Turizm həm də xalqların ortaq

mədəni mühiti paylaşmasıdır”

 

Turizm - çoxmənalı bir sözdür. Bu sözün ilk sadə anlayışı - istirahət və səyahət deməkdir. Turizm - fransız sözüdür və onun mənası gəzinti, istirahət və əyləncə deməkdir. Lakin bu sözün başqa mənaları da var. Məsələn, turizm - insanın istirahət etdiyi zaman bütün mürəkkəb prosesləri öyrənən və onları müəyyən istiqamətə yönəldən və tənzimləyən bir amildir. Eyni zamanda turizmi ölkə iqtisadiyyatının bir sahəsi kimi qiymətləndirirlər. Turizm sözünün törəməsi - "turistika" sözü - turizmin inkişafını öyrənən yeni meydana gəlmiş bir elmdir. Turizmin başqa bir mənası isə - turist-lərə göstərilən xidmət sahəsidir.

 

İnsanlar həmişə səyahət ediblər. Öz qəbiləsinin yaşadığı məskənlərin ətrafından başlanan ibtidai səyahətlər daha sonralar uzaq səfərlər, dəniz və çaylarla edilən səyahətlərlə əvəz olunmuşdur. Səyahət müəyyən məqsəddən asılı olmayaraq, insanların məkan və zaman çərçivəsində öz yerlərini dəyişməsidir.

Hazırda dünyanın əksər dövlətlərində müasir turizm hərəkatı XX əsrin fenomeni adlandırılır. Həqiqətən də belədir, bu gün şahidi olduğumuz turizm, texnikanın, insanlar arasındakı humanitar münasibətlərin, təhlükəsizlik prinsiplərinə riayət etməklə, dünyanın hər yerinə səyahət etmək imkanının yaranmasının nəticəsidir. XX əsrin fenomeni sayılan turizm hazırda dünyanın bir sıra ölkələrində 240 milyondan çox insanın məşğuliyyətini təmin edən və demək olar ki, bütün sənaye sahələri (38 sənaye sahəsi) ilə əlaqəli fəaliyyət göstərən, geniş maddi bazaya malik və sürətlə inkişaf edən sahəyə çevrilmişdir.

Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna görə də hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar. Aparılan sosioloji tədqiqatlardan məlum olmuşdur ki, hələ keçən yüzilliyin sonlarında turizm sahəsindən dünyada əldə olunan gəlirin həcmi ABŞ dolları ilə 450 milyardı ötüb keçmişdir. Onun inkişafının orta illik artım faizi isə 4,3 faizdən çox olmuşdur. Bunun əsas səbəbləri insanların dünyanın öyrənilməsinə artan tələbatı, əhalinin həyat səviyyəsinin artması, nəqliyyatın, texnologiyaların, o cümlədən informasiya kommunikasiya texnologiyalarının inkişafı, qloballaşma və sairədir.

Turizm fəaliyyətində dövlət tənzimləməsinin əhəmiyyətini  başa düşmək üçün ona idarə olunan bir  sistem  kimi yanaşılması məqsədəuyğundur. Turizm bir-birini qarşılıqlı olaraq tamamlayan elementlərin məcmusu şəklində fəaliyyət göstərən  bir sistemdir. Bu sistemdəki münasibətlərin iştirakçıları - turist, turizm müəssisələri, təşkilatlar, regionlar və dövlət qarşılıqlı olaraq bir-birinə təsir edib, ətraf mühitə  sıx olaraq bağlıdırlar.

Beləliklə, "Bizim Yol" əməkdaşı, turizm, onun faydaları, ölkənin dünyada tanınması və beynəlxalq aləmə açılması yönündə qazandırdığı dividendlər və digər mövzular ətrafında, Türkiyənin Hacettepe Universitetinin elmi işçisi, ekoloq-mühəndis, ətraf mühit mühəndisliyi üzrə elmlər namizədi Elvin Ağayevlə həmsöhbət olub.

- Azərbaycan malik olduğu zəngin təbiətə və güclü potensialına baxmayaraq, hələ də turizmdən istənilən səviyyədə yararlana bilməyib. Biz bu imkanı düzgün dəyərləndirə bilmək, ölkəmizə böyük turist axını və kapital gətirmək, həmçinin ölkəmizi dünyada tanıtmaq üçün nələr etməliyik?

- Neft-qaz ölkəsi olan Azərbaycanda qeyri-neft sahələrinin inkişafına dair işlər görülmüş və müəyyən edilən istiqamətlərdə dövlət proqramları hazırlanmışdır. Bu sahələrdən biri də turizm sahəsidir. Azərbaycan gözəl  təbiətə və zəngin rekreasiya ehtiyatlarına sahibdir. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri özünəməxsus sosial həyatı, Xəzər dənizi sahillərində olması turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Turizmin inkişafı üçün öncəliklə orta ixtisas və ali məktəblərdə təhsil siyasətində yeniliklər və islahatlar edilməlidir. Çünki turizm sərmayədarın və ya dövlətin bu sektora yönəlməsi ilə hələ də tam həllini tapmayacaq. Cəmiyyət olaraq bizlər öncəliklə turizm ölkəsi olmağa hazır olmalıyıq. İnsanlarımızın beyninə turizm və xidmət anlayışı tam olaraq həkk olmalıdır. Bunun üçün də təhsil və peşəkar yanaşma tələb olunacaq. Məhz bu yolla turizmin yararları və inkişaf etdiyi təqdirdə ölkəyə necə fayda gətirəcəyi mövzularında hər kəs yetərli məlumata sahib olmalıdır.

Unudulmamalıdır ki, turizm sadəcə iqtisadi gəlir əldə edilən bir sahə deyil, eyni zamanda insanların rifah səviyyəsinə müsbət təsir etməklə yanaşı, müxtəlif ölkələrdən gələn insanların ortaq kulturoloji mühiti paylaşması deməkdir. Ölkədə sadəcə hotellər, restoranlar və ya istirahət mərkəzlərində işləyənlər yox, eləcə də taksi sürücüləri, marketlər, avtobus sürücüləri, cəmiyyətdəki bütün təbəqələr turizm mövzusundə bilgiləndirilməlidir.

- Konkret olaraq hansı təcrübələri misal gətirmək olar?

- Turizmin ictimailəşdirilməsinin ardından turistik bölgə, komplekslərimiz müasirlik və rahatlıq baxımından dünya standartlarına cavab verməlidir. Yalnız bu zaman biz digər ölkələrlə rəqabət apara bilərik. Önəmli nöqtələrdən digəri isə sistemli bir "layihə planı", "tətbiq modeli" və "turizm infrastrukturu" formalaşdırılmalıdır. Dövlət səviyyəsində modellər, qanun və ya qərarnamələr qəbul edilməlidir.

Ölkəmizin turizmlə bağlı qanunvericiliyində yeniliklər aparılıb, lakin bunlar tətbiq mərhələsində də geridə qalmamalıdır. Bu sahədə uğurlu siyasət və yüksək iqtisadi gəlir əldə edən qonşu ölkələr - Türkiyə və Gürcüstanın modelləri incələnməli və ölkəmizdə də tədbiqinə keçilməlidir. Beynəlxalq təcrübəyə yiyələnmədən turizmin inkişafına nail olmaq mümkün deyildir. İctimai maarifləndirmə və bu sahədə təhsilli kütlənin  yetişdirilməsi inkişaf prosesinin ən önəmli istiqamətlərindəndir.

- Turizm ölkəyə kənardan maliyyə qazandırmaqla bərabər, həm də ölkənin dünyada tanınması üçün vacibdir. Dünya xəritəsində varlığı ilə yoxluğu hiss olunmayan elə ölkələr var ki, sadəcə turizm imkanları ilə dünyada önəmli yerlərdə dayanır. Sizcə, Azərbaycanın buna nə dərəcədə ehtiyacı var?

- Turizm bir ölkədəki sosial-iqdisadi problemlərin həllinə təkan verə bilər. Əminliklə deyə bilərəm ki, potensialı olan bir ölkə, turizmin inkişafına nail olmaqla həm iqtisadi, həm də sosial problemlərin öhdəsindən gəlməyə qadirdir. Azərbaycanın hal-hazırda torpaqlarının 20%-i işğaldadır. Müharibə şəraitində olan bir ölkəyik. Haqlı mübarizəmizdə dünyadakı bütün hüquqi sənədlərdə bizim torpaqlarımızın işğal olunduğu qeyd edilməsinə baxmayaraq, biz hələ də öz torpaqlarımıza qovuşa bilməmişik.

Bunun ən böyük səbəbi olaraq diasporalarımızın zəifliyini və ya ölkəmizin istənilən səviyyədə tanınmamasını göstəririk. Ölkəyə daxil olan hər bir əcnəbi əslində bir fəxri səfir və ya sosial daşıyıcı sayılır. Onlar sosial mühitdə yaşayaraq, insanlarımızı tanıyaraq problemlərimizi və ya sevinclərimizi paylaşaraq ölkədən ayrılırlar. Hər il bu şəkildə minlərlə insanın müxtəlif ölkələrdən gələcəyini nəzərə alsaq, bu sahənin çox böyük sosial təsirə malik olduğunu da görərik. Bu baxımdan ölkənin tanınması və problemlərimizin düzgün anlaşılması üçün turizm önəmli vasitələrdən birinə çevrilə bilər. Qardaş ölkə Türkiyənin dünyada tanınmasında turizmin böyük rolu vardır. Biz də bu cür fürsətləri qiymətləndirməli və vaxt itirmədən alınan qərarları tətbiq etməliyik.

- Əcnəbi turistləri ölkəyə cəlb etmək ölkənin xarici siyasəti ilə nə dərəcədə bağlıdır? Yaxud dövlətin beynəlxalq arenada göstərdiyi fəaliyyət bu sahəyə nə kimi təsir göstərə bilər?

 

(Davamı gələn sayımızda)

 

ÜMİD

 

Bizim Yol.- 2016.- 13 iyul.- S.13.