Azərbaycanda heç bir tamaşaya sponsorluq edən yoxdur

 

İndi seriallar nə qədər dəbdədirsə, o vaxtın teletamaşaları, bədii filmləri də bir o qədər böyük maraqla qarşılanırdı. Aktyorların ifasında səslənən bəzi atmacalar tamaşaçıların, xüsusən gənclərin dilində zərbi-məsələ çevrilirdi.

Yadda qalan aktyorlar arasında İlham Namiq Kamal özünəməxsusluğu ilə fərlənir. O, ilk addımlarını teatrda atıb. Sonralar filmlərdə rol alıb. İ.N.Kamal artıq 16 ildir ki, ustad sənətkar statusu qazanıb. Hüseynağa Atakişiyevlə birlikdə Gənclər tetrının yaradılmasında iştirak etməklə. 1993-cü ildə İncəsənət İnstitutu ilə professional səhnə arasında körpü rolunu oynayan İlham miniatür teatrını yaratmaqla. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, professorestrada sənəti kafedrasının müdiri, Musuqili Komediya teatrının rejissoru kimi neçə-neçə gəncə sənət dərsləri, səhnəyə vəsiqə verməklə.

Qeyd edək ki, Xalq artisti İlham Namiq Kamal oğlu Əhmədov 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dramkino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr, 1968). Bu kollektivdə Mirzə Cavad ("Aydın", Cəfər Cabbarlı), Şvester ("Meteor" Fridrix Dürrenmatt), Lomov ("Elçilik", Anton Çexov), Rekrutçu ("Sahildə Bir Ev",Stefan Sveyq), Baş katib ("Sehirli Kreslo", Friteş Korinti), Molla Səbzəli ("Üləma Məclisi" Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.

O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevral ayının 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib. 20 mart 1989-cu ildə istedadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Bu kollektiv 26 yanvar 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb. Burada Stanislav Stratiyevin "Çarəsiz Sərnişinlər" (Məsuliyyətsiz), Rəhman Əlizadənin "Dadaşbala Əməliyyatı" (Dadaşbala), İsi Məlikzadənin "Sultanqulu Körpüsü" (Sultanqulu), Robber Tomanın "Arvadımın Qatili" (Daniel), Vaqif Səmədoğlunun "Dağ Tikirik" (Kələntər), Georgi Xuqayevin "Arvadımın Əri Özüməm" (Kazbek) pyeslərinin səhnə təsfirində, "Gül, Sevin, Gül" (müxtəlif sifət-maskalar) şoutamaşasında baş rolları ifa edib.

Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun "Sevgilimin Anası və yaxud Evlənmə Əhvalatı" (Albadam), Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun "Qarğa, Məndə Qoz var" (Adil, Farmazov, Aşıq, Professor və Əyyaş), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin "Fulimeno Marturano" (Dominesko Soriano) musiqili komediyalarında oynayıb.

1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Onun filmoqrafiyasında 34 film var. 65 illik yubileyi münasibəti ilə xalq artisti 25 iyun 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Xalq artisti ilə teatrımızın hazırki durumu, mövcud problemlər və reallıqlar mövzusunda həmsöhbət olduq.

- İlham müəllim, dövlətin teatr sənətinə qayğısı arzuolunan səviyyədədirmi?

- Ötən il Prezident İlham Əliyev Azərbaycan teatrının 140 illik yubileyi ilə əlaqədar olaraq 10 mart gününün Teatr günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, hər il 10 mart günü ölkəmizdə Teatr günü olaraq qeyd olunacaq. Elə ötən il teatrımızın yubileyi dövlət səviyyəsində qeyd olundu. Yubileydə teatr xadimlərinə, rejissorlara, aktyorlara, rəssamlara mükafatlar təqdim olundu.

bir şeyiyaddan çıxartmaq olmaz ki, son illər teatr binları tikilir, təmir və bərpa olunur. Texniki imkanları müasir tələbələrə cavab verir. Rus Dram Teatrı, Azərbaycan Dövlət Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı və bölgələrdə olan teatrlar təmir olundular, bərpa işləri aparıldı. Demək olar ki, bu teatr binaları yenidən quruldu. Uzun müddət təmirdən sonra bu yaxınlarda Azərbaycan Dövlət Musiqili Komediya - indi Musiqi Teatr adlanır - mart ayında qapılarını tamaşaçıların üzünə açacaq. Təmir-bərpa nəticəsində təkcə bina deyil, teatrın texniki imkanları dəyişir, yeniləşir, müasirləşir. Texniki bazanın dəyişməsi nəticəsində teatrın işıq effektləri, səs aparatı imkanları yüksək tələblərə cavab verir.

Şahidi olduğum və təəssüf doğuran keçmiş halı oxucular üçün qısa olaraq xatırladım. Teatrlarda texniki dəyişikliklər aparılmamışdan öncə şadlıq saraylarında gedib texniki imkanları görəndə mat-mətəl qalırdıq. Teatrda olmayan texniki şəraiti burada görürdük. Təmirdən sonra isə vəziyyət yaxşıya doğru dəyişdi. Arzuolunan haldır ki, işıq və səs effektləri yüksək tələblərə cavab verir, teatr məbəd şəkilində quruldu.

- Teatrda aparılan texniki dəyişiklikdən danışdınız. Mən bu yaxınlarda Azərbaycan Dövlət Dram Teatrında iki tamaşaya baxdım. Tamaşaçı azlığı müşahidə olunurdu. Texniki imkanlar varsa, bəs teatra tamaşaçının gəlməməsinə səbəbkar kimdir - aktyor, rejissor, yoxsa...?

- Aktyoru bu məsələdə günahkar etmək doğru olmaz. Aktyor asılı olan şəxsdir teatrda. Ona rol versən oynayacaq, verməsən oynamayacaq. Mən bunda başqa səbəb görürəm. Tetarlarda sturuktur dəyişikliyi aparıldı ki, bu da tamaşaçı toplamağa imkan vermir. Belə ki, rejissorların səlahiyyəti əllərindən alındı. İndi teatrın bütün səlahiyyətləri direktorların əlindədir. Rejissorların bütün səlahiyyəti əlindən alınıb. Bütün ölkələrdə teatrı rejissorlarına görə tanıyırlar. Bizdə yaxın onilliklərdə teatrı rejissorları ilə tanıyıblar. Məsələn, Azərbaycan Dövlət Dram Teatrını Tofiq Kazımovun, Mehdi Məmmədovun, Gənc Tamaşaçılar Teatrnı Nemətovun, Musiqili Komediya Teatrını Şəmsi Bədəlbəylinin adı ilə tanıyırdılar. İndi isə teatrın siması olan rejissorlar arxa planda qalıblar. Teatrın beyni rejissordur, teatr yaradıcılığında rejissorun əməyi çoxdur. Rejissor aktyor yetişdirir. Teatrın inkişafı rejissorla bağlıdır. Azərbaycanın məşhur dramturqlarının yetişməsində rejissorların əməyi var. Teatrı öz ənənələrinə uyğun olaraq inkişaf etdirmək yalnız baş rejissorun işidir. Son 20-22 il ərzində bəzi teatrlarda baş rejissor ştatı yoxdur, rejissor var. İstənilən halda rejissorların səlahiyyəti özlərinə qaytarılmalıdır. Vurğulayıram, səlahiyyət rejissorlara qaytarılmalıdır.

-Burada təzad var. Dövlət teatr binasının təmiri onun texniki imkanlarının yüksək səviyyəyə qaldırılması üçün büdcədən pul ayırsın, üstəlik tamaşaçını teatrdan qaçırsın. Bəs teatrı kim üçün təmir ediblər?

-Mən sənət adamıyam. Mənim vəzifəm yoxdur. Bu suallara cavab verəcək şəxslər yüksək vəzifəli şəxslərdir. Mən onu deyə bilərəm ki, rejissorlar asılıdırlar. Teatr direktorunun dedikləri ilə bağlı razılaşmayan rejissor işsiz qalacaq. Rejissorlar qorxusundan danışmırlar ki, o maaşa da həsrət qalarlar.

- Bəlkə Sovet dövründə olan rejjissorlar indi yoxdur deyə səlahiyyətləri əllərindən alınıb? Onlara etimad yoxdur?

- Niyə yoxdur? Var! Azərpaşa Nemətov, Ağakişi Kazımov səviyyəsində yaşından asılı olmayaraq rejissorlarımız var. Gənclər yetişir. Onlara da inam olmalıdır, onlara da yer verməlidirlər.

- 5 cür teatr var-dövlər, bələdiyyə, xeyriyyə, müstəqil, muzey teatrı. Bunlardan bizdə hansı var?

- Dövlət teatrları var. Müstəqil teatr, xeyriyyə teatrı yoxdur. Müstəqil teatrlar dəfələrlə doğlulub dəfələrlə ölüb. Yadınızdadırsa, mənim yaratdığım İlham Miniatür teatrı 15 il işlədi. İndi o teatrın tamaşaları qızıl fondda qalır. Müstəqil teatr 5 il işləyə bilər. Bu müddətdən sonra müstəqil teatra dövlət statusu verilir, ya da ölür. Təşəkkür edirəm ki, o vaxt Mədəniyyət Turizm Nazirliyi, başda Polad Bülbüloğlu, Ədalət Vəliyev olmaqla teatrımıza qayğı göstərdilər. Bizə Gənc Tamaşaçılar Teatrının binasında yer verdilər. Yəni həftədə bir dəfə tamaşa göstərə bilərik, hətta məşq edə bilərik. Təmirdən sonra ora iki teatr heyətini yerləşdirdilər. Bizim orada fəaliyyət göstərməyimiz üçün artıq imkan olmadı, yəni yer olmadı.

-Azərbaycan teatr tarixini oxuyanda məlum olur ki, Zeynəlabddin Tağıyev kimi xeyriyyəçilər teatr sənətinin inkişafına dəstək olublar. İndi elə xeyriyyəçilər, adamları yoxdurmu?

- Gəlin, bir adam göstərin ki, tamaşaya sponsorluq edib. Yoxdur. Adi Kukla Tetarının tamaşasını götürün, hətta ora da sponsorluq edənlər yoxdur. Azərbaycanda dövlətdən başqa heç kim teatr sənətinin inkişafına dəstək olmur. Tağıyev kimi xeyriyyəçilər indi yoxdur. Danışanda deyirlər ki, ölkədə imkanlı adamların sayı çox, adamları, sahibkarlar çoxdur. İş adamı yalnız övladı üçünmü yaşamlıdır, onun üçünmü nəysə etməlidir?

- Niyə kömək etməsinlər? Teatrdan gəlirmi güdürlər?

- Bilmirəm. Onlar bilməlidirlər ki, teatr mədəniyyətdir. Mədəniyyətin inkişafı insan ölkə üçün çox əhəmiyyətlidir.

 

 

Ramid İBRAHİMOV

Bizim yol.-2014.-24 yanvar.-S.- 13.