"Ozan-aşıq sənəti kiçik bir tamaşadır" 

 

Qabil Zimistanoğlu: "Azərbaycan aşıq sənəti

"Dədə Qorqud" dastanlarından çox-çox əvvəl yaranıb"

 

Jurnalist-tədqiqatçı, aşıq sənətinin araşdırmaçısı, "Aşıq Alı əsərləri" kitabının müəllifi Qabil Zimistanoğlu ilə "Azərbaycanın aşıq sənətinin dünəni və bu günü" mövzusunda həmsöhbət olduq. Q.Zimistanoğlu bildirir ki, aşıq sənətinin, aşıq poeziyasının qədim kökləri şifahi xalq ədəbiyyatına və xalq yaradıcılığına, xalqın bədii özfəaliyyətinə gedib çıxır: "Onun rüşeymi bayatılarda, xalq məsəllərində, xalq havalarında, xalqın təbii, arakəsilməz, gündəlik bədii özfəaliyyətindədir. Şübhəsizdir ki, bayatılar, müdrik xalq məsələləri, nağıllar bir adam, iki adam tərəfindən yox, yüzlərlə, minlərlə adamın iştirakı ilə yaranıb, yəni ümumxalq şüurunun, ümumxalq bədii təfəkkürünün məhsuludur, həm də ki, bayatı, ağı, gəraylı kimi şeir formaları birdən-birə əmələ gəlməyib. On illər, yüz illər ərzində bədii sözün ibtidai təşbehlər və oxşatmalar şəklindən daha dolğun və obrazlı ifadə vasitələrinə doğru tədrici təkamülü nəticəsində formalaşıb. Xalq musiqi formaları da eyni yollar keçib. Sevinci, şadlığı, aclığı, susuzluğu, qələbəni, kədəri, qüssəni, məğlubiyyəti ifadə edən ibtidai nidaların, səslərin, hərəkətlərin və jestlərin getdikcə kamilləşməsi, inkişaf sahəsində az-çox bitkin formalar yaranıb. Bu, təbii şeir, musiqi və rəqs formalarının ibtidailikdən, bəsitlikdən mürəkkəbliyə, kamilliyə doğru inkişafı uzun əmək prosesində, həyat mübarizəsində, insanın hissiyyatının duyğularının, fikrinin anlayışlarının dəyişməsi, inkişaf etməsi, zənginləşməsi ilə bağlı olub. Bu mənada aşıq yaradıcılığı çox qədim tarixə malikdir.

 

"Aşıq sənəti "Dədə Qorqud" kimi

ölməz sənət abidəsi yarada bilmişsə…"

 

Qabil Zimistanoğlu bildirdi ki, aşıq sənətinin tarixi ta qədimlərə gedib çıxsa da, yazılı şəkildə aşıq sənəti "Kitabi Dədə Qorqud" dastanından məlumdur: "Aşıq sənəti "Dədə Qorqud" kimi ölməz sənət abidəsi yarada bilmişsə, deməli, ilk kökləri daha dərindədir. Çünki dastan aşıq poeziyasının ən mürəkkəb, ən bitkin janrıdır. Yazılı ədəbiyyatda "dastan" deyəndə müəyyən sujeti olan və ancaq şeirlə yazılmış əsərlər-poemalar nəzərə alınır. Aşıq poeziyasında isə "dastan" daha geniş mənanı ifadə edir. Burada nəzmlə nəsr, poetik janrla proza janrı birləşir. Sujet həm şeir, həm də nəsrlə inkişaf edir. Dastanlarda şeirin ancaq hava çalıb oxumaq üçün işləndiyini güman etmək yanlışdır. Burada şeir qəhrəmanının psixoloji vəziyyəti, hadisələrin dramatik inkişafı ilə bağlı olur, sujet və kompozisiyanın dinamik olmasına və vəhdətinə kömək edir. Deməli, bədii fikir müəyyən inkişaf yolu keçmədən, uzun illərin yaradıcılıq təcrübəsinə malik olmadan belə mürəkkəb bir forma yarada bilməzdi. Buradan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan aşıq poeziyası, aşıq sənəti "Dədə Qorqud" dastanları meydana çıxandan çox-çox əvvəl yaranmağa başlayıb.

"Dədə Qorqud"da hər dəfə aşığın kəlməsi xüsusi hadisə kimi qeyd olunur: "Dədəm Qorqud gəlib boy boyladı, söy söylədi", "Dədəm Qorqud gəlibən şadlıq çaldı, bu oğuznaməyi düzdü, qoşdu". Xoş duyğular, xoş arzular bir qayda olaraq ozanın adı və gəlişi ilə bağlanır. Onun qədəmi yüngüldür, dili xeyrə açılır, insanlara sevinc bəxş edir, təsəlli verir. Dastanlarda aşığı-ozana olan məhəbbət, zərb-məsəl şəkli alan cümlələrlə dönə-dönə ifadə olunur: "Qolça qopuz götürüb eldən-elə, bəydən-bəyə ozan gəzər", "Elinizdə çalıb ayıdan ozan olsun" və s.

Bəli, aşıq sənəti qopuzla başalayıb, bu sənəti ozanlar davam etdirib. Aşıq müxtəlif vaxtlarda Ozan, Yanşaq, Varsaq və s. adlarını daşımışlar. Aşıq sözü isə bir titul kimi təxminən XI-XII yüzilliklərdən bəllidir".

 

"Aşıq şeir yazır, musiqi bəstələyir,

həm də oxuyaraq sazda çalır"

 

Q.Zimistanoğlu hesab edir ki, ozan-aşıq sənəti kiçik bir tamaşadır: "Burada musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir, həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır. Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı epik janrdır-yəni dastanlardır, xüsusilə də qəhrəmanlıq dastanları. Dastanlarda vokal-instrumental hissələr şeirlə danışıq parçalarını əvəz edir".

 

"Aşıq sənətinin akademiyası Göyçə mahalıdır"

 

 Q.Zimistanoğlu deyir ki, Folklorşünasların apardığı araşdırmaya görə, aşıq sənətinin beşiyi Göyçə mahalı hesab olunur: "Və burdan ətraflara yayılıb. Aşıq sənətinin akademiyası Göyçə mahalıdır. Göyçə aşıq məktəbi Dədə Heydərdən başlayır. Sonra Ağ Aşıq, Aşıq Alı, Dədə Ələsgər. Aşıqlıq sənəti əsl mənada şairlikdən fərqli olaraq saz çalmaq, rəqs etmək, oxumaq, şifahi xalq ədəbiyyatının nağıl, dastan və başqa növlərini toylarda, məclislərdə ifa edərək yaymaq deməkdir. Lakin bu ifaçı aşıqlar sırasında elə sənətkarlar da olub ki, onlar eyni zamanda öz qoşduqları qoşmaları, düzəltdikləri nağılları da icra etmiş, başqa peşəkar sənətkarlardan fərqləniblər. Klassik Azərbaycan aşıq şeiri öz şəkli xüsusiyyətləri etibarı ilə son dərəcə rəngarəngdir. Xalq sənətkarları heca vəzninin müxtəlif formalarından istifadə edib qoşma, gəraylı, təcnis, dodaqdəyməz, müxəmməs və.s şəkillərdə əsərlər yaratmışlar ki, bunların mühüm hissəsi yazılı şeir şəkilləri ilə qarşılıqlı əlaqədə təkmilləşmiş, yazılı şeirin şəkil xüsusiyyətlərindən istifadə edərək zənginləşib. Aşıq şeirinin özünə görə ifadə xüsusiyyətləri vardır. Canlı xalq dilinin bütün zənginliklərini klassik şeirin özünəməxsus incəliklərlə məharətlə uyuşduran el şairləri son dərəcə zəngin leksikona malik sənətkarlar olublar. Bu sənətkarların mühüm hissəsi yazılı ədəbiyyatın bütün xüsusiyyətlərinə yaxından bələd olduqları üçün canlı danışıq dilinin ifadə zənginliklərinə poeziya dilimizin gözəlliklərinin birləşməsi onların şeirində daha artıq vüsət verib".

Q.Zimistanoğlunun sözlərinə görə, aşıq yaradıcılığının lirik janrında tərifləmələr, "gözəlləmə"lər xüsusilə məşhurdur: "Bu "gözəlləmə"lər həm sevimli, gözəl qadına, həm də qəhrəmana, məsələn, igid Koroğluya, onun əfsanəvi Qıratına həsr oluna bilər. Aşıq yaradıcılığında nəsihətamiz mahnılardan ibarət ustadnamə janrı da maraqlıdır. Milli poeziyanın janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın poetik formaları olan təcnis, cığalı təcnis aşıqların sevimli şeir formalarıdır. Bu formalar dastanlara da daxil ola bilərlər. Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu dördlük formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən instrumental solo ilə ayrılır. Onu da qeyd edim ki, aşıq sənəti qruplara ayrılır: yazıb-yaradan aşıqlar və ifaçı aşıqlar". 

 

"Azərbaycan mədəniyyətinin tərkib hissəsi

olan aşıq sənətinə dövlət qayğısı var"

 

Qabil Zimistanoğlunun sözlərinə görə, Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan aşıq sənətinə dövlət qayğısı var: "Tarixin çox qədim dövrlərindən başlayaraq inkişaf edib gələn bu zəngin yaradıcılıq bu gün də davam və inkişaf etməkdədir. Dövlətin qayğısı nəticəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Dövlət səviyyəsində aşıqlara fəxri adların verilməsi, aşıqların yubileylərinin qeyd olunması, kitabların və notların çap edilməsi, orta və ali musiqi məktəblərində aşıq sənətinin tədris olunması və s. istiqamətlərdə geniş miqyaslı işlər görülüb.

2015-ci ildə "Kitabi-Dədə Qorqud"un dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidenti ""Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında"  sərəncam verib. Əcdadlarımız barəsində yaradılmış ən böyük və məşhur oğuznamələrdən ibarət "Kitabi-Dədə Qorqud" ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət-ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir.

Onu da bildirim ki, əsas məqsədi aşıq sənətinin inkişafı və təbliğinə yönəlmiş Azərbaycan Aşıqlar Birliyi yaradılıb. Azərbaycan Aşıqlar Birliyi sədri  Xalq şairi Zəlimxan Yaqub, I katibi  professor Məhərrəm Qasımlıdır. Dövlət televiziyasında aşıqların yaradıcılıq gecələri keçirilir. Dövlət səviyyəsində ustad sənətkar yad edilir. Dövlətin qayğısı nəticəsində Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan aşıq sənəti dünya mədəniyyətinin səviyyəsinə qalxa bildi. Sirr deyil ki, aşıq sənəti türk xalqlarının sənətidir. Odur ki, Aşıq Veysəl və başqa türk aşıqlarının Azərbaycanda, Azərbaycan aşıqlarının türk ölkələrində tədbirlərinin keçirilməsi arzuolunan olardı. Eləcə də, aşıq sənətinin qorunması üçün havacatlar ustad sənətkarların səsi ilə yazılsın, gələcək nəsil üçün saxlanılsın. Televiziya kanalları vasitəsi ilə aşıq sənəti təbliğ olunsun, gələcək nəslin də bundan xəbəri olsun, əlində fakt olsun".

 

Ramid İbrahimov

 

Bizim Yol.- 2014.- 28 iyun.- S.15.