O zaman sevinərəm ki, hansısa filmimiz Oskar ala

 

Rada Nəsibova: Axı aktyorun səhnə həyatı ilə yanaşı şəxsi həyatı da var...

 

Azərbaycan teatrının bügünki durumu: problemlər və perspektivlər mövzusunda aktrisa Rada Nəsibova ilə həmsöhbət olduq. Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinin məzunudur. 2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışıb. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktrisası olaraq fəaliyyət göstərir.

İşlədiyi müddət ərzində müxtəlif janrda obrazlar yaradıb. 10-dan çox tamaşada rol alıb. Kinoda 2002-ci ildən fəaliyyət göstərir. R.Nəsibovaya məxsus filmoqrafiyada 17 film və teleserial var.

- Rada xanım, dövlətin mədəniyyətə qayğısında teatra olan münasibət hansı səviyyədədir?

- Teatrlarda təmir işləri oldu və davam edir. Bir-birindən uğurlu tamaşalar tamaşaçılara təqdim olunur. Amma gənc nəslin teatra gəlməsi üçün şərait olmalıdır, həyat şəraitini yaxşılaşdıra biləcək maaş almalıdır. Ümid edirik düzələr (gülür-R.İ.).

- Yeni hansı tamaşalar təqdim olunacaq?

- Hal-hazırda aktisa olaraq fəaliyyət göstərdiyim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 6-7 tamaşanın məşqi gedir. Özümün rol aldığım tamaşaların adlarını və rejissorlarını açıqlayım.

Rol aldığım tamaşalardan biri Şvartsın Kölgə əsərinə quruluş verilən tamaşadır. Tamaşanın rejissoru Nicat Kazımovdur. Yaxın günlərdə premyerası olacaq. B.Nuşçinin Nazirin xanımı tamaşasıdır ki, orda da rol almışam. Qurluşçu rejissor Mərahim Fərzəlibeyovdur.

- Məşqlər necə təşkil olunur?

- Hər tamaşanın vaxtına 3-4 saat ayrılır.

- Bu vaxt yetərlidirmi, yoxsa mümkün olan vaxt bu qədərdir?

- Hər tamaşanın məşqinə mümkün olan qədərdir. Nəzərə alaq ki, başqa tamaşaların da məşqləri var. Həm rejissor, həm aktyor öz işinə hazır gəlirsə, işinə məsuliyyətlə yanaşırsa, bu vaxt yetərli sayıla bilər. Əsas işini sevmək, istedad və məsuliyyətdir.

Deyim ki, əsər şəkil-şəkil, hissə-hissə məşq olunur. Bir tamaşa iki aya hazır olur. Rejissor götürdüyü pyesləri öncə, bəlkə də illər öncə beynində hazırlayır. Aktyorun da rol üzərində işi olur. Belə ki, məşqdən sonra beynində həmişə axtarışlar edir: yol gedəndə də, çörək yeyəndə də Aktyor həmişə axtarışdadır. Beynində nələrisə axtarır. Tam tamaşa hazır olana qədər.

- İlk suala cavab verərkən, aktyorlara verilən maaşa toxunduğunuz. Bilmək olarmı maaş nə qədərdir?

- İlk suala verdiyim cavab mənim şəxsi fikrimdir. Maaş bazar şərtlərinə uyğun deyil. Aktyorların dolanışığı üçün yaxşı ki, seriallar, dublyaj televiziya işləri var. Amma bu imkan bütün aktyorlarda olmur. Aktyor var ki, onun gəlir mənbəyi yalnız teatrdandır. Aktyorun səhnə həyatı ilə yanaşı onun şəxsi həyatı da var. Onun ailə qurması var. Həyat şəraitini yaxşılşadırmaq üçün özünə ev almalıdır, flan. Hazırkı aktyor maaşı ilə aktyorun gələcək həyatını düşünmək belə çox çətindir. Sənət adamının aldığı maaş onu sosial, məişət qayğılarını təmin etməlidir ki, o yalnız yaradıcılıq haqqında fikirləşsin. Saatlarla məşq etməyə can atsın. Bunun üçün qayğılardan azad olmalıdır. Mən bunu təkcə gənc aktyorlar haqqında demirəm. Yaşlı nəslin də qayğıları unudulmamalıdır. Bir çox sənətçilərə Prezident mükafatları, təqaüdləri verilib. Bunlar danılmazdır. Bu bir gerçəklikdir. Bəs ümumi maaş (gülür)? Ümid edirəm ki, aktyorların həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq addımlar atılacaq.

- Bu ümiddir, yoxsa ironiya?

- Təbii ki, ümiddir. Onu da deyim ki, elə gənclər arasında da mükafat alan aktyor və aktrisalar var. Ümid edirəm ki, hər bir yaradıcı adama, sənətçiyə bu sevinc nəsib olsun. Mən həyatda heç nəyə ironiya ilə yanaşmadım. Ümidlə, arzuyla, sevgi ilə yanaşdım. Sevinirəm ki, son zamanlar ölkəmizdə teleseriallar çəkilir. Ən azından bu aktyorlarımıza çox kömək olur. Ümid edirəm ki, bu kino istehsalat sahəsinin inkişafına da müsbət təsirini göstərəcək.

- Maaş məsələsinə qayıdaq. Aktyorun sosial qayğısı varsa, aktyor həyatda öz rolunu oynaya bilmirsə, səhnədə necə öz rolunu oynayacaq, necə uğrulu tamaşalar olacaq?

- Səhnə elə sehirli bir aləmdir ki, səhnəyə çıxdın iki saat o qayğılardan uzaq olursan. Amma, siz demiş səhnədən kənarda da həyat var. Onu deyim ki, ölkə teatrını dünyaya tanıtmaq üçün festivallar təşkil olunmalıdır. Qastrollar həyata keçirilməlidir. Mustafa Kamal Atatürkün məşhur deyimi var: Hər bir dövlətin pəncərəsi onun mədəniyyətidir.

- Hansı ölkənin teatrında olmusunuz?

- Azərbaycan Dövlət Akademik Milli Dram teatrımız olub. Mənə yalnız Gürcüstanda olmaq nəsib olub.

- O zaman iki ölkənin teatrını müqayisə etməyiniz mümkündür. Gürcüstan bizə qonşu ölkədir və müstəqillik tarixi yaxın olan ölkələrik. Onların teatrının, onların aktyorlarının bizidən fərqi nədir?

- Mən öz artistlərimizi dünyanın bütün sənət adamlarından üstün tuturam. Söhbət istedad baxımından gedir. Həqiqətən bizim sənətçilər çox istedadlıdırlar. O ki qaldı Gürcüstan teatrına, onların işi həmişə mənim üçün maraqlı olub.

- Onların teatrında olan inkişaf səviyyəsi ilə bizimkini müqayisə edə bilərsinizmi? Orada aktyorun maaşı, həyat şəraiti necədir, bizdə necədir?

- Eşitdiyim qədəri ilə son illərdə maaşlar çox yaxşıdır. Onlarda aktyorlar 1500-2000 min dollar arası maaş alırlar. Maaşdan əlavə də orda teatr həmişə fəaliyyətdə olub. Həm də xalq olaraq teatrsevər xalqdır. Orda teatra maraq var.

- Sizcə, bizim xalq niyə teatrsevər deyil? Xalq teatrı anlamır, yoxsa teatrda uğurlu tamaşalar yoxdur?

- Teatrın uğurlu tamaşaları yetərincədir. Təbii ki, uğurlu olmayan tamaşalar da olub. Teatrı necə sevdirirlər? Elə götürək qonşu Gürcüstanı. Orada insanlara teatrı uşaq bağçasından sevdirirlər, aşılayırlar, təbliğ edirlər. Öncə kukla teatrına, sonra uşaq teatrına, gənclər teatrına və daha sonra böyüklər üçün olan teatra gedirlər. Teatr canlı məktəbdir. Canlı yaşantıdır. Amma bizdə Teatrın təbliğatı azdır. Tetarla bağlı reklamlar, afişaların sayı azdır. Demək oalr ki, ailələrdə də teatr təbliğ olunmur, bu barədə danışılmır. Məktəbdə və ailədə uşaqları karusellərə, başqa əyləncə yerlərinə daha çox aparırlar, nəinki teatra. Mən özüm sənət adamıyam. Amma oynamadığım hər hansı tamaşaya baxanda uşaq kimi ağlayıram. Duyğulanıram. Sonralar bir müddət özümə gəlmədiyim anlar da olub. Həqiqətən də insanın tərbiyəsinə, düşüncəsinə çox böyük təsiri var teatrın.

- Bizdə teatrın təbliği üçün nə gərəkdir?

- Məsələn, reklamların, afişaların sayı arıtırılmalıdır, orta və ali məktəblərdə bu barədə təbliğat aparılmalıdır. Eləcə də, ictimai nəqliyyatda, məsələn, metroda afişalar olmalıdır. Ən böyük reklam isə televiziyadır. Arzuolunandır ki, hər bir tamaşanın anonsu bütün televiziya kanallarında efirə verilsin. İctimailəşdirilsin.

Söhbət təkcə bizim teatrdan getmir, bütün teatrların hazırladığı tamaşaların anonsu olsun efirlərdə. Arzuolunandır ki, anonslarla yanaşı televiziya və radio verlişləri də hazırlansın. Təəssüf ki, bunlar hələ yoxdur. Siz tamaşalara gedirsinizmi?

- Bəli, gedirəm, elə sizi tamaşada görmüşəm

- Mən özüm tamaşalara baxmaqdan doymuram. Əsəri oxuyarsan, yaddan çıxartdığın məqamlar ola bilər. Amma teatr dili ilə beynə həkk olur hər bir kəlmə, hər bir hadisə. Amma siz də sağ olun ki, şəxsi suallar deyil, məhz sənətlə bağlı suallar verirsiniz.

- Siz həm də teleseriallarda rol alırsınız, Azərbaycan tamaşaçısı teleserail izləməyə hazırdımı?

- Hal-hazırda seriallar çox çəkilir. Reytinq cədvəlinə görə, hansı daha çox davam gətirirsə, daha doğrusu hansı çox reytinq yığırsa, o teleserialların çəkilişləri davam edir.

- Reytinq necə müəyyənləşdirilir?

- Mən bilmirəm (gülür). Yəqin internetdən öyrənirlər.

- Sizcə bu inandırıcıdır?

- Mən o dərinlikləri bilmirəm. Hər halda baxırlar. İctimai yerdə insanlar yaxınlaşıb teleserialla bağlı fikirlər söyləyirlər. Mənim reytinqim canlı tamaşaçı rəyidir (gülür).

- Dövlət büdcəsindən teleserialların çəkişi üçün maliyyə vəsaiti ayrılıb, bu yetərlidirmi, keyfiyyətli serial çəkməyə?

- Başlanğıcq üçün yetərlidir. Əsas odur ki, çəkirlər. Bu həm də teleserialların inkişafına dəstəkdir. İldən ilə teleserialların keyfiyyəti gözə çarpaçaq qədər müsbətə doğru dəyişib. Gərək insanların teleseriallara, kinoya, teatra marağı olsun. Başqa dövlətlərdə prodüser sistemi çox inkişaf edib. Onlar sponsorlar tapırlar. Amma bir şey də var ki, sponsorlar pul qoyub pul götürürlər. Bizdə hələ ki, bu bazar sistemi yoxdur.

- Siz dediniz ki, Azərbaycan insanında maraq yoxdur. Amma fakt var ki, Türkiyə teleseriallarını izləmək üçün saatlarla gözləyənlər olur.

- O da faktdır ki, 20 il öncə onların da teleserialları indiki kimi deyildi. Bizdə yeni başlayıb. Bu gedişlə 10 ilə inkişaf edəcəyik. Bir də ki, bizim kinolarımızı onların köhnə kinoları ilə heç müqayisə etmək olmaz.

-Teleseriallarımızın texniki imkanları necə, müasir tələblərə cavab verirmi?

-Bizim kinolardan həmişə dərslik kimi istifadə ediblər. İldən-ilə düzəlir, inkişaf edir. Qeyd edim ki, kino sənətinin inkişafına müharibənin də mənfi təsiri olub. Hər işdə durğunluq olduğu kimi, kino sənətində də bu oldu. Hər şeyi yenidən başlamaq lazım oldu.

- Bizdə film festivalları, film yarmarkaları təşkil olunurmu?

- Olur. Mən o zaman sevinəcəm ki, hər hansı filmimiz Oskar mükafatı alacaq. Kann festivalında iştirak edib.

- Siz jurnalist olsanız, oxucuya Rada Nəsibovanı necə təqdim edərsiniz?

- Hər şeyə nikbin, ümidlə baxan. Və o ümidləri doğrultmağa çalışan biri kimi Allahı və Allahın bütün yaratdıqlarını Allahı sevdiyi üçün sevən biri kimi.

- Bəs sənətçi kimi necə təqdim edərdiniz?

- Sənətçi kimi sənətini sevən, hər zaman öyrənən, bacardığı qədər tamaşçılara yaxşı örnək olmağa çalışan biri

 

 

 

Ramid İBRAHİMOV

Bizim yol.-2014.-28 yanvar.-S.13.