“Bizdə kino qrimiylə toyxana
qrimini qarışdırırlar”
Kulis.azın müsahibi geyim
üzrə rəssamı Elfira Hüseynovadır. Elfira xanım “Biz qayıdacağıq”,
“Günaydın, mələyim”,
“İstanbul reysi”, ”Kabus”, “Qisas almadan ölmə”, “Dolu”,
“Axınla aşağı”, “Nar bağı” və başqa
filmlərdə geyim üzrə rəssam işləyib.
- Personajların kostyumu üzərində
iş yəqin ki, ssenarini oxumaqdan başlayır. Ümumiyyətlə, iş prosesinizi
anlatmanızı istərdim.
- Birinci rejissorun işlədiyi
ssenarini oxyuram. Amma Asif Rüstəmovla
“Axınla aşağı” filmində işləyəndə
o, mənə ədəbi materialı da vermişdi. Çünki rejissor ssenarisində əsasən
dialoqlardı və konkret səhnələr verilir. Bu, minimal bilgidir. Amma ədəbi materialı
oxumaq mənim üçün əlavə köməkdir. Oxuyanda personajları daha dəqiq duyuram və
rejissorun nə istədiyini bilirəm. Obrazların
ilkin variantını çəkirəm, yəni onları necə
görürəm. Sonra rejissorla ümumən
obrazı necə gördüyümü müzakirə edirəm.
O, razılaşmırsa, kompromis tapmağa
çalışırıq. Bəlkə
razılaşmaz və məni inandırmağa
çalışacaq ki, o, filan obrazı başqa cür
görür. Artıq beləcə yaradıcı iş
başlayır. Bundan sonra obrazı bütünləşdirmək
üçün xırda detalları axtarıb tapıram.
Çəkirəm, kompüterdə işləyirəm,
yekun nəticəyə baxıram ki, bu, ekranda necə
görünə bilər. Kadrbakadr işləyirəm, yəni
hansı səhnədə, hansı vəziyyətdə
personajın ovqatı necədir, buna uyğun necə geyinməlidir,
evdə necə görünməlidir, hamamdan nədə
çıxır, yuxudan nədə oyanır. Yaxud
küçəyə hansı geyimdə çıxır,
ziyafətə nə geyinə bilər. Bütün
bu detallar düşünülür.
- Kostyumu
personaja uyğun seçirsiz. Ancaq güman ki, aktyorun da
fakturasını nəzərə almalısız ki, geyimi ona
uyğunlaşdırasız.
- Əlbəttə.
Ona görə həmişə ikinci rejissorlardan xahiş edirəm
ki, aktyoru göstərin, fakturanı görüm. Artıq
müəyyən olunmuş stili seçəndə onun
fakturasını da nəzərə alım; uzun ya
balacaboydurmu, arıq ya kökdürmü. Tutalım
aktrisanı qəşəng etməliyəmsə, onu öyrənməliyəm.
Hansı cizgisinə aksent edim ki, onun gözəlliyini
gözə çarpdırım. Bəlkə
onun bədəninin gözəlliyini önə
çıxarmaq üçün, alt paltarını və ya
donunda hansısa detalları xüsusi işləməliyəm.
“Axınla aşağı”da Namiq Ağayevin
personajı idmançıdır, məşqçidir. Biz Namiqə altdan elə mayka geyindirməli olduq ki,
qollarının əzələləri bilinsin. Bunun üçün qalın alt paltarı aldıq,
zavallı Namiq istidən bişirdi. Hollivud
deyil ki, nəsə silikondan və ya başqa texniki şeylərdən
istifadə edək.
- Bu kimi problemlərin effektlərlə
həlli mümkündürmü?
- Mürəkkəb və çətindir.
Çox pul tələb olunur. “Biz qayıdacağıq” filmində effektlərə
görə Moskvaya getdik və bu baha başa gəldi. Hər kadrda akyorun ölçüsünü
böyütmək real deyil.
- Geyim
məsələsində rejissorlarla mübahisəniz olurmu?
- Elə
rejissorlar var ki, daha çox o diktə edir və mən
razılaşıram. Çünki nəzər
nöqtələri doğrudur. Adını
çəkmək istəmədiyim bir rejissor var. Onun filmində
qəhrəmanın bütün geyimini detalınadək
düşündüm, rejissor da bəyəndi ki, bu, məhz mənim
istədiyimdir. Və sonra nə baş
verdisə, fikrindən daşındı. Mənə
xeyli qiyafət göstərdi ki, bəs bunlar brenddir, qəhrəman
da onları geyinəcək. Dəhşətə
gəldim. Onun üçün önəmli
olan geyimin brend olmasıydı. Birdəfəlik
anlamaq lazımdır ki, kinodakı geyim və dəb
başqa-başqa anlayışlardır. Ümumiyyətlə,
əksər filmlərimizdə rejissorlar niyəsə Azərbaycan
qadınlarını gözəl göstərmək istəmirlər.
Axı kino hər halda təbliğatdır,
ölkədən kənarda göstərilir, bizi təmsil
edir. Azərbaycan qadınları da gözəldir.
Ona görə anlamıram, niyə
qadınlarımızı eybəcər göstərməliyik.
Təbii ki, qadını həyatın müxtəlif
vəziyyətlərində göstərmək
lazımdır, amma gözəl göstər. O
daranmamış ola bilər, depressiyada ola
bilər, ağlamış ola bilər, amma onu gözəlliyinə
xələl gətirmədən təsvir etmək
mümkündür. Axı niyə onun cazibədarlığını
qabartmayasan. Bütün situasiyalarda qadın qadın
kimi, kişi də kişi kimi göstərilməlidir.
Hər halda ekranda elə görmək istəyirəm.
Və yaxud qrim edəndə gözləri bir az
daha parıltılı eləmək olar. Gözlər
çox şey deyir axı. Məsələn, Rasim
Ocaqov, çox sevirdim onunla söhbəti, maraqlı gəlirdi.
Amma onun filmlərindəki qadınlara baxanda
düşünürdüm ki, niyə qadını
çirkin göstərirlər.
-
Aktrisaların geyim seçiminizə təsiri olurmu?
- Peşəkar aktrisalar heç vaxt
kostyum seçiminə təsir etmirlər və etməməlidirlər.
Haqları yoxdur. Kostyum
seçiminə geyim üzrə rəssam, rəng qammasına
operator, ümumi işə də rejissor nəzarət edir.
Bu komanda personajı başdan ayağa
hazırlayıb çəkiliş meydançasına kimi gətirir.
Çox aktrisalar bu mənada kapriz göstərirlər.
Mənsə sərtəm. Əgər
mən aktrisaya deyirəm ki, sənə torba geyindirəcəm
və sən bunda çəkilməlisən, deməli, elə
də olmalıdır. Sən isə öz
aktyor ustalığını göstərməlisən.
Hərçənd, mən qadın kimi
onları anlamağa çalışıram və
çalışıram ki, təklif elədiyim geyimdə
rahat olsun. Ona mane olmasın oynamaqda. Amma onun işimə müdaxilə etməyə
haqqı yoxdur.
-
Qadın obrazların geyimini işləyəndə olur ki, düşdükləri
vəziyyətlə özünüzü eyniləşdirirsiz
və bu, işinizə hardasa təsir edir?
- Yox, heç vaxt. Peşəkar yanaşmağa
çalışıram. Mənim
üçün geyimdə sadəlik və komfort əsasdır.
Təbii ki, hansısa tədbirdə müəyyən
üslubda geyməlisən, yəni zərurətdən
doğaraq...
- “Cavad xan” tarixi filmində də işləmisiz.
Tarixi filmlərdə geyimlər üzərində iş necə
gedir?
- Orda mən Tahir Tahirovun assistenti
idim. Rəssamlar Rafiq Nəsirov və Rafiz
İsmayılov idi. Məmnuniyyətlə
işlədim, onlardan çox şey öyrəndim. Çünki buna kimi tarixi filmlərdə işləməmişdim.
Anladım ki, tarixi filmlərdə işləmək
daha asandır. Orda artıq nəsə
fikriləşib tapmaq mümkün deyil, çünki bu,
artıq tarixdir, mövcud olandır. Tutaq
ki, hansısa bölgədən olan xanın geyiminin artıq
hazır modeli var. Tarixi materiallara da istinad edirsən. Ancaq tarixi filmlərdə çətin olan ikinci dərəcəli
personajlardır. Nəzərdən
heç bir detalı qaçırmamalısan. Tarixi
kostyumlarda çoxlu komponentlər var: baş geyimləri, kəmərlər,
qılınclar, ayaqqabılar. Kostyumlarının
hazırlanması, tikilməsi altı ay çəkdi. Kütləvi səhnələrdəki bütün
geyimləri əllə tikmişik.
-
Seriallara dəvət alırsız?
- Ramiz Fətəliyevlə
“Qraf Krestovskiy” serialında işləmişəm. Amma mən buna daha çox film kimi
baxırdım. “Məhkumlar” serialına dəvət
olunmuşdum. Rejissor Yaşar Əhmədov dedi ki,
türk seriallarına baxın, personajlar elə geyinməlidir,
hər şey parıldamalıdır. Dedim, tutalım,
qadın mətbəxdə kartof soyanda dikdabanda, boynunda şərf
olmalıdır? Bu söhbətdən sonra
seriallara getmədim. Seriallara geyim üzrə
rəssam lazım deyil, mağazalarla danışırlar,
onlardan götürdükləri əlbisələri geyinib
etiketləri gizlədirlər. Sonra yenidən
qaytarırlar.
-
Müharibə filmlərində də işləmisiz: “Dolu”,
“Yarımçıq xatirələr”...
- Müharibə filmlərində
işləmək fiziki çətindir, amma maraqlıdır. Elxan Cəfərov təpədən dırnağadək
kino adamıdır. O, layihədən o qədər
entuziazmla, zövqlə danışır ki, adam
işə həvəslə girişir. Bu filmlərdə
hərbçilərlə işləyirdim, onlar da dəqiq
adamlardır. Onların hörmətini
qazansan işin də keyfiyyətli olacaq. Hər
addımını, hərəkətini dəqiq görürlər.
İş prosesində kömək etdilər.
“Dolu”nu çəkəndə bizdə kostyum az
idi, geyilmiş kostyumlardan istifadə etdik. Hərbi
hissədən bizə yüzdən artıq hərbçi
geyimi, çəkmə bağışladılar,
kinostudiyanın bazasındadır. Hər
yarım ildən bir onların kostyumlarının
utilizasiyası gedir. Rəhbərliyə dedim ki,
danışaq, istifadə edilməyən hərbi geyimlər
kinostudiyanın bazasına gətirilsin, tarix üçün
qalsın. Hər dəfə də kostyumlarda
müəyyən detalları dəyişirlər. Əhəmiyyət verən olmadı.
- Geyim
üzrə rəssam hansı mühüm keyfiyyətlərə
malik olmalıdır?
- Dözüm, təmkin. Yeni aktyor nəsli var, onların bir qismi hesab edir ki,
dünyaya dahi gəliblər və bunlarla
hesablaşmalıdırlar. Onlar bilməlidir ki, çəkiliş
meydanına gəlmisənsə, dayan və
sus. Sadəcə mətnini öyrən və
işlə. Bizə nəsə deyə
bilməzsən.
-
Başqa?
- Geyim üzrə rəssam
son dərəcə diqqətli olmalıdır. Film
xronoloji ardıcıllıqla çəkilmir. Ona görə hər kadrı qeyd olunmalıdır,
səhv etmək olmaz. Ssenarini dəfələrlə
oxuyuram. Hər personajın hərəkətini,
sözünü, davranışını, necə
yuyunmasından tutmuş necə yeməyinədək öyrənirəm.
İlqar Nəcəfin “Nar bağı” filmində bir vəziyyət
vardı. Ata şokda evə qayıdır.
O, kəndlidir, şəhərə, ziyafətlərə getmək
üçün ancaq
bir kostyumu var. Biz qərara aldıq ki, o,
şokdadırsa, sadəcə kostyumda oturmalı və əynini
dəyişməməlidir, atmosferi gücləndirmək
üçün. Belə məqamlar çoxdur.
Öz işimi ancaq rejissorla müzakirə edirəm.
Təklif elədiyim ağlına batırsa kadra
gətiririk.
Bir də dörd yaşımdan
musiqi ilə məşğulam, sovet dövrünün ən
yaxşı musiqi müəllimlərindən dərs
almışam. Daha ciddi musiqi əsərlərini
öyrənib ifa etməyə başlayanda müəllimlərim
deyirdi ki, hər bir əsəri ifadan əvvəl təsəvvür
etməyi bacarmalısan. Obrazları,
hansısa vəziyyətləri. Eynilə də kinoya
elə münasibət bəsləyirəm. Bu işim uşaqlıqdan yığdığım
baqaja yaxındır. Ssenarini oxuyanda, min dənə
nüansı nəzərə almalısan, hansı epoxada
baş verir, qəhrəman hansı mühitdə
yaşayır, hansı təbəqəyə aiddir, xarakteri, həyata
baxışı necədir və bütün bunları
öyrənib onun geyimini təyin edirsən. Və geyim də artıq o personajı təyin edir.
Məsələ onda deyil ki, seçdiyim geyim
aktyora yaraşmalıdır. Burda daha
önəmlisi aktyorun fakturasıdır. Yəni
seçilmiş geyim obraza gedirmi? İncə
nüanslar çoxdur.
- İncəsənət Universitetində bu peşə
öyrənilirmi?
- Yox, modelyerlik var, amma bunun kinoya dəxli yoxdur. Kinoda geyim rəssamı spesifik sahədir. Sovet dönəmində kinostudiyada rəssamlar özlərini təsdiqləyə bilməyəndə onları telestudiyaya göndərirdilər. Televiziya cərimə batalyonu kimiydi. Bir dəfə Oqtay Mirqasımovla “Günaydın mələyim” filminin çəkilişlərində məşhur modelyerin yanına gəldik. O, kolleksiyalarından birini təklif elədi. Oqtay müəllim dedi, bəlkə filmə uyğun şey tapılar. Ayan Mirqasımovanın personajı rəqs edir, ona uyğun nəsə lazım idi. Oqtay müəllim modelyerə dedi ki, əla kostyumlardır, amma bu, modadır, kino kostyumu deyil. Kinoda başqa aspektlər lazımdır. O, Oqtay müəllimin nə istədiyini anlamadı. Bir neçə eskiz də elədi, bəyənmədik. Sadəcə bir don götürdük, amma onu da başdan ayağa dəyişməli olduq. Bu, kino qriminə də aiddir. Bizdə kino qrimiylə toyxana qrimini qarışdırırlar. Halbuki fərqli sahələrdir.
Bizim Yol.- 2017.- 13 iyul.- S.15.