«Rəssamlar İttifaqının dəstəyini görməmişəm»

 

Turan Muxtarzadə Azərbaycanda rəssamlıq sənətinin inkişafı və problemləri barədə danışır

 

Rəssamlıq - təsviri sənətin bir növüdür. Burada real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi formasi, işıq və hava mühitis. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Təsviri sənətin boyakarlıq, karikatura, miniatür, qrafika, mozaika kimi sənət bölmələri var.

Boyakarlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideyamövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.

Tarixçilər bildirirlər ki, Azərbaycanda boyakarlığın tarixi eramızdan əvvələ gedib çıxır. Rəssamlıq sənətinin Azərbaycanda ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda, Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.

Tarixçilər bildirirlər ki, Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insanheyvan təsvirləri həkk olunub.

Orta əsrlərdə Azərbaycanda miniatür rəssamlığı geniş inkişaf edib. XVI əsr Təbriz miniatür məktəbinin görkəmli rəssamları Sultan Məhəmməd, Müzəffər Əli, Mir Seyid Əli tərəfindən dünya müzeylərində saxlanılan nadir miniatür rəssamlıq əsərləri yaradılıb.

Orta əsrlərdə Azərbaycan rəssamlıq sənəti memarlıqla da üzvi əlaqədə olub. Şəki xanlarının sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanıb. XVIII-XIX əsrlərdə Abbasqulu, Usta Qənbər Qarabaği, Əli Qulu, Qurban Əli, Şükürb. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi ilə fərqlənir.

Azərbaycan monumental rəssamlığının ənənələri (İrəvanda Sərdar Sarayının XX əsrin ortalarında saray uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilib), Şuşada bir sıra evlərin rəsmlə bəzənməsində davam etdirilib.

Azərbaycan dəzgah rəssamlığının inkişafı da Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərib, "Rəqqasə", "Dərviş", "Pəhləvan", "Süvari" kimi bədii cəhətdən kamil portretlər yaradıb. Bu dövrdə Mir Möhsun Nəvvabın əsərlərində təbiət motivləri, güllərin, quşların təsviri, şair Xurşidbanu Natəvanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri də diqqəti cəlb edir.

Səhnə tərtibatı sahəsində də Azərbaycan rəssamları böyük uğurlara nail olublar. XX əsrin 90-cı illərində Azərbaycan Respublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yeni mərhələ başlanıb.

Zamənəmizin Dünya şöhrətli Azərbaycan rəssamı Sakit Məmmədov bir çox əsərlər yaradıb. Əsərləri dünyanın ən mötəbər sərgilərində nümayiş olunub. Sakit Məmmədovun əsərləri İlham Əliyev, Vladimir Putin, Süleyman Dəmirəl, kimi tanınmış simaların, BMT, Opera qalereyasında, AD muzeyi, Vatikandas. kolleksiyalarda saxlanılır.

Azərbaycan Respublikasının Əməkdar Rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədov məktəbinin davamçısı Turan Muxtarzadə ilə “Azərbaycanda rəssamlıq” mövzusunda həmsöhbət olduq.

Həmsöhbətimiz özü haqqında bunları dedi: “Orta məktəbdə rəsim çəkmək qabiliyyətim müəllimlərə bəlli olduğundan məkətibin bütün rəsm işlərini mənə tapşırırdılar. Bu qabiliyyətə əsaslanaraq 9-cu sinifdə Əzim Əzimzadə adın Rəssamlıq Kollecinə qəbul oldum. Burada oxuduğum müddətdə də müxtəlif sərgilərdə iştirak edib, qalib gəlirdim. Kolleci bitirdikdən sonra da Azərbaycan Dövlət Rəssamlıq Akedemiyasına qəbul oldum. Akademiyada oxuyanda da müsabiqə xarakterli sərgilərdə iştirak edirdim. Bitirdikdən sonra Bakıda və dünyanın bir çox şəhərlərində keçirilən qrup sərgilərdə iştirak etmişəm. Mükafatlarım var. Ötən il “Bakının işıqları” sərgisinin qalibi oldum. Bundan öncə isə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Bakıelektrikşəbəkə” ASC tərəfindən keçirilən “Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Memarıdır” mövzusunda gənc rəssamlar arasında rəsm müsabiqəsinin nəticəsi olaraq mən “Heydər Əliyev” rəngkarlıq əsərinə görə I yerə layiq görüldüm. Ümumiyyətlə, bir çox sərgilərin iştirakçısı, lauriatı və qalibi olmuşam.

T.Muxtarzadə işlədiyi janrdan da danışdı: “Rəssam hər janrda işləyə bilməlidir. Mən Azərbaycanın görkəmli rəssamı Sakit Məmmədovun məktəbinin yetirməsi olduğum üçün mən realist rəsm əsərlərini işləyirəm. Müasir-realist rəssamam”.

Turan Muxtarzadə Azərbaycanda rəssamlara olan dövlət qayğısından, rəssamlar üçün şərait və imkanlardan danışdı: “Dünyanın az ölkələrində rəssamlıqla bağlı təhsil müəssisələri var. Dövlət gənclərin rəssamlıq sahəsinə yiyələnmək üçün ölkəmizdə lazımı şərait yaradıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Təhsil Nazirliyinin tabeliyində dövlət hesabına fəaliyyət göstərir.  Akademiya 2002-ci ildə Respublika Prezidentinin fərmanı ilə yaradılıb. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Universitetdə yüksək ixtisaslı elmi işçilərin hazırlanmasına xidmət edən aspirantura fəaliyyət göstərir. Akademiya rəhbərliyi tələbə rəssamlar üçün sərgilər təşkil edirlər ki, tələbələr öz qabiliyyət və bacarıqlarını göstərsinlər. Tələbələri xaricə göndərirlər. Bəli, dövlətin dəstəyi var. Vurğulayıram ki, dövlət tərəfindən rəssamlıq sahəsinə ən böyük qayğı bax budur-dövlət büdcəsinin hesabına ali məktəbin yaradılması və fəaliyyət göstərməsi”.

Həmsöhbətimiz Azərbaycan Rəssamlar İttifaqı, eləcə də başqa qeyri-hökumət təşkilatların fəaliyyətini  dəyərləndirirdi: “Rəssamların ən böyük ictimai təşkilatı olan Azərbaycan Rəssamlar İttifaqı son illərdə rəssamlarla bağlı xüsusi tədbirini, dəstəyini görməmişəm. Başqa təşkilatlar var ki, onların bəziləri müəyyən işlər görürlər. Müasir İncəsənət Məkanı “YARAT”ın fəaliyyəti arzuolunandır. YARAT müasir incəsənət təşkilatı peşəkar sənətkarlar, həvəskarlar, uşaqlar və incəsənətin tədrisi ilə məşğul olanlar, qısaca desək, hər kəs üçün nəzərdə tutulan təhsil proqramları həyata keçirir. Təşkilat yerli və beynəlxalq rəssamlar cəmiyyətləri, o cümlədən, fondlar, incəsənət məktəbləri və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin aparılması sahəsində xidmət göstərir; YARAT mühazirələr, seminarlar, məşğələlər, habelə xaricdə tərəfdaş təşkilatlarla birlikdə stipendiya proqramları təşkil etməklə məşğuldur. YARAT-ın gənc rəssamlar üçün nəzərdə tutulan layihələrinin əsas məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə gənc rəssamlara peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.

T.Muxtarzadənin sözlərinə görə, Azərbaycanda rəsm əsərlərinə tələbat var: “Bəli, var. Rəssama tələbat onun işlədiyi əsərdən və alıcının zövqündən asılıdır. Zövqlər müxtəlifdir. Elə alıcı var ki, o klassik rəsm əsəri istəyir, eləsi var, realist əsər istəyir və s. Təlbat az da olsa var. İstər Azərbaycanda, istərsə də xaricdə rəsm əsələrimə tələbat var. İşlədiyimiz əsərlərimizi dəyərləndirilər, qiymətləndirirlər. 2010-cu ildə Türk-Azərbaycan rəssamlarının sərgisində 1-ci yerə layiq görüldüm. 2012-ci ildə Heydər Əliyev Fondundan bizə Ulu Öndərin  portretini çəkmək tapşırılmışdı və seçilən 3 əsər arasında mənimki də var idi. 2013-cü ildə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı “Artist” rəsm qalereyasında ölkəmizin tanınmış və gənc rəssamlarının əsərlərinin böyük sərgisi açıldı. “Yurdum Azərbaycan” adlı sərgidə mən mükafata sahib oldum.

Öncə dedim ki, mən Sakit Məmmədov məktəbinin davamçısıyam. O, Azərbaycanın əməkdar rəssamı, dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə “Min ilin adamı” mükafatına layiq görülüb. Bilirsiniz ki, S.Məmmədov 2011-ci il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən beşinci "Ənənələr və müasirlik" beynəlxalq Moskva incəsənət festivalını çərçivəsində Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü seçilib. Akademiya 1757-ci ildə yaranıb, indiyə qədər 112 nəfər üzvü olub.

Bildirim ki, mənim özümün də tələbələrim var. 2014-cü ilin aprel ayında Mədəniyyət və Turizm Naziliyinin təşkil etdiyi sərgidə Azərbaycan, Turkiyə və Argentina rəssamlarının imperssionizm üslubunda 60-a yaxın əsər nümayiş olundu. Mənim yaradıcılığından bəhrələnən rəssamlar arasında 17 yaşlı Leyla Şirəlinin əsərləri xüsusi diqqət çəkdi.

 

 

Ramid İbrahimov

 

Bizim yol.-2014.-27 may.-S.13.