Əli bəy Hüseynzadə müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadimdir: “O, uzun müddət alim, rəssam, həkim,  şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus iz qoyub.Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən tarixi şəxsiyyətdir. Azərbaycan dövlətçiliyinin nəzəri əsaslarını işləyib hazırlayan alimdir”.

Firdvosiyyə Əhmədovanın sözlərinə görə, maarifçi Əli bəy Hüseynzadə “Füyuzat” jurnalı bağlanandan sonra pedoqoji fəaliyyətə başlayıb: “Onun Səadət məktəbinin müdiri olmasını, yaxud “Tərəqqi”, “Həqiqət” qəzetlərində çalışmasını, “Qiyafəti Füyuzatkimi şah əsərini yazması və hissə-hissə çap etdirməsini qeyd etmək lazımdır.  Sultan Əhmədməcid öləndən sonra Əli bəy Hüseynzadə Türkiyəyə dəvət alır, yenidən İstanbul Universitetinə  dəvət edirlər, professor kimi pedoqoji fəaliyyətinə davam edir. O, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Türk Ocağı dərnəyində çalışır. Görürük ki, birinci dünya müharibəsi illərində Əli bəy Hüseynzadə yeni statusla işləyir”.

 

Əli bəy Hüseynzadə Azərbaycan

dövlətinin yaradıcılarından biridir

 

F.Əhmədova  deyir ki, Əli bəy Hüseynzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biridir: “Təsadüfi deyil ki, 1918-ci ildə  Əli bəy Əhməd bəy Ağaoğlu ilə birlikdə Azərbaycana göndərilir. Məqsəd Nuru Paşanın yanında Azərbaycanın maraqlarına uyğun ordunun fəaliyyətini yönəltmək idi. O, bu istiqamətdə məsləhət verən şəxs olub”.

Tarixçi alimin sözlərinə görə, Ə.Hüseynzadə çox geniş yaradıcılıq diapazonuna malik şəxsdir: “O, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda iştirak edib. Bu, tarixi faktdır. Onun fəaliyyəti geniş şəkildə dəyərləndirilməlidir. Onun musiqişünas, rəssam, həkim olaraq da zəngin fəaliyyəti və irsi var. Xüsusilə bunu qeyd edim ki, onun “Bibiheybət məscidinin görünüşü” adlı rəsm əsəri var. Möhtəşəm əsərdir. Hazırda bu rəsm Dövlət İncəsənət Muzeyində saxlanılır.  Elə Bibiheybət məscidinin bərpası zamanı həmin rəsm əsərindən istifadə olunub. Bunu da tarixi fakt kimi dəyərləndirmək gərəkdir.

Əli bəy Hüseynzadənin tibbə, siyasətə, ədəbiyyatşünaslığa dair zəngin irsi var. Onun XX əsrin sonlarında çap olunmuş əsərlərini diqqətə gətirsək, xüsusən “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”,  “Siyasəti Füyüzat”, “Türkləri kimdir, kimlərdən ibarətdir” əsərlərini qeyd etmək istəyirəm ki, bu əsərlər yenidən çap olunub, tədqiqata çəlb olunub.  Hesab edirəm ki, Əli bəy Hüseynzadənin tanıdılması, geniş təbliğ olunması üçün onun əsərlərinin tədqiqat xarakterli təhlilinə  ehtiyac var. Çünki elmi-nəzəri irs olduğuna görə,  mütləq onun Azərbaycan cəmiyyətində tanınması üçün maarifçilik işini aparmaq lazımdır”.

Firdovsiyyə Əhmədovanın sözlərinə görə, əgər Əli bəy Hüseynzadəni tarixi şəxsiyyət olaraq qısa şəkildə təqdim etsək, birmənalı şəkildə deyilməlidir ki,  Əli bəy Turançılıq məfkurəsinin hərəkata çevrilməsinə nail olmuşdur, siyasi türkçülüyün banisi sayılır: “Eyni zamanda Mirzə Fətəli Axundzadədən sonra Azərbaycan ictimai-ədəbi, elmi fikrində yeni mərhlənin başlanğıcını qoymuş şəxsiyyət kimi dəyərləndirilir.  Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əli bəy Hüseynzadənin yubileyinin qeyd olunması üçün sərəncamın verilməsi,  məhz Hüseynzadə şəxsiyyətinin məktəblərdə, eyni zamanda geniş cəmiyyətdə yaxından tanınması üçün bir vəsilə olacaq, elə məqsəd də, hədəf də ondan ibarətdir. Bu gün Əli bəy Hüseynzadə Azərbaycan mütəfəkkiri olmaqla yanaşı bütün türk dünyasına aid olan tarixi şəxsiyyyətdir. Və onun yubileyi yalnız Azərbaycan çoğrafiyası ilə məhdudlaşdırılmamalı, türk dünyasında yubileyi geniş qeyd olunmalı və tədqiqata cəlb olunmalıdır”.    

 

"Əli bəy Hüseynzadə Turan"

 

"Əli bəy Hüseynzadə Turan" (2009-cu il) kitabının müəllifi, millət vəkili Qənirə PaşayevaBizim Yola açıqlamasımda bildirdi ki, bu kitab xatirələrdən və faktlardan ibarətdir: “Mən Türkiyədə Əli bəyin övladı Feyzavər Alpsar xanımla görüşmüşəm. Onun evində onunla görüşdüm. Söhbətimiz nəticəsində məlum oldu ki, Əli bəyin müxtəlif dillərdə əlyazmaları var. Əli bəyin qiymətli materiallarının şahidi oldum. Qiymətli materiallarla tanış olanda iki məsələ ortaya gəldi. Bunlardan biri odur ki, Feyzavər xanım qiymətli materialları Azərbaycan dövlətinə vermək istəyir. Bilirsiniz ki, Əli bəy gözəl rəssam olub, həmin rəsm əsərlərini də dövlətin himayəsinə vermək istəyir. Mən bu barədə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnistitutunun direktoru İsa Həbibbəyliyə demişəm. Ümid edirəm ki, yaxın günlərdə bu istiqamətdə addımlar olacaq.

İkinci məsələ ondan ibarət idi ki, Feyzavər xanımın xatirələri əsasında Əli bəy Hüseynzadəni yazmaq lazım gəldi. Onun müxtəlif fəaliyyəti olduğundan, müxtəlif tətqiqatlar gərəkdir. Sayı çox olmasa da, bu sahədə bir neçə tətqiqatçının araşdırması olub. Feyzavər xanımla ikinci dəfə görüşəndə düşündük ki, onun danışdığını videogörüntüyə də alaq, çünki gələcəkdə kinomotoqrafçılar üçünfakt, mənbə ola bilər.  Bu materialı da saxlayırıq. Deyim ki, “Əli bəy Hüseynzadə” kitabı bu vaxta qədər bizə bəlli olmayan tarixi faktlar əsasında yazılıb. Əli bəy Hüseynzadə XIX əsrin sonu - XX əsrin əvvəllərində mədəni ictimai fikrin ən böyük dahilərindən biridir, nəhəng şəxsiyyətdir. O, heç bir vaxt dəyişilməyəcək ideyalar sahibidir. 

Bilirsiniz ki, XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xəttini, hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər. “Həyat” qəzeti qarşısına üç məqsəd qoymuşdu: Birinci məqsəd o idi ki, qoy bilsinlər türklər kimdir. Özünü dərk etməyən millətin gələcəyi olmazdı! Onlar gördülər ki, ötən əsrlər milliyyətçilik əsri olub. Milli ruh, insanın özünü dərk etməsi müstəqil dövlətlər yaradıb, xalqları inkişaf yoluna çıxarıb. Əli bəyin prinsipləri var idi. Hansı ki, o prinsiplərin əsasında insan haqları və demokratiya dayanırdı. Əli bəyə görə, türk xalqlarının müstəqilliyinə zəmin yaradan konstitusiyalı proqrama əsaslanan dövlət quruluşu ən demokratik dövlət strukturudur”.

Qənirə Paşayeva türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əli bəy Hüseynzadənin xüsusi yeri olan bir fikir adamı olduğunu dilə gətirdi. O, Türkiyə üçün böyük fədakarlıqlar edən Əli bəy Hüseynzadənin gənclərə əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyə edir: “Mən Prezident İlham Əliyevin Əli bəylə bağlı verdiyi sərəncamı yüksək qiymətləndirirəm. Sərəncamda göstərilən tədbirlər planı müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir. Onlardan bir neçəsində şəxsən mən iştirak etmişəm. Mədəniyyət və Turizm Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyasıyla birgə Salyanda, yəni Əli bəy Hüseynzadənin doğulduğu rayonda tədbir keçirildi. Bu akademiyanın təşkilatlarında Əli bəylə bağlı elmi tədbirlər keçirilir. Dövlət Əli bəyin, Əhməd bəy Ağaoğlunun fəaliyyətini yüksək dəyərləndirir. Bu sahədə ictimai təşkilatlar da işləməlidirlər”.

 

Əbədilik qazanan ideologiya

 

Tarixçi-etnoqraf, tərcüməçi İsmayıl UmudluBizim Yola açıqlamasında Ə.Hüseynzadəni maarifçi, dövlətin elmi nəzəriyyəsini hazırlayan və jurnalist olaraq xarakterizə etdi: “O həm də tibb mütəxəssisi idi. O, Azərbaycan siyasi fikir tarixinin atalarındandır.  Əli bəy anlayırdı ki, digər millətlərin irəliyə doğru addımlamalarının əsasında qəzetlər, kitablar, məktəblər, təşkilatlar, müxtəlif sənətlər, teatr dayanır. Hüseynzadə həm də rəssam idi. Onun “Bibiheybət məscidi” tablosu olduqca məşhurdur.

Əli bəy Hüseynzadə Azərbaycan xalqının milli oyanışında, milli maarifçilik hərəkatının, islamçılıq və qərbçilik ideyalarının inkişaf etdirilməsində müstəsna rol oynayan, millətimizin islam ümmətçiliyindən islam milliyyətçiliyinə və oradan türk milliyyətçiliyinə keçidinin əsas ideya və əməl rəhbərlərindən biridir. O, "türkləşmək, islamlaşmaq, avropalaşmaq" milli dirçəliş və milli istiqlal formulu ilə türkçülüyün siyasi məramnaməsini, elmi-nəzəri əsaslarını hazırladı. Sonralar milli dövlətçilik ideologiyasına çevrilən bu üçlük bayrağımızdakı rənglərdə əbədilik qazandı və xalqın qan yaddaşına daxil oldu”.

 

Ramid İBRAHİMOV

 

Bizim Yol.- 2014.- 19 iyun.- S.13.