Güclü qadın

 

Qadından qorxun. O, gözəl və tənhadırsa lap çox qorxun. O, gözəl, tənha və üstəlik incikdirsə bəribaşdan özünüzü ölülüyə vurun... Atalar məsəli

 

Güclü qadın... Absurd ifadədir. İfadənin bir başı o birinə düz gəlmir. Amma niyə də olmasın? Həyat bizi güclü, cəsarətli olmağı öyrətmirmi? Həyat diqtə edir: heç vaxt əllərini yanına salıb məyus olma! Özünə inan, dünyadan heç nə umma, cəsarətli, hətta həyasız ol, yoxsa rəqabət üstündə qurulmuş dünya səni udacaq. Müasir qadın artıq özünü və balalarını dolandıracaq qədər güclü olub. Amma onun xoşbəxtlik payı bununla artıbmı? Axı sərtlik və güc qadın təbiətinin əksidir...

Ətrafımızdakı qadınların davranışı və psixologiyasına nəzərən təsnifatını vermək çətin  məsələdi. Hansı güclü qadındır, hansı zəif? Bəlkə özünü güclü göstərən qadın zəifdi, ya da zəif görünəni əsil güclü qadın şortundandır. Ona görə əvvəl əlamətlərini sadalayaq:

 

Düzlük

 

Güclü qadın sözünü birbaşa deyir. Ola bilər metaforalara, sözü bəzəməyə qarşı münasibəti yaxşı olmasın. Eyhamlara, boş sözlərə vaxt sərf eləməyə zamanı yoxdu onun. O, daim hərəkətdədir və yalnız problemləri həll edə biləcək adamlara hörmət bəsləyir. Ondan nəsə lazımdırsa birbaşa deyin, dolayısı yol axtarmayın. Çünki güclü qadın bütün dolayı yolları çoxdan qapadıb.

 

Diqqətə tələbkarlıq

 

Güclü qadın diqqətsizliyi bağışlamır. Əlbəttə, bunu bütün qadınlar bağışlamaz. Qadının zəif növü kişi diqqətsizliyini məşğulluq, zaman qıtlığı ilə qarışdıra bilər. Güclü qadın diqqətsiz qalsa bunu heç vaxt bağışlamaz. Bir həftə unudulmuş qadına milyon al qızılgüllər də versəz o, “geriyə yol yoxdu” düşünməyində davam edəcək.

 

Hörmətsizlik

 

Güclü qadın hörmətsizliyi və təhqiri heç bir formada götürməz.  Sonra üstünə çiçək, ətir və konfet yağışı yağsa da bağışlanma gözləmək əbəsdir. Hamı da bilir ki, təhqir edib alçaldıb sonra ürək almaq istəyi zəif kişikərin əsas əlamətidir.

 

Qısqanclıq

 

Güclü qadını qısqandırmaq çox çətin məsələdi. Kişilərin sevimli fəndi burada qəti şəkildə keçərli deyil. Güclü qadını ələ almaqçün “Bir bax, məni sevən nə qədər qadınlar var” dəlili gətirmək istəyən kişi gülünc görünəcək və tamamilə hörmətdən düşə bilər. Güclü qadın ola bilər o qədər də gözəl olmasa da özündə əmindir. Qiymətini də, dəyərini də bilir, layiq olduğunu gözləməkdə haqlıdır. Onu qısqandırmağa çalışan kişinin həqiqətən ona layiq olduğunda şübhələri yarana bilər.

 

Ağıl

 

Belə bir səhv təsəvvür var ki, güclü qadınlar özünü ağıllı göstərməkdən qaçır. Güclü qadın yanındakıların ondan ağıllı görünməsi üçün özünü axmaq yerinə heç vaxt qoymaz. O, mənəvi inkişafın pillələrində aşağı enməyi özünə rəva bilməz, əksinə, yanındakının qalxmasına şərait yaradar. Onunla hər mövzuda danışmaq olar, təkcə onu maraqlandıran məsələlərə diqqət çəksəniz məhdud görünə bilərsiz. Qadın güclüdürsə eyni zamanda bir-birinə dəxli olmayan hər şeydən eyni zamanda düşünə bilər. O, intellektə dəyər verir və dəyərli olmağı qiymətləndirə bilir.

 

Qətiyyət

 

Güzlü qadınlar müxtəlifdi, amma onların bir ümumi tərəfi var, özlərinə bab adam tapa bilmirlər. Çünki öz mənəvi güclərini həyat yolunda dəmir kimi döyəclənərək bərkidiblər. Həmin bu keyfiyyətə malik kişiyə onlar layiqli dəyərini verə bilərlər. Amma beləsini tapınca ömür-gün  gedir, bəzən alınmır. Onunçün kişinin qərar verə bilmək, məsuliyyəti üzərinə götürmək bacarığı ən önəmli keyfiyyətidir. Amma o, həmin kişiyə əvəzinə qərar verməyə də imkan yaratmayacaq. Bundan çox möhkəm inciyə də bilər. Amma bununla belə özü yükünü məmnuniyyətlə kiməsə ötürməkdən şad olardı.

 

Dəstək

 

Kimsə qadınının daim “Əzizim, sən haqlısan” deməyini istəyirsə heç vaxt güclü qadına yaxın getməsin. Sadəcə kişiyə özünü bəyəndirmək xətrinə güclü qadın riyakarlıq edən deyil. Səhv görən kimi o, bunu deməyi özünə borc biləcək. Amma bu qadın hər zaman, hətta siz həyatın dibində olanda da yanınızda olacaq. Belə münasibətlər həqiqi tərəf müqabili və həqiqi dostluq kimi nəcib keyfiyyətlərdəndir.

 

Plan

 

Güclü qadınla uzunmüddətli həyat planları cızmaq olar. Əgər bir gün bu planlar həyata keçməsə də o, seçdiyi adamdan imtina edib getməyəcək, çünki həyat zərbələrinin nə olduğunu bilir. Qismətdə güclü qadın varsa bu artıq sonuna qədərdir. Çünki buna yalnız güclü kişi dozə bilər. Kimsə yazını oxuduqca seçdiyi qadının əlamətlərini tapırsa deməli fəxr duymalı məqamdır, zəif olsaydınız, çoxdan tək qalmışdız.

 

Bu mənə lazımdırmı?

 

Güclü qadın, özü də bunu artıq etiraf edəcək qədər təcrübəli olduğu bir zaman özünə “Bu mənə lazımdırmı?” sualını versə dərhal qəti şəkildə içində bir etiraz oyanar. Həqiqətən də bütün güclü qadınlar söykənməyə adam, arxalanmağa güclü bir çiyin arayır. Mənəvi nəhənglər söykənmək istəsə gərək bir qaya parçası tapsın. Bu da hər kəsin qismətinə yazılmayıb. Cəmiyyətdə məsuliyyəti çiyinlərindən asanlıqıa atmağı bacaran kişilər artdıqca güclü qadınlar da artıb müasirliyin simasını dəyişəcək. Amma güclü qadın zəif kişi kimi mənfi obraz deyil. Sadəcə çətinliyə düşüb nəticə çıxarmış, həyata uyğunlaşmış şəxsiyyətdir. Amma güclü qadın anlayışı genişdir və o qədər çox yayılmış haldır ki, artıq onun növləri və müxtəliflikləri də müşahidə olunur.

Aktivist - bu növə aid edilən qadınlar güclü olmaları ilə fəxr edir. Əgər onun yanında kimsə ərindən şikayətlənsə, taleyindən bezdiyini desə ona ikrahla baxacaq. Necə yəni ər kömək eləmir, məşuq vecinə almır, müdir incidir?!! Aktivistin başına belə iş gələ bilməz. Çünki məşuqa onun vaxtı yoxdu. Ərini daim tərbiyələndirir, hər səhər təlimat verib yola salır və gün ərzində nəzarət edir. Müdiri isə onu incidə bilmir, çünki hər kiçicik imkandan istifadə edib öz fikrini yeridir, həmişə göz önündə olub vacib və əvəzsiz kadr olduğunu xatırladır. Yalnız axşamlar, rəfiqələri, ya da yaxın sirdaşı ilə söhbətləşmək imkanı olanda aktivistlər yumşalır və bəzən ağlayırlar. Müstəqil, idarə ediləcəyini gözləməyən ər, onu ora-bura iş dalınca fasiləsiz göndərməyən müdir və bəzən  də relaks ala biləcəyi məşuq arzulayırlar. Uşaq böyütmək məsuliyyəti hələ ki, vahimələndirir, çünki hələ ayaqda möhkəm dayanmadıqlarını düşünürlər.

 

Kənd qadını - güclü qadınların bu tipi təbiətə çox yaxın olduqlarından anadangəlmə qüvvəyə malikdirlər. Bu qüvvə həm fiziki, həm də mənəvi qüvvədir. Tezdən durub inək sağmaq, çörək yapmaq, uşağı dalına səriyib tarlaya getmək, lazım gəlsə ortaca ot tayasında uşaq doğub göbəyini kəsmək, at kimi, eşşək kimi ağır işdə işləmək, bəzən kişi işini də görmək onuncun gündəlik ev qayğılarındandır. Amma o, bütün bunların ona nə dərəcədə lazım olduğu barədə düşünmür. Günə 50 yumurtası varsa onları yığıb pay göndərə bilər. Bostandakı tərəvəzləri ilə bütöv kəndi yedizdirmək olar, amma o, az əkib az işləməyi ağlına gətirmir. Bu növ qadınlar heç vaxt ağlamır, heç vaxt şikayət eləmir. Təbiətin özü qədər güclü və dözümlüdürlər. Onlar əylənmək və vaxt keçirməyin nə olduğunu bilməz. Bu növ güclü qadınlar bəlkə də ən xoşbəxtlərindəndir.

Mazoxist- Ola bilər kimsə mazoxist, yəni özünü incitməyi sevən qadın növünü güclü qadınlara aid etməyə etiraz etsin. Belələri sakit yaşaya bilmir.  Həyatlarında mübarizə, maneə olmasa məyus olur və bu maneələri özləri yaradırlar. Yaradır, dəf edir və sonra bir də yaradır... Sonra ətrafındakıları çətin həyat yaşadığında ittiham edirlər. Güclü olmağa məcbur olunduqlarını zənn edərək əzabkeş obrazı yaradırlar. Belə qadınlarla çox çətin olur. Adətən qərarsız, məsuliyyətsiz kişiləri seçirlər ki, həyatlarında daşımağa yük olsun.

 

Sən güclüsən, bacaracaqsan!

 

Güclü qadın ardını yaşamaq üçün həyatında nəsə bir kiçik araşdırma aparıb güclü olmasını müsbət və mənfi tərəflərini aşkar etməlidir. Məsələn, güclü olduğunu dərk edəndən sonra zəif qərarsız qadınların həyatına baxıb şükür eləmək olar. Ya da, heç kim  görməyəndə özünə acıyıb uğursuz həyatına görə özünə yazığı gələ, özünü əzizləyib bununla toxdaqlıq tapa bilər. Onsuz da hər kəs içində bir brilyant parçası gizlədirmiş kimi yaşayır. Fərqli olduğunu buna heç layiq olmayanlar da düşünür. Özünü hansısa eposun, ya filmin qəhrəmanının yerinə qoyub onun əzablarını bir daha yaşaya bilərsən. Bütün məşhur və güclü qadınların həyatı dəfələrlə yaşanmağa layiq hadisələrlə doludur. Bəlkə ardınca məşhurluq da gəldi. Həyatda qazandıqlarının yalnız sənə məxsus olduğunu düşünmək də ləzzət verər. Axı bu, həqiqətdir, niyə də lovğalanmayasan. Bir də ki, güclü qadınlar kimsəyə borclu deyil. Borclu olmaq adamı incidir, ruhdan salır. Başqasıın köməyi olmadan irəli getmiş qadının özüylə fəxr diymağa haqqı var.

Güclü olmağın mənfi tərəflərinə gəlincə ən əvvəl səni anlamayanların etinasızlıqdan quraşdırdığı hasara tuş gəlirsən. İstər güclü, istər zəif qadınlar gücümüzü bir yerə toplayıb problemləri həll eləməyə çalışırıq. Amma sonra nəfəsini dərib oturmaq, sevimli adamın çiyninə söykənmək istəyirsən. Güclü qadın bilir ki, onun şikayətini dinləyən olmayacaq. Uzağı “Sən güclüsən, bacaracaqsan” eşidəcək. Güclü olduğunu bəlkə də gizlətməlisən. Çünki o biriləri zəif olduqlarından utanmır və onları o qədər də yükləmirlər. Əvəzində güzlü qadın həm özünün, həm də ətrafdakı zəif qadınların yükünü daşımalı olur. Əlbəttə, axı sən güclüsən, bacaracaqsan! Amma bütün bu sadalanan problemlər güclü qadının əsas problemi - tənhalığın qarşısında çox sönük görünür. Daha doğrusu tənhalıq deyil, uğursuz şəxsi həyat. Yanında güclü kişi olacaqsa evdə liderlik uğrunda müharibələr səngiməyəcək. Zəif sevgili ilə yaşamaq zülmü də var. Qadın kişisinə hörmət eləmir deyə əvəzində hörmətsizlik qazanır. Bəzən belə cütlüklər riyakarlığa o qədər öyrəşirlər ki, yaşamlarının uğurlu olduğunu düşünürlər.

Bəlkə güclü olmaq düzgün çıxış yolu deyil? Sadəcə qismətinə düşmüş həyatı sakit yaşamağı öyrənməliyik?..

 

Güclü qadının himni

 

Yazının bu hissəsi müəyyən qafiyə və ritmə tabe olsaydı müasir qadının himni kimi səslənərdi:

Güclü olmaqdan yorulmuşam. Az qala hər gün buxovları bir az boşaltmaq barədə düşünürəm. Amma alınmır. Bir az boşluq verən kimi olaylar üstümə qalanır və kəmərimi bir az da dartıb tarım dayanmalı oluram. Dəmirdən olmaq, əsəblərini məftil kimi gərginlikdə saxlamaq asan deyil. Zəif olmaq ar gəlir. Amma zəifləri sığallayırlar, əzizləyir və hallarına acıyırlar. Güclüləri isə uçurumun kənarına qədər sürütləyib həyatın ən gözlənilməz anında ordan başıaşağı tullayırlar. Güclülər heç kimə lazım deyil. Güclü olduğunu göstərmək artıq özünə hökm oxumağa bərabərdir.

Müdrik olmaqdan da yorulmuşam. Problemi həll elə, yola ver, düz qoş getsin. O birisi artıq öz növbəsini gözləyir. Problemlər heç olmasa özümünkü olaydı... Onun, bunun, yanımdakının, uzaqdakının, hamının, millətin. Planetar səviyyəyə çıxmağa hal yoxdu artıq. Cəhənnəm olsun qlobal istiləşmə, əgər qazın dördgöz plitəyə çatınca yolda canı çıxır. Qoy sel-su Avropanın yarısını yuyub aparsın, nə vecimə, əgər evdə kran damcılayırsa və bir kilometr diametrində bunu düzəldəcək bir kişi yoxdursa. Antarktidanın suları əriyib dünyanı bassa gedib havayı şirin suya bir baş vurarıq, su pulunu vermədən. Evin damırsa bəzən damdakı dəliyi qapamaq azon dəliyini bağlamaqdan çətin görünür.

İlahidən boşluqları doldurmağa güc istəməkdən də yorulmuşam. Dualar da güc aparır, xüsusilə cavabı olmayanda. İlahi, mənə öz həyatımı yaşamaq üçün bir qədər güc ver, nolar! Başlamaq axı heç vaxt gec deyil ki. Çalışaram, özüm olmağı, öz istəklərimi eşitməyi öyrənərəm. Axı başqalarını duymağı başıma döyə-döyə artıq öyrətmisən. Bunu da öyrənərəm.

Ağıllı, dərrakəli, təmkinli və bilikli məlumat bürosu olmağın çətinliyini arsızlar bilməz. Yüz zəngdən birində kimsə “sadəcə nə var nə yox demək istədim...” deyəcəkmi? Bəs bu, mənə lazımdırmı? Dişlərini qıcadıb üzümə hırıldayan yırtıcılar içində “ağıllı qoyun” olmaq nəyimə lazmdı? Məni udmamışdan əvvəl müdrik görünməsən dünya dağılar?

Yorulmuşam... Dünyanın ağırlığını daşıyacaq qədər güclü deyiləm, eşidirsiz?! Hamının başını da sığallayardım, könlünü də alardım, mənə çətin deyil, öyrəşmişəm. Amma mən tükənməz də deyiləm, əbədi də ola bilmərəm, ayağım da büdrəyə bilər, çaşaram da. Sonra siz də mənim günümə düzərsiz. Bunu mənə bağışlamazsız. Çünki mən bu haldan çıxmağa güc tapacam, siz yox.

İşləyəcəm, uşaqlarımı böyüdəcəm, bəlkə nəvələrə də hal qaldı, ev-eşiyi təmizləyəcəm, bişirib-düşürəcəm, bazar-dükana qaçacam. Əgər arada bir özümə toxdaqlıq verməyə dadlı bir pirojna alsam bunu hamıdan gözləyib xəlvətdə yeyəcəm. Xəbər tutsalar amazonka qadınlar kimi bir döşümü bağlayıb naxışlı oxumu yaya keçirib üzümə hırıldayanın düz gözünə tuşlayacam. Görüm məni belə görsə qımıldana biləcək? Amma bilmirəm, məni bir döşlə sevən tapılacaqmı?..

İçimdəki boşluq kosmik miqyasa çevrilsə, qara dəlik kimi əvvəl məni sonra hamınızı içinə çəkəcək. Bax orda, hər şeyin tərsi-mayallaq olacağı bir dünyada mən yəqin zəif, köməksiz, əzzəvara bir kişi (?!) kimi doğulacam. Ay Allah, qıyma mənə! Seçmək imkanı varsa qoy mən burda güclü qadın kimi yaşamağımda olum... Bilirəm, güclü qadının səhv eləməyə haqqı yoxdur. Xırdaçılıq da edə bilməz, paxıllıq çəkib həsəd aparmağa da imkan yoxdu. Güclü qadın sifətindəki kosmetikanı poza bilər, amma təbəssümünü silməyə haqqı yoxdur. Allahım, mən gecəni yatmasam səhər özümü yığışdırmağa hal taparam, amma bircə yanımdakı kişini zəif eləmə. Qəlbimə pərçimlənən tikanları dartıb çıxarmağa gücü çatmayacaq axı...

 

Bizim Yol.- 2016.- 5 noyabr.- S.11-12.