“Mənim iki atam, iki anam var”

 

Kulis.az Sevda Sultanovanın məşhur aktrisa, aparıcı Ülviyyə Əliyeva ilə müsahibəsini təqdim edir.

 

- Sənə ilk sualım başqaydı, amma bura gələndə ovqatım dəyişdi, ona uyğun sualla başlamaq istəyirəm. Vaxtaşırı görüşürük, qismən də olsa bir-birimizi tanıyırıq. Səni heç vaxt ruhsuz, pessimist görməmişəm, həmişə müsbət emosiyalı, sevgi dolusan, kədəri də pozitivə çevirə bilirsən. Buna necə nail olursan? Cəmiyyətdə depressiv əhval-ruhiyyə var, hər gün intihar xəbərləri alırıq. Sən necə çıxırsan depressiyadan, gücü hardan alırsan?

 - Hamı həyatında elə vəziyyətə gəlir ki, intiharı çıxış yolu kimi görür. İntihar həddinə çatdığım anlar olub. Son anda məni günah hissinə bulaşmaq, allah qorxusu saxlayır. İkincisi, analarıma övlad əziyyətini çəkdirmək istəməmişəm. Mənim iki atam, iki inam var. Bibimin yanında böyümüşəm. İstəmirəm, onlar övlad acısı çəksinlər. Peşəmdən, ailədəki uşaqlardan, dostlardan güc alıram. Valideynlərim yaxın dostumdur. Üstəlik, barmaqla sayılan, təmənnasız, fədakar dostlarım var.

Fikir verirəm, intihar hadisəsi baş verəndə ümidsiz, bədbin şeylər yazırlar, məsələn, Mövludun intiharı ilə bağlı. Onu intihara gətirən səbəblər vardı. Gücü çatmayıb intihar edib. Hadisə ilə bağlı bir həftədə o qədər bədbin, ümidsiz şeylər yazdılar. Facebookdan yeniyetmələr, iradəsiz adamlar da istifadə edir, onlar görəndə ki, problemdən çıxış yolu budur, onlara təsir edir. Yeniyetmə oğlanlar bəzən intiharı qəhrəmanlıq kimi qəbul edir. Sevgi depressiyasına düşəndə intihar edir ki, qızın yaddaşında qəhrəman kimi qalsın, ya da bununla onu cəzalandırır.

Psixologiyada “Verter effekti” deyilən anlayış var. Hötenin "Gənc Verterin iztirabları" əsəriylə bağlıdır adı. Onda əsərin təsirindən Avropanı intihar epidemiyası bürümüşdü. Araşdırmalara görə, mətbuatda intiharlardan ardıcıl yazılanda, intiharların sayı artmağa başlayır. Ona görə mövzuya həssas yanaşmaq lazımdır. Burdan çağırış eləmək istəyirəm ki, intiharın çıxış yolu olduğunu yazmayın, ruhdan düşməyin, güclü olun. Hər qaranlıq tunelin sonunda işıq var. İnanıram ki, Allah bəndəsinə qaldıra biləcəyi qədər yük verir.

- Mövzunu dəyişək. Peşəkar aktrisasan. Həm də veriliş aparırsan, şənliklərə gedirsən. Bunun kökündə maddi amil dayanır. Aktrisalıqdan kənar işlərlə məşğuliyyət peşəkarlığına təsir edirmi, nələrisə itirirsənmi?

- Məcbursan. Xərclədiyin nələrsə olur əlbəttə ki. Hə, teatrda çalışıram, filmdə çəkilirəm, amma indi sənət baxımından bir aclıq gəlib, yaratmaq istəyirəm. Çünki vaxt çox azdır, həyatdır da hər şey ola bilər. İstəyirəm ki, potensialımı göstərən rollar oynayım. İndi olğun yaşdayam, 35 yaşım var, bu yaşımı səbirsizliklə gözləmişəm. Azdan-çoxdan həyat, sənət təcrübəm var. Elə rejissorla işləmək istəyirəm ki, özümü təsdiq edim. Rejissor məni plastilin kimi istifadə eləsin, yeni bir şeylər ortaya qoyum. İndiyədək özümü bir aktrisa kimi göstərməmişəm. Hə, tanınıram. Amma bu, mənim istədiyim deyil. Aktrisa kimi ozümü on faiz göstərmişəm, amma bilirəm ki, daha yaxşısını edə bilərəm. İstəyirəm, elə tamaşa, rejissor olsun ki, səhər tezdən axşamadək məşq edim. 35 yaşında 20-25 yaşlı qadını oynaya bilərəm. Amma 45 yaşında cavan qızı oynaya bilmərəm. Bəlkə gücüm qalmaz. Ya da, sabah ailəm olsa, diqqətimi daha çox ailəyə verəcəm, nəinki işə. Müzikldə oynamaq arzum var, bəlkə 45 yaşda, o rəqsləri, şuxluğu göstərə bilmərəm.

 “Qadın” filmində 63 yaşlı İsabel Yupper xeyli gənc qadını oynayır. Elə məharətlə oynayırdı ki, yaş fərqini hiss eləmədim. Bəlkə yaş faktoru psixoloji məsələdir? Əsas peşəkarlıq, yanaşma, mənəvi gücdür.

 - Ola bilər. Musiqili komediyada rus bölməsində bir aktrisa vardı, Bojena. 80-dən yuxarı yaşı vardı, amma kankan (dinamik fransız rəqsi-S.S.) oynayırdı. Dolu olsam da plastikəm, hərəkətliyəm. Amma bəlkə 45-də artıq bu istək olmayacaq. Bir də insanın beynini proqramlaşdırmasından çox şey asılıdır. Vaxt vardı ki, eyni vaxtda 4 -5 yerdə işləyirdim. Televiziya, teatr, serial, şənliklər... Hamı deyirdi ki, necə çatdırırsan, adi qəbul edirdim. İndi özümə təəccüblü gəlir ki, onu necə edə bilirdim, üstəlik, onda maşınım da yox idi. Maşını da işə görə aldım ki, çatdırım. Hərdən anama deyirəm ki, əgər eşitsən kimsə dayanacaqda ölüb bil ki, mənəm. İşləməyi sevirəm, əksinə iş az olanda depressiyaa girirəm.

 - “SOY”un verilişlərində Keyxanım obrazı ilə populyarlıq qazandın. Bu obrazdan çıxmaqda çətinliyin var. “Ər quyusu” filmindəki obrazında ondan nələrsə vardı...

 - Səidə Haqverdiyeva rolu təklif edəndə sevindim, onunla işləmək zövqlü idi, gözəl günlər yaşadıq. Orda da evdə qalmış qız oynayırdım. Çalışırdım ki, Keyxanıma oxşamasın. Həm də bu süjetin başqa ciddi qatları vardı. Amma burda da Keyxanımdan müəyyən şeylər vardı. Çalışıram ki, rolun psixoloji qatını oynayım. Bunu Hüseynağa Atakişiyevdən öyrənmişəm. Keyxanımdan sonra evdə qalmış kənd qızı rolunda görürlər məni. Həyatda da elə qəbul edirlər, qıcıq oluram. Bilirsən ki, mən şəhərdə böyümüşəm, rus məktəbini bitirmişəm, xarici dillərə qəbul olunmaq üçün ingiliscəyə hazırlaşmışam. Bəzən kimsə mənlə rusca danışanda, mən də rusca cavab verəndə təəccüblənirlər. Demirəm ki, rus dilini bilmək ziyalılıqdır, ali dərəcədir, əlavə xarici dildir də. Əksinə, düşünürəm ki, Azərbaycan vətəndaşının öz dilində danışa bilməməsi “çuşka”lıqdır. Bir dəfə də şəhərdə turistə yolu başa salırdım ingiliscə, gedən-gələn təəccüblə baxırdı ki, bu ingiliscə danışır. Bu obrazın təsiri böyükdür. Bəlkə də elə düşünürlər ki, Keyxanım kimi ərə getməkdən ötrü ürəyim gedir, şiddətli arzumdur. Ailə qurmaq təbii arzudur, bu, başqa. Ərə getməkdən ötrü dəridən-qabıqdan çıxmaq başqa. Bir az bu məni incidir. Tamaşaçının gözündə belə qalmaq istəmirəm.

 - Amma rejissor da sənə bu qəlibdən çıxmaq fürsətini verməlidir. 

 - Aktyoru aktyor edən rejissordur. Rejissorlar məni başqa səpgidəmi görümürlər? Doğrudanmı elə əsər yoxdur ki, fərqli rol versinlər. Teatrda fərqli rollar oynayıram. Amma yenə istədiyim yoxdur. İndi sevdiyim rol “Arşın mal alan” da Tellidir, orda az da olsa istədiyimi edə bilirəm. Gənclər Teatrında Mirzə Cəlilin, Əli Əmirlinin əsərlərində oynamışam. O vaxt gənc idim, təcrübəm yox idi, amma bu gün bilirəm ki, təcrübəm var. Rejissor lazımdır ki, məni aktrisa kimi kəşf eləsin. Necə ki, Hüseynağa Atakişiyev bunu elədi, universitetə daxil olmamışdım, məktəbi təzə bitirmişdim, o nəsə gördü məndə. “SOY” prodakşn məni kəşf elədi. Mənə başqa rakursdan baxa bilən rejissor lazımdır. Tamaşaçı təəccüblənsin ki, bu da varmış.

 - Bir halda ki, söhbət Hüseynağa Atakişiyevdən düşdü, ondan danışmamaq günah olardı. Onun yetişdirdiyi aktyorlar Qurban İsmayılov, Ayşad Məmmədov, Nəsibə Eldarova, Rəafel İsgəndərov, Çoşqun Rəhimov tələb olunan aktyorlardır. Hansı özəlliyi vardı Hüseynağa müəllimin, onunla işləmək sənə hansı təcrübəni verdi?

 - Birinci Gənclər Teatrına gəlməyimdən danışım. Həkim olmaq istəyirdim. Sonra ehtiyat elədim. Əvvəla həssasam, xəstəmlə özümü empatiya edə bilərdim. İkincisi qorxdum ki, birdən düzgün müalicə edə bilmərəm. Ona görə imtina elədim. Və 9-cu sinifdən ingiliscəyə hazırlaşdım. Güclü dil öyrənmək qabiliyyətim var. Sonra anladım ki, bu, mənim deyil. Səhnə məni çəkir. Məktəbdə səhnəyə çıxırdım, diplomlarım da var. Evdə bunu narazılıqla qarşıladılar. Onların təkidilə Xarici dillər Universitetinə verdim, testin suallarının çoxuna cavab yazmadım ki, girməyim. Axırda razılaşdılar. İkinci anam dedi ki, səni ya Rus Dram Teatrına, ya Gənclər Teatrına işə düzəldirəm, tanışı vardı. Mən də hər şənbə, bazar rəfiqəmlə Rus Drama gedirdik. Evimizə də yaxın idi. Özü də bileti birinci cərgəyə alırdım ki, səhnəyə, aktyorlara yaxın olum, səhnənin iyini hiss edim. Anama deyirdim ki, məni ora süpürgəçi düzəlt. Səhnəni silim-süpürüm, qoxusunu hiss edim. Amma nədənsə Gənclər Teatrını seçdim. Ora da uşaq vaxtı yolka tamaşalarına gedirdim. Baxmayaraq, Rus Dramın repertuarını əzbər bilirdim. Amma yaxşı ki, elə Gəncləri seçdim. Gənclər Teatrı ailə kimi idi, qəribə ab-havası vardı, Hüseynağa müəllim də o ailənin başçısı idi. Kasıb teatr idi, şəraiti yox idi, amma heç vaxt orda bir aktyorun gileyləndiyini görmədim. Hamısı fanat idi. Bapbalaca otaqda Hüseynağa müəllim necə tamaşalar hazırlayırdı. Çox işıqlı, mədəni adam idi. İşə düzələndən bir ay sonra yolka tamaşasında ilk rolumu oynadım, “Tıq-tıq”da Dozanqurdu. Belə bir qayda var ki, fərqi yoxdu ali təhsilli aktyorsan, ya yox, birinci uşaq tamaşalarında oynamalısan ki, açılışasan. Onda müəllim gördü ki, dəliyə yel ver, əlinə bel, nə utanmaq, nə sıxılmaq. Sonra da  Ölülər”də Nazlını oynadım.

 - Neçə il işlədin orda?

 - Dörd il. Orda işlədiyim müddətdə bilmirdim səsim var. “Karmen”də xorda oxusam da. Universitetə hazırlaşırdım. Hüseynağa müəllim soruşdu ki, səsin var, dedim bilmirəm. Sərdar Fərəcovdan xahiş elədi ki, səsimi yoxlasın. “Üzüyümün qaşı firuzədəndir”i oxudum. Sərdar müəlllim dedi ki, səsi var. Ondan sonra Hüseynağa müəllim məsləhət gördü ki, Musiqili teatr fakültəsinə ver. Bizdə də hamısı dram aktyorluğunu bitirmişdi, fikirləşdim ki, yəqin mən zəifəm, ona görə dedi, Musiqili teatr fakültəsinə ver. Sonra başa düşdüm ki, əsl rejissor idi Hüseynağa müəllim. Hiss edib ki, mən operetta aktrisası ola bilərəm. Afaq Bəşirqızı musiqili komediyaya dəvət elədi, çəkinirdim ki, orkestrlə oxuya bilmərəm. Afaq xanım bizə ana kimi olub. Aktyorluq sənətini “Muzkomediya”nın səhnəsində keçirdik, güclü kursumuz vardı, yadda qalan imtahanlarımız olurdu.

 - Necə bir qadın obrazı oynamaq istərdin? Bir də aktyor daim içini doldurmalıdır ki, obraza da nəsə qatsın.

 - Psixoloji yükü ağır olsun. Müşahidəm güclüdür. Müşahidəylə ilk dəfə gördüyüm insanın içini hiss edirəm. Onun davranışına onun prizmasından baxıram. Niyə bunu elədi? Olur ki, bəraət verirəm, mənə qarşı neqativ olsa da, deyirəm ki, anlayıram sizi.

- Aparıcısı olduğun “Bu, maraqlıdır” verilişi qalmaqala görə bağlandı. Nə baş vermişdi?

 - Məncə bu, bir sifariş idi. On doqquz ildir aktrisayam, on ildir televiziyada işləyirəm. “SOY” güclü televiziya məktəbidir. Nəyi nə vaxt, necə etməyi gözəl bilirəm. Əgər mən sosial veriliş aparsaydım, orda oynasaydım ayaqyalın, bu, tərbiyəsizlik olardı. Sosial olmasın, əyləncəli veriliş olsun, orda da doğru olmazdı. Mən bu verilişin içində səhnəcik oynayıram, aktrisa kimi. Söhbət səhnəcikdən gedirsə, nəinki ayaqyalın oynaya bilərəm, hamam xalatında da, gecə paltarında da çıxa bilərdim. Çünki bu, səhnəcikdir. Verilişin konsepsiyası fərqli idi. Sifariş edənin buna savadı çatmırdı. Amma bəzi jurnalistlərin qeyri-peşəkarlığından məyus oldum. Biri soruşmadı ki, sizin mövqeyiniz nədir? Zəng vuranda da deyirdim ki, baxmısız ona? Deyirdi yox. Deyirdim, baxın sonra. Baxandan sonra soruşurdular ki, bu haqsızlığa nə deyirsiz? Onsuz da bu verilişdən qazancım yox idi, itirdiyim nəsə olmadı. Amma öyrəndiyim çox şey oldu. Demək, güclüyəm ki, bunu edirlər. Və daha da gücləndim. 

 

Sevda Sultanova

 

Bizim Yol.- 2017.- 8 aprel.- S.15.