“Yazıçıların çoxu həqiqətin tərəfində deyil”

 

Kulis.az telejurnalist, professor Qulu Məhərrəmli ilə müsahibəni təqdim edir.

 

- Qulu müəllim, gündəlik iş qrafikiniz gərgin olar...

 - Dərslər olan dövrdə nisbətən gərgindir. Bundan başqa görüşlər, müxtəlif tədbirlər adamdan vaxt alır, bəzən treninqlərə dəvət edirlər.

 - Bu gərginlikdə mütaliəyə vaxt ayıra bilirsiniz?

 - Mənim intensiv mütaliə dövrüm yay aylarıdır. Amma adi vaxtda da oxuyuram, çünki mütaliə ruhun vitamini kimi bir şeydir. Harasa kitab müzakirəsinə çağıranda, ya kimsə kitabını bağışlayanda çalışıram dərhal oxuyum. Oxuyacağım kitabları çarpayının yanına düzmüşəm, bir də maşına qoymuşam, fürsət düşdükcə, nəvələr imkan verdikcə oxuyuram (gülür).

 - Tez-tez qayıdıb oxuduğunuz kitablar varmı?

 - Adətən, bunlar bədii əsərlər yox, daha çox araşdırmalar, ixtisas, publisistika kitabları olur. Oxumaq üçün indi kitablar artıb, meydan genişlənib, amma vaxt daralıb. Bununla yanaşı hesab edirəm ki, xüsusən son dövrlərdə mütaliəyə vaxtım çoxdur. Televiziyada çalışanda təşkilati işlərə çox vaxtım gedirdi deyə, oxumağa imkan o qədər də olmurdu.

 - Yeni çıxan nəşrləri izləyirsiniz?

 - İmkan daxilində izləyirəm. Bakı Kitab Klubunun “Yeni nəşrlər” kataloqunu davamlı alıb yeni çıxan kitablarla tanış oluram. “Altun Kitab” nəşriyyatında  çalışıram, istər-istəməz nəşriyyatın özündə gedən prosesləri, həm oxu, həm kommersiya üçün olan kitabları izləyirəm. Özüm üçün ədəbi prosesdə gedən mənzərəni təsəvvür etməyə çalışıram. Gəncləri izləyirəm, onların fərqli bədii formalara əl atdığını görürəm. Təbii ki, bəzən vaxtilə oxuduğum əsərlərə də qayıdıram. Məsələn, bu dəqiqə İsmayıl Şıxlının “Ölən dünyam” əsərini təkrar oxuyuram. Haradasa on beş il əvvəl oxumuşdum, iki epoxanın qeyri-adi dramatik mənzərəsini  yaratmaq mənasında bu roman  mənə çox güclü təsir göstərmişdi, həmin əsəri bədii film kimi görmək istərdim.

 - Elə bil “Ölən dünyam” “Dəli Kür”ə baxanda bir az kölgədə qaldı.

 - Bəli. “Dəli Kür” bir mərhələnin, “Ölən dünyam” isə daha böyük dövrün - əsrin romanıdır. XIX-XX əsr Azərbaycan düşüncəsini, təfəkkürünü, ictimai-siyasi proseslərini əhatə edən əsərdir. İsmayıl Şıxlı XIX əsrdən XX əsrə qədər olan dövrü bir ailənin timsalında təqdim edir, təxminən “Doktor Jivaqo” tipli əsərdir. Burdakı mürəkkəb hadisələr, oktyabr inqilabı, kolxoz quruculuğu, onun kəndə gətirdiyi fəsadlar, cümhuriyyət dövrü və sonrakı proseslər təsvir olunub.

- İsmayıl Şıxlı onu deyəsən müstəqillik illərində yazıb.

 - Elədir. Hətta Elçin (Elçin Şıxlı, yazıçının oğlu – red.) danışır ki, əsərin son hissələrini işləyəndə yazıçının gözləri tutulub, yaza bilməyib, oğluna və yoldaşına diktə edib. “Ölən dünyam”ın mövzusu, hadisələrin bədii təcəssümü, yazı texnologiyası, quruluşu mənə çox mükəmməl təsir bağışladı.

 Mirzə Cəlilə yenidən qayıtmaq olur. Mənə elə gəlir ki, Mirzə Cəlil Azərbaycan ədəbiyyatının vicdanıdır. O, bizim toplumu necə yaxşı tanıyıb, duyub və necə gözəl ifadə eləyib! İfrat yarınma, ifrat qonaqpərvərlik deyirsən, Qurbanəli bəy yada düşür, ifrat təmizkarlıq, ifrat din sevgisi deyirsən Usta Zeynal yada düşür, avamlıq və ifrat sədaqət deyirsən Novruzəli yada düşür.

- Qoqol, Qonçarov, Çexov kimi Mirzə Cəlil də tiplər yaradıb.

 - Bəli, Mirzə Cəlil yaşadığı sosial mühiti, bu mühitdə istək və ehtiyacları ilə çarpışan, bu gün də aramızda yaşayan çox maraqlı tiplər qalereyası yaradıb. Böyük yazıçı həm də Azərbaycan ədəbiyyatının vicdan və əxlaq konturlarını cızıb. Ona görə ədəbiyyatımızdakı bir çox əxlaqi məsələlərin başlanğıcı Mirzə Cəlilə gedib çıxır.

 - “Danabaş kəndinin əhvalatları”nda bir yer var: Xudayar bəy dostunun arvadını alır. Mirzə Cəlil o yerdə belə bir müdaxilə edir: Əgər Xudayar bəy ölsəydi dostu Heydər onun arvadını alacaq və eyni faciə baş verəcəkdi...

 - Düşüncə tərzi eyni imiş. “Danabaş kəndi”ndə bir obraz var, adını indi xatırlaya bilmirəm, bacısını verib vəzifə alır, Azərbaycanda konformizmin parlaq nümunəsidir.

 - Xudayar bəy də anasını varlı adama verib kəndxuda olub.

 - İctimai münasibətlərdəki konformizmi, fərdin öz maraqları uğrundakı “manevrlərini”, bu prosesdə hansı mənəvi itkiləri verməsini Mirzə Cəlil böyük ustalıqla göstərib. Biz bəzən bunları deməyə çəkinirik. Amma yazıçı bunları nə qədər gözəl, bədii detallarla göstərib. Azərbaycan milli xarakterləri hamısı Mirzə Cəlildədi, Sabirdədi, Üzeyir bəydədi. O mənada Mirzə Cəlilin misli yoxdur. Amma baxın, Mirzə Cəlilin yumoru ilə Sabirin satirasının fərqi nədir? Sabir qamçılayırdı, Mirzə Cəlil yanırdı, “Niyə belədir?” sualını verirdi.

 - Bu yaxında sizin Mirzə Cəlil haqqında bir yazınız çıxdı. Ömrünün sonunda təqib olunmağından yazmışdınız.

- Bolşeviklər deyirdi ki, Mirzə Cəlil niyə yeni şəraitə uyğunlaşmır, yəni niyə bizim adam olmur, niyə sosializmdən vəcdə gəlmir? Mirzə Cəlilin bir felyetonu var, belə başlayır: “O şey ki, “Molla Nəsrəddin”in ruhuna yaxındır, onun adı Şuradır”. Bu felyetonun girişini yazırlar, amma necə davam edir demirlər və çox yəqin ki, bilmirlər. Amma o, bilirsiniz necədir? Orda dil məsələsi var, milli kimlik məsələsi var, yeni siyasi rejimdə milli düşüncənin fəlakəti var. O felyetonun Molla Nəsrəddinin dilindən verilən ardı təxminən belədir: “Bizi Bakıya bir otelə iclasa gətirdilər, birinci papağımızı başımızdan çıxardılar. Bu papaqla olmaz, bizə başqa paltar geyindirdilər. Sonra bizi apardılar bir toplantıya, o toplantıda bizim dildə danışmırdılar, rus dilində danışırdılar. Nə danışdıqlarını heç başa düşmədik, amma düz 23 dəfə çəpik çaldıq. Sonra da bizi iclasdan otelə gətirib təzədən nimdaş paltarımızı əynimizə geyindirdilər. İndi də bizi gətirib qatarla yola salırlar, oturdublar bu vaqonda qabağımıza da bir boşqab xiyar qoyublar, indi biz o xiyarı yeyirik”(gülür).

 - “Yesən də xiyardır, yeməsən də” ifadəsi ordan gəlir?

 - Yəqin ki, oradan gəlir. Yəni sən istəsən də, istəməsən də mən sənə bu düşüncəni, bu əxlaqı, bu dili və həyat tərzini təlqin edəcəm. Bax, belə yanaşmasına rəsmilər Mirzə Cəlili sevmir, ədəbi mühitdən ayırırdılar. Hərdən düşünürəm, nə boyda cəsarətin yiyəsi olasan ki, 1927-ci ildə “Dəli yığıncağı” yazasan. Əsərin yarandığı şəraiti bilməyəndə adi yazı kimi oxuyursan, amma müəllifin o şəraitdə nələr çəkdiyini biləndən sonra göz önündə tamam başqa mənzərə canlanır. Yəni Mirzə Cəlil şərin zəfər yürüşünə qoşulmurdu, şəxsiyyəti və yaradıcılığı ilə zora qarşı dayanırdı.

- Müsahibədən qabaq Bulqakov barədə söhbət edəndə də təxminən eyni məsələlərə toxunduq.

 - Bəli. Görün “Master və Marqarita”da nə qədər ciddi mesajlar var. O dövrü bilmədən o romanın mesajlarını anlamaq çətin olar. Bulqakovun “İt ürəyi” adlı bir əsəri də var. Bu da çox cəsarətli əsərdir. Əməliyyatla sinəsinə it ürəyi yerləşdirilmiş Şarikov obrazı SSRİ-ni quran dayaz düşüncəli hay-küyçülərin prototipi idi. Şarikov matros idi, sanki Bulqakov deyirdi: “Matros düşüncəsi ilə necə yeni cəmiyyət qurmaq olar?!” İndi də elə bizdə vəzifədə olanların bir çoxu matros düşüncəsindədir. Bunların çoxu Azərbaycan milli düşüncəsinə yad adamlardır. İnsanı bir çox hallarda ədəbiyyat yetişdirir, bunların isə ədəbiyyatdan xəbəri yoxdur.

 - İnsanın yetişməyində ədəbiyyatın funksiyası nədir?

 - Ədəbiyyatın missiyası həqiqəti demək, haqqın yanında olmaq və insanın həyat haqqında düşüncəsini formalaşdırmaqdır. Ədəbiyyat bizə insan düşüncəsinin elə qatlarını verir ki, adi vaxt o bizim ağlımıza gəlmir. Məsələn, biz Hessenin “Yalquzaq” əsərini, yaxud Strindberqin “Tənha” romanını oxuduqda o qatlara enirik. Başqa nümunələr də gətirmək olar. Yəni bədii əsər bizə hazır qəliblər təqdim edir. Stalinin sözü olanda nə olar, o, deyir ki, yazıçı insan qəlbinin mühəndisidir. Həqiqətən belədir. Adam var, doğrudan ömründə heç bir kitab oxumayıb, təfəkkürü dayaz, nitqi bəsitdir.

- Və çox xoşbəxtdir...

 - Çox xoşbəxtdir, çünki heç nə dərk eləmir (gülür). Ədəbiyyat həm düşüncə mexanizminə, həm də dilə təsir edir, eyni zamanda həyat haqqında müəyyən qənaətlər formalaşdırır.

  - Belə çıxır ki, kütləyə xitab edənlər, hər hansısa qurumun başında duranlar mütləq oxumalıdırlar, oxumaq onların borcudur.

 - Əgər sən vəzifəlisənsə və müəyyən bir qurumu idarə edirsənsə, bu xalqın yazıçılarını, alimlərini, publisistlərini tanımalısan, milli ideologiyanı formalaşdıranlar haqqında təsəvvürün olmalıdır. Bunlarsız cəmiyyət arasına necə çıxa bilərsən? Rəhbərsənsə, insanlarla ünsiyyətdə olursan, təfəkkürün, danışığın obrazlı olmalıdır, üzü mifologiyadan bu yana dastanlardan, nağıllardan gəlmə obrazlar haqqında bilgin yoxdursa insanlara münasibətini necə formalaşdıracaqsan?  Bunların da qaynağı bədii ədəbiyyatdır, mütaliədir. “Domokl qılıncı”,“Prokrust yatağı”, “Axilles dabanı” ifadələrinin mənasını bilməyə bilərsən, yunan mifologiyasından və bütün dünyanın tanıdığı obrazlardan məlumatın olmaya bilər. Amma heç olmasa, Azərbaycan ədəbiyyatından tiplər deyəndə, Şah Abbas deyəndə, Qurbanəli bəy, Cahandar ağa deyəndə söhbətin nədən getdiyini bilməlisən. İnsan bəzən geyimi ilə özünü ifadə edir. Fikir, düşüncə də insanın mənəvi obrazının libasıdır. Deməyim odur ki, sən nağılları, dastanları, mifologiyanı, ədəbiyyatı bilməlisən, özü də bunları lap uşaq vaxtından öyrənməlisən.

 - Qulu müəllim, yeri gəlmişkən, hazırkı uşaq ədəbiyyatı sizi qane edirmi?

 - Uşaq ədəbiyyatı, hətta uşaq filmləri ilə bağlı ciddi problemlərimiz var. Sovet dövründə yaxşı uşaq ədəbiyyatı formalaşmışdı, bunlar da tədricən yox olur. Bizim uşaq qəhrəmanımız yoxdur. Faktiki olaraq Cırtdandır.

 - Cırtdan da mənfəətpərəstin yekəsidir.

 - Cırtdanın yaxşı cəhəti odur ki, fərasətlidir, hiyləgərdir, amma müftəxordur. Yaxşı ki, heç olmasa beyni işləyir (gülür). Müasir dövrün adamıdır. Ekran qəhrəmanlarımız da parlaq deyil, sanki nümunə yoxdur. Mən 2-3 il əvvəl bir yazı yazmışdım ki, niyə görə Novruz bayramının qəhrəmanları bu cür mənfi tiplərdir.

 - Səbəbi nədir?

 - Bunu sovet dövründə yazıb toqquşdurublar. Nəyə görə Kosa, nəyə görə Keçəl? Təsəvvür edin, Keçəl yumurta döyüşdürür, həmişə də uduzur. A kişi, bizə yumurtası bərk olan, yumurtası sınmayan, qalib gələn qəhrəman lazımdır (gülür). Bunun üzərində düşünmək lazımdır. İllər uzunu bizə sırınan qəhrəmanlar budur. 1966-cı ildə Novruz bayramı rəsmiləşdiriləndə Bahar qız obrazı da ortaya çıxmışdı, amma sonradan bu ideya və obraz inkişaf eləmədi.

 - Çünki bizim mifologiyaya yaddır. Bahar qızı yunan mifologiyasındakı Demetranın oxşarıdır. Demetra Aidin yeraltı səltənətindən çıxanda bahar gəlirdi. Bizdə baharın gəlişinin xəbərçisi daha çox Xıdır İlyasdır.

 - Bəli. Nədir-nədir Xıdır İlyas bir az da dinlə bağlıdır deyə onu bu tamaşalara salmayıblar. Onu başa düşmək olar, çünki çox çətin dövr idi. Novruz bayramı o vaxtı Şıxəli Qurbanovun, İman Mustafayevin, Mirzə İbrahimovun milli düşüncə istiqamətindəki fəaliyyətlərinin nəticəsində rəsmiləşdirildi. Onlar milli düşüncənin bərpa edilməsində böyük rol oynayıblar.

- Qulu müəllim, televiziya aparıcılarının səviyyəsindən yəqin ki, razı deyilsiz.

 - Cəmiyyətdə baş verən bəsitləşmə ekranda da əks olunur. Lap xəbər aparıcısından tutmuş analitik proqramları aparanlara qədər baxırsan ki, çoxunun yalnız səsləri gəlir: məzmun dayazdır, ifadə obrazlı, diksiya maraqlı deyil. Bizimkilərin bir qismi türkləri, bir qismi də rusları yamsılayır.

 - “İlk öncə” ifadəsini işlətmək doğrudurmu? Bizim aparıcıların dilindən düşmür.

 - Bunları başa salmaq lazımdır ki, ya “ilk” sözünü işlət, ya da “öncə” sözünü, çünki ikisi də eyni şeydir. “Hər vaxtınız xeyirli olsun” demək olmaz, bu, tamamilə başqa niyyəti – maddi istəyi ifadə edir, müraciət “hər vaxtınız xeyir” şəklində olmalıdır. Bunların fərqinə varmayan adam necə aparıcı ola bilər? Aparıcının arxasında hansı bilik, hansı dəyər, hansı əxlaq və mənəvi güc dayanır? Gəlin baxaq: bədii ədəbiyyatla hansı təmasların var, kimi oxumusan, hansı məşhur filmlərə baxmısan, hansı tamaşaları izləmisən – bunlar vacibdir. Buna görə bizim aparıcı seçmək siyasətimiz də yanlışdır. Mən “Səhər” proqramının rəhbəri olanda aparıcı seçmək taktikam belə idi: Diqqəti cəlb edən tələbələrimi TV-yə dəvət edirdim, onlar bir müddət reportyor kimi fəaliyyət göstərir, müxtəlif süjetlər hazırlayırdılar, bəzən rus və ingilis dillərindən xəbər tərcümə edirdilər, montaj otağında süjetin hazırlanmasında iştirak edirdilər, nitq və diksiya üzərində də çalışırdılar. Tam hazır olandan sonra onları efirə buraxırdım.

 - Bəs xarici görkəm nə dərəcədə önəmli idi?

 - Kişilər üçün adətən deyirlər ki, meymundan bir az fərqli olsa kifayət edir (gülür). Xanım aparıcılar üçün də gözəl simanın olması önəmli deyil, TV üçün müəyyən qədər yapışıqlı olmaq kifayətdir.

 - Bu təsbit televiziyada da keçərlidir?

- Əlbəttə. İstər qadın, istər kişi olsun, çox gözəl aparıcı efir üçün zərərlidir. O, məzmunu ciddi şəkildə zədələyir. “İzvestiya” qəzetinin Aleksandr Bovin adlı şərhçisi vardı. Yaraşıqsız adam idi, amma ağzını açanda, ilahi, necə gözəlləşirdi, necə ruha yaxın olurdu! Tamam dəyişirdi. Bizimkilərə isə baxırsan görünüşü var, qəşəng qalstuk da taxıb, hansısa firma geyindirib çıxarıb, amma ağzın açanda üç cümlədən sonra o qədər mənasız olur ki, dərhal kanalı dəyişirsən. Mənim üçün yaxşı aparıcı birincisi səmimi olmalıdır, ikincisi bilikli-savadlı olmalıdır, üçüncüsü tamaşaçı ilə ünsiyyət yaratmağı bacarmalıdır. Onsuz da bilirsiniz, bizim televiziyalarımızda sərbəstliyin meydanı dardır. Və bu dar meydana qıcıqlandırıcı nitqi, görünüşü, davranışı olan aparıcıları da əlavə edəndən sonra vəziyyət daha da pisləşir.

 - Sizcə, TV-lər Azərbaycan mədəniyyətini necə təbliğ edir?

- Televiziyanın mədəniyyəti təbliğ missiyası var. Xüsusən büdcədən maliyyələşən AzTV, İctimai televiziya buna borcludurlar. Ona görə bunlara dövlət vəsait ayırır. Televiziya bu xalqın hər bir fərdinin bilik qazanmasına, maariflənməsinə xidmət etməlidir. Kim hesab edirsə televiziya bunu eləməməlidir, yanılır. Mən razıyam, televiziya adam tərbiyə edə bilməz, amma bilik, dünyagörüşü verə bilər. Bunun içərisində artıq insanın özünün estetik meyarları formalaşır.

- Bir ara televiziyalar ədəbiyyat verilişləri vermədiklərinə görə tənqid olunurdu. Ondan sonra belə bir tendensiya yarandı; əyləncəli verilişlərdə belə kitab təbliğ olunmağa başlandı. Baxırsan ki, mətbəx verilişidir, bir tərəfdə də müğənni oturub, fonda isə kitab rəfi qoyulub. Bu da təbliğat vasitəsidirmi?

 - Mən hesab edirəm ki, kitabı o cür urvatsız təbliğ eləmək olmaz, bu, kitabı ələ salmaqdır. Ümumiyyətlə, kitabı kimin təbliğ etməyinin əhəmiyyəti var. Vaxtilə AzTV-də “Kitab köşkü” verilişi gedirdi. Lider TV-də də belə bir proqram görmüşdüm. Mən özüm “Səhər” proqramında çalışanda həftədə bir dəfə “Yeni nəşrlər” adlı rubrika verirdik. İndi o cür verilişlər yoxdur. Kitabı müğənni vasitəsi ilə təbliğ eləmək olmaz, çünki müğənnilərın 95 faizi kitabın nə olduğunu bilmir, mütaliədən uzaqdırlar. On müğənnidən biri bir kitab vərəqləyə, ya vərəqləməyə. Çünki onlara kitab lazım deyil. Onlar həyatlarını kitabsız qurublar.

 - Yazıçıları da həmən verilişlərə çağırırdılar.

 - Özünə hörmət edən qələm adamı bu cür proqramlara getməkdən çəkinməlidir. Sizə deyim ki, biz ədəbiyyat müzakirələrini yaxşı biçimdə təbliğ edə bilsək, onun reytinqi istənilən əyləncə verilişinin reytinqindən yüksək olacaq.

 - Rus kanallarından birində “Muncuq oyunu” adlı ədəbiyyat verilişi var. Yazıçıları dəvət edib əsərləri müzakirə edirlər, özü də yeni çıxan əsərləri yox, tutalım, “Hərb və sülh”ü, “Cinayət və cəza”nı, “Sallaqxana nömrə beşi”... Bizdə o cür verilişlər hazırlamaq olmazmı?

 - Kitabı, ədəbi əsəri peşəkar səviyyədə təbliğ etməyin müxtəlif üsulları var. Bu verilişlərə fərqli bədii elementlər, dramatizm də əlavə etmək, yazıçıları da dəvət etmək olar. Amma problem bundadır ki, bizdə həqiqi ədəbiyyat tanıdılmır, söz sahibi olan həqiqi yazıçılar, şairlər  azalıb, olanları da sanki qəsdən gözdən salmağa çalışırlar. Həm də çox təəssüf ki, bizdə yazıçıların əksəriyyəti həqiqətin tərəfində olmadığına görə onları cəmiyyət sevgi ilə qəbul etmir. Yazıçı öz gücünü bayırda – fəxri adlarda, mənsəbdə görməməlidir.

 - Günah yenə yazıçıda oldu.

 - Bəli. Təəssüf ki, son illərdə yazıçıların çoxu gücün və pulun tərəfindədir. Bilirsiniz, Voznesenskinin bir yaxşı sözü var, deyir, əsl yazıçı-sənətkar ömrü boyu özünə hörümçək toru toxuyur. Məncə, bu torun ilmələrində yazıçının həqiqətin, yoxsa gücün yanında olması çox aydın görünür.

 - Yəni efirə çıxan yazıçı ilə müğənni arasında fərq yoxdur?

 - Yox, söhbət “mən hələ varam” şüarını demək üçün ekrana can atan yazıçı və ya şairdən gedir. Belələri mənim üçün şou elementindən başqa bir şey deyildir. Maraqlı bir yazıçının görüşü olsun adamlar gedir. Bu yaxınlarda Əhməd bəy Ağayevin “Bəs bizim ziyalılarımız hardadır?” adlı gözəl bir məqaləsini oxudum. O, deyir ki, sən hər hansı bir sahənin mütəxəssisisənsə, hələ ziyalı deyilsən. Əgər ziyalı cəmiyyətin problemləri ilə yaşamırsa, o dərdləri dilə gətirmirsə, reaksiya vermirsə ona ziyalı demək olmaz. Yəni söhbət yaşadığın cəmiyyətin, təmsil etdiyin toplumun dərdlərini dilə gətirməkdən gedir. Heç kəs yazıçıya necə yaşamağı, nəyi yazmağı, nəyi deyib-deməməyi diktə edə bilməz. Heç kim tələb edə bilməz ki, yazıçı hər hansı problemlə bağlı çox kəskin bəyanat versin, amma cəmiyyətin ummaq haqqı var ki, yazıçı həqiqəti söyləsin. Cəmiyyətdə ciddi mənəvi problem varsa deməlisən, təbii ki, bu deyilişin də uyğun formasını tapmalısan. Mən hesab edirəm ki, insanlar bu dərəcədə yalan danışa bilməz, insanlar bu dərəcədə maddiyyatçı ola bilməz. Biz bu xalqın sabahı haqqında düşünməliyik. Yazıçının adi müəllimdən, həkimdən fərqi odur ki, o, reallığı ifadə edir, onun ictimai missiyası var. Cəmiyyətin umacağı da söz adamlarındandır, çünki onların yazdıqları da cəmiyyət üçündür. 

 

Bizim Yol.- 2017.- 8 mart.- S.13; 15.